16 Mart 2025

Bazar, 00:11

HÖKUMƏTSİZ İTALİYA

NÖVBƏDƏNKƏNAR SEÇKİNİN NƏTİCƏSİ... YENİ NÖVBƏDƏNKƏNAR SEÇKİNİN ƏLAMƏTİ KİMİ

Müəllif:

13.03.2013

İtaliyada növbədənkənar parlament seçkisi keçirildi. Bu ölkənin qanunverici orqanı iki palatadan ibarətdir: 630 nəfərlik Deputatlar Palatası və 315 deputatdan ibarət Senat. Qeyd edək ki, İtaliya Parlamentinin hər iki qanadı proporsional sistemlə, seçkiyə qatılan partiyalar koalisiyasının siyahılarına əsasən seçilir. Yeri gəlmişkən, İtaliyada partiyalar arasında koalisiyanın yaradılması da seçki prosesinin xüsusiyyətlərindən biridir. Bu prosesə xas xüsusiyyətlərdən biri də mütəmadi olaraq yeni seçkilərin keçirilməsi və hökumət dəyişiklikləridir. 

İtaliyada seçkiyə çoxlu sayda partiya qatılır. Onların arasında kifayət qədər orijinal adlara malik marginal partiyalar da var; məsələn, İtaliyanın siyasi meydanında "Mən İtaliyanı sevirəm" və ya "İtaliya piratlar partiyası" adlı siyasi təşkilatlar var. Bu adlar, eyni zamanda, "gənc" siyasətçi və təcrübəli komik Belle Qrillonun bu meydanda özünə yer tapa bilməsi İtaliyada siyasi meydanda nə qədər müxtəliflik olduğunu göstərir. Amma hər şeyə növbə ilə nəzər salaq.

İtaliyada növbəti hökumət böhranı artıq 1 ildən artıqdır ki, davam edir. İtaliyanın son iki hökuməti "ənənəvi" daxili siyasi kataklizmlərlə yanaşı, həm də beynəlxalq böhranla  sarsılıb. Bu böhran Avropa İttifaqına daxil olan bir sıra ölkələrə, həmçinin İtaliyaya mənfi təsirini göstərib.

Böhran Deputatlar Palatasının spikeri Canfranko Fininin 2010-cu ilin iyulunda hökumət blokunu tərk etməsi və öz partiyasını yaratması ilə başlayıb. Bununla da Berluskoninin hökumət koalisiyası dağıldı. Doğrudur, partiyadaxili böhrana baxmayaraq, o, 2011-ci ilin noyabrınadək hakimiyyətdə qala bildi. Amma sonradan prezident Napolitano Berluskonini istefaya göndərdi və "texniki hökumət"in formalaşdırılması məqsədilə Mario Montini baş nazir təyin etdi. Qeyd edək ki, parlament idarəçilik sisteminin olduğu ölkələrdə iqtisadi böhran zamanı məhz bu yola əl atılır.

Monti hökuməti bir sıra vacib işlər görə bilsə də, hakimiyyətdə cəmi 1 ildən bir qədər artıq qala bildi. Dekabrda Avropa İttifaqının sabiq komissarı Montinin hökuməti qısa müddətdə kifayət qədər effektiv işləməsinə rəğmən, istefaya göndərildi, prezident Napolitano isə 2012-ci il dekabrın 21-də parlamenti buraxdı.

Seçkinin nəticələri iki cür qəbul olundu. Bir tərəfdən ekspertlər Pyer Bersaninin rəhbərlik etdiyi Demokrat Partiyasının rəhbərliyi ilə 7 partiyadan qurulmuş sol-mərkəzçi "İtaliya, ümumi fayda" koalisiyasının qələbəsini gözləyirdi. Bu, xüsusilə Berluskoni hökumətinin iqtisadi siyasətinin iflasa uğraması və hökumətdə yaşanan qalmaqallar fonunda gözlənilən idi. Amma bu koalisiya qəti qələbə qazana bilmədi - sol-mərkəzçilər Deputatlar Palatasında çoxluğu ələ alsalar da, Senatda yerlərin sayı azaldı. Üstəlik, Senata seçkini tərkibində 8 partiyanın olduğu Berluskoninin "Azadlıq xalqı" koalisiyası qazandı. Qeyd etmək lazımdır ki, Senata seçki regionlarda keçirilən səsvermə yolu ilə aparılır. Berluskoni isə əsasən Siciliya və Lombardiya kimi böyük regionlarda popuryardır. Senatda üstünlüyün ələ alınmasında da ona məhz bu kömək etdi.

Beppe Qrillonun rəhbərlik etdiyi "5 ulduz hərəkatı"nın 25,5% səs yığaraq qazandığı uğur seçkinin gözlənilməz nəticəsi sayılır. Qrilloya səs verən elektorat bununla Aİ-nin orqanları tərəfindən ölkədə iqtisadi böhranın aradan qaldırılması məqsədilə hazırlanmış tədbirlərin həyata keçirilməsinə münasibətini göstərməyə çalışıb. Söhbət büdcənin konsolidasiyası və rəqabət qabiliyyətinin stimullaşdırılması kimi tədbirlərdən gedir.

Beləliklə, İtaliya qanunverci orqanına keçirilən seçki nəticəsində pat vəziyyəti yaranıb. Yeni parlamentin İtaliyada siyasi vəziyyəti sabitləşdirəcəyinə olan gözləntilər özünü doğrultmayıb. Koalisiyalardan heç biri hər hansı palatada çoxluğa yiyələnə bilməyib. Demək, onların heç biri hökuməti təkbaşına formalaşdıra bilməyəcək.

Ən çox səsi Bersaninin sol-mərkəzçi koalisiyası qazanıb. Amma bu, hökumətin təkbaşına formalaşdırılması üçün kifayət deyil. Seçkidən sonra Bersaninin Monti ilə koalisiya yaradacağı gözlənilirdi. Amma onların koalisiyasının topladığı ümumi səs faizi hökumətin formalaşdırılması üçün vacib olan 50%-lik baryeri aşa bilməyib. İndi Qrillonun da hökumət koalisiyasına düşəcəyi istisna deyil. Amma o, hazırkı mərhələdə heç bir koalisiyada iştirak etmək niyyətində olmayacağını bəyan edib. Qrillo bununla Berluskoninin partiyası ilə əməkdaşlığın və birgə hökumətin yaradılmasının mümkünlüyünə işarə edib. Bundan başqa, belə bir koalisiyanın yaradılması Avropa İttifaqı üçün ümumilikdə acınacaqlı olardı. Bersaninin rəhbərlik etdiyi solçular və etirazçı Qrillo Aİ-nin tələblərinə uyğun islahatlara çətin ki, getsinlər.

Bersaninin qələbəsi və Qrillonun parlamentdə təmsil olunmasının özü İtaliya ictimaiyyətindəki əhval-ruhiyyənin göstəricisi sayıla bilər. Ölkə elektoratının, təxminən, 60%-i Monti hökumətinin qərarlarını mənfi qarşılayırdı. Aİ ölkələri liderləri üçün isə İtaliyadakı seçkinin nəticəsi soyuq duş oldu. Onlar bu nəticəni Aİ-nin mövcudluğuna təhlükə kimi qəbul edirlər. Çünki İtaliya birliyin ən nəhəng 3 üzvündən biridir.

Beynəlxalq birjalar da seçkiyə dərhal reaksiya verib. Keçmişin kommunisti olan Bersani koalisiyasının seçkidə qələbə qazanması indekslərə mənfi təsir göstərib və onlar sürətlə aşağı düşməyə başlayıb. Avropa İttifaqı İtaliyada yaşananları diqqətlə izləyir və bu dalandan çıxış yolları haqda hələ ki, o qədər də geniş təsəvvürə malik deyil.

İtaliyada yeni hökumətin yaradılmasında daha bir mümkün variant son seçkinin bir-birinə tamamilə zidd iştirakçıları arasında razılaşma ola bilər. Söhbət Bersani ilə Berluskonidən gedir. Tarixdə baxışları bir-birindən kəskin şəkildə fərqlənən partiyaların razılığa gəlməsi təcrübəsi az deyil. Amma bir qayda olaraq bu eksperimentlər sonda müsbət nəticə vermir: belə qüvvələr tərəfindən yaradılan koalisiyalar zəif olur, hansısa məsələdəki qəti fikir ayrılığı üzündən tezliklə dağılır.

Hər iki koalisiyanın hökuməti formalaşdırması üçün səsi kifayət edərdi. Amma onların iş qabiliyyətinə heç kim zəmanət verə bilməz. Liderlərin özləri də birlik naminə birliyə o qədər də inanmırlar.

Vəziyyətin dalana dirəndiyini nəzərə alan Berluskoni artıq ölkədə tezliklə növbədənkənar seçkinin keçirilməli olduğuna dair bəyanat səsləndirib. Onun fikrincə, hazırkı çətin vəziyyətdən çıxış yolu məhz budur.

Növbədənkənar seçkini yaranmış böhranlı vəziyyətdən çıxış yollarından biri kimi qəbul etsək, dərhal ortaya növbəti sual çıxır: bu seçkidən sonra eyni vəziyyətin yaranmayacağına, yaxud böhranın daha da dərinləşməyəcəyinə zəmanət hanı?

Ümumilikdə, İtaliyada keçirilmiş parlament seçkisinin nəticəsinə bir sıra amillər və hadisələr öz təsirini göstərdi. Buraya elektoratın artıq öz kreditlərini çoxdan xərcləyib qurtarmış hazırkı siyasi liderlərdən bezməsini də daxil etmək olar.

Bütün Avropa kimi, İtaliya da siyasi reallıqların qəbul olunmasında alternativ təkliflərlə çıxış edə biləcək yeni liderlərin yoxluğu ilə bağlı böhran yaşayır. Məhz belə vəziyyətlərdə Qrillo kimi şəxsiyyətlərin önə çıxması mümkün olur. Əks təqdirdə o, çətin ki, hər 4 səsdən 1-nə iddia edə bilərdi. Qrillonun zəfəri yalnız iqtisadi böhranın nəticəsi deyil. Prinsipcə, son seçkidəki səslərin nisbəti iqtisadi böhran şəraitində Avropa İttifaqına inamın göstəricisidir. Seçkinin nəticəsi bu məsələdə vəziyyətin heç də Aİ-nin xeyrinə olmadığını göstərir.

İtaliya hazırda yaranmış vəziyyətdən siyasi çıxış yolu aramaqdadır.



MƏSLƏHƏT GÖR:

467