
SARQSYAN QALİB ELAN OLUNDU
Ermənİstanda "demokratİk seçkİ" tamaşasi İflasa uğradi
Müəllif: Rasim MUSABƏYOV,politoloq, Milli Məclisin deputatı Bakı
Fevralın 18-də Ermənistanda prezident seçkisi keçirildi. MSK-nın məlumatına görə, seçkidə 1 518 407 nəfər, yaxud qeydiyyatdan keçmiş seçicilərin 60%-dən bir qədər çoxu iştirak edib. İlk turda hazırkı prezident, hakim Respublika Partiyasının lideri Serj Sarqsyan qalib gəlib. MSK-nın məlumatına görə, seçicilərin 58,64%-i (861 373 nəfər) ona səs verib. İkinci yeri "İrs" partiyasının lideri, sabiq xarici işlər naziri Raffi Ovannisyan tutub. Seçicilərin 36,75%-i (539 693) səsini ona verib. Üçüncü pillədə qərarlaşmış sabiq baş nazir, "Azadlıq" partiyasının lideri Qrant Baqratyan 2,15, dördüncü yeri tut-umuş "Milli müqavimət" birliyinin rəhbəri Prauyr Ayrikyan 1,23% səs qazanıb. Yerdə qalan digər 3 namizədə səs vermiş seçicilər 1%-dən az olub.
MDB, ATƏT və Avropa İttifaqından olan beynəlxalq müşahidəçilər ümumilikdə seçkini müsbət qiymətləndirib, bununla yanaşı, seçki kampaniyasında siyasi diskussiyalar və real rəqabətin çatışmadığını bildiriblər.
Beynəlxalq təşkilatların ermənilərə qarşı çox tez-tez nümayiş etdirdikləri belə mərhəmət nəinki onların Ermənistan rəhbərliyinin opponentlərinin əllərindəki faktlarda əksini tapan çoxsaylı qanun pozuntularını görmək istəmədiklərini nümayiş etdirir, həm də seçkinin sadəcə tamaşa olduğunu sübut edir.
Ermənistanın aparıcı partiyaları və aparıcı siyasətçilərinin seçkidə iştirakdan imtinası da bunu bir daha sübut edir. Xatırladaq ki, erməni milli konqresinin lideri, ölkənin ilk prezidenti Levon Ter-Petrosyan, "Çiçəklənən Ermənistan"ın lideri Qagik Sarukyan, sabiq xarici işlər naziri Vardan Oskanyan, sabiq dövlət başçısı Robert Koçaryan, "daşnaksutyun" liderləri və digərləri seçki prosesində lap əvvəldən iştirak etməyib. Onlar seçkiyə qatılmamalarının səbəbini müxtəlif cür izah ediblər. Məsələn, L.Ter-Petrosyan yaşını əsas gətirib, R.Koçaryan "qarabağlılarla" rəqabətə girmək istəmədiyini söyləyib. Daşnakların liderləri ilə "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Q. Sarukyan isə ümumiyyətlə seçicilərə bununla bağlı hər hansı izahat verməyi lazım bilməyiblər. Amma çoxları bilir ki, bu, Serj Sarqsyan komandasının fəal kulisarxası fəaliyyətinin nəticəsidir. Hakim komanda əlində olan bütün rçaqlardan istifadə edərək siyasi meydanı "təmizləyib", bununla da elə ilk turdaca öz namizədinin inamlı və kənardan "demokratik" görünən qələbəsini təmin edib.
Real siyasi mübarizədə onların qarşıya qoyduqları hədəfə çatması mümkünsüz görünürdü. Çünki Serj Sarqsyanın arxada qalmış 4 illik prezidenilik müddətində Ermənistan iqtisadiyyatı yalnız staqnasiya edirdi və 2008-ci il tənəzzülündən indi-indi çıxmaqdadır. Ölkənin xarici borcları artır və kritik həddə çatmaqdadır. Götürülmüş kreditlərin ödənilməsi üçün bu il əlavə yarım milyard dollar lazımdır, iki milyardlıq büdcə gəlirlərinin olduğu şəraitdə bu pulun tapılması real görünmür. Müvafiq olaraq, köhnə borcları ödəmək üçün yeni borclara girmək lazımdır. Hökumət minimal sosial öhdəliklərini böyük çətinliklə yerinə yetirir. Əhalinin 30%-dən çoxu yoxsulluq şəratində yaşayır, yalnız son bir neçə ildə, təxminən, 250 min insan ölkəni tərk edib.
Dağlıq Qarabağ münaqişəsinin ermənilərin ərazi iddialarını leqallaşdıracaq dinc yolla həllinə dair vədlər verilsə də, bunun əvəzində qarşıdurma, güclü Azərbaycan ordusu ilə hərbi toqquşmaların bərpası riski daha da artıb. Azərbaycanın beynəlxalq çəkisinin artdığı bir vaxtda, Ermənistan xarici maliyyə yardımı proqramlarının məhdudlaşdırılması kimi təhqirlərlə üzləşir, nüfuzlu hərbi və siyasi təşkilatlar öz qətnamələrində münaqişənin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllinə sadiq olduqlarını təsdiqləyirlər.
Ötən il dünyanın bir sıra parlamentləri ermənilərin Xocalıda dinc sakinlərə qarşı törətdikləri kütləvi qətliamı pisləyən bəyanatlar qəbul edib. Bu qanlı cinayətdə Serj Sarqsyanın şəxsən iştirakını nəzərə alsaq, bu, onda narahatlıq, hətta qorxu yaratmaya bilməz. Ermənistanda prezident seçkisinin keçirildiyi gün məlum olub ki, Çexiya parlamentinin deputatlar palatasının Xarici əlaqələr üzrə komitəsi Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Sənəddə faciə qurbanlarının xatirəsi hörmətlə anılır, Azərbaycan xalqına başsağlığı verilir, dinc sakinlərə qarşı aparılmış etnik təmizləmə pislənilir, Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunur.
Əlbəttə ki, Rusiya, Çin, İran, Fransa, Gürcüstan, həmçinin Türkiyə də daxil olmaqla bir sıra digər ölkə prezidentlərinin təbriki Sarqsyanı bir qədər ruhlandırıb. Bu arada Ermənistan-Türkiyə münasibətlərinin xarakterini, seçkidəki miqyaslı saxtakarlığı və Serj Sarqsyanın şəxsiyyətini nəzərə alsaq, Türkiyə prezidenti Abdullah Gülün nümayiş etdirdiyi "siyasi nəzakət" yersiz görünür. Üstəlik, hələ Ermənistanın özündə belə, Sarqsyanı təbrik etməyə tələsənlər o qədər də çox deyil. Hətta tutduqları vəzifələrə və deputat mandatlarına görə Sarqsyana borclu olan müttəfiq partiyaların liderləri belə, hələ ki, susmağa üstünlük verirlər.
Serj Sarqsyan seçkinin qalibi elan olunub və heç bir halda hakimiyyətdən imtina etmək fikrində deyil. Amma buna baxmayaraq, "demokratik seçki" tamaşası da iflasa uğrayıb. Siyasi meydanı real rəqiblərindən təmizləyən Sarqsyan özündən aşkar zəif olan iddiaçılar üzərində xüsusi güc sərf etmədən, genişmiqyaslı saxtakarlığa getmədən qələbə qazanmağa ümid bəsləyirdi. Hətta hakim partiya nümayəndələri namizədlərinin "lazımsız" dərəcədə yüksək səs qazanacağından narahatlıq da ifadə edirdilər. Bu üzdən hakimiyyət aralarından yalnız Raffi Ovannisyanın bir qədər fərqləndiyi, ümumilikdə o qədər də təhlükəli görünməyən rəqiblərin seçki təbliğatı üçün heç bir maneə yaratmamışdı. Güman etmək olardı ki, Ovannisyanın ciddi səs alması yolunda yandırılmış "yaşıl işıq" əvəzinə Sarqsyan ondan demokratik ölkələrdə olduğu kimi, seçkinin "təmiz" keçdiyinə dair etiraf, qələbə münasibətilə təbrik gözləyirdi. Amma prezident yanıldı. Hadisələr gözlənilmədən fərqli məcraya yönəldi. Süst seçki kampaniyası namizədlərdən biri - keçmiş dissident Paruyr Ayrikyana qarşı həyata keçiriən süi-qəsdlə bir anda canlandı. Yanvarın sonlarında naməlum şəxslər ona atəş açdı və prezidentliyə namizəd çiynindən yaralandı (sui-qəsdin dəqiq səbəbi hələ də məlum deyil). Bu hadisə zərərçəkənə seçkinin təxirə salınması və ya ümumiyyətlə ləğvinə nail olmaq hüququ verirdi. Lakin Ayrikyan bir neçə dəfə mövqeyini dəyişdikdən sonra sonda Konstitusiya Məhkəməsinə müraciət etmədi.
Bu hadisə, eyni zamanda Raffi Ovannisyanın müasir seçki texnologiyalarından istifadəsi əhalini bir qədər hərəkətə gətirdi və onları oyatdı. Bununla yanaşı, seçicilərin səsvermədə iştirak faizi əvvəlki seçkilə müqayisədə 10% aşağı idi. 50 mindən artıq bülleten birələkdən yararsız hala salınmışdı (hətta seçicilərdən biri onu hamının gözü qarşısında yeyib) və bu, əvvəlki seçkilərlə müqayisədə 2 dəfə artıqdır. Maraqlıdır ki, Serj Sarqsyan İrəvanda və kənd yerlərində qələbə qazanıb. Vanadzor, Spitak, Gümrü, Eçmiədzin, Armavir, Abovyan, Qafan, Yexeknadzor, Noemberyan, İcevan kimi əyalət şəhərlərinin əksəriyyətində isə Raffi Ovannisyan birinci yeri tutub. Bu, müxalifət namizədlərinə və seçkidə iştirak edən bütün iddialılara nəticələrin Sarqsyanın xeyrinə total şəkildə saxtalaşdırıldığını söyləməyə əsas verib.
Onlar konkret və inandırıcı dəlillərlə sübut edirlər ki, ən azı 700 min seçici səsvermədə iştirak etməsə də, onlardan hazırkı hakimiyyətin xeyrinə manipulyasiyalarda istifadə olunub. Müşahidəçilər, seçki məntəqələri və dairələrindəki komissiya üzvləri bildirir ki, bəzi kəndlərdə səsvermə prosesi faktiki olaraq açıq, yerli administrasiya rəhbərlərinin birbaşa müşayiətilə keçirilib. Bülletenlərin dəstə-dəstə qutulara atılması, rüşvət verilməsi, seçicilərə təzyiqlər də açıq şəkildə baş verib. Seçicilərin pasportlarına təkrar səsverməni önləmək məqsədilə ştampın vurulmasında istifadə olunan mürəkkəb əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də yoxa çıxır və ya asanlıqla silinirmiş.
Aydındır ki, seçkiyə ən sərt və mənfi qiyməti Serj Sarqsyanın kütləvi saxtakarlıqla səsləri oğurlaması nəticəsində qələbəsinin əlindən alındığını bildirən Raffi Ovannisyanın seçki qərargahı verib. Yrəvanın mərkəzində və seçicilərin əksəriyyətinin səsini qazandığı əyalət şəhərlərində tərəfdarlarını mitinqlərə toplayan Ovannisyan onları sonadək mübarizə aparmağa, səslərini qorumağa çağırır. Hələlik mitinqlərə çıxanların sayı o qədər də çox deyil, asayişin pozulması hallarına rast gəlinmir və polis özünü təmkinli aparır.
Erməni milli konqresinin seçki ilə bağlı yaydığı bəyanatda isə deyilir: "Seçki Serj Sarqsyan rejiminə və şəxsən onun özünə ümumxalq nifrətinin və kinin dərəcəsini nümayiş etdirdi. Seçki göstərdi ki, nə qədər ki rejimə qarşı xalqın iradəsi qalxmayıb, beynəlxalq ictimaiyyət ona lazımi münasibəti göstərmir, hakimiyyət seçki saxtakarlığından əl çəkmək niyyətində deyil. Beynəlxalq ictimaiyyətin Ermənistanda hakim rejimin nazı ilə oynamağa son qoymasının, qanunvericilikdəki manipulyasiyaları müsbət islahatlar kimi təqdim etmək təcrübəsindən əl çəkməsinin əsil vaxtıdır".
"Daşnaksutyun"un bəyanatı da sərtliyinə görə erməni milli konqresinin bəyanatından heç geri qalmır: "...Xalqın əksər hissəsi mövcud sistemi qəbul etmir. Parlament seçkisi zamanı istifadə olunmuş inzibati-maddi resurslara bu dəfə əksər seçki məntəqələrində səslərin hesablanması zamanı razılaşdırılmış qanun pozuntuları da əlavə olunub. Yaxşı seçki vədinə baxmayaraq, bu dəfə də seçki pis keçirilib. Səslərin hesablanması bizim seçkinin nəticəsinin əvvəlcədən məlum olduğuna, beynəlxalq müşahidəçilərin qiymətinin də əvvəldən hazırlandığına dair əminliyimizi bir daha təsdiqləyib".
Adı çəkilən siyasi qüvvələrin ayrı-ayrı tanınmış nümayəndələri artıq mitinqlərdə iştirak ediblər. Parlamentin deputatları Nikol Paşinyan və Armen Rustamyan belələrindəndir. Levon Ter-Petrosyanın liderlik etdiyi EMK və "daşnaksutyun" saxta seçkiyə qarşı olan etiraz hərəkatına tam dəstək verərlərsə, Serj Sarqsyan "gözəl, demokratik qələbə" haqda yox, getdikcə güclənməkdə olan etirazların qarşısının necə alınması, hakimiyyətin necə əldə saxlanılması haqda düşünməli olacaq. O, artıq bu məqsədlə fevralın 21-də prezident iqamətgahında Raffi Ovannisyanla görüş də keçirib. Ovannisyanın sözlərinə görə, o, Sarqsyanı seçkini qeyri-legitim elan etməklə yeni seçkinin təşkilinə çağırıb. Lakin dövlət başçısı bu təklifi qəbul etməyib: "O zaman bildirdim ki, yeni seçkiyə hazır deyilsinizsə, seçkinin gedişində qanunları pozmuş, vətəndaşlara təzyiq göstərmiş şəxsləri - nazirləri, icma rəhbərlərini, deputatları cəzalandırın". Raffi Ovannisyan bildirib ki, Serj Sarqsyan onun bu çağırışını da rədd edib. Prezident opponentinin tamamilə proporsional seçki sisteminə keçilməsi və yeni parlament seçkisinin təyin olunmasına dair təklifini də qəbul etməyib.
Nəticədə, Ovannisyan tərəfdarlarını səfərbər etmək üçün mübarizəni əyalətlərə keçirmək, sonradan onları İrəvanda kütləvi mitinqlərə çağırmaq qərarına gəlib. Amma əksər müşahidəçilər bu variantın uğurlu alınacağına inanmır. MSK-nın seçkinin yekun nəticəsini açıqlaması və Sarqsyanın qalib elan edilməsindən sonra onu ABŞ-ın dövlət katibi Con Kerri, Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu, Almaniya, Polşa və s. dövlətlərin prezidentləri təbrik ediblər. Bu, beynəlxalq ictimaiyyətin narazı erməniləri dəstəkləməkdən dolayısı ilə imtinası və daha 4 il müddətinə Sarqsyanla işləməyə hazır olması anlamına gəlir. Odur ki, aldadılmış seçicilərin etirazları heç bir nəticə verməyəcək, kriminal Koçaryan-Sarqsyan qruppu isə hakimiyyəti əldən buraxmayacaq. Bununla yanaşı, Serj Sarqsyanın, onun rejiminin imici də ciddi şəkildə korlanıb, İrəvanın Avropa İttifaqından çoxmilyonluq yardım paketi almaq şansları isə xeyli azalıb. Ümidləri boşa çıxmış Ermənistan vətəndaşlarına gəlincə, onlara hazırki rejimin əleyhinə son illərdə olduğu kimi, ayaqları ilə səs verməkdən - kütləvi şəkildə ölkədən getməkdən başqa bir şey qalmır. Ötən il belə ermənilərin sayı 50 min ətrafında idisə, bu il rəqəmin iki dəfə artacağını düşünmək üçün ciddi əsaslar var. Çünki Serj Sarqsyanla və onun ölkəni dalana dirəyən siyasətilə daha 4 il keçirmək adi ermənilərdə həm özləri, həm uşaqları, həm də ölkələri üçün yaxşı gələcəyə heç bir ümid yeri qoymur.
MƏSLƏHƏT GÖR: