
ETİRAZDAN TERRORADƏK
ERMƏNİSTANDA SEÇKİSONRASI QARŞIDURMALAR XEYLİ SÜRPRİZLƏRƏ YOL AÇA BİLƏR
Müəllif: NURANİ Bakı
Beynəlxalq müşahidəçilər seçkilərin demokratikliyini qiymətləndirmək üçün onlarla parametrdən istifadə edir - şəffaf qutulardan və qeyri-şəffaf səsvermə otaqlarından tutmuş, müxtəlif partiyaların seçki təbliğatı üçün istifadə etdikləri efir vaxtının nisbətinədək. Amma yəqin ki, onların arasında ən doğru meyar seçkinin bitməsindən sonra keçirilən etiraz aksiyalarıdır.
Seçkisonrası Ermənistan qaynamaqda davam edir. Rəsmi məlumata görə, prezident seçkisində ikinci yeri tutmuş Raffi Ovannisyan İrəvanın Teatr meydanında hələ ki, dinc mitinqlər keçirir, regionlara səfərlər edir və ən başlıcası, digər partiyaların fəalları ilə son dərəcə aktiv görüşlər aparır.
Maraqlıdır ki, hələ seçkisonrası qarşıdurmanın ilk günlərindəcə Serj Sarqsyanın "komandası" zəiflik nümayiş etdirdi: Respublika Partiyası Teatr meydanına təyin etdiyi qələbə mitinqini təxirə saldı, daha sonra isə Sarqsyan Raffi Ovannisyanla görüşə razılıq verdi.
Amma Raffi Ovannisyan "uğuru davam etdirə" bildimi? Bu suala cavab açıq qalır. Həmin hadisələrdən bir neçə gün sonra "İrs" partiyasının lideri Ermənistan prezidenti ilə görüşünün konteksdən çıxarılmış bir parçasının yox, bütünlükdə hamısının ictimai müzakirəyə çıxarılması tələbi ilə çıxış etdi. "Mənim Serj Sarqsyanla görüşümün bir hissəsini ictimaiyyətə təqdim etməklə məni nüfuzdan salmağa çalışan şəxslər utansın. Birincisi, söhbət zamanı Sarqsyan bildirmişdi ki, biz otaqda təkik. Bu yalan idisə, prezident məni aldadıbsa, söhbətimizin yazısının tam versiyada açıqlanmasını tələb edirəm", - deyə Ovannisyan keçirdiyi mətbuat konfransında bildirib. O, görüşdə MSK-nın açıqladığı nəticələrlə razı olmadığını Sarqsyanın nəzərinə çatdırdığını da söyləyib: "Hazırkı dövlət başçısı prezident seçilməyib və onun şampan şərabı ilə qələbəni bayram etməsi hələ tezdir".
"Videoqalmaqal" digər müxalifət liderlərinin, xüsusilə Levon Ter-Petrosyanın rəhbərlik etdiyi erməni milli konqresinin (EMK) Ovannisyanı açıq şəkildə fəaliyyətsizlikdə və qətiyyətsizlikdə günahlandırdığı günlərdə meydana çıxıb. Bu ittihamlara cavab olaraq Ovannisyan regionlarda son dərəcə ciddi fəallıq nümayiş etdirməyə başlayıb, ən azı, yerli "xanlar"dan bəzilərinin istefasına nail olub, mitinqlərdə istefaların davam edəcəyi vədini səsləndirib.
İndi İrəvanın siyasi dairələrində deyirlər ki, Raffi Ovannisyan seçkidə 37% səs toplamaqla "taleyin hökmü ilə" müxalifətin vahid namizədi roluna yiyələnib və bütünlükdə "etirazçı elektorat"ın səsini qazanıb, 37% səsin çox hissəsi isə daha çox Ovannisyana deyil, "Serj Sarqsyanın əleyhinə" verilib. Bu şəraitdə Ovannisyana digər partiyaların dəstək verib-verməyəcəyi həlledici məqam sayıla bilər. Sabiq xarici işlər naziri məhz bu üzdən son dərəcə fəal şəkildə özünə müttəfiqlər axtarsa da, vəziyyət tam aydın deyil.
Raffi Ovannisyan artıq "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Sarukyan, həmçinin partiya üzvləri Vardan Oskanyan və Nair Zohrabyanla görüşüb. Amma bu haqda informasiya son dərəcə azdır. "Qraparak" qəzeti "Çiçəklənən Ermənistan"dakı mənbəyə əsasən yazır ki, Sarukyanla Ovannisyan 3 saat ərzində "söhbət edib və konyak içiblər". Eyni mənbə onu da bildirir ki, "Çiçəklənən Ermənistan" daha çox milli barışıq hökumətinin bir hissəsinə çevrilməyə meyillidir. Qəzetin yazdığına görə, bu partiyada mili proqramla, ilk növbədə, baş nazirin dəyişdirilməsi vacib hesab olunur. Ola bilsin, bu, bir şeyə işarədir: bəlkə "Çiçəklənən Ermənistan" Sarqsyanla Ovannisyan arasında vasitəçiliyi öz üzərinə götürmək istəyir? Yoxsa o, Ovannisyana dəstəkdən imtina müqabilində Sarqsyandan baş nazir postunu almağı düşünür?..
Əlbəttə ki, Qagik Sarukyan Ermənistanda heç də ən nüfuzlu siyasətçi deyil və onu açıq şəkildə "su oliqarxı" adlandırırlar. Amma onu da xatırladaq ki, "sabiqlər ittifaqı" - eks-prezident Robert Koçaryan və sabiq XİN başçısı Vardan Oskanyan məhz "Çiçəklənən Ermənistan"ın sıralarındadırlar. Ölkədə təcrübəli və Serj Sarqsyan üçün təhlükəli sayılan siyasətçilər də məhz onlardır.
Hakim "komanda"nı daha çox qorxudan Raffi Ovannisyanın EMK ilə ittifaq yaratması perspektividir. Doğrudur, bu, hələ ki, proqnoz və ya həyata keçməsi real görünən fakt yox, sadəcə versiyadır. Amma EMK-nin da EÜH (ermənistan ümumxalq hərəkatı) ilə eyni "etirazçı elektorat"ın dəstəyinə bel bağladığı şübhə doğurmur.
Bununla yanaşı, daha bir görüş xeyli düşündürücüdür. Ovannisyan və onun qərargahının nümayəndəsi, "İrs"in parlament fraksiyasının başçısı Ruben Akopyan martın 3-də "daşnaksutyun" partiyasının rəhbər orqanının nümayəndələri Qrant Marqaryan və Armen Rustamyanla bir araya gələrək, "ölkədə yaranmış siyasi böhran"la bağlı müzakirə aparıblar. Onlar yaranmış böhrandan çıxış yollarını da müzakirə ediblər.
Daha sonra Raffi Ovannisyan və onun qərargahının mətbuat katibi Ovsep Xurşudyan və "İrs" fraksiyasının katibi Zauri Postancyan "Sardarapat" hərəkatının üzvləri Jirayr Sefilyan və Alek Yeniqomşyanla görüşüblər. Bu görüşdə "xalq hərəkatının və qələbə"nin startına yönəlmiş addımlar müzakirə edilib.
Məlum səbəblərdən İrəvanda belə addımları konkretləşdirməyə çalışmırlar. Amma bir məqamı yada salaq: "Sardarapat" hərəkatını təmsil edən Jirayr Sefilyan əslən Livandandır. O, ilk "döyüş təcrübəsi"ni də Livanda qazanıb. Görüşün digər iştirakçısı Aleks Yeniqomşyan daha da maraqlı şəxsdir. Həm də Aleks Yenikomçiyan kimi tanınan bu şəxs ASALA-nın ən məşhur yaraqlılarındandır. 1980-ci il oktyabrın 3-də Cenevrənin mehmanxana otaqlarının birində partlayış baş vermişdi. O zaman polis iki kirayənişini həbs etmişdi. Onlardan biri Kanoza Parkdan (Kaliforniya) olan Syüzi Maxserecyan, digəri isə Raffi Ovannisyanın görüşdüyü Yenikomçiyan idi.
Məlum olmuşdu ki, terrorçular özlərinin hazırladıqları "cəhənnəm maşını"na "düşmüşdülər" - təxribatçılar belə "sürprizlər"lə" tez-tez üzləşirlər.
İstənilən halda, "Süzi end Aleks"in həbsi ASALA-nın yeni "filial"ı - "3 oktyabr təşkilatı"nın yaranmasına səbəb olub. Bütün dünyada, ilk növbədə, Avropada yüzlərlə türk və isveçrəli alimə qarşı törədilmiş terror aktları məhz bu təşkilatın "aktivindədir".
Sonralar həbs müddətini başa vuran Aleks Yeniqomşyan Ermənistana gələrkən qəhrəman kimi qarşılanmışdı.
Raffi Ovannisyanın Jirayr Sefilyan və Aleks Yeniqomşyan kimi şəxslərlə görüşlərini nəzərə alsaq, düşünmək olar ki, söhbətin "güc variantı"ndan da getdiyi istisna olunmur. Üstəlik, Ermənistanın artıq belə təcrübəsi var. Xatırladaq ki, 2008-ci ildə keçirilmiş prezident seçkisinin nəticəsinin saxtalaşdırılmasına etirazlar martın 1-də İrəvan küçələrində 10 nəfərin ölümü ilə nəticələnmişdi. Bununla yanaşı, Avropa Şurasının tələbi və Ermənistan hakimiyyətinin yalançı vədlərinə baxmayaraq, həmin hadisələr hələ də tam tədqiq edilməyib.
Ən başlıcası isə ordudan öz vətəndaşlarına qarşı qeyri-qanuni istifadənin olub-olmadığı haqda sual hələ də cavabsız qalır.
İndi isə getdikcə daha çox adam 1 mart hadisələrinin təkrarlana biləcəyi haqda xəbərdarlıqlar edir.
Mitinqlərdə müdafiə naziri Seyran Ohanyana ordudan xalqa qarşı istifadəyə imkan verməməsi ilə bağlı çağırışlar səsləndirilir. Hakimiyyəti dəstəkləyən KİV isə əvvəlcədən bütün məsuliyyəti guya "vəziyyətə nəzarət etməyən" müxalifət liderlərinin üzərinə qoyur.
Ovannisyanın Sefilyan və Yeniqomşyanla görüşləri fonunda artıq söhbət yalnız 2008-ci ilin faciəvi 1 mart hadisələrinin təkrarlanması ehtimalından getmir. İndi ölkədə terror müharibəsinin baş qaldırması ehtimalı daha böyükdür. Hər halda, unutmayaq ki, Ermənistanda siyasi terrorun kökləri iki əsr əvvələ gedib çıxır, silsilə siyasi qətllər isə demək olar ki, siyasətdə baş verən bütün ciddi dəyişikliklərin önündədir. Elə son prezident seçkisi yarışı zamanı da prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olub.
Hələlik Ermənistanda seçkisonrası qarşıdurma qansız ssenari ilə inkişaf edir. Lakin bu "hələlik"in nə qədər davam edəcəyini söyləmək çətindir.
MƏSLƏHƏT GÖR: