12 Mart 2025

Çərşənbə, 18:32

ƏSAS OYUNÇU

Avropa parlamentİnİn deputati İrjİ Mastalka: "Avropanin bəzİ ölkələrİnİn İnkİşafi, əsasən, azərbaycan qazinin tədarükündən asili olacaq"

Müəllif:

01.03.2013

Enerji təhlükəsizliyinin təmini Avropada gündəmdəki əsas mövzulardan biri olaraq qalır. Avropa İttifaqı artıq illərdir ki, "Köhnə Dünya"ya təbii qaz nəqli marşrutlarının və qaz mənbələrinin diversifikasiyası variantları üzərində baş sındırır. Bu yaxınlarda Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi üzrə komitəsinin Bakıda keçirilmiş iclasında da bu məsələlər əsas müzakirə mövzusu olub. Toplantıda Azərbaycan tərəfi avropalı tərəfdaşlarını Xəzərin enerji resurslarının Avropaya nəqli məsələlərində kifayət qədər siyasi iradə nümayiş etdirməməkdə təqsirləndirib. Komitənin həmsədri, Avropa Parlamentinin Çexiyadan olan deputatı İrji Mastalka isə hesab edir ki, Avropa ölkələri üçün enerji təhlükəsizliyi dövlətin hərbi təhlükəsizliyi və ya suverenliyinin qorunması qədər vacibdir. İrji Mastalka bu haqda düşüncələrini lütfkarlıqla jurnalımızla da bö-lüşüb.

- Bu gün Avropa üçün enerji təhlükəsizliyi problemi nə dərəcədə ciddidir?

- Avropa İttifaqı bir neçə il əvvəl "mavi yanacaq"ın Ukrayna ilə tranzitilə bağlı problem üzündən yaranmış qaz böhranından ciddi dərs alıb. Ciddi səylər nəticəsində problemi həll etmək mümkün olsa da, o, özünəməxsus xəbərdarlıq olaraq qalır; məsələn, Bolqarıstan kimi ölkələr vətəndaşlarını uzun müddət istiliklə təmin edə bilmədilər. Bu təcrübə siyasətçilərə növbəti xəbərdarlıq oldu: enerjidaşıyıcılarının təhlükəsiz və sabit tədarükü təmin olunmalı, bərpaolunan resurslar məsələsi kimi, təchizatın diversifikasiyası da müzakirə edilməlidir.

Yada salmaq lazımdır ki, ilk dəfə bu cür  vacib xəbərdarlıq 1970-ci illəirin əvvəllərində neft böhranı zamanı baş vermişdi. Nəticədə, Avropa dövlətləri bir sıra tədbirlər görmüşdülər; məsələn, daha az yanacaq sərfi  ilə işləyən avtomobillərin istehsalı, qazla işləyən avtomobil mühərriklərinin yaradılması və sair belə tədbirlərdən idi.

Bir çox ölkələr nüvə enerjisindən istifadə konsepsiyasını elektrik enerjisinin istehsalı və təhlükəsizliyin təmini üçün əsas mənbə kimi möhkəmləndirdilər. Fars körfəzindəki müharibə daha bir xəbərdarlıq oldu: yerin altından çıxarılan yanacaqların qıtlığı və qiymət artımı bəlkə də süni şəkildə yaradılmışdı, amma reallıq idi.

Bütün bunlar göstərir ki, Avropa İttifaqı və digər dövlətlər enerji təchizatının təhlükəsiz və sabit şəkildə həyata keçirilməsinin təminini özləri üçün prioritet saymalıdırlar.

- Avropa İttifaqının Azərbaycan kimi tərəfdaşlarının  Avropada  enerji tələbatının ödənilməsindəki rolunu necə qiymətləndirirsiniz?

- Neft və qazın sabit tədarükünün təmini üçün variantlardan biri, şübhəsiz, idxal mənbələrinin müxtəlifliyidir. Xatırlatdığım qaz böhranından sonra əsas addımlardan biri atıldı: Rusiya ilə Almaniya arasındakı razılaşmaya əsasən, "NordStream" qaz kəməri çəkildi, tədricən, Fransa və Niderlanddan olan şirkətlər də onlara qoşuldu. Bu addım çoxlarını təəccübləndirmişdi. Bu xüsusilə həmin vaxtadək tranzit olan, lakin "NordStream" boru xəttindən kənarda qalan ölkələr tərəfindən təəccüblə qarşılandı. Amma açığı, bu, gözlənilən idi. Hələ qaz böhranından əvvəl nəşrlərimin birində qeyd etmişdim ki, Rusiyaya Avropa İttifaqından daha çox, bu quruma üzv olan və ənənəvi tranzit ölkələrdən kənar təbii qaz distribüteri lazımdır.  Görünür, hadisələrin "SouthStream"in inşasına başlanıldığı cənub istiqamətində də inkişafını gözləmək olar. Rusiyanın və bəzi Avropa ölkələrinin milli və iqtisadi maraqları baxımından bu addımlara haqq qazandırmaq olar. Avropa, əlbəttə ki, bir ixracatçıdan asılı olmaq istəmir. Burada Rusiyanın da qaz və neft idxal edən ölkələrin maraqlarına anlayışla yanaşması vacibdir. Rusiyanın mövqeyindən sui-istifadə etdiyini göstərən heç bir aşkar işarə və əlamət olmasa da, mənbələrin diversifikasiyası vacibdir. Digər tərəfdən, qeyd etmək lazımdır ki, XXI əsrin enerji təhlükəsizliyi bu və ya digər dövlətin müstəqilliyi məsələsi yox, bütün dövlətlərin iqtisadiyyatı arasında qarşılıqlı əlaqə məsələsidir.

Azərbaycanda təsdiqlənən və ya təsdiqlənməyən neft və qaz ehtiyatları ilə bağlı statistik məlumatlar hər kəsə yaxşı məlumdur. Azərbaycan Avropa İttifaqı ölkələrinə təbii qaz tədarükü məsələsində vacib rəqib rolu oynaya bilər. Görünən odur ki, respublika yaxın zamanlarda bu rola yiyələnəcək. Bundan başqa, idxalçılar arasında sağlam rəqabətin istehlakçı ölkələrin vətəndaşlarının həyatına müsbət təsir göstərməsi, xüsusilə münasib qiymətlə sabit təchizatın təmin olunması vacibdir. Ticarətdə qarşılıqlı səmərə hər zaman nəzərə alınmalıdır; məsələn, Türkiyə, Bolqarıstan, Rumıniya və İtaliya kimi ölkələrin sosial-iqtisadi inkişafı böyük ölçüdə, ilk növbədə, Azərbaycandan nəql ediləcək qazdan asılı olacaq. Bu variant "ərəb baharı"ndan sonra daha ciddi əhəmiyyət daşımağa başlayıb. Çünki artıq Liviya kimi ölkələrdən sabit təchizata ümid etmək olmaz. Amma bütün bunlar qətiyyən Rusiya ilə Azərbaycan arasında üçüncü bazarda, hətta Avropa İttifaqında əməkdaşlığı istisna etmir.

- Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sabitliyə əsas təhlükədir. Avropa ictimaiyyəti nədən bu problemə lazımi diqqəti göstərmir? Axı o, həm də Xəzər regionundan enerji resurslarının Avropaya sabit tədarükünə də təhlükə yaradır. Beynəlxalq təhlükəsizlik qüvvələrinin, məsələn, NATO-nun regional enerji infrastrukturunun mühafizəsinə cəlb olunmasına ehtiyac varmı?

- Dağlıq Qarabağ münaqişəsi və Ermənistanla Azərbaycanın münasibətlərindəki gərginlik, əlbəttə ki, heç də yalnız Avropa İttifaqı ölkələrini narahat etmir. Qafqaz regionunda Rusiya və Türkiyənin də öz maraqları var. Hazırda münaqişənin həlli və gərginliyin azaldılması üçün alətlərdən biri ATƏT-in Minsk qrupu sayılır. Hələ ki, onun imkanları tam tükənməyib.

Şəxsən mən düşünürəm ki, hərbi mövcudluğun artırılması, həmçinin NATO-nun bu işə cəlbi regionda sülhün təmini baxımından o qədər də yaxşı variant deyil. Bütün mümkün diplomatik vasitələrdən istifadə olunmalı, gərginliyin yeni qanlı toqquşmalara aparıb çıxara biləcək dərəcədə artmasına imkan verilməməlidir. Bütün fəaliyyət zamanı beynəlxalq hüquq, problemlərin həlli üçün dinc vasitələrin aliliyi əsas götürülməlidir. Bütün oxşar məsələlərdə olduğu kimi, burada da uğura bir anda nail olmaq mümkün deyil. Çətin və hətta ağrılı da olsa, kompromislər vacibdir. Əsas səylər qan tökülməsinə imkan verilməməsinə yönəldilməlidir. 


MƏSLƏHƏT GÖR:

417