Müəllif: Zərifə BABAYEVA Bakı
Uşaqların birinci sinfə müsabiqə əsasında qəbul olunması ilə bağlı 2011-ci ildən tətbiq olunan təcrübə ətrafında müzakirələr bitmir. Artıq məktəblərə qəbul olunmuş uşaqların valideynləri rahat nəfəs alsalar da, hələ də, sözün əsl mənasında, çətin və ciddi imtahan keçməli olan uşaqların valideynlərinin çaşqınlığı davam etməkdədir: uşaqlar cavabını elə məktəbdə öyrənməli olduqları suallara niyə əvvəlcədən cavab verməlidirlər: onda birinci sinifdə verilən təhsil nəyə gərəkdir?
Bu direktivin tətbiqinin doğru, yoxsa yanlış olması ətrafında diskussiya açmayaq. Yalnız onu qeyd edək ki, sözügedən müsabiqə ortaya daha bir problem çıxarır: bu sınaqdan keçə bilməyən uşaqlar "pis oxuyanlar üçün" nəzərdə tutulmuş məktəblərə getməlidirlər. Bu məktəblər isə onların yaşayış yerindən çox uzaqda yerləşir.
Amma görünür, Təhsil Nazirliyi birinci sinfə getmək üçün müsabiqəni keçə bilməyəcək uşaqlardan ötrü vəziyyəti yüngülləşdirmək qərarına gəlib. "Trend" xəbər verir ki, Azərbaycanın lisey və gimnaziyalarında bu təhsil ocaqlarından uzaqda yaşayan şagirdlər üçün əlavə siniflər açılacaq. Bu təhsil ocağının şagirdləri də oraya müsabiqə ilə qəbul olunacaqlar. Lakin imtahanı verə bilməyən uşaqlar onlar üçün yaradılmış əlavə siniflərə qəbul olunacaqlar. Həmin siniflər uşaqların yaşayış yerlərinə yaxın ərazidə olacaq. Bu, valideynləri uşaqlarını "pis oxuyanlar üçün" nəzərdə tutulmuş və yaşayış yerindən uzaqda yerləşən məktəblərə aparmaqdan xilas edəcək.
Orta məktblərdə, lisey və gimnaziyalarda onların yerləşdiyi ərazidə yaşayan uşaqlar üçün əlavə siniflərin açılması təklifi Təhsil Nazirliyinə Təhsil Problemləri İnstitutu tərəfindən təklif olunub və hələ ki, onunla bağlı konkret qərar qəbul edilməyib. Amma məsələyə baxılacağına və müsbət qərarın qəbul olunacağına ümid var.
Xatırladaq ki, sözügedən sənədə əsasən, orta ümumtəhsil məktəblərinin birinci sinfinə fiziki və psixi cəhətdən sağlam, sentyabrın 15-nə 6 yaşı tamam olmuş uşaqlar qəbul olunur. Oktyabrın sonlarında doğulmuş uşaqların məktəblərə qəbul məsələsinə məktəb komissiyaları, noyabrda doğulanların məsələsinə isə Təhsil Nazirliyi baxır. Bu təcrübəyə valideynlərin mənfi yanaşmalarına baxmayaraq, Təhsil Nazirliyi uşaqların birinci sinfə müsabiqə əsasında qəbulunu dəstəkləyir. Təhsil qurumunun konsepsiyasına əsasən, böyüməkdə olan nəslin təhsili ilə bağlı yeni model qurulmaqdadır, Təhsil Nazirliyində hesab edirlər ki, birinci sinif şagirdlərindən tələblər dəyişib. Bu halda sual-cavab və psixoloji test uşaqların birinci sinfə götürülməsində adi təcrübəyə çevrilir. Yəni, uşaqların yeni metodlarla təhsil alması altıyaşlı uşağın birinci sinfə hazırlanmasını nəzərdə tutur - uşaq saya, sözləri quraşdıra bilməli, ətraf mühit haqda bilgiyə malik olmalı, düşünə bilməlidir və sair.
Bunu ibtidai siniflərin son dərəcə intensiv proqramı tələb edir; məsələn, 1 hərfin öyrədilməsinə 45 dəqiqədən ibarət cəmi 1 dərs ayrılır. Təhsil Nazirliyində hesab edirlər ki, bu səbəbdən hazırlıqsız uşaqların bu templə ayaqlaşması çətin olur. Sual-cavab zamanı əsasən uşağın qavrama səviyyəsi, yaddaşı, diqqəti və fikrini bir yerə cəmləmə qabiliyyəti, düşüncəsi, nitqi yoxlanılır. Onlara "Ətraf mühit", "Şəhər" mövzusunda da suallar verilir. Testdə isə hesabdan asan misallar seçilir.
Bütün bunlar göstərir ki, valideynlər adi müsahibələrin əsl imtahana çevrilməsi faktları ilə tez-tez rastlaşmalı olur. Bu, xüsusi hazırlıq keçməyən uşaqların birinci sinfə qəbul edilməsi ehtimalının sıfır olması anlamına gəlirmi? Yox. Təhsil Nazirliyi uşaqları hazırda paytaxt məktəblərinin bir çoxunda fəaliyyət göstərən hazırlıqlara qoymağı məsləhət bilir. Bu, tədrisin ixtisaslı pedaqoqlar tərəfindən aparıldığı hazırlıq sinfidir.
Bəs istənilən halda lazımi səviyyədə olmayan və buna macal tapmayan uşaqlar necə olsun? Təhsil Problemləri İnstitutunun direktoru, pedaqoji elmlər doktoru Abdulla Mehrabov belə uşaqlar üçün xüsusi qrupların yaradılmasını və onların tədricən digərlərinin səviyyəsinə çatdırılmasını təklif edir. Mehrabov hesab edir ki, məktəblər yaxınlıqda yaşayan, lakin hazırlıq səviyyəsi geri qalan uşaqları da qəbul etməyə borcludur. "Altıyaşlı uşaq ümumi təhsilə cəlb olunmalıdır. Uşağın yaşadığı ərazidə məktəb varsa, onu evdən 10-12 kilometr aralıda yerləşən məktəbə göndərmək olmaz. Bu, uşağın hüququnun pozulması deməkdir", - deyə Mehrabov qeyd edib.
O, məktəblərin uşaqları birinci sinfə müsabiqə vasitəsilə qəbul etməsilə razılaşır. Lakin hesab edir ki, bu müsabiqə zamanı bir qrupa yerləşdirilmələri vacib olan daha bacarıqlı uşaqlar seçilməlidir. A.Mehrabovun sözlərinə görə, məktəblərə daha zəif hazırlıq və bilik nümayiş etdirən uşaqlar da götürülməlidir. Bu uşaqların da bilik səviyyəsinin digərlərinin səviyyəsinə çatdırılması üçün onlara ayrıca siniflər yaradılmalıdır: "Biz dövlətin siyasətini həyata keçirməliyik. Uşaq yaşayış ərazisinə düşən məktəbə gedərək təhsil almalıdır. Bu məsələdə problemlər var və hazırda onlara baxılır".
MƏSLƏHƏT GÖR: