
YADLAR ARASINDA DOĞMALAR
Rusiya vətəndaşlığına qəbulun yeni qaydaları: yetişmiş dəyişikliklər və çiy qanun
Müəllif: İrina XALTURİNA Bakı
Rusiya prezidenti Vladimir Putin xarici vətəndaşların Rusiya vətəndaşlığı alması prosedurunu sadələşdirən qanunu imzalayıb. Söhbət rus dilini bilən, hazırkı vətəndaşlığından imtina edən və daimi əsaslarla Rusiya ərazisində yaşayan şəxslərdən gedir. Rus dilini bilən xarici vətəndaşlara Rusiya vətəndaşlığının verilməsi həmin şəxsin xüsusi komissiyanın üzvləri ilə söhbətləşməsindən sonra mümkün olacaq.
Əgər qeyd olunan şəxslər və ya onların qohumları daim RF ərazisində və ya vaxtilə Rusiya imperiyası və SSRİ-yə daxil olan ərazilərdə yaşayırlarsa, yaxud nə vaxtsa daimi yaşayıblarsa, onda onlar rus dilinin daşıyıcıları kimi tanınacaqlar.
Beləliklə, rus dilini bilən, Rusiyada daimi yaşayan və hazırkı vətəndaşlığından imtina edən istənilən şəxs qanuni əsaslarla və ən qısa vaxtda Rusiya pasportu ala bilər.
Niyə indi?
Yeni qanunun qüvvəyə minməsinin Ukrayna hadisələri ilə eyni vaxta təsadüf etməsi istər-istəməz diqqəti cəlb edir. Axı uzun illər "həmvətənlərə vətəndaşlıq məsələsi" rusların diqqətindən kənarda qalıb, yaxud çoxları həmin "həmvətən"lərdən, indi adlandırıldığı kimi, "rus dilini bilənlər"dən şikayətçi olub, "tarixi Vətənə qayıdış" prosesinə məhz onların maneələr yaratdığını iddia edib. Həmvətənlərin köçürülməsi üzrə Dövlət Proqramının iflası odun üzərinə yağ töküb. 2006-cı ildə Proqramın fəaliyyətə başlamasından keçən dövr ərzində Rusiyaya cəmi 162 min insan köçüb. Özü də Rusiyada yaşamaq istəyən bu şəxslər nə maddi yardım, nə yaşayış yeri, nə iş istəyirdilər - onların tələb etdiyi yalnız Rusiya pasportu (pasport olmadan iş tapmaq, demək olar ki, mümkün deyil) idi. Amma bu insanlara illərlə əhəmiyyət verilməyib... o vaxtadək ki, Ukraynadakı son hadisələr baş qaldırıb. Bununla yanaşı, əmək miqrantlarının işi tam ayrı olub - onlar istənilən yolla Rusiyada "ilişib-qalmaq" və leqallaşmaq üçün müxtəlif yollar axtarmaqla məşğul olublar.
Bu, necə baş verəcək və ya "hakimlər kimlərdir"?
Əlbəttə ki, hələlik qanun yalnız kağız üzərindədir. İllərdir, Rusiyanın kandarında gözləyən real iddialılar onlarla keçirilməli olan söhbətləşmələr haqqında ətraflı informasiyanın yoxluğundan şikayətlənir, Federal Miqrasiya Xidməti İdarəsində (FMXİ) isə onları əvvəlkitək get-gələ salırlar. Xüsusilə, məsələn, "əcdadlarının Rusiya imperiyasına və SSRİ-yə aid torpaqlarda Rusiyanın dövlət sərhədləri çərçivəsində yaşadığı"nın necə təsdiq olunacağı məlum deyil.
Rus dili biliklərinin yoxlanması məqsədilə keçiriləcək söhbətləşmələrlə bağlı da müəyyən şübhələr var. Rusiyanın hökumət resurslarında bildirilir ki, əcnəbi sübut etməlidir ki, o, "... abstrakt-fəlsəfi, peşəkar, publisistika və bədii mətnləri adekvat şəkildə anlamaq və interpretasiya etmək iqtidarındadır... danışan şəxsin emosional və sosial-mədəni xüsusiyyətlərini adekvat qəbul etməyi, məşhur kəlamları və gizli mənaları interpretasiya etməyi bacarır". Bununla yanaşı, iddiaçının savadı yoxlanılmayacaq.
Komissiyanın tərkibində yer alacaq mütəxəssislərə gəlincə, FMX-nin tələblərinə əsasən, orada bu idarənin əməkdaşları ilə yanaşı, elm, təhsil qurumlarının professor-müəllim heyətindən şəxslər də təmsil olunmalıdırlar.
Beləliklə, adi söhbət. Miqrasiya sahəsində çalışan məmurlar və professor-müəllim heyəti faktiki olaraq, vətəndaşlığın verilməsi haqqında qərarı təkbaşına qəbul edəcək. Əgər mərkəzi regionlarda proses qanunun bütün sərtlikləri nəzərə alınaraq aparılacaqsa, "kənar"larda bunun necə olacağını söyləmək çətindir. Yəni, burada söhbət hakimlərə kimin nəzarət edəcəyindən asılıdır? Nədən insanların biliklərinin qiymətləndirilməsi üçün daha çətin sistem yaradılmayıb? Bunun üçün, məsələn, ingilis dili biliklərinin yoxlanıldığı məşhur TOEFL və IELTS tipli imtahanların aparılması yaxşı olmazdımı? Hər halda, TOEFL və IELTS imtahanlarını uğurla vermək üçün ingilis dilini kifayət qədər yaxşı bilən şəxslərin belə, ciddi hazırlaşmaları tələb olunur. Üstəlik, ən başlıcası, onlar tamamilə anonim və şəffafdır.
Başqa ölkələr üçün təhlükə?
Kremlin bütün arzulayanları qanadının altına alması təşəbbüsü tənqid və şübhələrlə qarşılanıb. Sosial şəbəkələrdə, mətbuatda belə bir fikir var ki, Rusiya vətəndaşlığına qəbulun asanlaşdırılması Moskvaya sonradan, ən azı, MDB ölkələrinə təsirini artırmaq imkanı verəcək. Ən çoxu isə o, "öz vətəndaşlarının müdafiəsi bəhanəsi ilə suveren dövlətlərin ərazilərinin bir hissəsini işğal etmək imkanı qazanacaq". "Öz vətəndaşları" dedikdə, Rusiya vətəndaşlığı almaq istəyində olan insanlar nəzərdə tutulur. Bu mənada ən təhlükəli bölgələrin adları da sadalanır - Ukraynanın şərqi, Qazaxıstanın şimalı və Dnestryanı bölgə.
Bu yerdə əvvəlki vətəndaşlıqdan imtinanın tənzimlənməsi məsələsi xüsusi aktuallıq qazanır. Rusiya Konstitusiyasına əsasən, hər bir vətəndaş Rusiya vətəndaşlığını itirmədən, maneəsiz şəkildə başqa bir dövlətin vətəndaşlığını qəbul edə bilər (ikili vətəndaşlığın gizlədilməsi alqışlanmır). Rusiya ikili vətəndaşlığı yalnız onunla müqavilələr imzalamış dövlətlərlə qəbul edir. Bütün digər hallarda şəxs yalnız Rusiya vətəndaşı sayılır. Hazırda Moskva Türkmənistan və Tacikistanla ikili vətəndaşlıq məsələsini tam razılaşdırıb. Yəni, bu ölkələrin Rusiya vətəndaşlığını qəbul edən sakinləri faktiki olaraq, öz vətənlərində yaşamağa davam edə bilərlər.
Dünya təcrübəsinə gəlincə, məsələn, Argentina ya ispan, ya da italyan pasportunu qəbul edir. İsrail, Yunanıstan, Braziliya, Türkiyə və bir sıra digər dövlətlər də ikili vətəndaşlığı qəbul edirlər. Danimarka, Norveç, Yaponiya, Çin, Hindistan, Qazaxıstan və s. ölkələrdə ikili vətəndaşlıq qadağandır.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirir ki, "hər bir ölkənin öz miqrasiya siyasəti var, vətəndaşlığa qəbul daxili qanunvericiliklə tənzimlənir və bu, suveren hüquqdur". Nazir müavininin sözlərinə görə, Rusiyanın sözügedən qanun layihəsi digər ölkələrin maraqlarına toxunarsa, əlbəttə ki, həmin dövlətlər də maraqlarının qorunması məqsədilə öz qanunvericiliklərinə dəyişiklik edə bilərlər.
"Bu, Azərbaycanda da yayılarsa, hesab edirəm, məsələ qanunvericiliyə uyğun və qarşılıqlı hörmət əsasında həll olunmalıdır. Belə məsələlər dövlətlərarası səviyyədə çözülə bilər. Məsələn, bəzi dövlətlər arasında ikili vətəndaşlığın ləğvinə dair razılaşmalar imzalanıb. Həmin razılaşmalar ikili vətəndaşlığın necə baş verdiyini və onun qarşısının hansı hüquqi mexanizmlərlə alına biləcəyini özündə əks etdirir. Biz hələ ki, bu cür problemlərlə qarşılaşmamışıq. Amma gələcəkdə belə hallar baş verərsə, problem dövlətimizin miqrasiya siyasəti və qanunvericiliyinə uyğun şəkildə həll olunacaq", - deyə Xələf Xələfov qeyd edib.
Mühacirlər: vəziyyət dəyişir
Yeni qanunun Rusiyanın bu sahədəki siyasətinə necə təsir göstərəcəyi başqa bir məsələdir. Hər halda, ötən il Moskvanın Biryulevo rayonunda milli zəmində baş qaldırmış kütləvi etirazlardan sonra, az qala, bütün MDB vətəndaşlarına viza rejiminin tətbiqi haqda fikirlərin meydana çıxdığını hər kəs yaxşı xatırlayır. İndi həmin hadisələrin üzərindən cəmi yarım il keçdikdən sonra faktiki olaraq, söhbət miqrasiya sahəsində kvotaların aradan qaldırılmasından, rus dili imtahanı götürəcək şəxslərin (!) "çıxışındakı sosial-mədəni və emosional xüsusiyyətləri" adekvat qəbul etmək bacarığına malik olan bütün miqrantların leqallaşdırılmasından gedir. Nəzərə alsaq ki, müxtəlif qiymətləndirmələrə görə, hazırda Rusiya ərazisində, təxminən, 11 milyon miqrant yaşayır, qarşımızda qəribə mənzərə yaranır.
Nəticə olaraq, bir qədər fəlsəfə
İqtisadiyyatı (Rusiyada pensiyaçıların sayının artımı, sosial ödənişlər üzündən büdcəyə yüklənmələrin artması və s.), həmçinin istənilən siyasi xarakterli məqamı (yuxarıda sadalanan məsələlər daxil olmaqla) bir kənara ataraq, istər-istəməz fəlsəfi xarakterli düşüncələrə qapılırsan. Çoxmillətli Rusiya vətəndaşlığın verilməsi məsələsini milliyyətlə əlaqələndirmədi. Diqqət, sadəcə rus dili biliklərinə yönəlib.
Bununla yanaşı, aprelin 10-da Rusiya mətbuatında ölkənin Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış "Dövlətin mədəniyyət siyasətinin əsasları" layihəsinə dair materiallar və təkliflər dərc olunub. Sənədə əsasən, mədəniyyət (tarixən formalaşmış dəyərlər sistemi və davranış qaydaları) rus cəmiyyətini birləşdirən əsas kimi qəbul olunur. Söhbət məhz rus mədəniyyətindən, nə Avropa, nə Asiya olan, xüsusi və bənzərsiz sivilizasiya kimi, Rusiyadan gedir. Yəni sənəddə faktiki olaraq, ideologiyadan danışılır.
Maraqlıdır ki, layihədə liberal düşüncə üçün müqəddəs sayılan multikulturalizm və tolerantlıq kimi prinsiplərdən imtina olunur. Sənəddə bildirilir ki, tolerantlıq "Rusiyanın ona yad olan dəyərlər qarşısında ağ bayraq qaldıracağı" həddə çatmamalıdır. Multikulturalizm siyasətindən imtina isə kobud desək, Rusiya dövlətinə inteqrasiya edən insanların ümumi (rus, Rusiya) mədəniyyəti qəbul etmələrinə, Rusiya mədəniyyətinə aid olmayan milli-mədəni xüsusiyyətlərdən imtinasını nəzərdə tutur.
Bütün bunların fonunda vətəndaşlığa qəbul prosedurunun sadələşdirilməsini nəzərdə tutan qanuna qayıtsaq, bir sualı verməmək mümkün deyil: həqiqətənmi, cəmi 1 meyar - "rus dilində adekvat danışmaq" - insanın rus mədəniyyətinə aid sayılması üçün kifayətdir? Axı pasport insanı bu və ya digər ölkənin vətəndaşına çevirsə belə, o, həmin şəxsdə avtomatik olaraq yeni vətənə məhəbbət yarada, onun yeni dəyərlər sisteminə girməsinə, orada yaşayanlarla eyni dünya görüşünə sahib olmasına kömək edə bilməz. Ola bilsin, RF vətəndaşlığına dair qanunvericiliyə dəyişikliklərin olunması, doğrudan da, lazımdır, amma qəbul olunmuş qanun bir qədər... çiy təsir bağışlayır.
MƏSLƏHƏT GÖR: