14 Mart 2025

Cümə, 20:53

ZƏMANƏT VERƏN KİMDİR, SABİTLİYİ POZAN KİM?

Dnestryani münaqİşə rusİya-ukrayna münasİbətlərİnİ gərgİnləşdİrİr

Müəllif:

15.02.2013

İrlandiyadan ATƏT-ə sədrliyi alan Ukraynanın xarici işlər naziri Leonid Kojara bəyan edib ki, beynəlxalq postda Kiyev üçün prioritet məsələ "dondurulmuş münaqişələr"in, həmçinin Dnestryanı problemin həlli olacaq. Kojaranın sözünü ATƏT-in növbəti sədrinin standart bəyanatı kimi qiymətləndirmək olardı. Amma elə nazirin də qeyd etdiyi kimi, Dnestryanı münaqişənin həllində Ukrayna çox maraqlıdır.

 

Bu, Ukraynanın nəyinə gərəkdir? 

Kiyevin Dnestryanı münaqişənin həllində maraqlı olması bir sıra amillərlə bağlıdır. Bu, ilk növbədə Ukraynanın Rusiya ilə birlikdə münaqişənin həllinin qarantı və vasitəçisi olması ilə əlaqədardır. Son dəfə 2004-cü ildə əhalinin siyahıya alınmasından sonra Dnestryanı bölgənin 555 minlik əhalisinin 30,3%-ni (168 min) rusların, 28,8%-ni (160 min) ukraynalıların təşkil etdiyi üzə çıxıb. Bununla yanaşı, bölgə əhalisinin 160 mindən artığının Rusiya, təxminən, 100 mininin isə Ukrayna vətəndaşlığı var. Bölgənin 816 kilometrlik sərhəd xəttinin 405 kilometri Ukrayna ilə həmsərhəddir. Bütün bu amilləri nəzərə alsaq, Ukrayna ilə bilavasitə həmsərhəd olan, onun Moldova və Dnestryanı bölgə ilə hərtərəfli siyasi-iqtisadi əməkdaşlığına mane olan barıt çəlləyi - Dnestryanı münaqişəni həll etmək cəhdləri təbiidir. Lakin L. Kojaranın ATƏT sədri postunda Dnestryanı regiona ilk səfəri Rusiya-Ukrayna münasibətlərində müəyyən gərginliyə səbəb olan gözlənilməz nəticə ilə bitib.

Nizamlanma prosesinin detallarını Dnestryanı bölgənin lideri Y. Şevçukla müzakirə edən Kojara Kişinyovda sensasion bəyanat səsləndirib: "Düşünürəm ki, cənab Şevçukla qarşılıqlı anlaşma əldə etdik: o, bu bölgənin Moldova Respublikası çərçivəsində siyasi statusu məsələsini  müzakirə etməyə hazır olduqlarını bildirdi". Ukrayna XİN başçısının bu bəyanatı həm Moskvada, həm də Dnestryanı bölgənin özündə mənfi reaksiyaya səbəb olub. Y. Şevçuk dərhal Kojaranın sözlərini təkzib edib, separatçı rejim "parlament"inin deputatları isə bölgənin "XİN başçısı"    N. Ştanskidən aparılmış danışıqlar haqda hesabat, L.Kojaranın bəyanatı ilə bağlı izahat tələb ediblər.

Maraqlıdır ki, Dnestryanı böl-gənin heç də bütün siyasətçiləri Ukrayna xarici işlər nazirinin açıqlamasına mənfi yanaşmayıb. Xüsusilə "parlament"in xarici siyasət və beynəlxalq əlaqələr komissiyasının rəhbəri D.Soin məsələyə belə münasibət bildirib: "Dnestryanı bölgənin mövcud şəraitində Ukrayna ilə münasibətlərin pozulmasına yalnız uzaqgörən olmayan insanlar gedə bilər. Y. Şevçukun Dnestryanı Moldova Respublikasının (DMR) statusuna dair sözlərinin yozulması və L.Kojarın sonradan Kişinyov hava limanında verdyi açıqlaması ətrafında yaranmış mübahisə, bu cür sərt, kəskin və təhqiramiz şəkil almamalı idi. Diplomatiyada bu cür sürüşkən vəziyyətlə bağlı səsləndirilməsi daha məqbul olan "təəccüb", "anlaşılmazlıq" kimi terminlərdən də istifadə etmək mümkündür", - deyə o, hər kəsi bəyanatlarında müvazinəti saxlamağa çağırıb. D. Soin bildirib ki, heç kəs Ukraynanın qarant dövlət, həmçinin Dnestryanının Şərqə - Rusiyaya doğru tranziti təmin edən ölkə olduğunu unutmamalıdır.

Bununla yanaşı, hətta Tiraspolda mülayim tonun tərəfdarı olanlar münaqişənin siyasi həllinə görə bütün məsuliyyəti Kişinyovun üzərinə qoyur. Kişinyovda isə hesab edirlər ki, münaqişənin həlli, ilk növbədə, Dnestryanı bölgənin statusunun müəyyənləşməsindən asılıdır, buna isə Moskva imkan vermir. "Siyasi məsələ digər məsələlərlə paralel şəkildə müzakirə olunmalıdır. Ötən il Dublində keçirilmiş danışıqlarda iştirakçılar, həmçinin, Rusiya nizamlanmanın əsasında Moldova Respublikasının suverenliyi və ərazi bütövlüyünün dayandığını təsdiqləyiblər. Danışıqlar prosesi də bu prinsip əsasında aparılıb. Bu məsələdə Kişinyovla Kiyevin mövqeyi üst-üstə düşür. Dnestryanı bölgənin statusuna dair danışıqların başlanmasının vacibliyi  ilə bağlı həm Moldova, həm də Ukrayna eyni fikirdədir", - deyə Moldova baş nazirinin müavini, reinteqrasiya üzrə nazir Y. Karpov bildirib.

Ukraynanın XİN başçısı Kojaranın Tiraspola səfəri ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdə səsləndirdiyi fikir də maraqlıdır. O, ölkəsinin Moldova ilə Dnestryanı bölgə arasındakı münaqişənin tezliklə həllində maraqlı olduğunu, bu ilin sonuna problemin Moldovanın ərazi bütövlüyü çərçivəsində çözülməsinə nail olmağı planlaşdırdığını söyləyib.

Cavabında S. Lavrov ona "atları yormamağı", Dnestryanı bölgənin siyasi statusunun müzakirəsindən əvvəl iqtisadi və nəqliyyat problemlərini çözməyi məsləhət görüb. S. Lavrovun bu cavabı bir daha onu göstərir ki, Moskva münaqişənin siyasi həllini - bölgənin siyasi statusunun müəyyənləşdirilməsini uzatmağa çalışır. Halbuki, bu məsələ həll olunmadan digər problemlərin çözümü də çətin görünür.

Kişinyovun Moskvanın Tiraspolda Rusiyanın konsulluğunun açılması xahişini rədd etməsi vəziyyəti daha da qəlizləşdirib. Moldovanın xarici işlər naziri Y. Lyanke bildirib ki, Rusiyanın Tiraspolda konsulluq açması mövzusu bağlanıb, çünki hazırda konsulluğun açılması üçün lazımi şərait yoxdur. Bundan əvvəl isə Moldova prezidenti Nikolay Timofti də konsulluğun açılmasına qarşı çıxmış, bunu Kişinyovun konsulluq əməkdaşlarının təhlükəsizliyini təmin etmək imkanının olmaması ilə əsaslandırmışdı. Prezidentin fikrincə, bu məsələ müsbət həllini yalnız Dnestryanı bölgədən Rusiya qoşunlarının və sülhməramlıların çıxarılmasından sonra tapa bilər. Bu reallıqlar fonunda Moskva və Kiyev bir-birinə qarşı bir sıra ittihamlar səsləndiriblər.

Münaqişənin həlli üçün "5+2" formatında danışıqların növbəti raunduna hazırlıq məsələlərinin müzakirəsi üçün Tiraspola gəlmiş Rusiya XİN-in xüsusi təyinatlı səfiri S. Qubaryov bildirib ki, diqqətin sosial-iqtisadi və humanitar məsələlərə yönəldilməsi vacibdir. Onun fikrincə, Moldovada 2005-ci il iyulun 22-də qəbul edilmiş "Dnestrın sol sahilindəki (Dnestryanı bölgə) yaşayış məntəqələrinin xüsusi hüquqi statusunun əsas müddəaları haqqında" qanunun qüvvədə olduğu şəraitdə siyasi məsələlərin, status məsələsinin həlli mənasızdır. Qeyd edək ki, bu qanun Dnestryanı bölgəyə "Moldova Respublikasının ayrılmaz hissəsi olan xüsusi muxtar ərazi" statusu verir.

Rusiya Kiyevin bu məsələ ilə bağlı addımlarını Moskva ilə uyğanlaşdırmaq istəməməsindən də narazıdır. Kiyevdə və Kişinyovda əmindirlər ki, L. Kojaranın bəyanatı həqiqətdir. Ukrayna Prezident Administrasiyasının Konstitusion-hüquqi təkmilləşdirmə üzrə Baş İdarəsi rəhbərinin müavini V. Kulikin fikrincə, Y. Şevçuk əvvəlcə Kojara ilə razılığa gəlib, lakin sonra Moskvanın bəzi şeyləri izah etməsindən sonra iki addım geri atıb.

 

Rusiya - münaqişədə üçüncü tərəf?

Dnestryanı münaqişəyə son zamanlar heç də ideal olmayan Rusiya-Ukrayna münasibətləri kontekstində yanaşılır. Münaqişənin həlli prosesində ilk dəfədir ki, qarant ölkələr barrikadanın əks tərəflərindədirlər. Bu qarşıdurmada Kiyevlə Kişinyova Rumıniya da dəstək verir. Rumıniya prezidenti T. Beseskunun Moldovaya səfəri ərəfəsində - fevralın əvvəlində onun beynəlxalq təhlükəsizlik və strategiya üzrə məsləhətçisi Y.Kifu Rusiyanı münaqişədə üçüncü tərəf adlandırıb. "Moldovanın Rusiyanın qoşunlarını Dnestryanı bölgədən çıxarmasına cəhdlərini dəstəkləyirik. Moskva 1999-cu ildə ATƏT-in İstanbul sammitinin yekun bəyannaməsi  ilə üzərinə bu haqda öhdəlik götürüb. Rumıniya təhlükəsizlik zonasında sülhməramlı əməliyyatların hərbi formatdan çoxmillətli mülki missiyaya keçilməsini də dəstəkləyir. Son zamanlar Rusiya özünü daha çox sülhməramlı kimi yox, münaqişədə üçüncü tərəf, hətta az qala ikinci tərəf kimi aparır", - deyə Rumıniya prezidentinin rəsmi nümayəndəsi bildirib.

Rusiya XİN-in bu açıqlamaya reaksiyası özünü çox gözlətməyib. Nazirlikdən Kifunun ittihamlarından heyrətə gəldiklərini bildiriblər. Qurumun açıqlamasında bildirilir ki, Rusiyanın Dnestryanı münaqişənin Rumıniyanın iştirak etmədiyi həlli prosesindəki qarant və vasitəçi rolunun, səylərinin şübhə altına alınması əsassızdır.

Bu konteksdə rusiyalı ekspertlər diqqəti bir məqama da çəkir. Onlar bildirir ki, Avropa İttifaqı Ukraynanın Avropaya inteqrasiya perspektivini Kiyevin ATƏT-ə sədrlik dövründə Dnestryanı münaqişənin həllində özünü necə göstərəcəyi  ilə əlaqələndirir. Rumıniyanın xarici işlər naziri Titus Korletsyan ölkənin Agerpres dövlət informasiya agentliyinə müsahibəsində bildirib ki, Aİ ölkələrinin XİN başçılarının Ukrayna xarici siyasət idarəsinin rəhbəri Leonid Kojara ilə Brüsseldə keçirdikləri görüşdə söhbət bundan gedib.

"Mən bu görüşdə Ukraynadan siyasi dialoq və əməkdaşlığa dəstək verməsini istəyən yeganə nazir deyildim. Biz Kiyevi irəliyə konkret addımların atılması, xüsusilə danışıqlar prosesində daha həssas mövzulara keçilməsi üçün mümkün olarsa, "5+2" formatında müşahidəçi olan Aİ ilə koordinasiyaya da çağırmışıq", - deyə Regnum agentliyinin məlumatına görə, Korletsyan bildirib. Rumıniya XİN başçısı fikrini belə tamamlayıb: "Ukrayna tərəfinin Avropa planından gözləntiləri böyükdür. Ümid edirik, bu, Ukrayna üçün bir imkan olmaqla yanaşı, həm də irəliyə addım atmaq və konkret nəticələr əldə etmək üçün böyük məsuliyyətdir".

Qeyd etmək lazımdır ki, Buxarest uzun illərdir münaqişənin həllində nəticə verməyən "5+2" formatının dəyişdirilməsinə çoxdan cəhd edir. Rumıniyanın narazılığı həm də münaqişənin həlli prosesində heç bir formatda iştirak etməməsi  ilə bağlıdır. Buxarestin bu prosesə buraxılmamasına səbəb isə onun Moldovanı dəstəkləməsidir.

Ümumiyyətlə, postsovet məkanındakı bütün münaqişələrin həllində format bu cür qüsurludur. Bir sıra dövlətlər prosesə separatçılıqla, bəzən hətta qonşuları tərəfindən açıq təcavüzlə üzləşmiş ölkələrin mövqeyini dəstəklədikləri üçün buraxılmır. Amma nədənsə çox vaxt danışıqlar proseslərində əsas vasitəçi qismində separatçı qurumları və təcavüzkarları dəstəkləyən dövlətlərin çıxış etməsinə fikir verilmir.

Kişinyovda hesab edirlər ki, Dnestryanı münaqişənin həlli yolunda əsas maneə, təhlükəsizliyə problem, Moldovanın ərazi bütövlüyünə təhlükə Dnestryanı bölgədəki Rusiya sülhməramlı hərbi kontingentidir. Bu mövqe ilə Rumıniya, ABŞ və Aİ də razıdır. Moskva isə öz növbəsində hesab edir ki, bu gün məhz onun hərbi kontingentinin bölgədə olması orada təhlükəsizliyin qarantıdır.

Separatçı rejimin lideri Y. Şevçuka gəlincə, Dnestryanı bölgənin müstəqilliyi tanınanadək orada Rusiya hərbçilərinin qalmasına tərəfdardır. Üstəlik, Şevçuk Rusiya sülhməramlılarının müasirləşdirilməsini və yenidən təchiz edilməsini də istəyir.

Kişinyov isə tam əks mövqedədir. Moldovanın müdafiə naziri V. Marinutsa hesab edir ki, münaqişə zonasındakı gərginliyi separatçı rejimin rəhbərliyi qoruyub-saxlayır, Rusiya sülhməramlıları isə separatçı rejimin qarantı kimi çıxış edir. Moldovanın sülhməramlı missiyasının beynəlxalq mandata sahib çoxmillətli mülki missiya ilə əvəzlənməsi cəhdləri məhz bundan irəli gəlir. Bunun üçün ilk növbədə münaqişənin siyasi tərəfi çözülməlidir. Moskvanın bu üzdən məsələnin həllini uzatmağa çalışdığı istisna edilmir. Çünki bu halda gündəmə regiona beynəlxalq hərbi sülhməramlı missiyanın yerləşdirilməsi tələbi çıxa bilər.

Tamamilə aydındır ki, Ukraynanın Dnestryanı münaqişənin həlli prosesində qazanacağı uğur həm Kiyevin nüfuzunu, həm də Ukrayna prezidenti Viktor Yanukoviçin siyasi reytinqini artıracaq. Bundan başqa, bu, Ukraynanın Avropaya inteqrasiyası perspektivinə də xeyli aydınlıq gətirərdi. Amma güman ki, Moskva bu işdə Kiyevə köməklik göstərmək niyyətində deyil. Üstəlik Rusiya MDB məkanını yalnız özünə məxsus geosiyasi məkan sayır və postsovet ölkələri ərazisindəki münaqişələrin həllində əsas moderator rolundan imtina etməyi düşünmür.



MƏSLƏHƏT GÖR:

465