14 Mart 2025

Cümə, 20:54

ƏGƏR MUĞAM HƏYATDIRSA...

Ağaxan Abdullayev: “Mən həmİn Ağaxanam və muğami yenİdən İfa edəcək gücüm var”

Müəllif:

15.02.2013

Abdullayev Ağaxan 1950-ci il 6 yanvarda Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən Asəf Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır. 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Xalq artisti ilə müsahibəmiz onun doğum günü ərəfəsinə təsadüf etmişdi. Əhvalının yaxşı olması bizi də sevindirdi. Xalq artistimizi bir daha ürəkdən təbrik edir, ona uzun ömür, cansaglığı arzu edirik.

- Ağaxan müəllim, ilk olaraq ondan başlayaq ki, bu doğum gününüz ərəfəsində, yeni yaşınızda necəsiniz?

 - Çox şükür olsun ki, özümü lap yaxşı hiss edirəm. Dostlarımın, sevdiklərimin, xalqımın əhatəsində özümü çox mükəmməl hiss edirəm. Elə bilirəm ki, dünyaya elə bu gün gəlmişəm, yenidən doğulmuşam. Göydə Allah, yerdə dövlətimiz, xüsusilə də Mehriban xanım Əliyeva başda olmaqla mənim təzədən həyata və sənətə qayıtmağımda böyük rolları olub. Allah hamısından razı olsun. Onlar mənə çox dayaq oldular. Sonuncu dəfə yenidən Mehriban xanımın dəstəyi ilə Almaniyada müalicə aldım. Və şükür Allaha ki, indi yaxşıyam. İnşallah, yay aylarında fikrim var,  yenidən səhnə fəaliyyətinə başlayım. Xalqım üçün, səhnə üçün, sənətim üçün çox darıxmışam. Bilirəm ki, xalqım da mənim üçün çox darıxıb. Bilirsiniz, sənətkar həmişə xalqın gözü önündə olur, onlarla ünsiyyətdə olur. Mən də artıq iki ildir, səhnədən uzaqlaşmışam. Amma artıq özümü yaxşı hiss edirəm. Onu da qeyd edim ki,  səsimdə, boğazımda heç vaxt heç bir problem olmayıb. Bir balaca burnumda və qulağımda problem var idi. Ona görə də oxuya bilmirdim. Ancaq indi yaxşıyam. Sadəcə, həkimlər bir balaca dincəlməyimi məsləhət görüb. 

- Ağaxan müəllim, bu iki il müddətində heç özünüz öz ifanızı dinləmisinizmi? Əgər dinləmisinizsə, sizə necə təsir bağışlayıb?

- Düzdür, indi daha yaxşıyam, yəni özümçün zümzümə etməyə başladığım üçün indi qulaq asmıram. Amma bu iki il ərzində ki  oxuya bilmirdim, onda qulaq asırdım. Deyirdim, Pərvərdigara, İlahi, yəni yenidən bu muğamları ifa edə, bu boğazları edə bilərəm? Ağlamaq gəlirdi mənə. Dolurdum, amma ağlamırdım. Daxilimdə nə qədər həyəcan keçirsəm də, bunu heç kimə bildirmirdim. İndi yenə də qulaq asıram, oxuduqlarımı yenidən təkrar edirəm, görürəm ki, həqiqətən də həmin Ağaxanam və bunları yenidən ifa edəcək güc var məndə.

- Deyirlər, dost dar gündə tanınar. İki ildə fikirləşməyə vaxtınız çox olub. Nələri saf-çürük etdiniz?

- İnsan nə qədər ki, çətinliyə düşməyib, canı sağlamdır, belə şeyləri görə bilmir, məncə. Bəlkə də fikir vermir. Amma xəstələnəndə, çətinliyə düşəndə hər şeyi olduğu kimi görürsən. Məsələn, sənə "can" deyən insanlar, səni "başlarına tac edən" insanların hərəkətlərini görəndə insana başqa cür təsir edir və fikirləşirsən ki, görəsən, həyatda niyə belə işlər olur? Axı, mən özün necə vardımsa, elə o cür də qalmışam. Yəni mənim maddi vəziyyətim yaxşı olmayanda da, xəstə olanda da necəyəmsə, imkanımın yaxşı vaxtında da özüm kimiyəm. Mən yenə də Ağaxan kimiyəm. Sənətin zirvəsində olanda da, xalqın gözü qarşısında olanda da mənim hörmətim həmişə olub, indi də var. Dəyişən insanları görəndə çox təəssüflənirəm. Amma onu da qeyd etmək istəyirəm ki, xəstələnəndən sonra bildim və daha da dərindən hiss elədim ki, sən demə, xalqım, dövlətim məni çox istəyirmiş. Azərbaycanın hər yerindən, İrandan, Türkiyədən eşidən-bilən insanlar oldu ki, onlar məni axtardılar, soruşdular, maraqlandılar. Hətta sağalmağım üçün qurban deyənlər də oldu. Saf-çürük etdiyim insanlarsa yaxın saydığım insanların içindən çıxdı. Sevinirəm ki, onların da əsl üzlərini tanıdım.

- Ağaxan müəllimin həyat fəlsəfəsi nədir? 

- Mən belə düşünürəm ki, əgər həyatda yaşayırsansa, kiməsə gərək olasan. Həm sənətkar kimi, həm sadə bir insan kimi gərək lazımlı olasan. Həyatda elə bir iz qoyasan ki, səndən sonra sənin övladların fəxrlə desinlər ki, bu insanın oğluyam. Bir şeirdə deyildiyi kimi: "İnsan gərək insana gərək olsun, gərəksiz insan nəyə lazım?". Mən həyatda həm dövlətimə, həm də xalqıma namusla, vicdanla xidmət etmişəm və hiss etmişəm ki, onlara gərəyəm və bundan artıq mənim üçün nə ola bilər ki?

- Yaxşı xanəndə olmaq üçün müəllimin nə qədər rolu var? Alim Qasımovu sizin uğurunuz hesab etmək olarmı?

- Əvvəla, müəllim, sözsüz ki, tələbəyə yol göstərir, muğamın sirlərini öyrədir. Biz tələbəyə muğamın əlifbasını öyrədirik. Pedaqoji fəaliyyətim dövründə əgər mənim yüzlərlə tələbəm olubsa, onlardan yalnız bir neçə nəfəri tanınmış ola bilər. Amma Alim kimisi elə bir dənə olur. Yəni müəllimin zəhməti də hədər getməyəndə iyimi beş, otuz tələbənin içindən biri belə çıxanda düşünürsən ki, bəli, zəhmətim hədər getməyib. Alim böyük sənətkardır və əlbəttə ki, mən onunla fəxr edirəm. 

- Bəs gənc xanəndələr haqqında nə düşünürsünüz? İstedadlıları çoxdurmu aralarında?

- Bilirsiniz, heç bir ifaçı, sənətkar kiminsə təkrarı ola bilməz. Çünki hər sənətkarın öz ifası və öz üslubu var. Məsələn, Cabbar Qaryağdıoğlunun öz üslubu, ifası, Xan Şuşinskinin öz dəst-xətti var idi, Alimin öz yolu var. Əgər gənclər əzab-əziyyət çəksələr, hər bir çətinliyə qatlaşsalar, sözsüz ki, onlar da böyük sənətkar ola bilərlər. Amma bunun üçün yenə deyirəm: zəhmət çəkmək, axtarışda olmaq lazımdır. Məsələn, Alim kimi böyük sənətkarın özü hələ də axtarışdadır. Sənətkar olmaq üçün gərək heç vaxt "mənəm-mənəm" deməyəsən. Ağac bar verdikcə başını aşağı salar. Bütün bunları nəzərə alsalar, gənclərin də gələcəyi parlaq olacaq. Sözsüz ki, muğam özü tərbiyədir. Hər bir muğam ifaçısı o tərbiyə ilə böyüyür. Çünki o qəzəlləri ki xanəndələr oxuyur, elə onların, yəni o qəzəllərin özündə də tərbiyəedici hər şey var. Əgər muğamı hiss edib oxuyursansa, başa düşürsən ki, onun içindəkiləri də həyatda, özlüyündə təbliğ etməlisən. Təbii ki, hissiyyatsız insan muğam ifaçısı ola bilməz. Muğam keçmişimizin, mədəniyyətimizin, adət-ənənələrimizin tərənnümüdür. Muğam bizi-bizdən ayrılmağa qoymayan vasitədir. 

- Ağaxan Abdullayevin ruhuna ən yaxın muğam hansıdır?

- Bu mənim üçün çox çətin sualdır. Çünki muğamı dərk edən, hiss edən sənətkar deyə bilməz ki, mənim ruhuma "Segah", "Çahar-gah" və yaxud "Rast" yaxındır. Hər bir muğamı ifa edəndə ayrı-ayrı hisslər, duyğular keçirirəm. Hamısı  qəlbimə yatandır, ruhumu oxşayandır. Mən muğamlarla yaşayıram. 

- Bildiyimiz kimi, muğam bir çox ölkələrdə var. Bəs siz necə düşünürsünuz, muğamın vətəni haradır?

- Muğam bütün Şərq ölkələrində var. İranda, Türkiyədə, Hindistanda, Pakistanda və adını çəkmədiyim bir çox ölkələrdə var. Amma mən deyərdim ki, muğamın vətəni elə Azərbaycandır. Mənim hiss etdiyim elə budur. Azərbaycan xalqı böyük xalqdır. Dünyanın çox yerində, hətta deyərdim ki, hər yerində azərbaycanlılar var və yaşayırlar. Və bu xalq Nizamilər, Füzulilər, Xan Şuşinskilər və bunun kimi neçə-neçə dahilər yetişdirib. Onu da deyim, artıq neçə illərdir, Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələri, festivalları, simpoziumları buna bir sübutdur ki, elə muğamın vətəni Azərbaycandır. Azərbaycanda olan muğam ifaçıları və muğam dəsgahları heç bir ölkədə yoxdur.

- Heç bir dəfə də olsun xanəndələr arasında narazılığa şahid olmamışıq. Bu, muğam sənətinin ciddiliyindən irəli gəlirmi?

- Bilirsiniz, əsl sənətkar heç vaxt qalmaqala getməz. Mənim fikrimcə, heç onu istəməz də. Hər bir sahədə dahilər, işini bacaran adamlar var. Və işini bacaran adamların başqa fikirlərə ehtiyacı olmur. Mən dahiləri görmüşəm. Onlar o qədər abırlı, həyalı, təmkinli olublar ki, biz də onlardan tərbiyə almışıq. Elə günü bu gün də Əlibaba, Arif müəllim kimi ustadların ətrafındayıq və onlardan görüb-götürürük. Bu gün də onların bir-birinə olan hörməti göz qabağındadır. Hətta bir dəfə rəhmətlik Hacıbaba Hüseynov mənə bir xatirəsini danışmışdı. O deyir ki, Şəkili Ələsgər adlı böyük bir xanəndə olub, lent yazıları  çox az qalıb. O, çox gözəl "Rahab" oxuyurmuş. Hətta o, rəhmətə gedəndə Cabbar Qaryağdıoğlu deyibmiş ki, biz bu gün Ələsgəri yox, "Rahab"ı basdırırıq. Bir gün Hacıbaba Hüseynov Şəkili Ələsgərin necə xanəndə olmasını Seyid Şuşinskidən soruşub. Şəkili Ələsgər o qədər dahi xanəndə olub ki, bu suala cavab verməyi belə ayıb hesab etdiyindən, Seyid Şuşinski bu suala cavab verməyib. İndi xatırladığım bu xatirə muğam ifaçılarının bir-birinə olan hörmətinin bariz sübutudur.


MƏSLƏHƏT GÖR:

449