
BÖYÜK ÜMİDLƏR VƏ KİÇİK NƏTİCƏLƏR
Ermənistan Serj Sarqsyanın Moskva səfərinin nəticələrindən məyus olub?
Müəllif: NURANİ Bakı
Yerevanda Ermənistan prezidenti Serj Sarqsyanın Rusiyaya səfərinin nəticələri ətrafında müzakirələr davam edir. Rusiya ilə Ermənistanın tarixi əlaqələrindən danışılır, Rusiya və Ermənistan siyasətçilərinin çıxışlarından sitatlar gətirilir. Amma bütün bu diskussiyalarda ilk baxışdan əsas bir şey çatmır: nəticələrin təhlili. Bəlkə də, ona görə ki, səfərin real nəticələrini təhlilsiz də anlamaq mümkündür.
Əslində kənardan hər şey mehriban və xeyirxahcasına görünürdü. Serj Sarqsyan rusiyalı həmkarı Vladimir Putinlə görüşdü, Putin onu prezident seçkisində qələbə qazanması münasibətilə təbrik etdi, Sarqsyan isə öz növbəsində təbrikə görə həmkarına minnətdarlığını bildirdi.
Lakin Ermənistanda Sarqsyanın Moskva səfərindən yalnız protokol təbəssümləri və təbrik gözləmirdilər. Daha doğrusu, bu səfərdən Ermənistanda daha çox konkret sosial-iqtisadi və siyasi suallara cavab gözləyirdilər.
Yerevan Moskvanın nəhayət, Ermənistanla Rusiya arasında Gürcüstan ərazisindən keçən dəmir yolunun açılması məsələsini həll edəcəyinə ümid bəsləyirdi. Bundan başqa, səfər ərəfəsində Ermənistanın Gömrük İttifaqına qəbulu perspektivi, qazın qiyməti və hətta... Xocalı aeroportunun təhlükəsizliyinə zəmanət məsələsi də gündəmdə idi.
Bu yerdə dəqiqləşdirməyə ehtiyac var. Bu məsələ KİV-də dəfələrlə yazılsa da, bir daha xatırladaq: Azərbaycanın işğal altındakı ərazisində aeroportun açılmasını Bakı ilk andan son dərəcə təhlükəli təxribat kimi qiymətləndirib. Azərbaycan rəsmiləri dəfələrlə birmənalı şəkildə bildiriblər ki, rəsmi Bakının razılığı olmadan işğal altındakı ərazilərdə hər hansı aeroportun açılmasından və uçuşların keçirilməsindən söhbət belə gedə bilməz. Sonrakı hadisələr Bakının bu mövqeyinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən də dəstəkləndiyini göstərdi. Hətta ATƏT-in Minsk qrupunun həmsədrləri və Aİ rəhbərliyi də sözügedən aeroportun açılmasının tərəflər arasındakı münaqişənin həllinə xidmət etmədiyini təsdiqlədilər. Amma bu dövr ərzində erməni siyasətçilər özləri özlərini tələyə saldılar. Yerevanda siyasətçilər seçicilərinə Bakının bütün "hədələrinə" rəğmən, aeroportun mütləq açılacağına, dünyanın "qarabağlıların sərbəst hərəkət etmək hüququnu dəstəkləyəcəyinə" dair o qədər vədlər vermişdilər ki, indi sanki aeroport avantürasının iflasa uğradığını etiraf edə bilmirlər. Ümumiyyətlə, bu təxribata əl atılmasının nə qədər məqsədəuyğun olduğuna dair sualı cavablandırmaq isə heç mümkün deyil. Hər halda, indi Yerevanda başqasının ərazisində və səması altında aeroportun tikintisi ideyasına cüzi də olsa dəstək işarəsi almağa çalışırlar. Lakin Moskva görüşlərinin stenoqramının da göstərdiyi kimi, Serj Sarqsyan Xocalı aeroportunun təhlükəsizliyinə çoxdan gözlədiyi zəmanəti ala bilməyib.
Qazın qiyməti məsələsi də açıq qalıb. Bu, kifayət qədər düşündürücüdür. Bir rəsmi sənəddə Ermənistan üçün Rusiya qazının qiyməti min kubmetrə görə 180 dollar, başqa bir sənəddə 220, üçüncüsündə 250 dollar göstərilir. Tezliklə bu rəqəmin 320 olacağı da istisna edilmir... Bir sözlə, danışıqlar davam edir: Rusiya qiyməti artırmaq niyyətindədir, Ermənistan isə onu əvvəlki səviyyədə saxlamağa çalışır, rəsmi şəxslər danışıqların davam etdiyini bildirir, əslində isə məsələ əvvəlkitək qaranlıq qalır.
Dəmir yolu məsələsində də irəliləyişə nail olunmayıb. Serj Sarqsyan Moskvaya "Abxaziya prezidenti" Aleksandr Ankvabla, demək olar ki, eyni vaxtda səfər edib. Lakin Rusiyadan Gürcüstana gedən dəmir yolu əvvəlkitək bağlıdır. Görünən odur ki, bu yol hələ kifayət qədər uzun müddət bağlı qalacaq: nə qədər ki, Suxumi və Sxinvalidə Rusiyanın səfirlikləri fəaliyyət göstərir, Tbilisi Moskva ilə diplomatik əlaqələr qurmaq niyyətində deyil. Kimin hansı sərhəddə nəzarət edəcəyi məsələsi müəyyənləşmədən isə dəmir yolunun açılması inandırıcı görünmür.
Bununla yanaşı, Sarqsyanın hələ seçkiyədək gah Rusiyadan, gah da Avropa İttifaqından almağa çalışdığı kredit məsələsi də açıq qalır : o zaman həm Moskva, həm də Brüssel Yerevana məsələnin seçkidən sonra həll olunacağını başa salmışdı. İndi vəziyyət daha da ağırlaşıb - Moskva ilə Brüssel Ermənistandan siyasi dəqiq cavab istəyir: Gömrük İttifaqı, yoxsa "Şərq tərəfdaşlığı"? İqtisadi vəziyyəti sözün əsl mənasında fəlakətə doğru gedən Ermənistanın prezidenti üçün bu kredit batmaqda olan insan üçün saman çöpü sayıla bilər.
Serj Sarqsyanın səfəri zamanı Ermənistanda daxili-siyasi fonun birmənalı olmaması da ciddi əhəmiyyət daşıyırdı. Prezident seçkisində məğlub olması ilə barışmayan, nəticələrin saxtalaşdırıldığını bildirən Raffi Ovannisyanın rəhbərlik etdiyi "İrs" partiyasının "mitinq fəallığı" yalnız Ermənistan prezidenti və onun "komandası"nın əhvalını pozmur. Bu vəziyyət Sarqsyanı da "seçkiqabağı rejimdə" qalmağa vadar edir.
İzah edək. Bir qayda olaraq, ölkənin siyasi və sosial-iqtisadi həyatında müəyyən dövrilik olur. Buna əsasən, seçki ərəfəsində hakimiyyət potensial seçicisinə mümkün qədər çox "hədiyyə" etməyə çalışır. Populyar olmayan sosial-iqtisadi yeniliklərə isə seçkidən sonrakı dövrdə gedilir. Lermontovun dediyi kimi, "bəsdir adamları şirni ilə bəslədilər, onların mədəsi xarab olar. İndi acı dərmanın vaxtı çatır".
Teatr meydanındakı mitinqlərlə və Raffi Ovannisyanın tərəfdarlarının siyasi fəallığının azalmaması ilə əlaqədar olaraq, Serj Sarqsyan hətta nəzəri baxımdan seçkiqabağı "hədiyyə paylayışını" dayandıra və vaxtı çoxdan çatmış ağrılı tədbirlərə keçə bilmir. Onun üçün hələ də ölkədə sosial gərginliyi azaldacaq səs-küylü, effektiv addımlar atmaq vacibdir. Sarqsyan Moskvaya da məhz bu məqsədlə gedərək, orada iqtisadi və hərbi sahədə Rusiyanın dəstəyinə ümid etdiyini rəsmən kameralara da söyləmişdi.
Moskvada isə deyəsən belə qənaətə gəliblər ki, Ermənistan seçki ərəfəsində bütün "hədiyyələri" paylayıb qurtarıb. Hər halda, Moskva Yerevana nə kredit vədi, nə ucuz qaz, nə də başqa bir şey vəd edib. İndi Yerevan ekspertləri düşünürlər ki, Kreml kredit və qazın qiyməti məsələsini Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə əlaqələndirir.
Amma Sarqsyan belə birmənalı qərar verməyə, Avropa ilə əlaqələri tam kəsməyə hazır deyil. Onun Moskva səfərini başa vurub Yerevana qayıdan kimi Brüsselə yollanaraq orada da Avropa Xalq Partiyasının rəhbəri Vildfrid Martenslə görüşmək niyyəti də bundan xəbər verir. Güman ki, Sarqsyan burada Aİ ilə əməkdaşlığın perspektivi və kredit məsələsinə dair nəsə eyham belə almağa ümid edirdi.
Yerevanda bildirirlər ki, Brüsselə planlaşdırılan səfər əvvəlcədən açıqlanmamışdı. Bu, Sarqsyanın Moskva səfərinin nəticələrinin gözləniləndən də çox zəif olduğunu söyləmək üçün kifayət qədər ciddi əsasdır.
MƏSLƏHƏT GÖR: