Müəllif: Abbas AXUNDOV Bakı
Azərbaycanda sahibkarlığın, o cümlədən bank bölməsinin inkişafı qiymətləndirmə sahəsində keyfiyyətli xidmətlərə tələbat doğurur. Ancaq ölkədə bu bazar yeni-yeni formalaşır və indiki inkişaf mərhələsində mövcud tələblərə tam cavab vermək imkanında deyil. Xüsusilə də bunun parlaq nümunəsi kimi eyni obyektin müxtəlif şirkətlər tərəfindən qiymətləndirilən zaman müşahidə edilə bilən böyük fərqi göstərmək olar.
Problemli sahə
Bildirmək gərəkdir ki, bu gün ölkənin bank bazarında fəaliyyət göstərən qiymətləndirmə şirkətlərinin çoxu sifarişlər zərfini girov təminatının qiymətləndirilməsi hesabına formalaşdırır. Qalan xidmət növlərinin payına isə bütün sifariş çantasının 35%-dən az hissəsi düşür. Və ən böyük ehtiyac başqa əmlak növlərindən fərqli olaraq daşınmaz əmlakın qiymətləndirilməsində müşahidə edilir, çünki banklar əsasən daşınmaz əmlakı girov predmeti kimi qəbul edirlər. Bununla yanaşı, İpoteka Fondu daha çox mənzillərin, kommersiya bankları isə kommersiya obyektlərinin, torpaq sahələrinin və yaşayış obyektlərinin qiymətləndirilməsinə ehtiyac duyurlar. Həmçinin, əlavə edək ki, bank kredit təşkilatları girov kimi torpaq sahələrini elə də həvəslə qəbul etmirlər, bunu son illərdə torpağın likvidliyinin aşağı düşməsi ilə əsaslandırırlar.
Ölkədə ipoteka kreditləşməsinin və başqa kredit növlərinin inkişafı ilə qiymətləndiricilərə tələbat artır, amma bu sahə hələ də bizdə lazımi populyarlıq qazana bilməyib, çünki bunun obyektiv səbəbləri var. Hazırda bu sahədə mütəxəssislərə sertifikat verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində, həmçinin ipoteka kreditləşdirməsi sistemində fəal şəkildə 11 qiymətləndirmə şirkəti iştirak edir, halbuki bütünlükdə bu sahədə onların sayı 50-dən yüksəkdir. Ekspertlər qiymətləndirmə fəaliyyəti bazarının inkişafını əngəlləyən başqa amillərlə yanaşı, cəmiyyət tərəfindən ixtisasın artırılması üzrə mütəmadi kursların təşkil edilməsinə baxmayaraq, bazar iştirakçılarının peşəkarlıq səviyyəsinin yetərincə olmadığını da vurğulayırlar.
Ondan başqa, bu sahədə milli standartların hələ 2010-cu ildə qəbul edilməsinə baxmayaraq, onların yerinə yetirilməsində də problemlər var. Bu 9 standart birmənalı şəkildə kimin qiymətləndirmə fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyən edir, amma istehlakçılar, o cümlədən banklar heç də həmişə həmin standartları yerinə yetirmirlər, müvafiq sertifikatı olmayan və öz müştərilərinin xeyrinə qeyri-obyektiv qərarlar qəbul edə bilən şirkətlərin xidmətinə üz tuta bilirlər.
Başqa bir problem isə qiymətləndiricilərin bazarda işləməsi üçün metodiki sənədlərin çatışmaması ilə bağlıdır. Həm də 1998-ci ildə təsdiq edilmiş "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunun yeniləşdirilmiş variantının qəbul edilməsi ilə bağlı gecikmələr də bazarın inkişafını güclü şəkildə ləngidir. Hazırda sənədin yeni variantı Milli Məclisin iqtisadi siyasət komitəsində müzakirə olunur və ekspertlər belə sanırlar ki, qanun layihəsi ilə nəzərdə tutulan dəyişikliklər yuxarıda sadalanan problemlərin həllində və Azərbaycanda qiymətləndirmə fəaliyyəti bazarında artımın təmin edilməsi baxımından başlıca rol oynayacaq.
Hər şey qanun üzrədir
Qeyd edək ki, qanun layihəsinin qəbul edilməsindən sonra əsas yenilik Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) yaradılması olacaq. AQP-nin qiymətləndiricilər tərəfindən qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi və idarə edilməsi, qiymətləndiricilərin fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə təsis olunmuş müstəqil, özünü idarə edən qurum kimi yaradılması nəzərdə tutulur. Palata ölkə üzrə qiymətləndiricilərin reyestrini tutmalı, lazım olduqda maraqlı şəxslərə bu reyestrdən məlumat təqdim etməlidir.
Palatanın funksiyaları sırasına qiymətləndirmə sahəsində dövlət siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi, onun hüquqi və iqtisadi tənzimlənməsinin təkmilləşdirilməsi və s. daxildir. Palata həmçinin qiymətləndirmə standartlarını, qiymətləndiricilərin işgüzar və peşəkar etika qaydalarını işləyib hazırlayacaq, onların hüquqlarını və qanuni maraqlarını müdafiə edəcək və s.
Qiymətləndirmə fəaliyyəti üzərində nəzarət isə palatanın struktur bölmələri tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində gerçəkləşdiriləcək.
Həmçinin Azərbaycan Qiymətləndiricilər Palatasının Kompensasiya Fondunun yaradılması da nəzərdə tutulur. Bu, palata üzvlərinin 850 manat səviyyəsində müəyyən edilmiş icbari üzvlük haqları hesabına formalaşdırılacaq. Fondun vəsaitləri qiymətləndiricinin fəaliyyətindən və ya fəaliyyətsizliyindən zərər çəkmiş sifarişçilərə kompensasiya kimi ödənilməsi üçün nəzərdə tutulacaq.
Bundan başqa, qanun layihəsinin vacib yeniliyi kimi, Azərbaycanda qiymətləndirici məsuliyyətinin icbari sığortasının tətbiqi də nəzərdə tutulur. Sığorta halı kimi qiymətləndiricinin fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində məhkəmə qərarı ilə və ya qiymətləndiricinin öz qərarı ilə qəbul edilən zərərin dəyməsi halı hesab edilir. Palata iştirakçılarının sayı 75-ə qədər olduğu halda, bu sahə üzrə sığorta ödənişi 2500 manat səviyyəsində, 75-dən yuxarı olduqda isə 1500 manat səviyyəsində müəyyən edilir.
Ekspertlərin fikrincə, qanun layihəsi əmlakın qeyri-obyektiv qiymətləndirilməsi faktlarını aradan qaldırmaq məqsədi daşıyır ki, nəticədə bu, başqa təsirləri ilə yanaşı, dövlət büdcəsinə daxilolmaların artmasına da gətirib çıxaracaq. Bundan başqa, qiymətləndirmə fəaliyyətinin inkişafı siyasi baxımdan da önəmlidir. Azərbaycan hökuməti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı zamanı dəymiş zərərin qiymətləndirilməsi üzrə işləri davam etdirir və hələ yekun nəticələr hazırlamayıb. Yüksək peşəkarlıqlı qiymətləndirmə şirkətləri də bu işdə yaxşı yardımçıya çevrilə bilər.
Bir sözlə, Azərbaycanın iqtisadi həyatında davam edən aktivlik bundan sonra da qiymətləndirmə şirkətlərinin xidmətinə böyük tələb yaradacaq ki, bu da ölkəmizdə biznesin bu istiqaməti üçün ürəkaçan perspektivlər vəd edir.
MƏSLƏHƏT GÖR: