14 Mart 2025

Cümə, 23:43

"AL və ÖDƏ"

Rusİya İlə Ukrayna arasindaki ənənəvİ qarşidurmanin qeyrİ-ənənəvİ təzahürlərİ haqqinda

Müəllif:

01.03.2013

Son zamanlar hər yeni ilin başlanğıcında Rusiya-Ukrayna münasibətlərinin pisləşməsi sanki adət halını alıb. Moskva ilə Kiyev Rusiya qazının qiyməti, onun tədarükünə görə yığılmış borc, həmçinin qazın Ukrayna  ərazisi  ilə Avropaya tranziti məsələlərində heç cür razılığa gələ bilmir. Bu dəfə tərəflər arasında qarşıdurma müəyyən qədər fərqli istiqamətdə getsə də, 2013-cü il də istisna olmadı.

Rusiyanın "Qazprom" şirkəti Ukraynanın "Naftoqaz" şirkətinə ötən il istifadə edilməmiş qaza görə borc yazıb. "Qazprom" bunu 2009-cu ilin sentyabrında Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko ilə imzalanmış müqavilənin şərtləriylə əsaslandırır. Sənədin 2.2-ci maddəsində "al və ödə" prinsipi əksini tapıb. Müqaviləyə əsasən, Ukraynanın "Naftoqaz" şirkəti hər il ən azı 52 milyard kubmetr Rusiya qazı istehlak etməlidir və bu həcm maksimum 42 milyard kubmetrə enə bilər. Amma ötən il Ukrayna Rusiyadan, təxminən, 33 milyard kubmetr qaz alıb. "Qazprom"un iddiasına görə, Kiyev müqavilədə nəzərdə tutulmuş və istehlak etmədiyi həcmə görə də "al və ödə" prinsipi əsasında ödəniş etməlidir.

Ukraynanın Enerji Nazirliyi isə iddia edir ki, qazın həcmindəki kəsrə görə tətbiq olunan cərimə sanksiyaları Xarkov razılaşması ilə ləğv edilib. Ukrayna "Qazprom"la mübahisəsində əsas dəlil kimi müqavilənin bir maddəsini göstərir. Orada bildirilir ki, qazın müqavilədəki alqı-satqı aktında göstərilmiş həcmi və qiyməti yekun göstəricilərdir. Kiyevdə hesab edirlər ki, Rusiya tərəfi alqı-satqı aktını ötən il üçün imzaladığından, Ukraynanın ona heç bir borcu yoxdur. Ukraynanın xarici işlər naziri Leonid Kojaranın məsələyə münasibəti belədir: "Bizə 2012-ci ildə almadığımız Rusiya qazına görə 7 milyard dollarlıq borc yazılıb. Ukrayna "Qazprom"a heç bir birbaşa ziyan vurmayıb. Bu, dolayı ziyan, hətta demək olar ki, əldən qaçırılmış qazancdır. Ona görə düşünürəm ki, bu məsələyə həm də Rusiya ilə bu ziyanın restrukturizasiyası və Rusiya qazının qiymətinin aşağı salınması imkanlarına dair aparılan danışıqlar kontekstində baxılmalıdır. Fikrimcə, bu gün Ukrayna bu danışıqlarda müəyyən üstünlük əldə edib. Çünki Rusiya qazının istehlakı kəskin şəkildə azaldılıb".

İddianın dəyəri  ilə bağlı hesablamalar bu məsələdə Ukraynanın mövqeyini daha da möhkəmləndirir. Əvvəlcə Standard&Poor`s agentliyi "Qazprom"un Ukraynaya qarşı müqavilədə nəzərdə tutulmuş qazın istehlakındakı kəsirə görə maksimum 1,2 milyard dollarlıq maddi tələb irəli sürəcəyini proqnozlaşdırmışdı. Amma "Qazprom" Kiyevin almadığı, təxminən, 9 milyard kubmetr qaza görə ondan 7 milyard dollar tələb edir. Belə çıxır ki, Rusiya Ukraynanın almadığı hər 1 milyard kubmetr qaza görə Kiyevdən 815 dollar istəyir. A.Razmukov Mərkəzinin direktor müavini Valeri Çalı hesab edir ki, bu məbləğ daha çox şantaja bənzəyir: "Yerinə yetirilməsi mümkün olmayan tələblərlə Ukrayna Rusiyanın şərtlərindən ibarət çərçivəyə doğru itələnir. Məlum olduğu kimi, onlardan birincisi Gömrük İttifaqına üzvlükdür".

Ukraynanın XİN başçısı L. Kojara da Gömrük İttifaqının (Gİ) sənədlərində "qismən inteqrasiya"nın nəzərdə tutulmadığını və Ukraynaya, yəqin ki, ümumi qaydalardan heç bir istisnanın tətbiq olunmayacağını deməklə, bu məqama işarə edib. Odur ki, bu il tərəflər əməkdaşlığın optimal modelini tapmalıdırlar.

Qeyd olunanlardan başqa, Ki-yev ən azı daha iki "kozır"a sahib olduğunu da düşünür. Birincisi, sən demə, Ukrayna tərəfi "Qazprom"u əvvəlcədən yazılı şəkildə qaz istehlakının azalmasından xəbərdar edib, əvəzində isə Rusiyadan hər hansı rəsmi narazılıq eşitməyib. Bu üzdən Kiyev məsələnin razılaşdırıldığını düşünüb: "Susmaq razılıq əlamətidir". Amma hüquqi məsələlərdə bu prinsip son dərəcə zəif arqumentdir və "Qazprom" da məhz bu məqama əsaslanır. "Ukraynanın qazdan imtinası haqda yazılı xəbərdarlıq həqiqətən də alınıb, 2012-ci ilin yekununa görə bütün alqı-satqı aktları isə imzalanıb. Amma razılaşma əldə etmək üçün etirazın olmaması yox, yazılı razılığın olması şərtdir", - deyə "Qazprom"un bəyanatında bildirilir.

İkincisi, "Qazprom"un Stokholm Arbitraj Məhkəməsinə Ukraynadan tələb etdiyi vəsaitlə bağlı müraciətinə cavab olaraq Kiyev Rusiyaya qarşı ittihamla çıxış edə bilər: Rusiyanı "mavi yanacaq"ın tranziti  ilə bağlı şərtləri pozmaqda ittiham etmək üçün bütün hüquqi əsaslar var.

Mövcud müqaviləyə əsasən, Moskva 2009-2019-cu illərdə Ukraynaya Avropaya tranzit məqsədilə ildə, ən azı, 110 milyard kubmetr qaz verməlidir. Lakin son illərdə "Qazprom" Ukrayna vasitəsilə Avropaya bundan xeyli az həcmdə qaz nəql edir. Bu tendensiya "Şimal axını" qaz xəttinin alınmasından sonra daha da güclənib. Tikintisi 2015-ci ildə başa çatmalı olan "Cənub axını" layihəsinin reallaşmasından sonra isə Ukrayna, ümumiyyətlə, Rusiya qazının nəqlində tranzit ölkələr siyahısından çıxarıla bilər. Amma bu halda Kiyevin Rusiya ilə bağlı Stokholm Arbitraj Məhkəməsinə müraciət etməsi üçün həqiqətən də əsasları olacaq. Bu arqument Rusiya ilə qaz qarşıdurmasında Ukraynanın mövqelərini həqiqətən də gücləndirir.

Bu məsələdə Qərbin, xüsusilə Avropa İttifaqının mövqeyi ciddi rol oynaya bilər. Ukrayna prezidenti V. Yanukoviç də Litvanın dövlət başçısı D. Qribauskayte ilə keçirdiyi birgə mətbuat konfransında buna işarə edib: "Ukrayna Avropanın enerji "icması" ilə əməkdaşlığın səviyyəsindən razı deyil. Çünki bu təşkilat bir çox hallarda Kiyevin mövqeyini nəzərə almır. 3 il ərzində biz qaz sahəsində üzləşdiyimiş fors-major hallarda Avropadan heç bir dəstək, hətta halımıza acıma belə görməmişik. Bundan başqa, Aİ-nin bəzi üzvlərinin imzaladığı sənədlər, xüsusilə "Cənub axını" layihəsinin reallaşdırılması ilə bağlı razılaşma Ukraynanın maraqlarına birbaşa ziddir. Rusiya bizə 7 milyard dollarlıq borc sanksiyası tətbiq etdikdə, Qərbin enerji "icması"ndan bununla bağlı şərhlərin gələcəyinə ümid bəsləyirdik. Bununla bağlı Avropanın enerji "icması"na dəfələrlə yazılı müraciət də ünvanlamışıq. Amma bir dəfə də olsun, cavab almamışıq", - deyə Ukrayna  prezidenti  bildirib.

Yanukoviç ayrıca keçirdiyi brifinqdə də diqqəti bir daha Ukraynanın artıq ardıcıl olaraq üçüncü ildir, Avropada qaza görə ən yüksək ödəniş edən ölkə olduğuna yönəldib. O, Ukraynanın qaza ödədiyi məbğəlin spot bazarındakı qiymətdən təxminən 200 dollar baha olduğunu qeyd edib. Kiyevin güzəştlərə iddia etmədiyini vurğulayan Yanukoviç ölkəsini qane edəcək "ədalətli qiymət"in formalaşdırılması mexanizmini də göstərib: "Spot bazarındakı qiymət, çıxılsın nəql xərcləri"...

Aİ isə hələ ki, nə son hadisələrə, nə də Yanukoviçin bəyanatlarına reaksiya verir. Bəzi analitiklər əmindirlər ki, Moskva öz əməlləri  ilə istəmədən Ukraynanın Avropaya inteqrasiya prosesinin sürətlənməsinə təkan verir. Onların fikrincə, bu dəfə Avropa Moskvanın qaz rçaqından Ukraynanın Gİ-yə üzvlüyünə nail olmaq üçün istifadə etdiyinə tam əmin olub.

Amma bu versiyanın tərəfdarları bir məqamı unudurlar ki, Aİ hələ iqtisadi çiçəklənmə və beynəlxalq arenada nüfuzunun artdığı illərdə belə, Rusiya ilə Ukrayna arasında yaşanan qaz qarşıdurmasında Moskvaya yox, Kiyevə təzyiq göstərirdi.

Bu gün də oxşar vəziyyətə şahidlik edirik. Brüssel əvvəlkitək yenə də Kiyevin "inadkarlığı" ucbatından "Qazprom"un növbəti dəfə Ukraynaya qaz nəqlini dayandıra biləcəyindən narahatdır. Təbii ki, bu zaman yenə də zərərçəkən Avropa olacaq. Çünki Ukraynaya verilən və tranzitlə Avropaya naql olunan qaz eyni boru xətti  ilə daşınır.

Aİ, hətta narahatlığını əsaslandırmaq üçün çox rahat bəhanə də tapıb. Avropa Komissiyasının Ukraynadakı nümayəndəliyi bu yaxınlarda yaydığı açıqlamada bildirib ki, Avropa Kiyevlə Moskva arasında Ukraynanın qaz nəqli sisteminin avropalıların iştirakı olmadan satılmasına dair mümkün razılaşmadan xəbərdardır. Bununla yanaşı, Avropa Komissiyası Brüsselin mümkün Ukrayna-Aİ-Rusiya üçtərəfli konsorsiumunda vasitəçi olmağa hazır olduğunu bəyan edib. Amma Ukrayna prezidenti V. Yanukoviç ölkəsinin Rusiya ilə apardığı və hazırda final mərhələsində olan danışıqlarda söhbətin qaz nəqli sisteminin Moskvaya satılmasından yox, icarəyə verilməsindən getdiyini söyləyib.

Öz növbəsində Brüssel etiraf etməyə tələsmir ki, Kiyevi Moskvanın getdikcə sərtləşən şərtlərini qəbul etməyə, məhz Aİ-nin avrointeqrasiya yolunda Ukrayna qarşısında  yeni-yeni absurd şərtlər irəli sürməsi vadar edir. Onlardan biri Yuliya Timoşenkonun qeyd-şərtsiz azadlığa buraxılması tələbidir. Yeri gəlmişkən, Brüsselin Kiyevə Moskva ilə qarşıdurmada məhz Timoşenkonun azadlığa buraxılacağı təqdirdə dəstək verəcəyi istisna deyil. Amma bütün bunlar Aİ-nin vədinə mütləq əməl edəcəyi anlamına da gəlmir.

P.S. Rusiyanın Ukraynaya istifadə olunmamış qaza görə borc yazması qəribə şəkildə Kiyevin ATƏT-in sədri postunda Dnestryanı münaqişənin həlli prosesində fəallıq göstərməsi  ilə eyni vaxta təsadüf edib. 



MƏSLƏHƏT GÖR:

544