Müəllif: Emil İSMAYILOV Bakı
Şəhərdə sərnişin nəqliyyatının normal işləməsi istənilən meqapolisin iqtisadi-istehsalat və sosial inkişafı üçün vacibdir. Şəhərin in-kişafı ilə ictimai nəqliyyatın yüklənməsi də artır, əhaliyə nəqliyyat xidmətlərinin göstərilməsində problemlərin meydana çıxması qaçılmaz olur. Son illər bu problemlər Bakıda da yaşanır. Bu sahədəki problemlər o qədər ciddi xarakter alıb ki, bunu ölkə prezidenti İlham Əliyev də bir neçə dəfə çıxışlarında dilə gətirib. Etiraf etmək lazımdır ki, belə halların aradan qaldırılması üçün müvafiq strukturlar tərəfindən dəfələrlə cəhdlər edilsə də, köklü dəyişikliklərə nail olunmayıb. Bu günlərdə sözügedən istiqamətdə daha bir neçə vacib qərar qəbul edilib. Bu dəfə də qərarlar dövlət başçısının tapşırıqlarından sonra qəbul edilib.
İslahatlar və problemlər
Qeyd olunmalıdır ki, son illərdə Azərbaycanda bir sıra digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da bəzi islahatlar, yenidənqurmalar aparılıb. Məsələn, sərnişindaşımanın keyfiyyətinin artırılması, Bakıda ictimai nəqliyyatda bədbəxt hadisələrin qarşısının alınması istiqamətində xeyli iş görülüb. Paytaxtda 170-dən artıq avtobusu özündə birləşdirən daşıyıcıların sayı 32-dək azaldılıb, avtobus parkı yenilənib.
İctimai nəqliyyatda qeyri-nağd ödəmənin tətbiqi çərçivəsində bu ilin yanvarından ödəniş kartları satışa çıxarılıb. Artıq 40 marşrutda ödəmə sistemi işləyir. Bu, hazırda şəhərdə xətlərdə olan 2500 avtobusdan 800-nü əhatə edir. «Yolkart» adlanan ödəmə kartının qiyməti 3 manatdır. Məbləğin 2 manatı sığorta depoziti, 1 manatı isə balansdır. Sistemin 2015-ci ilədək tam tətbiq olunması nəzərdə tutulub. O vaxtadək Bakıdakı avtobus dayanacaqlarında POS-terminallar quraşdırılacaq və onların köməyilə vətəndaşlar ödəniş kartlarının balansına pul qoya, kommunal ödənişlər apara biləcəklər.
Bütün bu yeniliklərə baxmayaraq, artıq qeyd etdiyimiz kimi, Bakıda avtobuslarda sərnişin daşımalarının keyfiyyəti aşağıdır. Bu haqda danışarkən, ilk növbədə, sərnişin avtobuslarının texniki vəziyyətindən və xarici görünüşündən başlanılmalıdır. Onların əksəriyyəti artıq atmosferə çirkli tullantıların atılması ilə bağlı standartlara cavab vermir, bəzən avtobuslarda aşkar texniki çatışmazlıqlara rast gəlinir. Onların xarici görünüşü isə şəhərin mənzərəsinə yaraşmır. Avtobuslarda təmizlik, gigiyena qaydalarına əməl olunması, salonlardakı yanacaq qoxusunun aradan qaldırılmasına da xüsusi diqqət yetirilməlidir. Bu, yüksək səviyyədə sərnişin daşımalarının təşkili üçün son dərəcə vacib məsələlərdir.
Sərnişinlərin təhlükəsizliyi, ümumilikdə sərnişindaşımanın səviyyəsi haqqında danışarkən vəziyyətin kifayət qədər pis olduğu qeyd edilməldir. Avtobusların daim marşrutdan çıxması, yol hərəkəti qaydalarını pozması (sürət həddinin aşılması, qarşı yola çıxmaqla ötmə əməliyyatının həyata keçirilməsi və s.), dayanacaqdan kənarda sərnişinlərin mindirilməsi və düşürülməsi istər sərnişinlərin, istərsə də sürücülərin həyatına təhlükə yaradır. Sərnişinlərə xidmətin göstərilməsində də problemlər var. Bu, işə təcrübəsiz sürücülərin götürülməsinin nəticəsidir. Sürücülərin sərnişinlərlə kifayət qədər kobud davranışı da bu sahədə tez-tez rast gəlinən haldır...
Yalnız sadalanan problemlər köklü islahatlar haqda düşünülməsi üçün kifayətdir. Sanki artıq proses başlayıb. Bir neçə gün əvvəl sərnişindaşımada keyfiyyətin artırılması üçün son dərəcə vacib addım atılıb. Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində «BakuBus» MMC-nin yaradılması haqda qərar qəbul edib. Özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus qurumun yaradılmasında məqsəd Bakıda sərnişindaşımanın səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, paytaxtın müasir nəqliyyat vasitələri ilə təmin edilməsi, texniki və ekoloji təhlükəsizliyin təminidir.
Qurumun nizamnamə kapitalının formalaşdırılması və onun işinin təşkili məqsədilə ilkin mərhələdə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat ayrılıb. Nazirlər Kabinetinə və müvafiq qurumlara marşrutların, avtobusların hərəkət cədvəlinin müəyyənləşdirilməsi, 200 ədəd iritutumlu avtobusların saxlanılması məqsədilə avtonəqliyyat parklarının (qarajların) yaradılması üçün yerin ayrılması tapşırılıb.
«BakuBus» MMC-nin yaradılması faktiki olaraq paytaxtda sərnişin avtobuslarını idarə edəcək vahid strukturun olacağı anlamına gəlir. Bu, sözügedən sahədə göstərilən xidmətin səviyyəsinə müsbət təsir göstərməlidir.
Uğurlu parklama
İctimai nəqliyyatın problemlərindən danışarkən avtobusların müəyyənləşmiş hərəkət qrafikinə uyğun hərəkətinin çətinliyini də qeyd etmək lazımdır. Bu, ilk növbədə, paytaxt küçələrində tıxaclarla, basırıqla bağlıdır. Bir sıra hallarda belə vəziyyətin yaranmasına nəqliyyat vasitəsini düzgün yerdə saxlamayan, dayanacaqda uzun müddət dayanaraq, nəzərdə tutulmuş qrafikdən çıxan avtobus sürücüləri səbəb olurlar. Amma Bakı küçələrində tıxacların yaranmasının əsas səbəbkarlarından biri də avtomobillərin sayının artması ilə yanaşı, minik avtomobillərinin nəzərdə tutulmamış yerlərdə park edilməsidir.
Bu sahədə vəziyyət o qədər ağırlaşıb ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına aid iclasında Bakının küçə və prospektlərində qanunsuz parketmə ilə bağlı öz iradını dilə gətirib. «Şəhərə ən yüksək standartlara cavab verən yeni sərnişin avtobusları gətiriləcək. Bakıda yeraltı parkinqlər tikilib. Bu da tıxac probleminin həllinə bir dəstəkdir. Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaq ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə şəffaflıq təmin edilməlidir», - deyə İ. Əliyev qeyd edib.
«Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra, əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək», - deyə prezident bildirib.
Prezident İlham Əliyevin iradından sonra, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın küçə və prospektlərinin kənarında avtomobillərin qanunsuz park edilməsinə qarşı tədbirlər haqqında sərəncam imzalayıb. Sənəddə söhbət qanunsuz parketmə hallarının aradan qaldırılmasından, müvəqqəti dayanacaqların yaradılmasından gedir. Amma əksər ekspertlər bu sənədlə problemin effektiv həllinə nail olunacağına şübhə ilə yanaşırlar - axı hələ şəhərdə yerüstü dayanacaqlar yoxdur. Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, 2012-ci ildə 3050 qanunsuz dayanacaq qeydə alınmışdısa, 2013-cü ildə onların sayı 8 minə çatıb. Belə dayanacaqlara daha çox Üzeyir Hacıbəyov prospektində, Bülbül və Zərifə Əliyeva küçələrində rast gəlinir.
Vəziyyətdən çıxış yolu kimi, müasir intellektual dayanacaqlarının yaradılmasınadək müvəqqəti avtomobil dayanacaqlarının istifadəyə verilməsi göstərilir. Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzi aparılmış araşdırmalar və müşahidələrdən sonra paytaxtın icra hakimiyyətinə Bakının 185 nöqtəsində 288 müvəqqəti dayanacağın yaradılması haqqında təklif göndərib. Onlarda 6422 avtomobili park etmək mümkün olacaq.
Beləliklə, yuxarıda sadalanan tədbirlərin hamısının həyata keçirilməsi, o cümlədən paytaxtın avtobus parkının yenilənməsi nəticəsində ictimai nəqliyyatda ciddi keyfiyyət artımına nail olunacaq. Bakının nəqliyyat sektorunda aparılacaq yenidənqurma paytaxt sakinlərinin təhlükəsizliyinin, rahatlığının təmininə imkan verəcək, ekoloji vəziyyətin yaxşılaşdırılmasına kömək edəcək, o cümlədən paytaxtın küçə və prospektlərində gərginliyi aradan qaldıracaq.
MƏSLƏHƏT GÖR: