24 Noyabr 2024

Bazar, 11:32

NO PARKING

Bakida avtomobİllərİn saxlanmasi üçün vahİd zona tarİflərİ olacaq

Müəllif:

01.03.2013

Bakı şəhərinin yollarında tıxacların əsas səbəbi avtomobillərin düzgün yerdə saxlanmamasıdır. Bu barədə yaxınlarda keçirdiyi mətbuat konfransında Nəqliyyatın  İntellektual İdarəetmə Sistemi Mərkəzinin (NİİSM) baş direktoru  Elnur Abdullayev bildirib. NİİSM bu nəticəyə 2012-ci ildəki fəaliyyət üzrə aparılmış tədqiqatların yekunları əsasında gəlib. Əslində, yollarda tıxacların səbəbini araşdırmaq üçün ciddi tədqiqatlar aparmağa dəyməz. Hər gün sükan arxasında olan sürücülər üçünsə, bu problem elə göz qabağındadır. Əgər rəqəmlərin dili ilə deyilərsə, keçən il mərkəz tərəfindən 12815 ədəd qanunsuz maşınsaxlama halına rast gəlinib. Bu da qanuni sual doğurur: əgər avtomobillərin cərimə meydançasına aparılması kimi tədbirlər heç bir effekt vermirsə, bununla necə mübarizə aparmaq olar?  Bununla yanaşı, statistikaya görə, Bakıda hazırda 700 mindən çox avtomobil qeydiyyatdadır. Bu rəqəm durmadan artır. Maşınlar çoxaldıqca, onları saxlamaq üçün yer də azalır və qiymətlər də artır. 

E. Abdullayevin sözlərinə görə, bu məsələdə yalnız sürücülərin şüuruna və intizamına güvənmək  yetərli  deyil, çünki təcrübə göstərir ki, cəza, xəbərdarlıq və özününəzarət sistemi nəticə vermir. Buna görə də hazırda problemin həlli üçün qanunsuz maşın saxlamalarını qeydə alan sistem üzərində işlənilir və bu sistem hələ ki, sınaq rejimindədir. 

E.Abdullayev bildirib ki, o hazırdır və bütünlüklə işlənə bilər. "Müvafiq qanunvericiliyin qəbul edilməsindən sonra, sistemin tam güclə işləməsi üçün mərkəz tərəfindən tədbirlər görülür. Biz onu bir ildən sonra istismara verməyi planlaşdırırıq. Daha bir "tıxac əleyhinə" tədbir isə əlbəttə, "yaşıl dalğa" effeekti olacaq, bu zaman sistem hərəkətin tənzimlənməsi üçün işıqforların işinə qarışır. Yeri gəlmişkən, bu çox effektiv üsuldur və indi də biz bunu tətbiq edirik.  Yollarda durumla bağlı 149 əməkdaşımız müşahidə aparır və onlar işıqforların işini tənzimləyirlər. Bunlar öz nəticəsini verir - əgər keçən ilin əvvəllərində İzmir küçəsi ilə gün ərzində orta sürəti 21 kilometrə bərabər olan 2778 avtomobil keçirdisə, 2012-ci ilin sonuna bu, orta sürəti 52,5 kilometr olan  8230 avtomobil deməkdir. Bu, paytaxtın başqa yollarında da səciyyəvidir. Avtobuslarda 1900 cihaz quraşdırılıb. Bu, sürücülər tərəfindən qaydanın pozulmasını müəyyən etməyə və qarşısının alınmasına imkan verir. Keçən il avtobuslarda sükan arxasında 4339 dəfə mobil telefondan istifadə və 2562 dəfə siqaret çəkmə  halı aşkar edilib".

Maşınsaxlamaların nizamlanmasına gəldikdə isə, E.Abdullayevin sözlərinə görə, bu problemin həllinə xüsusi töhfə  160-170 yeraltı parkinq dayanacağının tikilməsidir (hər dayanacaqda 300-1000 avtomobil saxlamaq mümkün olacaq). Onların içində 2000 avtomobil tutan iri dayanacaqlar da olacaq. Eyni zamanda, taksilər üçün 3-4 ədəd iri parkinq tikiləcək. Onlarn sayının 2 minə qədər qaldırılmasının vacibliyi ortaya çıxıb. 

Paralel olaraq avtomobillərin parkinq dayanacaqlarında saxlanması üçün vahid zonal tarifin müəyyənləşdirilməsi  planlaşdırılır. Onun sözlərinə görə, avtomobillərin parkinqi üçün vahid zonal tarifin tətbiqi nəzərdə tutulub. E.Abdullayev bildirir ki, Tarif Şurasına təkliflər verilib və gözlənilir ki, ilin sonuna qədər bu istiqamətdə real addımlar atılacaq.  Avtomobillərin parkinq qiymətləri üçün vahid tarif müəyyən edilən zaman dayancağın yerinin nəzərə alınması daha məntiqli olardı. Məsələn, parkinq yerlərinin sayının az olduğu mərkəzdə tariflər yüksək olmalıdır. Avropada bu cür tarif sistemi çoxdan tətiq edilir. 

"Hazırda Bakıda parkinq üçün müxtəlif qiymətlər müəyyən edilib. Faktiki  olaraq bunlar bələdiyyə tarifləridir. Bu tariflərə görə, bir avtomobilin parkinqi üçün 0,10 manat nəzərdə tutulub və əslində, bu qiymət işləmir. Bəzi yerlərdə parkinq üçün 1 manat ödənilir. Mərkəzə yaxınlaşdıqca qiymət artır. Özü də söhbət, hətta qapalı parkinq  dayanacaqlarından getmir. Parkinq üçün vahid tariflərin tətbiq edilməsinin vaxtı çoxdan çatıb. Bu, həm də bəzi "dayanacaqçılar" tərəfindən parkinq üçün müxtəlif tariflərin müəyyən edilməsinin qarşısını almış olardı. Halbuki, hazırkı vəziyyət bu sahəni vergi nəzarətinə cəlb etməyə imkan vermir. Yəni parkinq zamanı, xüsusilə də açıq məkanlarda sürücülərə heç bir qəbz verilmir, uyğun olaraq bundan vergi tutmaq heç cür mümkün olmur. Əgər şübhəli "dayanacaqçı" qəbz vermirsə, deməli, həm də avtomobilin başına heç bir işin gəlməyəcəyinə də zəmanət yoxdur. 

Avropada parkinqin zona ödəniş sistemi necədir? Misal üçün, Londoda küçələrin əksəriyyətində sayğaclar quraşdırılıb və avtomobil sürücüləri onların yanında maşın saxlaya bilərlər. Sayğacda parkinqin qiymətinin neçə olduğu,  avtomobili burada hansı müddətə qədər saxlamağın mümkünlüyü, həmçinin parkinqin saat neçədən sonra pulsuz olması göstərilir (adətən, 18:30-dan sonra belə olur). Parkinqin maksimum uzunluğu bir qayda olaraq, iki saatı keçmir. Parkinqin qiyməti Britaniya paytaxtının 33 rayonunu idarə edən yerli şuralar - bələdiyyələr tərəfindən müəyyən edilir. O, yalnız rayondan asılı deyil, çünki,  hətta qonşu küçələr arasında da fərq var. Londonda parkinqin saatda 4 funta (təxminən, $7) bərabər olan ən yüksək qiyməti şəhərin mərkəzi rayonlarında və populyar ticarət küçələrində tətbiq edilir. 

Dayanacağın vaxtının məhdudlaşdırılmasına və yüksək qiymətinə baxmayaraq, Londonun mərkəzi küçələrində gündüz saatlarında maşın saxlamaq üçün yer tapmaq çətin məsələdir. Şəhərin başqa rayonlarında parkinq qiymətləri xeyli aşağıdır, amma saatda 1,5 funtdan az deyil. Axşamlar və istirahət günlərində Londonun mərkəzində parkinq pulsuzdur. Bu, xüsusilə cəlbedicidir, çünki həmin vaxt şəhər mərkəzinə giriş üçün tətbiq edilən rüsum da tutulmur ki, hazırda bu, 8 funtdur. Parkinqin daha bir növü də var. Bu zaman müəyyən küçənin sakinləri "resident permi", yəni sakin üçün icazəni satın alırlar. Londonun dəbdəbəli rayonlarında onun qiyməti ildə 5000 funta qədər qalxa bilər. Londonun mərkəzində parkinqin qiyməti orada işləyən sadə ingilislərin cibinə uyğun deyil. Buna görə də onlar maşını "ucuz rayon"a atırlar və daha sonra işə ictimai nəqliyyatla gedirlər. 

Parkinq qaydalarının pozulmasına görə cərimələr yetərincə hiss ediləndir, rayonundan asılı olaraq 40 funtdan 100 funta qədər dəyişə bilər. Qanun pozucusunun avtomobilinin təkərinin möhürlənərək cərimə dayanacağına aparılmasından isə danışmağa dəyməz. Onu oradan 45 funtdan  60 funta qədər xərc çəkməklə çıxarmaq olar.  Londonda cərimə və parkinq gəlirləri rayon administrasiyalarının büdcəsini doldurur, onlar da öz növbəsində daxilolmaların bir hissəsini London meriyasının büdcəsinə keçirir. 

Dünya paytaxtları arasında parkinq qiymətləri reytinqi üzrə ən yuxarı yerlərdən birini Amsterdam tutur. Bir neçə il qabaq Niderland paytaxtının hakimiyyəti mərkəzdə bütün  pulsuz parkinq zonalarını ləğv etmək barədə qərar qəbul edib. Bu gün Amsterdam küçələrində bir saat dayanacağın qiyməti şəhər kənarlarında 0,9 avrodan (1 manata yaxındır) başlayır, tarixi mərkəzdə isə altı dəfə yüksəkdir (5 manata yaxındır). 

Bundan başqa, şəhərdə tutucu parkinqlər sistemi P&R işləyir. 8 avro ödəməklə  sürücü həm özü üçün, həm də lazım olarsa, iki sərnişin üçün ictimai nəqliyyat üzrə 24 saatlıq bilet ala bilir. Əvəzində maşını dayanacaqda bir sutka saxlayır. Parkinq xidməti üçün ödənişlər xüsusi avtomatlar, həmçinin SMS-lər vasitəsilə tutulur. Maşını evin yanında saxlamaq üçün rezident icazəsi almaq lazımdır. Düzdür, onu almaq üçün növbəyə durmaq, daha sonra  hər il 150 avro ödəmək lazım gəlir. Amsterdamda aylıq maaş 5000 avrodur, deməli, hollandlar bizim vətəndaşlar üçün bahalı olan parkinq qiymətlərini ödəməkdə çətinlik çəkmirlər. Bakıda parkinq qiymətlərinin müəyyən edilməsi zamanı bunu nəzərə almaq lazımdır. 

Hələliksə, NİİSM-in sistemi işləmir və avtomobil dayanacağı qaydalarının pozucularına qarşı mübarizəni Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi  (DYPİ)  aparır. Fevralın 20-dən başlayaraq  parkinqi və dayanmağı qadağan edən yol işarələrinin fəaliyyət zonasında, həmçinin, yolun hərəkət hissəsində, avtobus dayanacaqlarında, səkilərdə, piyada yolunda, yolayrıclarının yaxınlığında, ikinci cərgədə saxlanan avtomobillər üçün DYP avtomobillərində quraşdırılmış göyərtə kompüterləri vasitəsilə avtomatik inzibati protokol tətrtib ediləcək.  Bu tələbləri pozan sürücülərin avtomobillərinin şəkili parkinq edildiyi vəziyyətdə çəkilir, cərimə haqqında protokol və fotoşəkil avtomobilin qabaq tərəfinə bərkidilir. DYPİ-nin şöbə müdiri polkovnik-leytenant Vaqif Əsədovun sözlərinə görə, yol verilən pozuntulara uyğun olaraq cərimənin məbləği göstərilir. Belə ki, fevralın sonuna kimi İstiqlaliyyət, Əhməd Cavad küçələrində, Azərbaycan prospektində DYPİ tərəfindən sözügedən tələblərin yerinə yetirilməsi üzrə reydlər keçirilib, beləcə 60-dan çox avtomobilin şəkili çəkilib. 



MƏSLƏHƏT GÖR:

497