Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
Avropanın alternativ qaz mənbələrinin əldə edilməsində açıq-aydın maraqlı olmasına rəğmən, bu gün Xəzər regionundan "mavi yanacaq"ı "Köhnə Dünya"ya nəql edəcək layihələrə Avropa İttifaqının bütün üzvləri tərəfindən dəstək yoxdur. Cənub Qaz Dəhlizinin tam formalaşdırılmasına mane olan əsas səbəb də məhz budur. Artıq Bakı öz növbəsində açıq şəkildə bildirir ki, layihələrin reallaşdırılmasının ləngiməsi ortaya müəyyən risklər çıxara bilər.
Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi üzrə komitəsinin nümayəndələri ilə görüşdə Azərbaycan Parlamentinin vitse-spikeri Valeh Əsgərov vaxtilə "Nabucco layihəsinin dəyərinin 7,5-8 milyard dollar qiymətləndirildiyini" xatırladıb: "Bununla yanaşı, avropalı siyasətçilər bildirir ki, Azərbaycan bu boru xəttinə ildə 30 milyard qaz vuracağına zəmanət verməsə, layihə effektiv olmayacaq. Amma bu, qətiyyən belə deyil. Məsələn, "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi üçün investisiyanın həcmi 40-45 milyard dollar həcmində qiymətləndirilir (Cənubi Qaz Dəhlizinin yaradılması). Odur ki, "Nabucco" Avropa İttifaqı üçün bu qədər əhəmiyyətli olsaydı, onlar layihənin maliyyələşdirilməsi üçün maliyyə axtara bilərdilər". V.Əsgərov bildirib ki, Avropa ölkələri hazırda bank sisteminin dirçəldilməsi, ölkənin iqtisadi problemlərinin həlli üçün külli miqdarda vəsait xərcləyir, bu üzdən də onlar üçün "Nabucco" layihəsinə 8 milyard avro ayırmaq problem olmamalıdır. Vitse-spiker hesab edir ki, Aİ "qaza adi ticarət məhsulu kimi baxır və bu, düzgün yanaşma deyil". Çünki mütəxəssislərin qiymətləndirməsinə görə, ittifaqda yeni qaz tədarükü mənbələrinin peyda olması "mavi yanacaq"ın qiymətində 10% ucuzlaşmaya səbəb olacaq. Bu halda isə avropalı istehlakçılar ildə, ən azı, 60 milyard avroya qənaət edəcəklər.
Qeyd edək ki, hazırda "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsium öz qazının Avropaya nəqli üçün iki variantı nəzərdən keçirir. Bunlar "Nabucco West" və Transadriatik Qaz Kəməri (TAP) layihələridir. Bir müddət əvvəl "bp" şirkətinin "Şahdəniz-2" yatağının işlənməsi üzrə vitse-prezidenti Al Kuk hər iki layihənin yekun təkliflərini bu il aprelin 1-dək təqdim etməli olduqlarını bildirmişdi. Onların arasında son seçimin 2013-cü ilin iyununda edilməsi nəzərdə tutulub.
TAP layihəsinin nümayəndələri Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi ilə məşğul olan konsorsiuma inandırıcı əsaslar təqdim edəcəklərinə, martda Azərbaycan qazının Avropaya nəqli üçün məhz onların layihəsinə üstünlük veriləcəyinə əmindirlər. Layihənin direktoru Kyetil Tunqland TAP-ın rəsmi saytında dərc olunmuş məqaləsində bildirir ki, 2013-cü il martın 31-də TAP "Şahdəniz" konsorsiumuna öz təkliflərindən ibarət "Decision Support Package" adlı paketi təqdim edəcək. Tunqland hesab edir ki, hazırda TAP Azərbaycan yatağından Avropa bazarlarına qazın nəql olunacağı iki boru xəttinin ən nəhəngi və strateji baxımdan daha vacib olanıdır. Xatırladaq ki, TAP Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. Fevralın 13-də sözügedən 3 ölkə Afinada layihə ilə bağlı hökumətlərarası razılaşma imzalayıblar.
SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) vitse-prezidenti Elşad Nəsirov isə bildirir ki, hazırda Azərbaycan hər iki layihənin - "Nabucco West" və TAP - iştirakçısıdır və bu üzdən o, 40 - 45 milyon dollar ödəniş etməlidir. "Bu gün azərbaycanlı vergi ödəyiciləri sual verə bilər: "Əgər layihələrdən yalnız biri seçiləcəksə, vəsait nədən hər iki layihəyə yatırılır?". Rəqabətin son dərəcə yüksəldiyi hazırkı şəraitdə bizim səhv etməyə haqqımız yoxdur. Layihələrdən hansının pis olduğunu bilmək üçün indi 40-45 milyon dollarlıq risk etmək yaxşıdır, nəinki gələcəkdə daha çox itki ilə üzləşmək", - deyə E.Nəsirov qeyd edib. O bildirib ki, marşrutlardan hər hansı yalnız kommersiya prinsipləri əsasında seçiləcək. E. Nəsirov "Şahdəniz"dən Avropaya bilavasitə qaz nəqlinə 2019-cu ildə başlanılacağını da söyləyib.
Hamıdan əvvəl artıq Azərbaycanın özünün maraqlı olduğu Transxəzər qaz xətti layihəsinin inşasına gəlincə, E.Nəsirov bildirib ki, bu, yalnız Türkmənistan və Aİ-dəki tərəfdaşların satışla bağlı razılıq əldə etməsindən sonra mümkün olacaq. "Bizim Xəzər donanmamız Xəzər vasitəsilə 100 kilometrlik boru xəttini, təxminən, 1 ilə inşa etmək iqtidarındadır", - deyə o, qeyd edib. SOCAR-ın vitse-prezidenti onu da bildirib ki, üç seqmentin hər biri, yəni həm də Transanadolu qaz xətti və Avropaya qaz nəqli marşrutu hazır olduqdan və bütün şirkətlər Türkmənistanla razılığa gəldikdən sonra, təxminən, 1-1,5 il ərzində layihə iştirakçıları hər üç seksiyanın ötürücülük qabiliyyətini artıra biləcək. "Bunun həyata keçirilməsi ilə Azərbaycan yalnız qaz tədarükçüsü olmayacaq, o, həm də tranzit ölkəyə çevriləcək. Bu, Aİ üçün çox irimiqyaslı layihə olacaq", - deyə E.Nəsirov bildirib.
Xatırladaq ki, uzunluğu, təxminən, 300 kilometr olacaq Transxəzər qaz xəttinin Xəzərin Türkmənistan sahilindən Azərbaycan sahilinə çəkilməsi nəzərdə tutulub. Bir müddət əvvəl Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirmişdi ki, Transxəzər qaz xətti layihəsi çərçivəsində iki sənədin hazırlanması başa çatmaq üzrədir. Onlar Azərbaycan, Türkmənistan və Avropa Komissiyasının başçıları tərəfindən imzalanmalıdır. Eyni zamanda, sənədə iki Xəzəryanı ölkənin hökumətləri də imza atmalıdır. Azərbaycan və Türkmənistanın dövlət başçıları, həmçinin Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu tərəfindən imzalanmalı olan birinci sənəd bu dəhlizə hər üç tərəfin dəstəyini ifadə edəcək.
Göründüyü kimi, Azərbaycan qazının Avropaya nəqli ətrafında intriqa kifayət qədərdir. Xəzər regionundakı, xüsusilə onun İran sahillərindəki gərgin siyasi vəziyyəti nəzərə alsaq, bu intriqa daha sərt xarakter alır. Bununla yanaşı, İran "Şahdəniz" konsorsiumunun 7 səhmdarından biridir və onun layihədə 10%-lik payı var. Bu fakt açıq desək, bəzən Qərbdən olan tərəfdaşları qıcıqlandırır. Onlar bəzən Azərbaycan qazının Avropaya nəqli ilə bağlı problemlərin həllinə elə İranın mane olduğunu düşünürlər. Bu baxımdan, Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi üzrə komitəsinin üzvləri ilə görüşdə E.Nəsirov avropalılara "İranla düşmənçilik"in hansı nəticələr verə biləcəyini izah etməyə çalışıb. "ABŞ və ya İsrailin sabah, birigün İrana zərbələr endirəcəyi təqdirdə, nələrin baş verəcəyini təsəvvür etmək çətin deyil. Təbii ki, İranın raketdaşıyıcıları uzaq məsafələri, o cümlədən ABŞ-ı vurmaq iqtidarında deyil. İsrailin raketdən müdafiə sisteminin güclü olduğunu nəzərə alsaq, İran raketləri bu dövlətə qarşı da yönəlməyəcək. İran Türkiyə, Rusiya və Gürcüstana da zərbə endirə bilməz, Ermənistana qarşı isə bunu etməyi arzulamır. Bu halda hansı ölkənin İranın hədəfinə çevrilə biləcəyini təxmin edə bilərsinizmi? Əlbəttə ki, ABŞ, İsrail və Avropanın enerji təhlükəsizliyi məsələsində tərəfdaşı olan ölkə. Odur ki, İranın konsorsiumda iştirakına ciddi yanaşmaq lazımdır və alternativ variantlar təklif etmək doğru deyil", - deyə N.Nəsirov qeyd edib.
MƏSLƏHƏT GÖR: