14 Mart 2025

Cümə, 21:43

TEHRAN-2013

İranda prezİdentlİk uğrunda savaş artiq başlayib

Müəllif:

15.02.2013

İranda islam inqilabının 34-cü ildönümü münasibətilə keçirilən bayram tədbirində baş verən qalmaqal əhvalı korlayıb. Parlamentin spikeri Əli Laricani mitinqdə çıxış edərkən prezident Mahmud Əhmədinejadın tərəfdarları tərəfindən hücuma məruz qalıb. Onlar spikerə daş və ayaqqabı atıblar. 

Prezidentin tərəfdarları ilə spiker arasında münasibətlər tam olaraq parlamentin iclası zamanı pozulub. İclasda Əhmədinejad hakimiyyəti qəsb etməsi və səriştəsizliyi  ilə bağlı üzləşdiyi ittihamlara cavabında Laricani və onun ailəsini ölkənin məhkəmə sistemindəki korrupsiyaya bulaşmalarında günahlandırmışdı. Prezident iddialarının təsdiqi kimi deputatlara spikerin qardaşının rüşvət tələb etdiyinə dair söhbətin yer aldığı səs yazısı da təqdim etmişdi. Bütün bunlar onlar arasında söz savaşı ilə nəticələnmişdi. Laricani Əhmədinejadı mafioz əməllərdə ittiham edərək ondan zalı tərk etməsini istəmiş, hətta prezidenti ona cavab verməyə belə qoymamışdı. Analitiklərin fikrincə, baş verənlər seçkiqabağı kampaniyanın qeyri-rəsmi startından başqa bir şey deyil.

İranda prezident seçkisi iyunun 14-nə təyin olunub. Hazırkı dövlət başçısı Mahmud Əhmədinejad ikinci prezidentlik müddətini icra edir və bu, son müddətdir. İran Konstitusiyası bir şəxsin ardıcıl olaraq 3 dəfə prezidentliyə namizəd olmasına icazə vermir. Demək, Əhmədinejad prezidentliyi başa vurmaq üzrədir. Lakin görünən odur ki, hazırkı dövlət başçısı ölkədəki siyasi proseslərə tərəfdarları vasitəsilə təsiri bundan sonra da davam etdirmək arzusundadır. Digər tərəfdən, Əhmədinejadın opponentləri  isə onun davamçılarını nüfuzdan salmağa çalışır. Beləliklə, parlamentdəki qalmaqal və onun ardından Tehran prokurorunun sutkalıq həbsi, İran rəhbərliyinin ABŞ-la danışıqların gedişindəki bir-birinə zidd reaksiyası göstərir ki, həm ümumilikdə İran ictimaiyyətində, həm də hakimiyyətin yuxarı eşalonunda parçalanma var. Bu haqda hələ 2012-ci ildə keçirilmiş və mübarizənin faktiki olaraq dini lideri Xamnei ilə prezident Əhmədinejadın tərəfdarları arasında getdiyi parlament seçkisindən sonra danışılırdı.

Daha bir intriqa isə həm dini liderin, həm də hazırkı prezidentin tərəfdarlarının İran cəmiyyətinin islahatçı hissəsini oyundankənar vəziyyətdə qoymağa çalışmasıdır. Xatırladaq ki, islahatçılar 2009-cu ildə seçkinin mübahisəli nəticələrinin açıqlanması ilə küçələrə çıxaraq özünü ciddi siyasi qüvvə kimi göstərmişdi.

Ölkə daxilindəki bu qarışıqlıq və beynəlxalq sanksiyalar nəticəsində dərinləşmiş sosial-iqtisadi problemlər fonunda İranda ikinci şəxsin postu uğrunda mübarizə xüsusi əhəmiyyət qazanır.

 

Siyasi qruplar və onların ehtimal olunan namizədləri

İyunda keçiriləcək prezident seçkisində Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənən namizədlər mübarizə aparacaq. Seçkiqabağı yarış iştirakçılarının siyahısı hələ ki, dəqiq bəlli olmasa da, mümkün namizədləri təxmin etmək olar. Onların arasında siyasətçilər də var, akademik və dini dairələrin nümayəndələri də. Onları şərti olaraq 3 kateqoriyaya bölmək olar: islahatçılar; iranpərəst qrup (Əhmədinejadın tərəfdarları); mühafizəkarlar (bu qrup öz daxilində radikallar, ənənələrə əsaslananlar və praqmatiklər kimi kateqoriyalara bölünür).

Qeyd etmək lazımdır ki, 2012-ci ilin dekabrında prezident seçkisi haqqında yeni qanunun qəbulundan sonra, yarışda yaşı 40-dan az, 75-dən çox olmayan, doktorluq və ya digər elmi dərəcəsi, yaxud buna bərabər dini dərəcəsi olan, dövlət məmuru kimi, ən azı, 8 il iş təcrübəsinə malik şəxslər iştirak edə bilər. Bu qanunun qəbulundan sonra bəzi güclü siyasətçilər prezident seçkisinə qatılmaqdan məhrum olublar. Onların arasında İranın sabiq prezidenti, 79 yaşlı dövlət xadimi və oliqarx Haşimi Rəfsəncani də var. Yeni qanun olmasaydı, o, ölkədə siyasi qüvvələr nisbətinə öz təsirini göstərə bilərdi. İslahatçı əhvallı siyasətçi olan Rəfsəncani ölkənin ali dini lideri Xameneinin "qatı dostu"dur.

 

İslahatçılar

Eks-prezident Hatəminin döv-ründə "Daha çox azadlıq və demokratiya" şüarı ilə meydana çıxmış islahatçı qrup 2013-cü il seçkisi ərəfəsində özünə yeni lider axtarmaqdadır. Hazırkı şəraitdə Rəfsəncaninin və ya "Yaşıl hərəkat"ın rəhbəri Mir Hüseyn Musəvinin namizədliyini irəli sürmək mümkün deyil: Rəfsəncani yaş senzini keçib, Musəvi isə ev dustağıdır. Maraqlıdır ki, Musəvi İranın ali dini lideri və mühafizəkarların lideri Xamneinin  qohumudur (Xamneinin atası Musəvinin nənəsinin qardaşıdır).

Analitiklər hesab edir ki, islahatçıların lideri olmağa əsas namizəd eks-prezident Hatəminin qardaşı, onun rəhbərliyi dövründə səhiyyə naziri postunu tutmuş Məhəmməd Rza Hatəmidir. Hatəminin həyat yoldaşı Zəhra Eşraki İslam inqilabının başçısı Ruhulla Xomeyninin nəvəsi olsa da, Hatəminin özü islahatçı ideyaların qatı tərəfdarıdır. Konstitusiyaya Nəzarət Şurasının onun namizədliyini təsdiqləyəcəyi təqdirdə, onun arxasında güclü və çoxsaylı elektorat dayanacaq. Konstitusiyaya Nəzarət Şurası Hatəminin namizədliyini təsdiqləməsə, islahatçıların namizədi sabiq vitse-prezident Məhəmməd Rza Aref və ya Rəfsəncaninin prezidentliyi dövründə nazir postunu tutmuş Məhəmməd Əli Nəcəfi ola bilər. Amma bu namizədlərdən heç birinin sosial bazası, islahatçı əhvallı elektorat arasında dəstəyi yoxdur.

 

Mühafizəkarlar

1979-cu il inqilabından sonra İran, əsasən, mühafizəkar qrupdan ibarət ruhanilər tərəfindən idarə olunur. Haşimi Rəfsəncani və Məhəmməd Hatəminin prezidentlikləri dövründə islahatçı qanad siyasi və sosial yenidənqurmaya getməyə çalışsa da, mühafizəkar ruhanilər dövlətin idarə olunmasında öz mövqelərini qoruyub-saxlaya bildilər. İrandakı daxili siyasi prosesləri anlamaq üçün mühafizəkarların özlərinin də radikallara, ənənələrə əsaslananlara və praqmatiklərə bölündüyünü qeyd etmək vacibdir.

Mühafizəkarların namizədləri arasında daha çox parlamentin spikeri Əli Laricaninin adı hallanır. Dini liderin oğlu, fəlsəfə doktoru, təcrübəli siyasətçi və bürokrat olan Laricani qardaşları vasitəsilə İran hakimiyyətinin müxtəlif qanadlarına təsir imkanına malikdir. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) keçmiş əməkdaşı olan Laricani İslam Respublikası ideyasının qatı tərəfdarıdır. Vaxtilə mühafizəkarların favoriti olan Əhmədinejada prezident seçkisində məğlub olmuş Laricani İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi postunu tutdu. O, İranın nüvə proqramı ilə bağlı Aİ ilə apardığı danışıqlarda əsas elçi idi. Bu danışıqlardakı "mülayim" mövqeyi Laricanini praqmatik mühafizəkarların nümayəndəsi kimi tanıdıb. Eyni zamanda, onun ali lider Xamneiyə yaxınlığı Laricanini mühafizəkarların bu qrupu arasında da populyarlaşdırır.

Laricaninin əsas rəqibi mühafizəkarlardan olan digər potensial namizəd Məhəmməd-Bağır Kalibafdır. İran-İraq müharibəsi zamanı İİKK-yə komandanlıq etmiş Kalibaf hüquq-mühafizə orqanlarında çalışıb, daha sonra Tehranın meri olub. Bu vəzifədən o, Əhmədinejadın prezident seçilməsindən sonra azad olunub. Hələ 2005-ci ildə prezidentliyə namizədliyini irəli sürən Kalibaf İran gəncliyinə üz tutaraq mühafizəkar və islahatçı tezisləri sintez etməyə çalışırdı. Bu dəfə Kalibaf İİKK-nin, bəzi KİV-in, "Bəsic"in (İranın könüllülərdən ibarət yarımhərbi milisi) və hətta "Yaşıl hərəkat"ın bəzi nümayəndələrinin dəstəyinə bel bağlaya bilər. Cəmiyyətin Kalibafın ideyalarının birləşdirdiyi müxtəlif seqmentlərinin dəstəyi, əlbəttə ki, vacib amildir. Lakin "ənənəvi mühafizəkarlar" arasında Kalibafın imici "həddindən artıq müasir" və "həddindən artıq güclü" kimi formalaşıb. Mühafizəkarlar onun simasında "ikinci Əhmədinejad"ın peyda olacağından narahat olurlar.

İranın sabiq xarici işlər niziri Manuçöhr Mottəki də 2012-ci ilin dekabrında prezidentlik yarışına qoşulmaq niyyətini açıqlayıb. "Praqmatik mühafizəkarlar"ın nümayəndəsi olan Möttəki Çin və Rusiya rəhbərliyi  ilə sıx əlaqələrə malikdir. Beynəlxalq aləmdə məşhurluq nə qədər onun xeyrinə işləsə də, Kalibaf və Laricani kimi güclü namizədlər qarşısında Möttəkinin şansları böyük deyil.

Mühafizəkarlar arasındakı digər iddialılara gəlincə, onların arasında sabiq xarici işlər naziri Əli Əkbər Vilayətinin, Xamneinin qudası və ən sadiq adamı olan Qulam Əli Həddad Adilin, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin adlarını da çəkmək olar.

 

"İranpərəstlər" 

Əhmədinejadla mühafizəkarlar arasında hələ 2009-cu il prezident seçkisi ərəfəsində başlanmış qarşıdurma, deyəsən, daha da dərinləşir. Son illər ərzində İran prezidenti ətrafında "iranpərəst" ideologiyanın daşıyıcılarının cəmləşməsi müşahidə olunur. Onlar üçün İranın islam identifikasiyası milli, yəni, fars milli identifikasiyasından arxa plana keçməlidir (İslamdan əvvəlki İranda olduğu kimi). İranpərəst qrup mədəni və sosial məsələlərə mühafizəkarlarla müqayisədə daha liberal baxışları ilə fərqlənirlər. Mühafizəkarlar dində milliyyət məsələsinin olmadığını və bunun dini "ümma"  anlayışı ilə əvəz olunduğunu əsas gətirərək, onları xəyanətdə suçlayırlar.

İranpərəst qrupun parlaq nümayəndəsi Əhmədinejadın əsas məsləhətçisi İsfəndiyar Rahim Maşaidir. Onların dostluğunun kökləri İran-İraq müharibəsi dövrünə gedib çıxır. Həmin vaxt hər iki şəxs kəşfiyyatda işləyib, sonradan isə yaxın qohum olublar.

Əhmədinejad 2009-cu ildə təkrarən prezident seçildikdən sonra, Maşaini vitse-prezident təyin etmişdi. Lakin məsələyə dini liderin qarışması ilə Maşai bu vəzifədə heç üç gün otura bilmədi. Məsələ ondadır ki, Maşai bir il əvvəl iranlıların "dünyanın bütün xalqlarına, həmçinin israillilərə dostcasına yanaşdıqlarını" deməklə, mühafizəkarların qanını əməlli-başlı qaraltmışdı. "Dünyanın heç bir xalqı bizə düşmən deyil. İran - ABŞ və İsrailin dostudur və bu ölkələrə hörmət edir. Hesab edirik ki, amerikalılar dünyanın ən böyük xalqlarından biridir", - deyə Maşai o vaxt bildirmişdi. Analitiklərin fikrincə, Əhmədinejaddan sonra Maşainin prezident seçilməsi İranın Putin-Medvedev variantı ola bilər. Bu üzdən Konstitusiyaya Nəzarət Şurasının Maşainin prezidentliyə rəsmi namizəd olmasına imkan verəcəyinə inanmaq çətindir.

İran rəhbərliyindəki qruplaşmalardan danışarkən çox vacib bir məqamı da diqqətdən kənarda qoymaq olmaz. Bir qayda olaraq, İslam inqilabı ideyasını çox vacib və aktual sayan mühafizəkarlar farsəsilli deyillər (Xamnei, Kalibaf və b.). İslahatçıların və təbii ki, "iranpərəstlər"in əsas özəyini isə etnik farslar təşkil edir. Bununla əlaqədar olaraq, müşahidəçilər çox maraqlı tendensiyaya şahidlik edir: İranda real hakimiyyət tədricən İran islam dövlətçiliyinin möhkəmlənməsinə xidmət edən etnik azərbaycanlıların əlinə keçir.

İstənilən halda, prezident seçkisi İranın heç də ən yaxşı dövrlərini yaşadığı vaxtda keçirilməyəcək. Rusiya və Çinin zəif dəstəyini saymasaq, İran beynəlxalq aləmdə faktiki olaraq təcrid durumdadır. Onun yeganə sadiq müttəfiqi olan Bəşər Əsədin Suriyası isə can verir. Bundan başqa, İranın daxilində beynəlxalq iqtisadi sanksiyalar üzündən işsizlik və inflyasiyanın səviyyəsi artır, etirazçı elektoratın səsi getdikcə daha güclü eşidilməyə başlayır. Ola bilsin, ölkə rəhbərliyi, xüsusilə də onun mühafizəkar hissəsi bu qəzəbi hazırkı prezident və xarici bədxahların üstünə atacaq, əsas prezidentliyə namizədlər isə hərbi ritorikaya və mühafizəkar dəyərlərə üstünlük verəcəklər.



MƏSLƏHƏT GÖR:

493