25 Noyabr 2024

Bazar ertəsi, 12:56

ELEKTRON ŞƏFFAFLIĞI

Azərbaycanda vergİdən yayinmanin qarşisinin alinmasi və vergİ daxİlolmalarinin həcmİnİn artimi üzrə yenİ tədbİrlər hazirlanir

Müəllif:

15.02.2013

Vergi sistemi bu gün Azərbaycanda ən dinamik islahat aparılan sahələrdən biridir. Nüfuzlu beynəlxalq strukturlar da  öz hesabatlarında fiskal sahədə önəmli irəliləmələr olduğunu bildirirlər  və çox həvəslə ölkənin Vergilər Nazirliyinə inkişaf templərini dəstəkləməkdə, həmçinin önəmli reytinq göstəriciləri üzrə irəliləməkdə yardım etməyə hazır olduqlarını bəyan edirlər. Ümumiyyətlə, Azərbaycanın fiskal qurumu özü də vergidən yayınma hallarının qarşısının maksimum alınması və xəzinəyə vergi yığımlarının həcminin artması üçün bütöv təkliflər siyahısına malikdir. Cari illə bağlı planlar isə Bakıda "Azərbaycanın vergi sistemi: gerçəklik və perspektivlər" mövzusunda keçirilən II forumda səsləndirilib.

 

Fiskal texnologiyalar 

Vergilər naziri Fazil Məmmədov forumdakı çıxışında bütün fiskal islahatların əsas məqsədini formalaşdırıb: Azərbaycanın vergi sistemi biznes üçün maksimum şəkildə əlverişli və rahat olmalıdır. "Biz vergi ödəyiciləri ilə konstruktiv dialoq qurmaq, dövlət-biznes formatında tərəfdaşlıq münasibətləri tətbiq etmək istəyirik", - deyə F. Məmmədov qeyd edib. Onun sözlərinə görə, nazirlik vergi bazasının genişləndirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması, nağd vəsaitlərin məhdudlaşdırılması, əmək münasibətlərinin leqallaşdırılması hesabına dövlət büdcəsinə daxilolmaları artırmaq niyyətindədir. 

Etiraf etmək gərəkdir ki, qeydiyyat və ödəniş prosesinin rahatlığının təmin edilməsi üçün vergi ödənişi sistemində çox şeylər edilib. Bu gün vergi qurumları və vergiödəyiciləri arasında bütün proseslər elektronlaşdırılıb, əməliyyatlar vergi işçiləri ilə birbaşa kontakt olmadan gerçəkləşdirilə bilir. Yəni faktiki olaraq insan amili və sahibkarların vergi öhdəliklərini yerinə yetirməsi zamanı onlara qarşı subyektivliyin ortaya çıxması sıfıra endirilib. Başqa tərəfdən bu, həm vergi orqanları, həm də vergi ödəyiciləri tərəfindən vergi inzibatçılığına çəkilən xərclərin ciddi şəkildə aşağı salınmasına gətirib.  Hazırda Vergilər Nazirliyi  dövlət qurumları arasında ən çox sayda elekton xidmət təqdim edən orqandır. Belə xidmətlərin sayı artıq 57-ə çatıb, onların faktiki olaraq 46-sı işləyir, 11 xidmət üzrə işlər yekun mərhələsindədir. Yaxın gələcəyə planların sırasında həm də mobil ödənişlərin qəbulu, vergi ödəyiciləri ilə mobil yazışma aparılması praktikasının tətbiqi də var. 

"Bu, elektron hökumətə keçidin tərkib hissəsidir", - deyə F. Məmmədov bildirib. Ümumiyyətlə, artıq bu gün Azərbaycanın vergiödəyiciləri hər il vergi bəyannamələrinin doldurulmasına və vergilərin ödənilməsinə 214 saat sərf edirlər ki, bu, 2007-ci ilin göstəricisinə baxanda 4,7 dəfə aşağıdır. Sonuncu Ümumdünya "Doing-Business-2013" hesabatına görə, həmin müddət ərzində illik ödənişlərin sayı  2 dəfə azalaraq 18-ə düşüb. 

Azərbaycanın Vergi Məcəlləsinə bu il yanvarın 1-dən qüvvəyə minmiş düzəlişlər isə mərhələli şəkildə elektron auditə keçidlə bağlı yeni normaları nəzərdə tutur. Bu yeniliin pilot sınaqları artıq başlayıb və ver-gilər nazirinin müşaviri Asəf Əsədovun sözlərinə görə, əldə edilən nəticələr göstərir ki, Azərbaycanda çağdaş elektron auditi texnologiyalarına əsaslanan sistemin uğurla yaradılmasından söhbət gedir. "Bu sistemə keçid elə də sadə deyil. Oxşar auditor platforması əsasında işləyən vergi qurumlarının sayı dünya üzrə 10-u keçmir", - deyə A.Əsədov vurğulayır. O, əlavə edir ki, e-auditin tətbiqi vergi ödənişindən yayınma üzrə riskləri 90-95%  ehtimalı ilə aşkar etməyə imkan verir, səyyar yoxlamaları 90% azaldır. 

Beynəlxalq səviyyədə tanınma, elektron xidmətlərinin inkişafına göstərilmiş töhfə, bunlar əlbəttə ki, yaxşı göstəricilərdir, amma bu yeniliklər vergiçilərin qarşısına qoyulmuş əsas tapşırığın öhdəsindən gəlməyə - dövlət xəzinəsinə daxiolmaları artırmağa imkan verirmi? "Müəyyən mənada, hə",- deyə bildirilir və sübut kimi göstərilir ki, 2012-ci ildə dövlət büdcəsinə vergi ödənişlərinin həcmi 2000-ci ilə baxanda 12 dəfə artıb. "Bu cür ciddi artım sübut edir ki, bizim ölkədə vergi inzibatçılığı mövcud iqtisadi sistemə uyğundur", - deyə F.Məmmədov bildirir.

 

Boşluqların doldurulması 

Bununla yanaşı, "ümumi vergi elektronlaşdırılması"nın gerçəkdən tutarlı nəticələrinə baxmayaraq, vergiçilər bu gün öz gəlirlərini büdcə ilə bölüşmək istəməyən sahibkarları aşkar etmək barədə ciddi düşünürlər. Düzdür, bu istiqamtədə çox tədbirlər görülür, amma boşluqlar var ki, onların aradan qaldırılması ilə daha böyük tərəqqi əldə etmək mümkün olardı. Misal kimi ölkədə nağdsız  vəsaitlərin populyarlaşdırılmasını göstərmək olar. Bu məsələyə, hətta öz çıxışlarında dəfələrlə Prezident İlham Əliyev də toxunub və hökuməti bu məsələdə səyləri artırmağa çağırıb. Demək olmaz ki, bu məsələdə hər şey əvvəlki kimidir və son iki ildə heç bir iş görülməyib. Əksinə, müəyyən irəliləmələr yetərincə bariz gözə çarpır və hətta onlar statistik göstəricilərlə təsdiqini tələb də etmir. Müxtəlif banklarda borca alınmış əmtəə üçün əlverişli ödəniş sistemi təklif edən bankların kredit kartının əldə edilməsi üçün yaranmış növbələr, hər cür bonus sistemləri - bütün bunları bu yaxınlardan başlasa da, Bakıda və iri şəhərlərdə görmək olur. Amma bu tədbirlər yetərli deyil. Prosesə təkcə onsuz da bir az pis - bir az yaxşı intizamlı vergi ödəyicisi olan iri ticarət obyektlərinin cəlb edilməsi yetərli deyil. 

Nazir F.Məmmədov qeyd edib ki, fevralın sonuna kimi Vergilər Nazirliyi Prezident Administrasiyasına ölkədə nağdsız hesablaşmaların stimullaşdırılması üzrə təkliflər təqdim edəcək. Daha öncə bu istiqamətdə tədbirlərin 2013-cü ildə qüvvəyə minmiş vergi qanunvericiliyi düzəlişləri və əlavələri üzrə təkliflər zərfinə salınması planlaşdırılırdı. Amma onların yenidən işlənməsinin vacibliyi ilə bağlı bu məsələni gələn ilə qoymaq qərara alınıb. Nəzərə alınsa ki, nağdsız əməliyyatların həcminin artırılması vergitutma bazasının önəmli şəkildə genişləndirilməsinin əsas mənbələrindən biridir, Azərbaycan yaxın zamanlarda bu istiqamətdə Avropanın qabaqcıl ölkələrinin səviyyəsinə çatmaq niyyətindədir. 

Təkliflərin sırasında sahibkarlıq subyektlərinin nağdsız ödənişlərinin vergitutmadan mümkün qismən azad olunmasını nəzərdə tutur. Bir əqd çərçivəsində və ya müəyyən zaman dövrü ərzində alqı-satqı üzrə əməliyyatlara müəyyən məhdudiyyətlər tətbiq edilməsi düşünülür. 

Vergidən yayınma faktlarının qarşısının alınmasının başqa istiqaməti əmək haqlarının leqallaşdırılması olacaq. 2013-cü il yanvarın 11-nə olan vəziyyətə Vergilər Nazirliyinin işə qarışması nəticəsində 55,1 minə yaxın işəgötürən öz işçiləri ilə 180,1 min əmək müqaviləsi bağlayıb. Bununla da Azərbaycanda muzdla işləyən işçilərin sayı, təxminən, 1,5 milyon adama çatıb. 

F. Məmmədovun sözlərinə görə, ölkə başçısının Vergi Məcəlləsinə düzəlişlər barədə fərmanında yuxarıda bəhs edilən iki məsələ vurğulanıb. "Biz hazırda bu iki istiqamət üzrə ayrıca qanun layihələri üzərində işləyirik. Onlar işçi ilə işəgötürən arasında sazişlərin bağlanmasını, yeni hesabat formalarının hazırlanmasını və həmçinin nağdsız hesablaşmaların artırılmasını nəzərdə tutur ki, bu da başlıca olaraq stimullaşdırma üsulları ilə əldə ediləcək", - deyə nazir vurğulayıb. 

Bununla yanaşı, hətta bu istiqamətlərdə mövcud olan boşluqlara baxmayaraq, Azərbaycanda mövcud olan əlverişli sərmayə mühitinin hesabına 2000-2012-ci illərdə vergi ödəyicilərinin sayı 3 dəfə artıb. Yalnız 2012-ci ildə artım 72 min nəfər təşkil edib və demək olar ki, ölkə iqtisadiyyatının bütün neftdənkənar bölmələrini əhatə edib. Hökumətin planlarında isə 2021-ci ilə kimi neftdənkənar bölmə üzrə dövlət büdcəsinə daxilolmaları 2012-ci il göstəricilərinə nisbətən üç dəfə artırmaq daxildir. 

Hökumətin qiymətləndirməsinə görə, "Azərbaycan - 2020: gələcəyə baxış" konsepsiyası çərçivəsində hər il Azərbaycanın neftdənkənar bölməsinin artımı, ən azı, 7% təşkil etməlidir. İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın sözlərinə görə, bu öhdəliyin yerinə yetirilməsi üçün neftdənkənar bölmənin, o cümlədən fəal vergi siyasətinin tətbiq edilməsi, vergi dərəcələrinin optimallaşdırılması hesabına  stimullaşdırılması gərəkdir. Bu zaman neftdənkənar bölmədən daxilolmaların artırılması üçün vergi bazasının genişləndirilməsi vacibdir. 

"Bu, əsas məsələlərdən biridir, çünki sonrakı illərdə Azərbaycanın dövlət büdcəsi, əsasən, neftdənkənar daxilolmaların hesabına formalaşacaq", - deyə o vurğulayıb və əlavə edib ki, Azərbaycan hökuməti biznesin inkişafı üçün, o cümlədən ölkə əhalisinin 40%-nin məşğul olduğu aqrar-sənaye kompleksinin irəliləməsindən ötrü  vergi güzəştlərindən fəal şəkildə istifadə edir. 

Azərbaycan Parlamentinin iqtisadi siyasət üzrə komitəsinin sədri Ziyad Səmədzadə bildirir ki, əgər bu cür güzəştlərin verilməsi bu gün ölkənin iqtisadi siyasətinin əsas komponentləri sırasındadırsa, gələcəkdə onların əhatəsi daralacaq. "Bu gün biz sərbəst iqtisadi zonalar, texnoparklar yaradırıq. Məsələn, kənd təsərrüfatı praktiki olaraq bütün vergilərdən azad edilib. Amma aqrar-sənaye kompleksinin güclənəcəyi müəyyən müddətdən sonra biz bu vergi güzəştlərini aradan qaldıracağıq. Amma bu gün bu güzəştlər lazımdır", - deyə Səmədzadə bildirib.

Ümumiyyətlə, beynəlxalq qurumlar, həmçinin Azərbaycan hökumətinə vergi güzəştləri məsələsinə diqqətlə yanaşmağı tövsiyə edirlər. Dünya Bankında (DB) hesab edirlər ki, güzəştlər və vergi tətilləri, həmçinin vergidən azad olmalar üzrə strategiya işləmək lazımdır. DB-nin ölkə üzrə meneceri Larisa Leşenko bildirir ki, "Müəyyən mərhələdə vergi güzəştləri və azadolmalar lazımdır, amma onlar əbədi olaraq verilə bilməz. Müəyyən müddətdən sonra onlardan uzaqlaşmaq lazımdır".

 

Kənardan baxış

Artıq deyildiyi kimi, vergi sahəsində uğurlarla  problemlər arasında balans bu gün uğurun daha üstün olması ilə baş verir. Buna görə də beynəlxalq auditor şirkəti "Price-waterhouseCoopers"in  (PwC) Azərbaycandakı tərəfdaşı Mövlan Paşayevin sözlərinə görə, qurum "Paying taxes" ("Vergilərin ödənişi") reytinqində Azərbaycanın mövqeyinin yaxşılaşmasını gözləyir. Yada salaq ki, "Paying taxes" (PwC)  Dünya Bankının illik reytinqinin tutulması və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) "Doing Business" reytinqinin tərtib edilməsi zamanı işlədilir. Paşayevin sözlərinə görə, Azərbaycan 2009-cu ildən "Paying taxes" reytinqində öz mövqeyini yaxşılaşdırmaqda davam edir. 2011-ci ilin göstəricilərinə görə hazırlanmış "Paying taxes-2013" reytinqində 76-cı yerdədir. 

Avropa Birliyinin Bakı ofisinin başçısı, səfir Rolan Kobianın Vergilər Nazirliyinin Azərbaycanın ən şəffaf qurumlarından biri olması barədə  verdiyi açıqlamanı da bildirmək yerinə düşər. "Vergilər Nazirliyinin şəffaflığını və korrupsiyaya qarşı mübarizəsini biz yüksək qiymətləndiririk. Bundan başqa, nazirliyi yenilik üçün açıq və sürətlə modernləşdirilən qurum kimi səciyyələndirmək olar", - deyə R. Kobia bildirib.

Diplomat hesab edir ki, şəffaflıq məsələsində böyük rolu "elektron hökumət" proqramı oynayıb. "Bu, onunla bağlıdır ki, dövlət başçısı İlham Əliyev də diqqət ayırır, ki, bu da proqramın gerçəkləşdirilməsinin səmərəliliyini artırıb. Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə görülən işlər beynəlxalq standartlara cavab verir", - deyə səfir vurğulayıb.

Başqa sözlə, Azərbaycanın dünya iqtisadiyyatının çağdaş trendlərinə uyğun şəkildə islahatları davam etdirən fiskal sektoru ölkənin ən yüksək sürətlə inkişaf edən istiqamətləri arasında öz mövqeyini daha da möhkəmləndirəcək. 


MƏSLƏHƏT GÖR:

450