14 Mart 2025

Cümə, 20:53

ÖLÜMCÜL SƏHV

Surİya böhrani sona yaxinlaşir?

Müəllif:

15.02.2013

Suriyada sərt və qanlı müharibə davam edir. Onun ətrafında maraqlı xarici qüvvələrin geosiyasi manevrləri də daha fəal və kəskin xarakter alır. Son hadisələr bu qüvvələrin Suriya dramının sonuna hazırlaşdıqlarını daha aydın göstərir. Əksər əlamətlər növbəti "ərəb baharı"nın zəfərinin yaxınlaşmaqda olduğunu göstərir. Amma bu xarici qüvvələrin Suriyanın gələcəyinin necə olacağına dair təxmini belə, təsəvvürləri yoxdur.

 

Camray işarəsi

İsrailin Dəməşq əyalətindəki Camray rayonunda yerləşən hərbi tədqiqat mərkəzinə zərbələr endirməsini Suriya inqilabının əlamətdar anı saymaq olar. İsraillilərin aviazərbələri nəticəsində 2 nəfər həlak olub, 5 nəfər yaralanıb, mərkəzin binası isə tamamilə dağılıb.

İsrail iddia edir ki, hücumun hədəfi Livan sərhədindəki konvoy olub. Konvoyun Livanın radikal "Hizbullah" hərəkatına silah daşıdığı ehtimalı var imiş. Suriyadakı mənbələr isə hücumun planlı şəkildə məhz tədqiqat mərkəzinə edildiyini bildirir. Onlar bu zaman İsrailin 2007-ci ildə nüvə tədqiqatının aparıldığı obyektə hücumunu xatırladaraq, iki hadisə arasında analoq aparır.

Nəzərə almaq lazımdır ki, Suriya və İsrail bir neçə onillikdir formal olaraq müharibə şəraitindədirlər. İsrail Suriyanın digər ərazilərini eni təxminən 3 kilometrə çatan demilitarizasiya olunmuş zonadan ayıran Holan yüksəkliyini hələ də işğal altında saxlayır. Xatırladaq ki, bu zona 1974-cü ildə tərəflər arasında əldə olunmuş atəşkəs razılaşması çərçivəsində yaradırılıb. Lakin Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra İsrail bu daxili münaqişəyə müdaxilə etməyib. İsrail HHQ-nin Suriya ərazisinə endirdiyi aviazərbələr gözlənilməz olub. Amma əslində hadisə İsrailin bu addımının qarşılığında mənfi fəsadlarla qarşılaşmayacağına əmin olduğu anda baş verib. Niyə? Sualın cavabı İsrailin müdafiə naziri Ehud Barakın Münhendə keçirilmiş təhlükəsizlik konfransındakı çıxışında var.

"Bəşər Əsəd rejimi məhvə məhkumdur və son günlərini yaşayır", - deyə Ehud Barak bildirib. Odur ki, hava hücumuna hansı obyektin məruz qalmasından asılı olmayaraq, İsrail bunun üçün tam məqbul bir an seçib. Təl-Əvividə belə qənaətə gəliblər ki, bu məqamda risk etməyə dəyər: axı Əsəd rejiminin devrilməsindən sonra Suriyada nələrin baş verəcəyi bəlli deyil. Camrayadakı şübhəli hərbi obyekt Suriyadakı rejimin güclü olduğu dövrlərdən İsraili qıcıqlandırırdı. Rejimin devrilmək ərəfəsində olduğu hazırkı şəraitdə isə israillilər tədqiqat mərkəzini məhv etməyi özlərinə rəva biliblər. Üstəlik hazırda onlar Dəməşqdə hakimiyyətin kimə qismət olacağını bilmirlər.

Bəşər Əsəd özünü elə aparır ki, sanki onun hakimiyyəti heç də süqut ərəfəsində deyil. Bu işdə ona ilk növbədə yeganə müttəfiqi olan İran kömək edir. Bəşər Əsəd Suriya paytaxtında İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşündə bildirib ki, İsrailin hərbi tədqiqat mərkəzinə hücumu birmənalı şəkildə Suriyada sabitliyin pozulmasına və dövlətin zəiflədilməsinə yönəlib. Tehran rəsmisi isə öz növbəsində bildirib ki, Suriya İsrailin hücumuna cavab vermək qərarına gələrsə, İran Dəməşqə köməklik göstərəcək.

Bununla yanaşı, İran İsrailin Suriyadakı hərbi obyektə hücumunun elə Tehranın özünə də siqnal olduğunu görməyə bilməz. İsrail Suriya numünəsində İrana göstərməyə çalışır ki, o, yəhudi dövlətinin mövcudluğuna təhlükə yaradacaq hər hansı dövlətin nüvə silahı əldə etməsinə imkan vermək fikrində deyil.

Tehran, şübhəsiz ki, baş verənlərdən payını götürür. O, Bəşər Əsəd rejiminə dəstəyin real pers-pektivinin olmadığını da anlayır. İran liderlərinin açıqlamalarında Suriyadaxili dialoqa çağırışların daha çox yer alması da məhz bununla bağlıdır. Misir, Türkiyə və İran prezidentlərinin Qahirədə baş tutmuş üçtərəfli görüşündə də islam respublikasının dövlət başçısı Suriyada "qan tökülməsinin önlənməsi mexanizminin" müzakirəsinin, bu məsələdə "konkret nəticənin əldə olunmasının" vacibliyi haqda tezisə qoşulub. Bundan başqa, İran İslam Əməkdaşlıq Təşkilatının toplantısında Suriya müxalifəti ilə ölkədə siyasi dəyişiklikləri dəstəkləyən hökumət nümayəndələri arasında ciddi dialoqun başlanmasına dair ideyaya etiraz etməyib.

Başqa sözlə, Suriyada hakimiyyət dəyişikliyi günün tələbidir və bunu Tehran da istər-istəməz etiraf etməlidir. Məsələ yalnız bu dəyişikliyin hansı formada baş verəcəyi, nəticədə Suriya hakimiyyətinin başına hansı qüvvələrin keçəcəyindədir. Böyük ehtimalla bu prosesə real olaraq maneə yaradan xarici qüvvələri daha çox narahat edən Dəməşqdə hakimiyyətə hansı qüvvələrin hakimiyyətə gələcəyi yox, Bəşər Əsədin tezliklə devrilməsidir. Suriya inqilabının dünyadakı əleyhidarlarını da məhz bu narahat edir. Söhbət heç də yalnız İrandan getmir.

 

"Hamı razılığa gəlməlidir"

ABŞ prezidenti Barak Obama Suriya vətəndaşlarını Bəşər Əsəd rejimini tezliklə devirməyə çağırıb və bu ölkəyə humanitar yardım kimi əvvəlcə 155, daha sonra əlavə olaraq 365 milyon dollar ayıracağını vəd edib. "Biz Bəşər Əsəd rejimini təcrid duruma salmaq üçün böyük işlər görmüşük. Sanksiyalar qəbul etmişik və həmin sanksiyalar onları ac qoyur. Biz Suriya müxalifətini xalqının legitim təmsilçisi kimi tanımışıq. İndi biz ehtiyacı olan bütün suriyalılara yardım göstərəcəyik", - deyə Ağ Ev sahibi bildirib.

Oxşar fikirlərlə Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden də çıxış edib. O, bildirib ki, Bəşər Əsəd öz vəzifəsini tərk etməli və "hamı bununla razılaşmalıdır". Münhen konfransının gedişində Bayden Suriya Müxalifətçi və İnqilabçı Qüvvələrin Milli Koalisiyasının başçısı şeyx Əhməd Muaz əl-Xatıb ilə də görüşüb. ABŞ-ın vitse-prezidenti onu müxalifətin sıralarında birliyi qoruyub saxlamağa, "ekstremist elementləri təcrid etməyə" və ələvi, xristian və kürd icmaları da daxil olmaqla, əhalinin geniş təbəqəsilə əlaqə yaratmağa çağırıb. Ən maraqlısı isə başqa məqamdır: Bayden Suriya rejiminin tezliklə devrilməsi xətrinə əl-Xatıbın hakimiyyətdəki bəzi şəxslərlə danışıqlara hazır olduqları haqda bəyanatını dəstəkləyib. Yəni, Suriya müxalifətinin beynəlxalq sponsorlarının ilkin proqnozlarının əksinə olaraq, həddindən artıq çox uzanan prosesin başa çatdırılması - konkret rejimin devrilməsi üçün hakim rejimin daxilindəki bəzi qüvvələrlə razılaşmaya getmək yoluna da əl atılır.

Suriya Müxalifətçi və İnqilabçı Qüvvələrin Milli Koalisiyası sözügedən qüvvələrlə ölkənin siyasi gələcəyilə bağlı dialoqa başlamağa hazır olduğunu bəyan edib. Amma bunun üçün prezident Əsədin hakimiyyətdən getməsi şərt kimi qoyulub. Dialoqda mümkün tərəf kimi Suriyanın vitse-prezidenti Faruk Şaraanın adı çəkilir. Qərbdə hesab edirlər ki, o, Əsədlə müxalifət arasında keçid bəndi ola bilər. Hələ Suriyada hakimiyyətə qarşı kütləvi etirazların yeni başladığı dövrdə əsasən ələvilərdən ibarət müxalifət və Ərəb Dövlətləri Liqası Əsədə prezident səlahiyyətlərinin sünnilərin nüfuzlu nümayəndəsi olan Şaraaya verilməsini təklif etmişdi və bu da təsadüf deyildi.

Beləliklə, Əsəd rejiminin tezliklə devrilməsi üçün daha bir vacib vasitəyə əl atılıb: hakim rejimin aparıcı fiqurlarından olan vitse-prezidenti oradan "qoparmağa" çalışırlar. Şaraa Əsədə sadiqliyinə heç bir şübhə yeri qoymasa da, Suriya müxalifətinin onunla dialoqa hazır olduğunu bəyan etməsi özü rəsmi Dəməşqə ciddi təzyiq amilidir. Bunu Suriya rejiminin güc yolu ilə devrilməsinə sonadək müqavimət göstərən fövqəldövlətlər, xüsusilə Rusiya da yaxşı anlayır.

 

"Yeni mövqe"nin xüsusiyyətləri

Rusiyanın Suriya ilə bağlı mövqeyində son zamanlar yeni məqamlar müşahidə olunmaqdadır. Məsələn, baş nazir Dmitri Medvedev Amerikanın CNN telekanalına müsahibəsində bildirib ki, Suriya prezidenti Bəşər Əsəd siyasi islahatların həyata keçirilməsində mülayim müxalifətə köməklik göstərməməklə ciddi səhvə yol verib. Medvedev Suriya rejiminin hakimiyyəti qorumaq şanslarının getdikcə azaldığını, dövlətin taleyini Suriya xalqının həll etməli olduğunu da söyləyib. Bundan başqa, Medvedev Almaniyanın Handelsblatt qəzetinə bildirib ki, Rusiya əvvəlkitək Suriyadaxili münaqişənin güc yolu ilə həllinə qarşı olsa da, münaqişə tərəflərinin hər biri ilə təmaslara hazırdır.

Suriya müxalifəti bu bəyanatları Rusiyanın "yeni mövqeyi"nin göstəricisi kimi qiymətləndirib. Qiyamçı Azad Suriya Ordusunun Birləşmiş Komandanlığı bəyan edib ki, o, Rusiyanın mövqeyindəki dəyişikliyin BMT Təhlükəsizlik Şurasında Əsəd rejiminin güc yol ilə devrilməsinə dair qərarın qəbuluna aparıb çıxaracağına ümid edir: "Bu, Suriya xalqına öz istədiyi yolla Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq imkanı verəcək".

Əsədin əleyhidarlarına nikbinliyə əsas verən daha bir məqam Rusiyanın xarici işlər naziri Ser-gey Lavrov ilə Suriya Müxalifətçi və İnqilabçı Qüvvələrin Milli Koalisiyası başçısı Əhməd Muaz əl-Xatıbın Münhen Təhlükəsizlik Forumunun kluarlarında görüşmələridir. Maraqlıdır ki, indiyədək suriyalı müxalifətçi Moskvanın rəsmi Dəməşqi dəstəkləməsini əsas gətirərək Rusiya rəsmilərilə görüşdən imtina edirdi. Ötən ilin sonunda əl-Xatıb hətta Rusiya XİN-nin onu Moskvaya rəsmi dəvətinə rədd cavabı vermişdi. Amma indi Münhendə Lavrovla görüşdən sonra əl-Xatıb Rusiyanın xarici işlər nazirindən Moskvaya səfərə dəvət aldığını məmnunluqla dilə gətirib.

Bəs Dmitri Medvedevin Suriya rejiminin şanslarının azalması haqda bəyanatı və Rusiyanın "hamı ilə təmasa hazır olması" haqda dedikləri Moskvanın Suriya münaqişəsinin həllilə bağlı mövqeyini dəyişməsi anlamına gəlirmi? Güman ki, burada söhbət daha çox baş nazirin Moskvanın mövqeyində prinsipial dəyişiklikdən yox, məcburiyyət qarşısında Əsədin mövqelərinin zəifləməsi faktının təsdiqindən gedir. Suriya müxalifətinin Rusiyanın "yeni mövqeyi"nə diqqət yetirməsini də anlamaq olar: müxalifət yaxşı dərk edir ki, rejim nə qədər zəifləsə də, onun devrilməsi xaricdən genişmiqyaslı müdaxilədən, həm də bu ssenari ilə razılaşmayan qüvvələrin hazırkı Suriya liderinin gələcəyinin olmadığını qəbul etməsindən asılı olacaq.



MƏSLƏHƏT GÖR:

592