12 Mart 2025

Çərşənbə, 18:22

YAXŞI TƏMƏL

2012-ci İl azərbaycanda kütləvİ siğortanin İnkİşaf İlİ oldu

Müəllif:

15.02.2013

2012-ci ildə əvvəlki ildə olduğu kimi, Azərbaycanda ÜDM artımı praktiki olaraq tamamilə neftdənkənar bölmənin hesabına formalaşıb ki, nəticədə bu bölmə 9,7% artdı. Azərbaycanda bu sektorun ən sürətlə artan sahələrindən biri hazırda sığorta sahəsidir. Son illərdə sığorta bazarında ciddi islahatlar aparılıb ki, nəticədə keçən il bu sahədə önəmli artım templəri ilə yadda qalıb. Bu həm bazar iştirakçılarına, həm də tənzimləyicilərə uzunmüddətli planlar qurmağa və gələcəyə ümidlə baxmağa imkan verir. 

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin başçısı Namiq Xəlilov "R+"a müsahibəsində 2012-ci ildə bazardakı durum və gələcəyə olan perspektivlər barədə müfəssəl danışıb. 

- Ötən il ölkənin sığorta bazarı üçün necə nəticələndi? 

- Keçən il kütləvi sığorta ili, agent satışlarının artdığı il oldu və Azərbaycan sığorta bazarının gələcək inkişafı üçün yaxşı əsas qoydu. Beləliklə, 2012-ci ildə biz sığorta bazarının dinamik inkişafının artımını müşahidə etdik. Ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin yığdığı mükafatların ümumi həcmi 2012-ci ilin yekununa görə, 342,52 mln manat  olub (illik artım 60,8% təşkil edib). Hesabat dövründə sığorta halları üzrə ödənişlərin toplam məbləği isə 93,86 mln manat təşkil edib ki, burada da artım 52,45%-dir. Qismən bu, 2011-ci ilin sonlarında yeni "İcbari sığorta haqqında" qanunun tətbiqi, qismən də könüllü sığortanın müxtəlif növlərinin inkişafı ilə bağlıdır. Əgər əvvəllər sığorta bazarı bank bazarından çox asılı idisə, bu ildən durum dəyişməyə başlayıb və bu, yalnız icbari sığorta növlərinin hesabına baş verməyib. Bu, həm də könüllü sığorta hesabına baş verib ki, həmin sahənin bank biznesinə dəxli yoxdur. Mən düşünürəm ki, bu proses daha da inkişaf edəcək, amma bank biznesinin sığorta bazarında payı (xüsusilə də ipoteka və avtomobil sığortası ilə bağlı)  hələ də önəmli səviyyədədir. 

- Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının yenilənmiş şəkildə tətbiqi bazarın strukturunu ciddi şəkildə dəyişdirib. Bu növ üzrə yığımlar dəfələrlə artıb və bu gün bütün şirkətlərin yığımının 20%-dən çoxu bu növün payına düşür. Siz necə düşünürsünüz, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımların artımı gələcəkdə də davam edəcəkmi və gələcəkdə bütün sığorta bazarının strukturu necə dəyişdiriləcək? 

- Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası bazarı bu gün, ən azı, 90% əhatə edilib. Bu bazarın həm artmasına, həm də azalmasına gətirən amillər var. Birinci variantın xeyrinə olan fakt avtomobil sayının ildən-ilə artmasıdır, başqa tərəfdən isə bonus-malus sisteminin tətbiqi ilə avtonəqliyyat vasitələrinin sahiblərinin əksəriyyəti üçün sığortanın dəyəri azalacaq. Buna görə də düşünürəm ki, balans əldə ediləcək.  Nəticədə, biz bu bazarın artımını gözləyirik, amma bu, elə də güclü olmayacaq. 

Bununla yanaşı, müəyyən mərhələdə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının tətbiqi könüllü avtosığortanın da inkişafına səbəb olmalıdır. Axı avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının işə başlaması ilə insanların sığorta haqqında məlumatı, bu istiqamətdə təcrübəsi də artmış oldu. Bu növün kütləviliyi KASKO tipli sığortanın yükünü azaldacaq ki, nəticədə bu onun qiymətini aşağı salacaq, onu əlçatar edəcək və müştəri bazasını genişləndirəcək. Artıq bu ildən KASKO-nun ucuzlaşmasını gözləmək olar. 

