25 Noyabr 2024

Bazar ertəsi, 12:53

KÖMƏK LAZIMDIR, MANEƏ YOX

Prezİdent İlham Əlİyev sahİbkarlarin fəalİyyətİnə əngəl yaradan məmurlara son xəbərdarliğini etdİ

Müəllif:

15.02.2013

"Keçən il iqtisadiyyatımızın qeyri-neft sektoru, təxminən, 10 faiz artıb. Bu artım onu göstərir ki, apardığımız islahatlar öz səmərəsini verir". Bu sözləri Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib: "Bu gün artıq əvvəlki illərdə səslənən fikirlərə də biz xarici mətbuatda rast gəlmirik ki, Azərbaycanı "neft lənəti"gözləyir, Azərbaycanda "holland sindromu" olacaq. Keçən ilin iqtisadi göstəriciəri bir daha göstərib ki, iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin tam təmin olunması, sənaye və icrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər artıq nəzərəçarpacaq nəticələr verir. Bütün bunlara şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafı proqramları, həmçinin ayrı-ayrı sahələr və rayonlar üzrə inkişaf planlarının həyata keçirilməsi də səbəb olub. Nəticədə Azərbaycanın ayrıca bir inkişaf modeli yaranıb ki, o da ölkəni son illərin qlobal böhranlarından qorumaqla yanaşı, sabit iqtisadi inkişafı və şaxələndirməni təmin edib. 

 

Danışan rəqəmlər

Artıq qeyd edildiyi kimi, birinci Regionların inkişafı Dövlət Proqramı 2004-2008-ci illəri əhatə edirdi və o, reallaşdırıldığı dövrdə proqrama edilmiş əlavələrlə birlikdə artıqlamasıla yerinə yetirilib. 2009-cu ildə qəbul olunmuş proqrama da sonradan xeyli əlavələr edilib, regionların inkişafına, ilk növbədə infrastruktur, nəqliyyat, kənd yollarının bərpası və abadlıq işlərinə Prezidentin Ehtiyat Fondundan ayırmalar təmin edilib. Qeyd edək ki, 2009-2012-ci illərdə regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyası qoyulub. Bu il isə ümumi kapital qoyuluşunun 77%-i, yaxud 5,3 milyard manat bu sahəyə yönəldilib.

İki beşillikdə ölkə iqtisadiyyatının inkişafının əsas deklarasiyası da məhz bu proqramlar olub. Son 9 ilin statistikası məhz bu modelin seçilməsinin nə qədər düzgün olduğunu göstərir. 2003-cü ildən ölkədə ÜDM 3 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,4 dəfə artıb. Sənaye istehsalında təxminən 3 dəfə artım qeydə alınıb. Ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar investisiya qoyulub. Ötən il isə investisiya yatırımı rekord həddə çatıb - 22 milyard dollardan artıq. Onun 13 milyardı yerli investisiyalardır. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına qoyulmuş 128,3 milyard dollarlıq investisiyanın 65,7 milyardını daxili investisiyalar təşkil edib, xarici ticarət dövriyyəsi 6,4 dəfə artıb. Məhz Azərbaycan ən nüfuzlu beynəlxalq agentliklər - "Standard & Poor`s", "Fitch və Moody`s" agentliklərinin investisiya reytinqini artırdığı ilk Cənubi Qafqaz ölkəsidir. Rəqabət qabiliyyətli ölkələrlə bağlı qlobal hesabatda Azərbaycan 144 ölkə arasında 46-cı sıradadır. MDB məkanında isə bu göstəriciyə görə artıq ardıcıl olaraq 4-cü ildir ki, birinci pillədə qərarlaşırıq. Bundan başqa, Azərbaycan "yüksək insan inkişafı" və "yüksək orta gəlir"li ölkələr qrupundadır.

Bu illər ərzində Azərbaycan praktiki olaraq layihələrin reallaşdırılmasında xarici yardımlardan asılılığı tam aradan qaldırıb, üstəlik, kreditor ölkəyə çevrilib. Bundan başqa, Azərbaycan özü Beynəlxalq Maliyyə Korporasiyasına (Dünya Bankının strukturu) kredit verib.

Əlbəttə ki, bütün bu nailiyyətlərə neft sektorunun təsirini inkar etmək sadəlöhvlük olardı. Amma məsələ ondadır ki, Azərbaycan enerji resurslarının satışından əldə edilən gəlirləri iqtisadi proqramların icrasına yönəltməklə iqtisadiyyatın diversifikasiyası məsələsində xeyli irəliləyib, ÜDM-də qeyri-neft sektorunun payını xeyli artırıb. Ötən il qeyri-neft sektorunda inkişaf 10% olub.

 

Biznes-artım

Regional proqramların uğuru ilk növbədə proqramlarda bütün ölkə ərazisini əhatə edən, iqtisadiyyatın bütün sahələrinə aid konkret hədəflərin göstərilməsinin nəticəsidir. Yəni diqqət iqtisadiyyatın ayrıca götürülmüş hansısa sahəsinə və ya regiona yox, ümumilikdə özəl sektorun inkişafına yönəldilib. Nəticədə onun ÜDM-dəki payı artıq 83%-ə çatıb. Eyni zamanda sahibkarlığın inkişafında dövlətin maliyyə dəstəyinin də ciddi rolu var: 2003-cü ildən indiyədək Sahikarlığa Kömək Milli Fondunun xətti  ilə 15 mindən artıq biznesmenə 936 milyon manat həcmində güzəştli kredit verilib. Bu pullar iqtisadiyyatın müxtəlif sahələrinə aid layihələrin reallaşdırılmasına yönəldilib, bu işlər çərçivəsində 104 mindən artıq yeni iş yeri açılıb. Nəzərə alsaq ki, bu kreditlər layihələrin dəyərinin bir hissəsini ödəyir, yerdə qalan hissə isə sahibkarların özləri tərəfindən ödənir, demək olar ki, Sahikarlığa Kömək Milli Fondu dövlətlə özəl sektor arasında tərəfdaşlıq nümunəsinə çevrilib. Bununla yanaşı, onu da nəzərə almaq lazımdır ki, kreditlər məqsədyönlü şəkildə, ilk növbədə, ölkənin inkişafı, ərzaq təhlükəsizliyinin təmini üçün vacib olan sahələrə ayrılır.

Məlum olduğu kimi, hazırda dünyada əhalinin ərzaqla təminatı ilə bağlı ümumi narahatlığın hökm sürməsi fonunda ərzaq təhlükəsizliyinin təmininə xüsusi diqqət yetirilir. Azərbaycanda aqrar sahə həmişə populyar olub. Regionların inkişafına dair Dövlət Proqramı çərçivəsində isə - burada aqrar sahə iqtisadiyyatın lideridir - onun canlanması və bazar iqtisadiyyatının şərtlərinə adaptasiyası daha böyük aktuallıq qazanıb. Qeyd edək ki, 2003-2012-ci illərdə aqrar sahə 1,4 dəfə inkişaf edib. Heyvandarlıq məhsullarının istehsalındakı artım 3,4 dəfədir. Nəhəng fermer təsərrüfatlarının yaradılması prosesinə start verilib, artıq bu məqsədlə, təxminən, 5 min hektar ərazi ayrılıb, Ağcabədi və Beyləqan rayonlarında iri fermer-taxılçılıq təsərrüfatlarının yaradılması təmin edilib, ölkənin özünü taxıl ilə tam təmin etməsi üçün ümumilikdə ən azı, 50 nəhəng fermer-taxılçılıq təsərrüfatı yaradılmalıdır.

Turizm sahəsi də sürətlə inkişaf edir (2003-cü ildən turizm sahəsi 8,5 dəfə inkişaf edib, ölkəyə gələn turistlərin sayı isə 3,3 dəfə artıb). İKT, nəqliyyat sektorları da inkişaf edir, saysız-hesabsız infrastruktur layihələri həyata keçirilir və bu, digər sahələrin inkişafının əsas təkanvericisinə çevrilir, regionlarda əhalinin həyat şəraitinin maksimum yüngülləşdirilməsinə imkan verir. Eyni zamanda, sosial məsələlərin həllində də ciddi irəliləyiş müşahidə olunmaqdadır: 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı, təxminən, 100 dollar idisə, bu gün bu rəqəm 500 dollardır, orta aylıq pensiya isə 20 dollardan 200 dollara qaldırılıb.

Yeri gəlmişkən qeyd edək ki, regional proqramların icrasında əsas məqsədlərdən biri işsizliyin aradan qaldırılmasıdır. 2009-cu ildən sonra ölkədə 20 mindən artıq müəssisənin fəaliyyətə başladığını nəzərə alsaq, bu dövrdə, təxminən, 360 min yeni iş yeri açılıb, onların 270 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5,2%-ə endirilib, yoxsulluğun səviyyəsi isə 6%-dək düşüb.

 

Son xəbərdarlıq

Beləliklə, bu gün Azərbaycan iqtisadiyyatının inkişafının əsasını özəl sektorun güclənməsi təşkil edir. Ölkə prezidentinin sahibkarlığın inkişafına dəstəyi  isə gələcəkdə də biznes mühitinin yaxşılaşmasına xidmət edəcək.

Amma dövlət başçısının özəl sektorun inkişafı üçün maksimum əlverişli şəraitin yaradılmasına dair məmurlara dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, bürokratiya, müəyyən maneələr, əsassız müdaxilələr kimi problemlər hələ də qalmaqdadır. İkinci regional proqramın icrasının ilk 3 ilinin yekunlarına dair keçirilən iclasda İlham Əliyev məmurlara son xəbərdarlığını edib: "Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq".

Göründüyü kimi, regionlardan gələn müəyyən mənfi siqnallar prezidentin səbrini daşdırıb. İlham Əliyev Azərbaycan vətəndaşlarının da dövlət siyasətinin mərkəzində olduğunu söyləyib. Müvafiq olaraq vətəndaşlara yuxarıdan- aşağı baxan istənilən məmur dövlət siyasətinə xəyanət edir və onun səlahiyyətləri əlindən alınmalıdır.

Prezident rüşvətxorluq və korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsini də tapşırıb: "Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik.  Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün bir neçə amil lazımdır və onların hamısı Azərbaycanda var. Güclü siyasi iradə və beynəlxalq təcrübə. Biz bu təcrübəni öyrənirik, cəza tədbirləri, sistem xarakterli islahatlar mütləq olmalıdır və olacaq. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq, müəyyən işlər görülüb. Ancaq demək istəyirəm ki, bu işlər məni qane etmir. Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır", - deyə İ.Əliyev qeyd edib. O, sistem xarakterli islahatların daha ciddi şəkildə aparılmasına çağırış da edib: "Onların arasında elektron xidmət, ASAN xidmət", elektron hökumət təşəbbüsü, bütün bunlar, eyni zamanda, korrupsiyaya qarşı ciddi bir alət olacaq".

Bu dəfə prezidentin son xəbərdarlığını nəzərə alsaq, göstərişlərin daha qısa müddətdə yerinə yetiriləcəyini düşünmək olar. Çünki 2013-cü il regionların inkişafı üzrə ikinci Dövlət Proqramının icrasının son ilidir və hesabatın tam olması, onun yaxşı başa çatdırılması üçün bu qara ləkə aradan qaldırılmalıdır. 



MƏSLƏHƏT GÖR:

645