12 Mart 2025

Çərşənbə, 18:30

"DAĞLIQ QARABAĞDAKI STATUS-KVO QƏBULOLUNMAZDIR"

ABŞ-in AZƏRBAYCANDAKI SƏFİRİ RİÇARD MORNİNQSTARLA EKSKLÜZİV MÜSAHİBƏ

Müəllif:

13.03.2013

-Sizin Azərbaycana gəlişinizdən altı ay keçib. Bu müddət ərzində Azərbaycan-ABŞ münasibətlərini necə xarakterizə edərdiniz? Bu müddətdə hər hansı bir problemlə üzləşmisinizmi?

- Çox məşğul bir altı ay oldu. Bu müddət ərzində mən öyrəndim ki, ABŞ-Azərbaycan münasibətləri güclüdür və kompleks xarakter daşıyır. ABŞ Azərbaycanla strateji tərəfdaşlığına dəyər verir. Bu tərəfdaşlıq təhlüksəzilik, enerji və ticarət əməkdaşlığı, eləcə də demokratik və iqtisadi islahatlar (xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli, anti-terror və Əfqanıstan) sahəsində qarşılıqlı maraqlara söykənir. Biz Azərbaycanın beynəlxalq təhlükəsizlik səylərinə verdiyi töhfəni yüksək qiymətləndiririk. Azərbaycan əsgərləri İraqda, Kosovoda və Əfqanıstanda ABŞ ordusu ilə çiyin-çiyinə xidmət çəkdi. Hazırda Əfqanıstanda 94 Azərbaycan əsgəri xidmət göstərir. Azərbaycan canlı qüvvələrin və qeyri-canlı təchizatın daşınmasında vacib rol oynamaqdadır ki, bu da Əfqanıstanda beynəlxalq səylərə dəstəkdir. 

ABŞ, həmçinin həm Azərbaycanın, həm də Avropadakı müttəfiqlərinin səmərəsi naminə Azərbaycanın enerji sektorunun inkişafına dəstək verir.  Qeyri-OPEC ölkəsi kimi əhəmiyyətli neft və qaz ehtiyatlarını, eləcə də İran körfəzinə bağlı olmayan coğrafi mövqeyə malik çatdırılma  infrastrukturunu  nəzərə alsaq, Azərbaycan qlobal enerji təhlükəsizliyinin inkişafında da əhəmiyyətli rola malikdir. Bu, həmçinin Avropadakı müttəfiqlərimizə təbii qaz təchizatının diversifikasiyasına yardımda da vacib rol oynaya bilər. 

İndi bizim Azərbaycanla iqtisadi əlaqələrimiz enerji əməkdaşlığından da uzağa gedir. ABŞ şirkətləri burada kənd təsərrüfatı, kosmos, mülki aviasiya, inşaat və az qala, iqtisadiyyatın bütün sektorlarına cəlb olunublar. Biz Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləyir və hesab edirəm ki, bu addım yalnız bizim iqtisadi əlaqələrimizi daha da dərinləşdirəcək. 

Keçmiş dövlət katibi Klintonun Bakıya səfəri zamanı dediyi kimi, öz vətəndaşlarının hərtərəfli insan haqlarına hörmət edən demokratik ölkələrlə yaxın münasibətlər saxlayırıq. Birləşmiş Ştatlar inanır ki, Azərbaycanın gələcək rifahı və sabitliyinə ən yaxşı xidmət davam edən demokratik və iqtisadi islahatlardan keçir. Azərbaycanın islahatlar sahəsində tərəqqisi bizim ikitərəfli münasibətlərin gücləndirilməsi və onun öz sabitliyi üçün vacibdir. 

- Əvvəlki vəzifənizdə Xəzər enerji siyasətinin inkişafında fəal rol oynamısınız. Sizcə, hazırkı işiniz ölkənizin regiondakı enerji siyasətinin davamıdırmı? ABŞ-ın regiondakı enerji siyasətini uğurlu adlandırmaq olarmı? 

- ABŞ-ın Xəzər hövzəsindəki enerji siyasəti iki mühüm məqsədə söykənib: Avropanın enerji marşrutlarının şaxələnməsi və Azərbaycan kimi enerji istehsal edən ölkələrin suverenliyi və müstəqilliyinə dəstək vermək. Beləliklə, yeni işimdə regional sabitlik və insan haqları kimi vacib sahələrlə yanaşı, Azərbaycanın enerji resurslarının inkişafına da diqqət yetirməkdəyəm.  Lakin mən daha çox uzaq gələcəkdə Azərbaycan xalqının rifahını təmin edəcək müasir, diversifikasiyalı iqtisadiyyatın inkişafı üçün həmin resursların necə istifadə olunacağında maraqlıyam. Hər kəs bilir ki, neft əbədi deyil. Azərbaycanın digər sənaye sahələrinin tərəqqisinə təkan verəcək sərmayələrdə özünün neft imkanlarından istifadə etmək üçün məhdud pəncərəsi var.  Mən bir az nikbinəm - görürəm ki, Azərbaycan bir sıra dəyərli sərmayələr yatırır və ən əsası, ÜTT-yə qoşulmaqla iqtisadiyyatını açıq etmək naminə yaxşı qərarlar verir. Ən əsası, Azərbaycan öz xalqına sərmayə qoymalıdır, xüsusən də təhsil sisteminə. Mən, həmçinin düşünürəm, Azərbaycan qanununun aliliyini qurmaq və ticarət bazarında rəqabətə qarşı olan maneələri azaltmaq yolunda bəzi ciddi addımlar atmağa ehtiyacı var. Ciddi islahatlar olmadan neft və qaz sektorundan kənarda iş adamları buraya sərmayə qoymaq istəməyəcək. 

Beləliklə, ABŞ-ın enerji siyasəti Azərbaycanla dünya arasında enerji əlaqəsi qurmaq baxımından uğurlu olub. Mən səbirsizliklə növbəti mərhələni - Cənub Qaz Dəhlizinin açılmasını gözləyirəm. Başlıcası odur ki, Azərbaycanın enerjisi ölkənin davamlı iqtisadi inkişafının təməli kimi və əhalinin yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edəcəkmi? Mənim bu məqamla bağlı böyük ümidlərim var, amma hələ qiymət verməyə zamanımız olacaq.  

- Azərbaycana səfir təyin olunanda enerji marşrutlarının diversifikasiyası və enerji infrastrukturunun qorunması istiqamətində işlərinizi davam etdirəcəyinizi demişdiniz. Bu sahədə irəliləyişlər olubmu? 

- Bəli. Azərbaycan qazının Avropaya daşınmasında son illər əhəmiyyətli tərəqqi olub. Mən ümidvaram ki,  qarşıdakı bir neçə il ərzində Azərbaycan qazı əhəmiyyətli həcmdə Avropaya çatacaq və Avropada rəqabətli qaz bazarının inkişafına töhfə verəcək. Yekun marşrut hələ müəyyən edilməyib, amma "Şahdəniz" Konsorsiumu  - TAP və ya "Nabucco West", hansı layihəni seçərsə, ABŞ onu dəstəkləyəcək. Hansı olur-olsun, yalnız kəmərin artırılmaq imkanı olmalıdır ki, daha çox qazın ötürülməsi mümkün olsun. 

Enerji infrastrukturlarının qorunmasına gəldikdə isə, son illərdə baş verən hadisələr göstərir ki, qəza və ya terror, enerjinin bazara daşınmasına mane olan hər hansı bir insidentə qarşı istənilən mümkün addımlar çox vacibdir. ABŞ və Azərbaycan ölkənizin enerji infrastrukturunun təhlükəsizliyini təmin etməyin ən yaxşı yolları barədə hərtərəfli və davam edən müzakirələr aparır. 

- Sizin də bildiyiniz kimi, Rusiya Avrasiya İttifaqı yaratmaq istəyir ki, bu da bəzən keçmiş Sovetlər Birliyinin bərpası kimi şərh olunur. Belə bir qurumun yaranması mümkün-dürmü?  

- Zənnimcə, ticarətdə maneələri azaltmaq və beynəlxalq ticarəti artırmaq yaxşı şeydir. Lakin Azərbaycanın maraqları ÜTT-yə üzvlüklə daha yaxşı qoruna bilər. Son beş ildə Azərbaycan hökuməti bir sıra geniş miqyaslı iqtisadi islahatlar həyata keçirib. Onların bir çoxu Azərbaycanın ÜTT-yə üzvlüyünə dəstək verməyi nəzərdə tutur. ABŞ Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləyir. Lakin danışıqların tempi Azərbaycanın öz əlindədir. Siyasət prosesdə rol oynamır - təkliflərin və islahatların tempi isə rol oynayır. Azərbaycanın əksər qonşuları və prinsipial partnyorları ya ÜTT-nin üzvüdür, ya da üzvlük niyyətindədir. ÜTT-yə üzvlük xarici investorlara güclü bir siqnal olacaq ki, Azərbaycan sabit və təxmin edilə bilən investisiya mühiti əldə edib. Bu da sərmayəçilərin cəlb olunmasına və Azərbaycanda malların və xidmətin rəqabətliliyinin inkişafına gətirib çıxaracaq. Biz ÜTT-lə bağlı olan qanunvericiliyin dərhal qəbul olunmasını və tənzimləyici islahalarla bağlı addımları dəstəkləyirik. 2007-ci ildə Prezident İlham Əliyev bildirmişdi ki, ÜTT-yə qəbul ölkə iqtisadiyyatının diversifikasiyasında və güclü qeyri-neft sektorunun yaradılmasında vacib addımdır. 

- Digər post-sovet ölkələri ilə müqayisədə Azərbaycanın inkişafını necə xarakterizə edərdiniz?

- Hesab edirəm ki, Azərbaycan müqayisədə uğur qazanmış bir ölkədir. Azərbaycan neft gəlirlərinin Dövlət Neft Fonduna yönəldilməsi və çoxşaxəli iqtisadiyyatın inkişafına imkan yaradan infrastruktur quruculuğu yolunda bir çox doğru addımlar atıb. Bununla belə iqtisadiyyatın rəqabət üçün açıq olması, korrupsiyaya qarşı mübarizə, eləcə də neft-qaz gəlirlərinin təkcə Bakı deyil, bütün ölkənin iqtisadi inkişafına təkan verməsini təmin etmək yönündə görüləsi işlər çoxdur. 

- 2012-ci ilin iyun ayında Hillari Klinton Azərbaycana səfəri zamanı bəyan etmişdi ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olacaq. Ölkənizin ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu istiqamətdə fəaliyyətini necə qiymətləndirirsiniz?

- ABŞ yaxşı başa düşür ki, davam edən Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın müstəqillikdən sonra üzləşdiyi ən böyük çətinlikdir. Biz bu problemin Azərbaycan üçün necə məyusedici olduğunu anlayırıq. Bu səbəbdən də ABŞ 1990-cı illərdə belə çətin problemi həll etmək üçün Minsk qrupunun həmsədrlərindən biri kimi üzərinə liderlik rolu götürdü. Biz münaqişənin sülh və davamlı danışıqlar vasitəsilə həlli yollarını tapmaqda tərəflərə yardım etmək üçün Minsk qrupu daxilində işləməyə sadiqik. Yalnız dinc yolla əldə olunan razılaşma münaqişənin davamlı həllini təmin edə bilər. Dağlıq Qarabağ üzərindəki status-kvo qəbulolunmazdır. ABŞ digər Minsk qrupu ölkələri ilə birlikdə münaqişənin Helsinki prinsiplərinə - güc təhdidi olmadan, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını həll etmə - prinsiplərinə uyğun həll yolu tapılmasında tərəflərə dəstək vermək üçün bütün səylərini əsirgəməyəcək.  

- İran XİN-in sözçüsü Ramin Mehmanpərəst bildirib ki, onun ölkəsi Azərbaycanla Ermənistan arasında vasitəçi rolunu oynaya bilər. Sizcə, İran bu prosesdə müvəffəqiyyətli ola bilərmi? 

- Tamamilə xeyr. ABŞ inanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupu ən yaxşı qurumdur. Hər iki tərəf razılıq verib ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində danışqıqlar üçün Minsk Qrupu ən müvafiq qurumdur. Beynəlxalq ictimaiyyət də davamlı olaraq Minsk Qrupu prosesinə öz dəstəyini ifadə edib. 


MƏSLƏHƏT GÖR:

551