Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycanı aqrar logistika sistemini optimallaşdırmağa və istehsalçıların satış bazarına çıxışını asanlaşdırmağa yönəlmiş irimiqyaslı islahatlar gözləyir. Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Bundan əlavə, ölkədə aqroparkların yaradılması və "Elektron kənd təsərrüfatı" informasiya sisteminin də yaradılması planlaşdırılır.
Yeni islahatlar
Daimi defisit və aqrar xammal qiymətlərinin artması ilə bağlı qlobal proseslər, eləcə də kənardan təsir edən sistemli ərzaq inflyasiyası kimi obyektiv amil, Azərbaycanın ərzaq təhlükəsizliyi üçün ciddi təhlükədir. Daxili faktorlar da az risklər yaratmır - nəqliyyat və anbar logistika mexanizmlərinin natamamlığı, kənd kooperasiyaları və ona məxsus kütləvi ticarət formalarının kifayət qədər inkişaf etməməsi, kiçik fermer təsərrüfatlarının iri şəhərlərin satış bazarlarına çıxmasına mane olan süni əngəllər də az deyildir.
Kənd təsərrüfatı məshullarının istehsalının stimullaşdırılması məqsədilə cari ilin aprel ayının ortalarında prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Xüsusən, rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinə İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə təklifləri hazırlamaq tapşırılıb. Fərmanın ayrı bəndləri Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının özəlləşdirilməsi və yenidən təşkili məsələlərini nəzərdə tutur.
"Bu gün yerli kənd təsərrüfatı istehsalçılarına dövlət strukturları və idarələri tərəfindən göstərilən xidmətlərin böyük əksəriyyəti, vaxtı gələndə özəl podratçılara veriləcək", - deyə kənd təsərrüfatı naziri Heydər Əsədov bununla bağlı məlumat verib. Onun sözlərinə görə, dövlətin əsas rolu kənd təsərrüfatı bazarının tənzim edilməsi və nəzarətdən ibarətdir. Servis xidmətlərinə gəldikdə isə bütün dünyada bu cür xidmətlər fermerlərə kommersiya strukturları tərəfindən göstərilir. Nazirliyin rəhbəri misal qismində fermerlərin gübrələrdən istifadə aspektini gətirib. - Ölkə təsərrüfatının böyük əksəriyyəti müvafiq tədqiqat, hesablama aparmır və nə qədər, hansı gübrənin onlara lazım olduğunu sadəcə bilmirlər. Fermerlər müvafiq laboratoriya və mütəxəssislərin olmasına baxmayaraq, torpağın xüsusi tədqiqatını da aparmırlar. Halbuki bu cür təhlil kəndlilərin xərclərini dəfələrlə azaldaraq, gübrədən istifadə olunmasını nəzərə çarpacaq dərəcədə optimallaşdıra bilərdi.
Gələcəkdə bu məsələyə istehsalçılar özləri maraq göstərməli, bu və ya digər araşdırmaların aparılması üçün özəl, ya da təsərrüfat hesablı laboratoriyaların xidmətlərini cəlb etməlidirlər. Aqrar idarədə hesab edirlər ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90%-dən artığını özəl sektor təmin edirsə, bütün aqroservis seqmentini də ona vermək lazımdır. İlk növbədə bu baytarlığa toxunacaq: dövlət tərəfindən təmin ediləcək bəzi miqyaslı, profilaktik epizootik tədbirlər istisna olacaqlar. Lakin bu, müqavilə əsasında baş tutacaq. Əlbəttə ki, baytarlıq sahəsində bütün tənzimləmə və nəzarət sferası əvvəlkitək dövlətin əlində qalacaq.
Yeni məqsədlər sırasında xarici investorların cəlb edilməsi ilə ölkədə kənd təsərrüfatı texnikasının istehsalının təşkili qeyd olunur. Aqrar qurumun profil laboratoriyalarının təkmilləşdirilməsi və onların beynəlxalq akkreditasiyası, o cümlədən qeyri-dövlət fitosanitar xidmətlərin fəaliyyətinin təşkili və lisenziyalaşdırılması, eləcə də istehsalı, ixracı, idxalı və bitki və aqrokimyəvi maddələrin müdafiə vasitələrinin qorunmasına dair tədbirlər planlaşdırılır. Kənd təsərrüfatı heyvanlarının qeydiyyatı və identifikasiya sisteminin formalaşdırılması gözlənilir. Aqrar elmin inkişafı konsepsiyasının layihəsi hazırlanacaq. Eyni zamanda Təhsil Nazirliyi ilə birgə aqrar sahə üçün kadrların hazırlıq sistemi təkmilləşdirilib. "Aqrolizinq" ASC-nin fəaliyyətinin beynəlxalq standartlara uyğun həyata keçirilməsinə dair tədbirlərin reallaşdırılması nəzərdə tutulub. "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirləri tapşırılıb. Öz növbəsində xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin resurslarının istifadəsi planlaşdırılır.
Elektron təsərrüfat
Fərmanda əsas yer "Elektron kənd təsərrüfatı" informasiya sisteminin mərhələli şəkildə işlənib hazırlanmasına ayrılıb: yaxın üç il müddətində formalaşdırılacaq bu mexanizm, aqrar sektora dövlət dəstəyi çərçivəsində reallaşdırılan tədbirlərin şəffaflığına və hesabatlılığına dəlalət edir. "Elektron kənd təsərrüfatı" sisteminin tətbiqi bu sahənin çoxsaylı köhnəlmiş problemlərini həll etməyə imkan verəcək. Sözsüz ki, bu - irimiqyaslı layihədir. Onun mükəmməl şəkildə həyata keçirilməsi mühüm vaxt aparacaq. Odur bu prosesin sürətlənməsi məqsədilə qurum artıq bu gün monitorinqlər keçirir və fermer təsərrüfatları və kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş torpaqların optimallaşdırılmasına dair mövcud informasiya üzrə digər tədbirlər həyata keçirir. Xüsusən, bizim məlumat bazamızın Torpaq və Xəritəçəkmə, Əmlak Məsələri Komitələri ilə müqayisəli təhlilərimiz aparılıb", - deyə kənd təsərrüfatı naziri H. Əsədov qeyd edib.
Nazirin sözlərinə görə, bu fəaliyyət nəticəsində aqrarçılar tərəfindən bir sıra pozuntular aşkar edilib. Bu pozuntuların aradan qaldırılması dövlət tərəfindən ayrılan dotasiyaların böyük həcminə qənaət etməyə imkan verib. Eyni zamanda monitorinqlər nəticəsində qənaət edilmiş vəsaitlər fermerlər üçün kənd təsərrüfatı güzşətlərinin həcminin artırılmasına yönəldilib. Belə ki, subsidiyaların verilməsi üzrə təşkil edilmiş xüsusi komissiya təxminən 150 fermerə 20,15 mln. manat həcmində əvəzsiz yardım edilməsini təmin edən qərar qəbul edilib. Bundan başqa, 4 mln. manatdan artıq vəsait təxminən 15 min ton mineral gübrənin güzəştli şəkildə alınmasına ayrılıb.
Yeddi il əvvəl başlamışfermerlərə və aqrar kooperativlərə subsidiyaların verilməsi siyasəti, ilk başlanğıcda kənd təsərrüfatı istehsalçılarını müasir inkişaf səviyyəsinə çıxarılmasına və sahənin təkmilləşdirilməsində sabitliyin verilməsinə yönəlmişdi. Məsələn, fermerlər yanacaq, motor yağları və gübrəni yarı qiymətə alırlar. Bundan başqa, fermerlərə buğda və digər strateji bitkilərin hər hektar səpilmiş sahəsinə görə 40 manat subsidiya verilir. Ötən on ildə bir neçə birbaşa dövlət proqramı çərçivəsində kənd təsərrüfatı istehsalçılarına subsidiya, texniki və digər əvəzsiz yardımlar şəklində təxminən 580 mln. manat yardım ayrılıb.
Lakin il-ildən fermerlərə artan əvəzsiz dövlət yardımının həcmi, subsidiyaların bölünmə mexanizminin nəzərdən keçirilməsinin zəruriliyini daha kəskin aşkara çıxarır. Ötən ilin əvvəlində hökumətin regionların inkişafına həsr olunmuş iclasının gedişi zamanı dövlət başçısı İlham Əliyev, dövlətin təqdim etdiyi vəsaitlərin səmərəsiz şəkildə istifadə olunması mövzusuna, kənd təsərrüfatı subsidiyalarının verilmə mexanizminin şəffaflığı və səmərəliliyi ilə bağlı ciddi problemlərə toxunmuşdu.
Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi ötən ilin sonundan nəhayət ki, subsidiya verilməsi sahəsində tələb olunan islahatların reallaşmasına ciddi şəkildə başladı. Əslində fermerlər və ölkənin kənd təsərrüfatının bütün qalan subyektlərinin elektron qeydiyyatdan keçmə sistemlərinin yaradılması üzəridə işə başlamaq qərarı da bununla bağlı verilmişdi. Məlumatların bu cür elektron bazası fermer təsərrüfatlarında işin real həcmindən asılı olaraq subsidiyaların təqdim olunmasına və kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş torpaq sahələrinin dəqiq parametrlərinin müəyyən edilməsinə imkan verəcək. ""Elektron kənd təsərrüfatı" sistemini yaratmaqla Kənd Təsərrüfatı Nazirliyi subsidiyaların bölünməsi sistemində tam şəffaflığı təmin edə biləcək", - deyə H. Əsədov qeyd edib.
Təqdirəlayiqdir ki, dövlət başçısının yeni fərmanı, aqrar məhsulun müasir və şəffaf istehsalı və satışının inkişafına yönəlmiş 2014-cü ilin yanvar tarixli sərəncamının məntiqi davamıdır. Bir sözlə, Azərbaycan kəndində yeni islahatlar mərhələsinə start verilib.
MƏSLƏHƏT GÖR: