Müəllif: Emin ƏLİYEV Bakı
Son illər Azərbaycanda qiymətləndirmə fəaliyyətində nəzərəçarpacaq inkişafa baxmayaraq, bu, istehlakçılar arasında geniş populyarlıq və tələbat hələ də qazanmayıb. Bizdə hələ də mənzilin dəyərinin qiymətləndirilməsi üçün maklerlər və ya rieltorlara, işlənmiş avtomobil qiymətinin müəyyən edilməsi üçün alverçi və ya dilerlərə müraciət olunur və s. Bu arada isə bir çox inkişaf etmiş ölkələrdə əksinədir, daşınan və ya daşınmaz əmlak ilə bağlı bütün manipulyasiya aktivin real qiymətinə dair əsaslanmış rəy verə biləcək ixtisaslaşmış mütəxəssisin cəlb edilməsindən sonra edilir. Bu bazarın canlanmasına müəyyən ümidlər "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklərin qəbul edilməsi ilə bağlanır. Lakin məsul strukturların bununla bağlı vahid fikri hələlik yoxdur və buna görə də sənədin parlament tərəfindən qəbulu qeyri-müəyyən müddətə təxirə salınır.
Qeyd etmək lazımdır ki, Azərbaycanda qiymətləndirmə fəaliyyəti bazar iştirakçılarının fikrincə, bu gün ümumilikə dövrün reallıqlarına cavab verir və mövcud tələbata uyğundur. Belə ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) eksperti Elçin Səmədlinin sözlərinə görə, bazar iştirakçıları, əsasən, kreditlər üzrə girov təminatının qiymətləndirilməsi ilə məşğuldurlar - bu, avtomobillər və daşınmaz əmlakdır. Bu cür fəaliyyət sifariş portfelinin əsas hissəsini təşkil edir.
Bu üstünlük Azərbaycanda kreditləşmənin inkişafı və ipoteka həcminin artımı ilə rahatca izah olunur. Ölkənin Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) məlumatına görə, təkcə mart ayında 430-dan çox ipoteka krediti verilib. Ümumilikdə isə AİF xətti ilə maliyyələşmənin başlamasından 535 mln. manat həcmində ipoteka krediti verilib. Avtomobil kreditləşməsinə gəlincə, bu sahədə AMB-nin fəaliyyətinin məhdudlaşdırılmasına dair məlum qərarından sonra, bu sahədə başqa vəziyyət müşahidə olunur. Buna baxmayaraq, ekspertlərin fikrincə, banklar avtokreditləşmə sahəsində fəallıq aksentini lizinq şirkətlərinə tərəf yönəldəcək. Onların biznesi yalnız bundan qazanacaq və nəticədə qiymətləndirmə xidmətlərinə tələbat aşağı səviyyəyə enməyəcək.
Bundan başqa, qiymətləndiricilərin sifarişlərinin əsas hissəsini qeyri-maddi daxil olmaqla (intellektual mülkiyyət), iş sövdələşmələrində müxtəlif aktivlərin qiymətinin müəyyən edilməsi təşkil edir. "Bizim bazarda perspektiv kifayət qədər çoxdur - qiymətləndiricilər biznes, maliyyə hesabatlarının, qiymətli kağızlar, həmçinin sərmayə layihələri sahəsində, o cümlədən sərmayədən öncəki mərhələdə mövcud olan tələbatdan istifadə etməkdə maraqlıdırlar", - deyə E. Səmədli bildirib.
Artıq qeyd olunduğu kimi, qiymətləndiricilərin ölkədə fəaliyyəti 1998-ci ildə qüvvəyə minən "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunla tənzimlənir. Hazırda bu qanuna dəyişiklik və əlavələrin edilməsi haqda qanun layihəsi müzakirə olunur. 2012-ci ilin noyabrında Milli Məclisin İqtisadi Siyasəti üzrə Komitəsi qanun layihəsinin təkmilləşdirilməsi üçün işçi qrup yaradılmasına və rəylərin əldə olunması üçün müvafiq dövlət strukturlarına göndərilməsinə qərar verib. "Yenilənmiş layihə üzərində iş kifayət qədər çoxdan aparılır və AQC bu prosesdə fəal iştirak edir. Təəssüflər olsun ki, bu sənədin qəbulunun konkret tarixləri haqda hələlik heç nə demək olmaz. Lakin biz ümid edirik ki, yeni qanun qiymətləndiricilərin fəaliyyətinin normativ-hüquqi bazasında mövcud olan nöqsanları aradan qaldırmağa imkan verəcək və bizim işimizin vasitələrini genişləndirəcək", - deyə E.Səmədli əlavə edib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin icraçı direktoru İradə Şükürovanın sözlərinə görə, bu günə kimi ölkədə beynəlxalq standartlar üzrə 59 qiymətləndirici sertifikatlaşdırılıb. Birinci mərhələdə sertifikatlaşmanı yüksək tələbat olduğuna görə yalnız yaşayış üçün daşınmaz əmlakın qiymətləndiriciləri keçib. "Hazırda sertifikasiya prosesindən kommersiya obyektləri və daşınan əmlak sahəsində çalışan qiymətləndiricilər keçir", - deyə İ. Şükürova əlavə edib.
Bu arada, bazarın inkişafını əngəlləyən amillərdən biri kimi ekspertlər bu sahədə audit şirkətlərin fəal iştirakını qeyd edirlər. Belə ki, çox vaxt iri şirkətlər tanınmış auditorların "böyük dördlüyünə" (Pricewaterhouse Coopers, Deloitte, Ernst&Young, KPMG) müraciət edirlər. Çox vaxt buna səbəb onların bu şirkətlərin biri ilə qurulmuş tərəfdaşlığının olması və onların rəyinin şirkətlərin korporativ siyasəti çərçivəsində böyük prioritetə malik olması ilə bağlıdır. Qeyd etmək vacibdir ki, iri auditorların yerli nümayəndəlikləri çox vaxt mütəxəssis qiymətləndiriciyə malik olmadığı üçün onları xaricdən dəvət etməyə məcburdurlar. Bu da nəticədə qeyri-rasionaldır, çünki Azərbaycanda da ixtisaslanmış mütəxəssislər var.
Qiymətləndiricilər üçün digər ciddi problem kimi, ekspert əhali arasında peşəkar xidmətlərə tələbatın aşağı səviyyədə olmasını hesab edir. "Özəl sazişlər bağlayarkən vətəndaşlar bir çox hallarda aralarında bəzən özünü mütəxəssis elan edən qeyri-peşəkar maklerlərə müraciət edirlər. Təəssüf ki, istehlakçı çox vaxt anlamır ki, peşəkar qiymətləndiricinin cəlb edilməsi risklərin nəzərəçarpacaq dərəcədə minimallaşması və daha da real nəticənin əldə olunması anlamına gətirir", - deyə E.Səmədli bildirib.
Ekspert qeyd edir ki, risklər və onların azalmasının zəruriliyi, qiymətləndiricilərin sığorta cəmiyyəti ilə əməkdaşlığının inkişaf etdirilməsinin səbəblərindən sayılır. "Hazırda qiymətləndiricilər öz öhdəliklərinin sığortalaması istiqamətində daha fəal işləməyə başlayırlar. Hazırda sifarişçi və qiymətləndirici arasında əlaqələr bağlanan müqavilə ilə tənzimlənir. Əgər həyata keçirilmiş qiymətləndirmə bu və ya digər ziyana gətirib çıxarıbsa, onun aradan qaldırılması məsələsi ortaya çıxır. Lakin çox vaxt müqavilədə kifayət qədər cüzi məbləğ göstərilir və onun təzminatı sifarişçinin bütün ziyanının ödənilməsini təmin etməyəcək. Qiymətləndiricinin öhdəliyinin sığortalaması bazara olan etimadın səviyyəsini qaldırmağa imkan verəcək vacib alətidir", - deyə E.Səmədli əlavə edib.
MƏSLƏHƏT GÖR: