14 Mart 2025

Cümə, 22:41

MAARİFÇİ

Fİrİdun bəy Köçərlİnİn böyük yaradiciliq İrsİ haqqinda

Müəllif:

01.03.2013

Azərbaycan tarixinin XIX əsrin sonları,  XX əsrin əvvəllərinədək olan qısa zaman kəsiyində ictimai-maarifçilik, ədəbi-pedaqoji fəaliyyəti Azərbaycan xalqının  milli şüurunun oyanmasında böyük rol oynayan xadimlərinin yetişməsi baxımından çox bəhrəli olub. Belə görkəmli şəxslərin sırasında xüsusi yerlərdən biri də bu ilin yanvarında 150 yaşı tamam olacaq Firidun bəy Köçərliyə məxsusdur. 

O, Şuşada elə də varlı olmayan Əhməd bəyin ailəsində doğulub. 1879-cu ildə Qoridə Zaqafqaziya Müəllimlər Seminariyasının yeni açılan tatar bölməsinə ilk dəfə şagird toplamaq  üçün məktəbin müfəttişi Aleksey Osipoviç Çernyayevski Şuşaya gələndə, o, yerli rus-tatar məktəbində oxuyurdu. 

Oğlunu seminariyaya vermək istəyən az saylı adamların sırasında Əhməd bəy də var idi. Seminariyanı bitirdikdən sonra Firidun bəy 10 il İrəvan gimnaziyasında müəllim işləyib. Daha sonra o, İrəvanda Mirzə Fətəli Axundovun  "Müsyö Jordan və Dərviş Məstəlişah" komediyasının əsasında teatr tamaşası hazırlayır ki, bu da şəhər həyatında böyük mədəniyyət hadisəsinə çevrilir. 1895-ci ildə Firidun bəy Köçərli Qoriyə Zaqafqaziya Müəllimlər Seminariyasına dəvət olunur. Bu tədris müəssisəsində o, ömrünün sonuna kimi çalışır, 1918-ci ildə seminariyanın Azərbaycan bölməsini Qazaxa köçürərək onun bazasında Qazax Müəllimlər Seminariyasını yaradır. 1917-1918-ci illərdə Köçərli  Zaqafqaziya müsəlmanlarının müvəqqəti milli şurasının (daha  sonra Azərbaycan Milli Şurasının) üzvü olur və təşkilat Azərbaycan Demokratik Respublikasının müstəqilliyini bəyan edir.

Firidun bəy Köçərlinin yaradıcılıq irsi böyükdür. O, Azərbaycan dilinin standartlaşdırılması məsələsini qaldıran ilk azərbaycanlı alimlərdəndir. 1895-ci ildə ilk məqaləsini - "Türk komediyaları"nı, 1904-cü ildə isə "Ədəbiyyatımız haqqında məktub" məqaləsini yazır. 1903-cü ildə Tiflisdə rus dilində onun "Azərbaycan türklərinin ədəbiyyatı" kitabı çap olunur və Rusiya imperiyasının ədəbi dairələrində böyük populyarlıq qazanır. 130 Azərbaycan şair və yazıçısının əsərləri haqqında fikirlərin yer aldığı kitabda müəllif öz həmvətənlərinin yaradıcılığı barədə dərin biliklərə malik olduğunu nümayiş etdirir, bu biliklər indiyə kimi heç kim tərəfindən ümumiləşmiş elmi əsər şəklinə salınmamışdı. Sonrakı illərdə isə "Mirzə Fətəli Axundov" (1911) və "Uşaqlara hədiyyə" (1912) əsərləri də çap olunub. Bununla yanaşı, Köçərli rus müəlliflərinin (Puşkin,  Lermontov, Çexov və Koltsov), həmçinin Avropa müəlliflərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi ilə məşğul olub. N.Qoqolun, L.Tolstoyun, A.Çexovun yaradıcılığı barədə sevgidolu parlaq məqalələr də onun qələminə məxsusdur. 

Qazandığı uğurdan ilhamlanan Köçərli dostlarının təkidi ilə "Azərbaycan türklərinin ədəbiyyatı" kitabı üzərində Azərbaycan dilində işləməyə başlayır. Kitab 1908-ci ildə iki cilddə hazır olur - bu, milli ədəbiyyatşünaslığımız barədə ilk nüfuzlu mənbədir. Ancaq müəllifin kitabı çap etmək üçün göstərdiyi çoxsaylı cəhdlər uğursuz olur, çünki naşirlər kitabın satılacağına, xərcini çıxarıb gəlir gətirəcəyinə  əmin deyildilər. Varlı insanlar isə xalqa kitab nəşri kimi böyük bir hədiyyə etmək niyyətində olmayıblar. Nəticədə o, yalnız 1926-cı ildə müəllifin ölümündən sonra çap edilib. 

Köçərli sovetləşmənin yaratdığı siyasi və ictimai qarışıqlıq zamanı həbs edilib və Gəncəyə aparılıb, 58 yaşında "XI qırmızı ordu"nun xüsusi şöbəsi tərəfindən məhkəməsiz və istintaqsız edam edilib. Köçərli 4 iyun 1920-ci ildə  - Gəncə üsyanının yatırılmasından sonra öldürülüb. Diviziyanın xüsusi şöbəsinin müstəntiqi  və fövqəladə komissar Həmid Sultanov tərəfindən hazırlanmış ittihamnamədə Firidun bəy Köçərli "zəhmətkeş xalq üzərində zorakılıq"da günahlandırılırdı. Sonradan Köçərlinin yaradıcılığını yüksək qiymətləndirən Nəriman Nərimanov onun güllələnməsinin əsas günahkarını tapıb cəzalandırmağı əmr etmişdi. 

Köçərlinin irsini tədqiq edən ilk alim aspirant Bəkir Nəbiyev olub, o, 1957-ci ildə namizədlik dissertasiyasını Firidun bəy Köçərliyə həsr edib. Gənc alim materialların toplanmasına çox böyük  güc  sərf edib. Alimin hələ sağ qalan həmkarlarını və yetirmələrini axtarıb, sənədlərin saxlana biləcəyi yerlərə gedib, arxivlərdə işləyib və xatirəsi gəlləcək nəsillər üçün qutsal olan bu insanın simasını qətrə-qətrə bərpa edib. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü və Ədəbiyyat İnstitutunun direktoru olmuş Bəkir Nəbiyev 1960-cı ildə Köçərlinin ölkə elmi ədəbiyyatındakı rolu haqqında monoqrafiya üzərində işini başa çatdırıb. Əsərdə Yaradanın bəxş etdiyi müəllimdən, ətrafındakı insanlara qarşı  laqeyd qala bilməyən, həyatda gördükləri barədə düşünmək və qiymət vermək qabiliyyətinə malik böyük bir insandan söhbət gedir. Bəkir Nəbiyev elmdə ilk cığır açmış bu görkəmli alimin adını sıfırdan bərpa etdi. Yalnız bundan sonra dövlət səviyyəsində Köçərliyə layiqli qiymət verildi, halbuki 1920-ci ildən 1957-ci ilə kimi bu barədə  susurdular. 

Köçərli Qazaxdan olan Bədisabah Koçarlinskaya ilə evlənmişdi (qızlıq soyadı Vəkilova olub). Bədisabah xanım daha sonra Bakıda, Zaqatalada və Nuxada (Şəki) müəllim işləyib. Onların uşaqları olmayıb. Öz övladları olmadığı halda,  Firidun bəy özünü gənc nəslin tərbiyəsinə həsr edib, hər bir seminariyaçının  rifahının qayğısına qalıb, bütünlükdə pedaqogika elminin təkmilləşməsinə çalışıb.  Kənddən gəlmiş dünyagörüşsüz oğlan uşaqlarına davranış, elementar ünsiyyət, dostluq etmək və ətrafdakılara  hörmət normaları öyrədib.

2005-ci ildə "Klassik Azərbaycan ədəbiyyatı" seriyasından işıq üzü görmüş əsərlərin sırasında ilk yerlərin birində Firidun bəy Köçərlinin ikicildlik  "Azərbaycan ədəbiyyatı" əsəri olub. 25 min tirajla çap edilmiş  əsər pulsuz olaraq kitabxanalara, elmi idarələrə, ali  və orta məktəblərə paylanır. Kitab onu oxuyan və biliyə can atan hər kəsin dünyagörüşünü genişləndirir, zövqünü tərbiyə edir və analitik təfəkkürünü gücləndirir. Köçərli yalnız  pedaqoq və ədəbiyyatşünas alim deyildi, o, həm də gözəl yazıçı, tərcüməçi, həmçinin xalqın, cəmiyyətin bütün gündəlik həyatı məsələlərinə diqqət yetirmiş publisist olub. Onun məqalələri xalqa, qadının cəmiyyətdəki yerinə, dinə həsr edilib və predmetin dərin bilinməsi, qoyulan məsələlərin kəskinliyi, dəqiq və aydın izahı, müəllifin mütərəqqi mövqeyi ilə seçilib. Köçərli haqqında, onun fəaliyyətinin  çoxtərəfli olması barədə xeyli danışmaq olar. 

Firidun bəy Köçərlinin maarifçilik fəaliyyətinin parlaq nümunələrindən biri  də "R+"un müxbirinin kitabxana arxivlərindən tapdığı məqalədir. Köçərlinin "Kərbəla faciəsi" məqaləsi 1913-cü ildə "Kaspi" qəzetində çap olunub və islam tarixinin məlum hadisələrindən bəhs edir. Firidun bəy hicri tarixlə 61-ci ilin (miladi 681-ci il)  Məhərrəm ayının əvvəlində Kərbəla çölündə baş vermiş, imam Hüseynin, ailəsinin və tərəfdarlarının Yezidin adamları tərəfindən xaincəsinə öldürülməsi ilə nəticələnən faciəyə və hadisələrə dəqiq  qiymət verib. Bu toqquşma islam tarixində dərin iz buraxıb. Bu zaman Köçərli maarifçi bir nəticə çıxarır: "Bu kədərli hadisəni anan müsəlmanlar hər il Məhərrəm ayında yas saxlayırlar. Özünü daha qatı müsəlman sayanlar bu ayın 10-cu günü - Aşurada özlərinə müxtəlif fiziki xəsarətlər yetirirlər; məsələn, zəncirlərlə özlərini döyür, bədənin müxtəlif hissələrinə ağır çəkili əşyalar keçirirlər, iti silahlarla başlarına zərbə vururlar və s. Yasın bu cür qeyd edilməsi müsəlman dininin ruhuna ziddir; bu, cahil kütlənin fanatizminin kobud təzahürüdür və təəssüf ki, bizim ruhanilərin bir qismi tərəfindən dəstəklənir. Bu, şəksiz ki, özünü ardıcıllarının iztirabı uğrunda deyil, onların taleyinin yüngülləşməsi, onların xilası və cahillikdən, zalimlərin zülmündən azad olması uğrunda qurban vermiş şəhid imamın ruhunu narahat edir".



MƏSLƏHƏT GÖR:

661