Sığorta bazarının strukturunun dəyişməsinə gəldikdə isə, bunu yaxın zamanlarda gözləməyə dəyməz, çünki hazırda bu proses üçün əsas yoxdur. Struktur icbari tibbi sığortanın tətbiqi ilə dəyişəcək. Bu, həm bazarın həcminə, həm də onun strukturuna təsir göstərəcək. Bu zaman müəyyən potensial həm də könüllü kənd təsərrüfatı sığortasının inkişafı üçün də var. Açıq danışıram: bu gün kənd təsərrüfatı istehsalçılarının özlərinin böyük marağının olduğunu demək düzgün olmaz, başqa tərəfdən isə fermerlərin kreditləşdirilməsi sisteminin gələcək inkişafı onları sığorta münasibətlərinə cəlb edəcək. Bu istiqamətdə perspektivli proqramlar  var. Birinci mərhələdə bu, kreditlərlə bağlı olacaq (buraya həm dövlətin, həm bankların, həm də bank olmayan kredit qurumlarının güzəştli kreditləri daxildir), amma daha sonra könüllü kənd təsərrüfatı sığortası özü müstəqil şəkildə inkişaf edə bilər. İcbari tibbi sığorta və könüllü kənd təsərrüfatı sığortası - bazarın bu iki seqmentindən yaxın 3-5 il ərzində ciddi artım gözləmək olar. 

- Keçən il icbari sığorta bürosunun məlumat sistemi özünü yaxşı göstərdi - avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası polisləri bu büro vasitəsilə qeydiyyata alınırdı. Onun əhatə dairəsinin genişləndirilməsi üzrə planlar necədir? 

- Hazırda informasitya sisteminin vasitəsilə yalnız avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sazişlər bağlanır. Mövcud sığorta qanunvericiliyinə dəyişikliklər qüvvəyə mindikdən sonra  informasiya sistemini "İcbari sığorta növləri haqqında" qanunla tənzimləyən bütün sığorta növləri üzrə sazişlərin bağlanması zamanı istifadə etmək mümkün olacaq. 

Yada salaq ki, hazırda qanun icbari sığortanın 4 növünü tənzimləyir: avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sıortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası.    

"İcbari sığorta növləri haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlara düzəlişlər və əlavələr edilməsi barədə qanun layihəsi bu siyahıya istehsalatda  bədbəxt hadisələrdən və peşə xəstəliklərindən də icbari sığortanı nəzərdə tutur. Birinci mərhələdə həyatın icbari sığortası üzrə sazişin bağlanması nəzərdə tutulmur, sonra onları da daxil edəcəyik. İndiki informasiya sisteminin təcrübəsi çox yaxşıdır. Buna görə də sazişləri infosistemlə bağlamaq təşəbbüsü  sığorta şikrətlərinin özündən gəldi. Bu sistem öz çantalarına, öz agentlərinə  nəzarət edilməsindən ötəri onlar üçün çox  əlverişlidir. İcbari növlər üzrə satışların kütləvi olması nəzərə alınsa, bu cür alət olmadan bütün ölkə üzrə onlara nəzarət etmək mümkün deyil. 

Bundan başqa, Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin bağlanması üçün informasiya sisteminin olması gələcəkdə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası blanklarının təqdim edilməsinin vacibliyini aradan qaldıracaq. Texniki olaraq, bunu indii də edə bilərik, amma nəzarət və s. kimi məsələlər hələ həll edilməyib. Bundan başqa, bu sistemin Dövlət Yol Polisinin məlumat bazası ilə inteqrasiya edilməsindən sonra onun əməkdaşları öz maşınlarında kompyuter vasitəsilə avtomobilin sığortasının olub-olmamasını yoxlaya bilərlər. Həmçinin avtomobilin texniki baxışı zamanı blankın verilməsinin vacibliyini də ortadan qaldırır. Ümumiyyətlə, blanklar artıq vəsait və vaxt sərfidir. Həmçinin blankların özündə müəyyən risklər var - onları saxtalaşdıra, sistemdən çıxara və ya sistemə salmaya bilərlər. Blanklardan imtina bir il - ilyarımdan sonra real olacaq. 

Bu informasiya sistemi sığorta məhsullarının onlayn satışının təşkili üçün yaxşı platforma olacaq. Məsələn, Latviyada avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin 70%-i İnternet vasitəsilə satılır. Bizdə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin internet və ya mobil rabitə üzrə satışları sığorta qanunvericiliyinə dəyişikliklər edilməsindən sonra başlanacaq. 

- Keçən il Dövlət  Sığorta Nəzarəti Xidməti yerli sığorta şirkətlərini "Solvency II" beynəlxalq ödəniş qabiliyyəti standartları barədə məlumatlandırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirib. Azərbaycan bazarı indi bu standartların həyata keçirilməsinə nə dərəcədə hazırdır? 

- Bəllidir ki, üçüncü "Solvency II" direktivləri ilə Avropa Birliyi çağdaş, risklərə həssas sığorta tənzimlənməsi əsasları yaradıb. Hesab edilir ki, yeni struktur yetərincə təsirli olacaq və Avropada sığorta şərtlərini önəmli şəkildə dəyişəcək. 

Həmin standartların tətbiq edilməsi ilə bağlı qeyd edim ki, bu, müəyyən sayda peşəkarların, aktuarilərin olmasını tələb edir, çünki bütün bu modellər aktuarilər tərəfindən tutulur. Bu gün bizdə lazım olan aktuar potensialı yoxdur. Yanvarda Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə biz aktuar kursları üzrə xidmətlər göstərməyə başladıq və daha çox gənci orada oxumağa cəlb etməyə çalışdıq. Bu gün kurslarda, təxminən, 40 adam oxuyur və onlar əsasən tələbələrdir. Bu standartların tətbiqi üçün  həm nəzarət xidmətində, həm də şirkətlərin müəyyən potensialı lazımdır. Hazırda biz bu potensialı qururuq. Buna paralel olaraq müxtəlif proqramlar çərçivəsində Avropa Birliyi ilə əməkdaşlığı davam etdirməyi və bizim mütəxəssislərin sakitcə yeni sistemin nüanslarına uyğunlaşmaq üçün gələcəkdə daha yığcam mövzularda seminarlar keçirməyi planlaşdırırıq. "Solvency II"nin hansısa elementlərini artıq biz indidən tətbiq edə bilərik. AB-nin 2014-cü ildə bu standartları tətbiq etməsindən və bu sistemin işə başlamasından sonra müəyyən müddət ərzində biz də bu standartların tətbiq edilməsi ilə bağlı öhdəliklər də götürə bilərik. Bundan başqa, AB-nin bu sistemin praktiki tətbiqinə yardım etməsi üçün  gələcəkdə texniki yardım da istəyə bilərik, tvinninq-proqramlara başlanılması da mümkündür və s. 

"Solvency II" ödəniş qabiliyyəti standartlarının tətbiqindən sonra Azərbaycanda sığorta şirkətlərinin məcmu kapitalına normativ tələblərin diferensiallaşdırılması da mümkündür. Bu gün bizdə bütün sığorta şirkətlərinə eyni cür yanaşma var. Mövcud qanunvericiliyə görə, 2013-cü il yanvarın 1-dən Azərbaycanda sığorta şirkətlərinin kapitalı 5 mln manatdan, təkrar sığorta şirkətlərinin kapitalı isə 10 mln manatdan az ola bilməz. Amma beynəlxalq "Solvency II" standartları portfelin ölçüsündən və strukturundan asılı olaraq sığorta şirkətlərinə müxtəlif yanaşmalar nəzərdə tutur. Məcmu nizamnaməyə tələblər də bu amillərdən asılı olaraq dəyişə bilər. Orada hər şey sığorta portfelinin risk qiymətləndirməsindən, sərmayə portfelindən və s.-dən asılı şəkildə qurulur və hər bir şirkət üçün bu amillərdən asılı olaraq xüsusi tələblər müəyyən edilir. 

Biz gələcəkdə Azərbaycanda bu standartların tətbiq edilməsi imkanlarını öyrənirik, amma  "Solvency II" standartlarının Azərbaycanda tam keyfiyyətli tətbiqi məsələsi yaxın illərin işi deyil. Böyük ehtimalla, onun həllini ortamüddətli perspektivdə gözləmək lazımdır, çünki  bu proses çox mürəkkəbdir. 

- Yerli sığorta şirkətlərinin nizamnamə kapitalının ümumi həcmində xarici şirkətlərin payının məhdudlaşdırılmasının saxlanması bu gün nə dərəcədə effektivdir?

- Sığorta şirkətlərinin nizamnamə kapitalının ümumi həcmində xarici şirkətlərin payının 2008-ci ildən qüvvədə olan 30%-lik limiti bu gün heç nəyə mane olmur, çünki xarici kapitalın iştirakı real olaraq 10%-ə çatmır. Bununla yanaşı, gələcəkdə bu həddi qaldırmaq, daha sonra isə xarici şirkətlərin yerli sığorta bazarında iştirakına məhdudiyyəti aradan qaldırmaq lazımdır. Bəllidir ki, Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir, beş sığorta şirkətinin kapitalında isə xarici şirkətlər iştirak edir. 

- Ən sonda, sizin fikrinizcə, 2013-cü ildə sığorta bazarı nə qədər arta bilər?

- Açıq danışıram,  2013-cü ildə biz 2012-ci ildəki kimi ciddi artım gözləmirik. Məsələ bundadır ki, biz icbari sığortanın tətbiqi kimi keçənilki güclü artım drayverlərini bu il görmürük. Bazarda dərinləşmə və genişlənmələr hesabına  mükafatların artımını 15-20% səviyyəsində gözləyirik.


MƏSLƏHƏT GÖR:

618