24 Noyabr 2024

Bazar, 10:29

GERİ QAYTARILIR!

Hansi mallari mağazaya qaytarmaq olar və hansi müddət ərzİndə?

Müəllif:

13.03.2013

Mağazalarda, kiçik dükanlar və hətta apteklərdə çox tez-tez qapının və kassanın üzərində lakonik və qəti yazıya rast gəlirik: "Satılan mallar geri qaytarılmır və dəyişdirilmir". Halbuki, rəqabət şəraitində satıcılar alıcıda xoş təəssürat yaratmaq üçün dəridən-qabıqdan çıxmalıdır. Bu cümlə isə ən azı, nəzakətsizlik təsiri bağışlayır.

Burada bədbəxtlik ondadır ki, nəinki alıcılar, satıcıların özləri də istehlakçıların hüquqları haqda heç də həmişə tam məlumatlı olmurlar. Hətta bu hüquqları bilən satıcılar belə, məlum səbəblərdən onları dilə gətirməyə tələsmir. Burada söhbət heç də yalnız alınan malın qaytarılmasına icazənin olmasını bilməkdən  getmir. Qidadan tutmuş, texnikaya və ya dərmanadək müxtəlif məhsullar kateqoriyasına  aid  burada  bir çox nüanslar var.

 

Qanun haqda bilgilər

Qəhrəmanlarımız istehlakçıların hüquqları haqda bildiklərini bizimlə bölüşüblər.

Buzovna qəsəbəsində yaşayan taksi sürücüsü Əliyar alınan məhsulun geri qaytarılmasına icazənin olduğunu heç zaman eşitməyib: "Bax, elə buradakı aptekdə də yazılıb ki, "Alınan mallar geri qaytarılmır". Demək, mənə əvvəlcədən xəbərdarlıq edirlər. Əgər bir dərmanı almışam və sonradan məlum olubsa ki, mənə lazım olan o deyilmiş, bu halda dərmanı geri qaytara bilərəm. Burada problem yoxdur. Amma heç bir səbəb olmadan alınan malı geri qaytarmaq düzgün deyil. Burada hamı bir-birini tanıyır. Düz başa düşməzlər".

Bakı sakini, mühasib Aygün geyim mağazalarının daimi müştərisidir. O deyir: "Bahalı mağazalarda heç vaxt belə xəbərdarlıqla rastlaşmamışam. Onlar öz imiclərinin qeydinə qalırlar. Orta səviyyəli mağazalarda isə belə hallar olur. Biri alınan malların geri qaytarılmadığını yazır, digəri alınan malın qaytarılması və ya dəyişdirilməsinin 3 gün ərzində mümkün olduğuna dair elan asır. Bu, hörmətli mağazadırsa, onlar istənilən halda keyfiyyətsiz malı geri götürməlidirlər. Nəinki keyfiyyətsiz məhsulu, hətta alınmış ayaqqabı müştərinin ayağını sıxırsa, onu da geri qaytarmalıdırlar.

Elə olub ki, hansısa dövrdə gen-bol reklam edilən mağazadan ayaqqabı almışam. Orada satılan ayaqqabılara 1 həftə zəmanətin verildiyinə dair elan asılsa da, 6-cı gün ayaqqabı yararsız hala düşüb. Malı götürüb mağazaya getdikdə isə məni orada heç də mehribanlıqla qarşılamayıblar. Görünür bu, ilk belə hal deyildi. Mənim zəmanət müddətində gəlib-gəlmədiyimi, az qala, dəqiqələrlə hesablayıblar. Sonda yenə də pulumu geri qaytarmaqdan imtina ediblər və mən sadəcə, ayaqqabını başqası ilə dəyişməklə kifayətlənməli olmuşam. Açığı, qanunları bilmədiyim üçün çox təəssüflənirəm".

30 yaşlı mühəndis Anar da öz başına gələni danışır: "Günlərin birində noutbukum sıradan çıxmışdı. Servisdə onun mənim günahım ucbatından yox, istehlakçının qüsuru üzündən sıradan çıxdığını sübut edənədək çox əziyyət çəkməli oldum. Üstəlik, noutbukumu uzun müddət, az qala, bir ay servisdə saxladılar və bildirdilər ki, təmir üçün sifariş olunmuş ehtiyat hissənin xaricdən gətirilməsini gözləyirlər. Qanunlardan xəbərdar olmadığım üçün bu 1 ayın zəmanət müddətindən çıxılmalı olub-olmadığını bilmirəm".

 

Zəmanət hanı? 

Bəs hansı malları, hansı müddət ərzində və hansı səbəblərdən geri qaytarmaq olar?

Birincisi, istənilən malı geri qaytara və ya dəyişdirə bilərsiniz (öz istəyinizə uyğun olaraq). Bunu malın alındığı andan keçən 14 gün ərzində etmək olar. İstifadə müddəti olan mallar istisna təşkil edir. Onları yalnız istifadə müddəti bitmədən qaytara bilərsiniz.

İkincisi, bəzi kateqoriyadan olan mallar alıcının xeyrinə bonuslara da malikdir. Ən çox bonus texnika alqısı zamanı olur. Məsələn, aldığınız televizorda (və ya digər avadanlıqda) zədə aşkarlayarsınızsa, onun zəmanət müddətindən asılı olmayaraq, hətta zəmanəti yoxdusa belə, 3 il ərzində geri qaytara bilərsiniz. Bundan başqa, yararsız hala düşmüş texnikanız zəmanət təmirində qalırsa, bu müddət zəmanət müddətindən çıxılmır. Yəni, yeni aldığınız planşet xarab olarsa və təmir üçün 1 ay servisdə qalarsa, onun zəmanət müddəti 1 ay artır. Yararsız malı yenisi  ilə dəyişdikdə isə zəmanət dəyişmənin baş verdiyi gündən hesablanır.

Bundan başqa, əgər aldığınız mal çox ağırdırsa (məsələn, paltaryuyan maşın) və o, qəflətən xarab olarsa, onun təmirə aparılması və geri qaytarılması xərcləri mağazanın və ya istehsalçı şirkətin rəsmi nümayəndəliyi hesabına (sizin istəyinizə uyğun olaraq) ödənilməlidir. Bütün bunları nəinki əksər alıcılar, bəzi hallarda heç satıcılar da bilmir.

Ərzaq məhsulları və dərmanlara gəlincə, onları məlum səbəblərdən yalnız istifadə müddəti başa çatanadək geri qaytara bilərsiniz.

Beləliklə, bütün qeyd olunanları ümumiləşdirərək, oxucularımıza bəzi məsləhətlər verə bilərik.

Birincisi, mal alarkən mağazadan qəbz tələb edin. Malı aldığınız tarixi qarşı tərəfə məhz həmin qəbz vasitəsilə sübut edə bilərsiniz. Kassa aparatının olmadığı mağazalardan heç zaman heç nə almayın. Belə mağazaların sayı getdikcə azalsa da, onlara hələ də rast gəlinir. Bu, xüsusilə Çin məişət texnikasına aiddir - bu texnikada mağazada "ürəyiyumşaq" satıcı tərəfindən yoxlanılanda normal işləmək, amma, hardasa, 1 həftədən sonra sıradan çıxmaq "xüsusiyyət"i var.

İkincisi, öz hüquqlarınızı unutmayın. İstənilən malı aldığınız gündən keçən 2 həftə ərzində geri qaytara bilərsiniz.

Üçüncüsü, ərzaq və sənaye məhsuallarının müxtəlif xüsusiyyətləri var. Siz dostlarınızla bir şüşə şərabı içə və bundan sonra mağazaya onun keyfiyyətinin pis olduğunu sübut edə bilməzsiniz. İstifadə müddətini də yaddan çıxarmayın. Ərzaq məhsullarından söhbət gedərkən haqlı olduğunuzu sübut etmək üçün diqqətli və operativ olmalısınız.

 

Düşər düşməzi olar

Hər il martın 15-də Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü qeyd olunur. 1962-ci ilin məhz bu günündə ABŞ prezidenti Con Kennedi tarixdə ilk dəfə olaraq müvafiq qanuna imza atıb.

Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun prezident Heydər Əliyev tərəfindən 1995-ci il sentyabrın 19-da imzalanıb.

Avropada isə vəziyyət o həddə çatıb ki, "istehlakçı ekstremizmi" termini yaranıb. Söhbət istehlakçının bəzən qanunla manipulyasiya etməsindən, müxtəlif hiylə və kələyə əl ataraq maksimum fayda götürməyə çalışmasından gedir. Bu mənada 1992-ci ildə Stella Libekin "McDonald's"a qarşı qaldırdığı və "bir fincan kofe işi" adı ilə tanınan hadisə çox məşhurdur. O vaxt yaşlı bir qadın "McDonald's" restoranlarının birində həddindən artıq qaynar kofeni dağıdaraq baldırında, yanında və qasığında üçüncü dərəcəli yanıq xəsarəti almışdı. Şirkət əvvəlcə qadının tibbi əməliyyatının xərcini ödəməkdən imtina etmiş, sonda isə məhkəmə qərarı ilə 640 min dollar kompensasiya ödəməli olmuşdu.

Bu gün istehlakçılara qarşı ən loyal qanunlar ABŞ və Rusiyadadır. Məhz bu ölkələrdə "istehlakçı ekstremizmi" bir qədər xarakterik bəladır. 2006-cı ildə belə hallar ABŞ şirkətlərinə 230 milyard dollar ziyan vurub. Elə həmin il Rusiyada sahibkarlar 158 milyard dollar ziyana düşüb. Azərbaycanda isə hələ ki, belə bəlalara rast gəlinmir.


MƏSLƏHƏT GÖR:

704