12 Mart 2025

Çərşənbə, 18:23

«EY AN, DAYAN…»

Vİtalİ Yevdokİmov: «Baki məndən ötrü təzadlar şəhərİdİr»

Müəllif:

13.03.2013

«Kamilliyiin son həddi yoxdur», - Vitali Yevdokimov bunu təkrarlamağı xoşlayır. Tanınmış fotoqraf sanır ki, ideal şəkil yoxdur. Axı əsl peşəkar əldə etdikləri ilə kifayətlənmir və öz yaradıcılığında hər gün yeni üfüqlərə doğru can atır. Vitali Yevdokimov Daşkənddə doğulub və böyüyüb. Peşəkar fotoqrafdır. Moskva Fotoqrafiya Akademiyasını bitirib. İndiyə kimi çoxsaylı fotolayihələr, sərgilər gerçəkləşdirib, uğurlu şirkət və nəşrlərlə əməkdaşlıq edib. Hazırda Vitali Bakıda yaşayır və işləyir. 

- Vitali, danışın, necə oldu, Bakıya gəldiniz?

- Bura məni həmyerlim, memar Qayrat Baudinov dəvət edib, həmin vaxt o, Bakıda işləyirdi. Gəlib sizin şəhərlə, insanlarla tanış olduqdan sonra xoşuma gəldi. Niyə Bakıda qalmağa qərar verdim? Anladım ki, inkişaf və biznes baxımından burada böyük perspektivlər var. Demək olar, dərhal öz əsas işimlə məşğul olmağa başladım. Paytaxtda yerləşən qlamur jurnallar, butiklər, restoranlar üçün şəkillər çəkməyə, aparıcı şirkətlərlə əməkdaşlıq etməyə başladım. 

- Bakıya ilk dəfə gələndə sizi ən çox heyrətləndirən nə oldu?

- Məndən ötrü Bakı təzadlar şəhəridir. Şərqin və Avropa moderninin təzadlı qovuşmasıdır. Məhz bu qəribə qovuşma buraya gəlişimin ilk dəqiqələrindən məni heyrətləndirdi. 

- Siz Daşkənddə doğulmusunuz. Doğma şəhəriniz Bakıdan nə ilə fərqlənir?

- Bakıda mən Şərqlə-Qərbin heyrətamiz uyğunlaşmasını gördüm. Burada unikal şəkildə iki, ilk baxışdan tamamilə fərqli görünən dünya birləşir. Bu, qeyri-adi sintezdir və  indiyə kimi dünyanın heç bir yerində belə şey görməmişəm.  Mənim doğma Daşkəndim daha çox Şərq şəhəridir və onu anlamaq çətin deyil///...

- Maraqlıdır ki, bizim şəhərə gəldiyiniz ilk günlərdə kameranın yaddaşına nələri köçürmüsünüz?

- Bu, İçərişəhər və yeni Bakı idi. Düşünürəm,  yaddaşlarda məhz köhnə şəhəri saxlamaq lazımdır. Axı paytaxt hər il yeniləşir və yeni binalar tikilir, bunun üçün öz tarixini saxlaması çox vacibdir. Yeri gəlmişkən, çoxdan başımda Azərbaycan və Bakı ilə bağlı müəllif fotolayihəsi ideyalarını gəzdirirəm, Allah qoysa, bu il fotosəgilər silsiləsi gerçəkləşdirəcəyəm. 

- Əgər sizdən Bakının rəmzi olan bir şəkil çəkməyi xahiş etsəydilər, bu, nə ola bilərdi? 

- (Düşünür) Yeni çəkiliş üçün əla ideyadır. Hər birimiz üçün rəmzlər fərqli ola bilər. Mən «sürrealizm»ə keçərdim; məsələn, neft buruğunu qadın fiquru ilə sintez edərdim. Qeyri-adi foto alınardı - əsl fantaziya məhsulu. 

- Həm  də çağdaş fotoqrafiya məktəbində dərs keçirsiniz. Öz şagirdlərinizdən ilk növbədə nə tələb edirsiniz? 

- Daimi praktika. Hər bir insan öz təbiəti etibarilə tənbəldir. Bəzən, hətta sadəcə ətrafına, kənarlara baxıb, ən adi gündəlik vəziyyətlərdə və predmetlərdə nəsə maraqlı və qeyri-adi detallar axtarmağa tənbəllik edirlər. Öz şagirdlərimi üzərlərində işləməyə və dünyagörüşlərini təkmilləşdirməyə  çağırıram. Nəzəriyyəni istənilən adama öyrətmək olar. Əsl peşəkarlıq isə  yalnız gündəlik praktika hesabına qazanılır. 

 - Nə qədər vaxt lazımdır ki, insan yaxşı və «ləzzətli» fotolar çəkməyi bacarsın?

- Hər şey fərdidir. Fotoqrafın özündən və görməsindən asılıdır. Amma həmin o «fotoqraf intuisiyası» olmasa belə, onu tərbiyə etmək mümkündür. Əgər hər gün öz üzərində işləsən, görmə “fokus”unu nizamlasan və ətraf mühitə yeni gözlərlə baxsan, bir il-ilyarımdan sonra yetərincə peşəkar fotolar çəkə biləcəksən. 

- Sizin fotoqraf karyeranız necə başlayıb?

- Təhsilcə peşəkar fotoqrafam. Moskva Fotoqrafiya  Akademiyasını bitirmişəm. İşə isə bütün fotoqraflar kimi başlamışam. Birinci sinifdə oxuyanda atam mənə «Smena» fotoaparatı hədiyyə elədi. İlk işim özümün avtoportretimi yaratmaq olub. Kameranı pəncərənin qabağına qoyub, avtoişləmə düyməsini basdım və əlimdə kitab obyektiv qabağında oturdum. Sonra kitabxanaya getdim və oradan fotohəvəskarın sorğu kitabçasını tapdım, şəkilin aydınlaşdırılması üçün lazım olan kimyəvi reagentlərin əksəriyyətinin adını yazdım və atamdan xahiş etdim ki, onları alsın. Ev şəraitində şəkilləri çıxardım və bununla çox fəxr edirdim. Elə həvəslənmişdim ki, hər şeyin şəklini çəkirdim. Zaman keçdikcə, uşaq həvəsi peşəyə çevrildi. Valideynlərimə deyəndə ki, məktəbdən sonra Moskva Fotoqrafiya Akademiyasına daxil olmaq istəyirəm, atam etiraz etdi; dedi ki, daha perspektivli peşə seçmək lazımdır. Amma ciddi söhbətdən sonra, o məni anladı və dəstəklədi. Bizim münasibətimiz etibar üzərində qurulmuşdu və o, həmişə  mövqeyimə hörmətlə yanaşırdı. 

 - Fotoqrafiya Akademiyasını bitirdikdən sonra həyatınız necə oldu? 

- Akademiyadan sonra Daşkənd Mərkəzi Studiyasında işləməyə başladım. Bundan sonra özbək və qazax nəşrlərində ilk materiallarım dərc olunmağa başladı. Yerli mətbuat üçün reportajlar hazırlamağa başladım. Çox sayda iri banklar üçün fotosessiyalar çəkdim. Hətta model agentliklərində fotopozalar mövzusunda dərs keçməyə başladım. Çox sayda tanınmış reklam və model agentlikləri ilə əməkdaşlıq etmişəm. Öz ilk fotosərgilərimi keçirməyə başladım. 2004-cü ilin noyabr ayında Nəvai teatrının 75 illiyinə həsr edilmiş ilk müəllif fotosərgim baş tutdu. Bir il sonra isə «İlhom» teatrında ilk fərdi sərgim - «Başqa portretlər»i keçirdik.  Parisdə «Özbəkistan: dünən, indi»  günlərinin keçirilməsi zamanı sərgidə iştirak etmişəm. Həmçinin tanınmış dizayner Denis Davıdovla birlikdə Parisdəki çağdaş incəsənət muzeyində «Vibrations» müəllif sərgisini təşkil etdik. 

- Fotoqrafların xüsusi baxışı olur. Maraqlıdır, bu dünyanı necə qavrayırsınız?

- Müxtəlif cür. Hər bir adi predmetdə qeyri-adi nüans tapmağa çalışıram. Eyni əşyalara müxtəlif bucaq altından baxıram. Misal üçün, insanlar tez-tez ayaqlarının altına baxırlar və başlarını yuxarı qaldırmırlar. Mən bunu daim edirəm. 

-  Öz ideal şəklinizi çəkmək üçün harada olmaq istərdiniz? Bu şəkil necə ola bilərdi?

-  Mənim çox sevdiyim bir ifadə var -  «kamilliyin son həddi yoxdur».  Ona görə də hər bir ideal şəkil keçmişdə qalır, bu gün isə sən öz yaradıcılığında yeni üfüqlər açmaq istəyirsən. Hazırda dəqiq deyə bilmərəm ki, mənim ideal şəklim necə ola bilər. Hər şey əhvaldan asılıdır. Bu gün su damlaları ilə  məşğul olmaq istəyirəm, sabah, məsələn, günəşin batmasını çəkmək və ya feşn-çəkiliş aparmaq istəyə bilərəm. Müxtəlif cür çəkilişləri sevirəm, konkret nəyinsə üzərində dayanmaq istəmirəm.  Bizim işdə yüngül və ya çətin çəkiliş anlayışı yoxdur. Hər şey sizin qarşınıza qoyduğunuz çətinlikdən asılıdır. Məndən ötrü ideyanı tapmaq önəmlidir.  Fotoşəkildə hər şeydən öncə ideya, fikir önəmlidir, icra texnikasını isə hər bir kəs öz zövqünə görə seçir. 

- Peşəkar fotoqraf hansı keyfiyyətlərə malik olmalıdır? Hər şeydən öncə nələri bacarmalıdır? 

-  Məndən ötrü ilk öncə, şablon yox, yaradıcı yanaşmaq bacarığı önəmlidir.

- Tanınmış foto ustalarından kim sizin üçün əsl peşəkardır? Kimin işlərini incəsənət əsəri sayırsınız?

- Devid Laşapel, Helmut Nyuton, Enni Leybovits kimi ustadların işlərini çox sevirəm, əlavə bir çoxları da var. Onların qeyri-adi fotoşəkilləri var. Onların işlərində birinci yerdə ideya durur, bu da yaxşı fotoşəkillər üçün ən başlıca məsələdir. Fotoişlər boş ola bilməz, onların mənası olmalıdır. 



MƏSLƏHƏT GÖR:

585