12 Mart 2025

Çərşənbə, 18:03

"BU REGİON BARIT ÇƏLLƏYİNİ XATIRLADIR"

Maykl Rubİn: "Azərbaycan, Bİrləşmİş Ştatlara olan münasİbətİnə görə daha yüksək dəyərləndİrİlməlİdİr"

Müəllif:

15.02.2013

İkinci müddətə ABŞ prezidenti seçilmiş Barak Obama ideyalarının ölkənin neomühafizəkar dairələrində sərt müqavimətlə qarşılanmasına rəğmən, Birləşmiş Ştatların xarici siyasətində strategiyanı dəyişmək niyyətindədir. ABŞ-ın strategiyasında dəyişikliklərin baş verəcəyini göstərən ilk əlamət Obama komandasına Çak Heygel və Con Kerri kimi birmənalı yanaşılmayan siyasətçilərin daxil olunmasıdır.

Bəs ABŞ-ın yeni və ya təzələnmiş siyasəti necə olacaq? Vaşinqtonun Yaxın Şərq və İran üzrə "Ameriken Enterprayz" institutunun eksperti Maykl RUBİN bu haqda düşüncələrini "R+" jurnalı ilə bölüşüb.

- Con Kerri əmin edir ki, onun senator olarkən ortaya qoyduğu ermənipərəst mövqe ABŞ-ın dövlət katibi postundakı fəaliyyətinə heç bir təsir göstərməyəcək. Onun bu mövqeyini yeni kabinetində də nümayiş etdirməsi ehtimalı nə qədərdir?

- Kerri erməni diasporu ilə sıx əlaqələrə malikdir. Amma mən regionda indiyədək aparılan siyasətdə hər hansı dəyişikliyin baş verəcəyini görmürəm. Kerri heç bir halda tərəflərdən hər hansına prinsipial dəstək verən şəxs kimi tanınmır: düşünürəm ki, artıq seçkidə erməni icmasının dəstəyinə ehtiyac duymayan Kerri onlara məhəl qoymayacaq. Açığı, ABŞ-da mənim tanıdığın erməni fəallarını bir məsələ narahat edir: onlar düşünür ki, bəlkə də indiyədək Kerrinin də dəstəyi loyallığa əsaslanmayıb və sadəcə opportunist xarakter daşıyıb.

- ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxardıqdan sonra, Cənubi Qafqaza marağının xeyli azalacağına dair fikirlərlə razısınızmı?

- Əfqanıstandan qoşunların çıxarılmasından sonra ABŞ-ın Cənubi Qafqaza marağı, şübhəsiz ki, azalacaq. Daha pisi odur ki, Putin prezident Obamaya çox da əhəmiyyət vermədiyini gizlətmir və bunu artıq hər kəs hiss edir, Obamanın özü isə bunu etiraf etməyərək, Moskva ilə "flirt"i davam etdirir.

- ABŞ-ın Bakıdakı sabiq səfiri Metyu Brayzanın prezident Obamanın Dağlıq Qarabağ münaqişəsinin həllində heç zaman Rusiya prezidenti Medvedev qədər fəal olmayacağına dair fikri  ilə razısınızmı?

- Bəli, Metyu Brayza ilə tam razıyam. Ağ Evdə hesab edirlər ki, Şimali Koreya, Suriya, İran, Pakistan, Meksika və Venesuela ABŞ üçün həmişə prioritet təşkil edəcək. Bundan başqa, Obama Azərbaycan kimi müttəfiqləri qiymətləndirməyi bacaran insan deyil. O, dostluğun vacib olduğunu anlamır. Hətta WikiLeaks saytında Ermənistanın İrandakı terrorçulara ciddi dəstək verdiyinə dair məlumatların yayılmasından sonra belə, Obama onlara barmaq silkələmək niyyətində deyil. Bu, həqiqətən də faciədir və bir amerikalı olaraq məni narahat edir. Azərbaycan, Birləşmiş Ştatlara olan münasibətinə görə daha yüksək dəyərləndirilməlidir.

- Cənubi Qafqazda çoxlu sayda təhlükənin olduğu heç kimə sirr deyil. Bu təhlükələrdən birinin bu il silahlı qarşıdurmaya çevrilməsi təhlükəsi varmı?

- Bu region barıt çəlləyini xatırladır. Məni ən çox narahat edən İranın lovğalığıdır. ABŞ İranla müharibəyə başlamaq fikrində olmadığı bir vaxtda, Tehranın Birləşmiş Ştatları təxribata çəkəcəyi, reaksiya verməyə məcbur edəcəyi təhlükəsi var. 

- Bəs ermənilərin işğal etdikləri Qarabağda yeni aeroportun istifadəsinə başlamaq niyyəti regiondakı vəziyyətə necə təsir göstərə bilər?

- İşğal altındakı ərazilərdə aeroportdan istifadə çox təhlükəlidir. Amma Ermənistan hökuməti belə planlar ortaya qoya bilər. Ermənistan prezidenti Serj Sarqsyan iqtisadiyyatın iflasına və əhalinin sayının azalmasına görə məsuliyyət daşıyır. Onun əhalinin diqqətini mövcud problemlərdən çəkməsi üçün yeganə yol millətçilikdir və Sarqsyan bu yolla gedəcək. Amma bizim beynəlxalq ictimaiyyətin Şimali Kiprdəki aeroportdan istifadə etmək istəməməsi kimi (ən azı, Türkiyədə dayanmadan birbaşa reyslərdə) nümunəmiz var və güman ki, bu, mübahisəli ərazilərdə açılacaq istənilən yeni aeroport üçün də nümunə olacaq.


MƏSLƏHƏT GÖR:

444