
GERİYƏ, YOXSA İRƏLİYƏ ADDIM?
Obama yenidən məyus etdi, Ərdoğan təsəlli verdi, Əliyev isə növbəti erməni spekulyasiyasının qarşısını aldı
Müəllif: Fuad HİLALOV Bakı
Ənənəvi olaraq, hər il aprelin 24-də dünya erməniləri telekameralar qarşısında növbəyə düzülərək, ABŞ prezidentinin 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı müraciətini dinləyirlər. "Amerika prezidenti qiymətli "soyqırımı" sözünü işlədəcəkmi?" - Ermənistanın və dünya erməniliyinin səbirsizliklə gözlədiyi məhz bu olur. Amma ABŞ prezidenti Barak Obama "sehrli söz"ü bu il də dilinə gətirmədi.
"Xalqlar keçmişin ağrılı anlarını nəzərə almaqla, daha güclü olur, daha doğru, tolerant gələyin əsasını qoyurlar", - deyə Obama müraciətində bildirib.
ABŞ-ın erməni lobbisi növbəti dəfə məyusluğa düçar olub. Xatırladaq ki, Obama seçki kampaniyası zamanı ermənilərə "soyqırım"ı tanıyacağı vədini vermişdi.
Bunun fonunda Obamanın müraciətindən bir gün əvvəl Türkiyədə daha əhəmiyyətli hadisə baş verib.
Kimə "rəhmət oxundu?"
"Siyasi zəlzələ". Ekspertlər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "XX əsrin əvvəllərindəki hadisələr zamanı həlak olmuş" ermənilərin nəslindən olan şəxslərə başsağlığı verməsini məhz bu cür qiymətləndiriblər.
Ərdoğan parlamentin iclasında gözlənilmədən deyib: "Biz XX əsrin əvvəllərində həlak olmuş ermənilərin ruhuna Allahdan rəhmət diləyir, onların yaxınlarına başsağlığı veririk".
Baş nazir aprelin 24-nün ermənilər üçün xüsusi gün olduğunu xatırladıb: "Bizim vətəndaşlarımız olan ermənilər üçün, dünya erməniləri üçün xüsusi əhəmiyyət daşıyan bu gün tarixi hadisələr haqda azad fikir mübadiləsi aparılması üçün dəyərli imkandır. Osmanlı İmperiyasının son illərinin dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, orada yaşayan türklər, kürdlər, ərəblər, ermənilər və digər vətəndaşlar üçün ağır dönəm olduğunu, orada acı hadisələrin yaşandığını inkar etmək olmaz".
Ərdoğanın Türkiyədəki opponentləri bu bəyanatı heç də birmənalı qarşılamayıblar. Onların fikrincə, Osmanlı İmperiyasının can verdiyi dövrdə vətəndaşı olduğu dövlətə qarşı çıxan insanların nəvə-nəticələrinə başsağlığının verilməsi o qədər də məntiqi deyil. Üstəlik, Birinci Dünya müharibəsinin başlanmasından sonra müasir ermənilərin əcdadları Osmanlı İmperiyasının düşmənləri ilə əməkdaşlıq edərək, Türkiyənin müsəlman əhalisinə qarşı, sözün əsl mənasında, soyqırımı həyata keçiriblər. Qərbli "himayədarları"nın və Rusiya İmperiyasının dəstəyindən istifadə edən ermənilər 1895-ci ildən 1915-ci ilədək 40-dan artıq qiyam qaldırıblar. Onlara türk dövlətinin qüdrətinin zəiflədilməsi qarşılığında Anadolunun cənub-şərq hissəsində müstəqil dövlət vəd olunmuşdu. Halbuki, həmin bölgədə ermənilər tarixin heç bir dövründə çoxluq təşkil etməyiblər.
Ərdoğanı tənqid edənlər əmindirlər ki, təəssüf və başsağlığını, ilk növbədə, 100 minlərlə müsəlmanı qətlə yetirmiş ermənilərin nəvə-nəticəsi dilə gətirməlidir. Yaxud, bu addım heç olmasa, qarşılıqlı şəkildə atılmalıdır.
Həqiqətən də, Ərdoğanın addımını bir tərəfdən, sözügedən hadisələrin 100-cü ildönümü ərəfəsində Türkiyənin düşmənlərinin mövqelərini zəiflətməyə müdrik cəhd kimi qiymətləndirmək olar. Har halda, 2015-ci ilin gəlişi ilə Türkiyəyə dünyanın fövqəldövlətləri tərəfindən görünməmiş təzyiqlərin olacağı heç kəsə sirr deyil. Onların "tarixi ədalət"in bərpası üçün deyil, öz siyasi hədəflərinə nail olmaları üçün "erməni soyqırımı" məsələsindən çoxdan istifadə etdikləri bəllidir. Bu baxımdan, Türkiyə baş nazirinin bəyanatını rəsmi Ankaranın keçmişinə görə utanmalı olmadığının, onun heç kəsdən heç nə gizlətmədiyinin ifadəsi saymaq mümkündür. Aydındır ki, Türkiyə hökuməti bu bəyanatı ilə Ermənistana doğru daha bir addım atır. Ankaranın oxşar cəhdləri əvvəllər də olub: "futbol diplomatiyası", Sürix protokolları, sayı 100 mindən artıq olan erməni mühacirlərin Türkiyədə yaşamasına və işləməsinə imkanın yaradılması. Amma növbəti xoş məram da cavabsız qalmayacaq ki? Türkiyənin bu mərhəməti zəiflik kimi qiymətləndirilməyəck ki? Təəssüf ki, dünya erməniliyinin Türkiyənin baş naziri tərəfindən verilən başsağlığına reaksiyası nikbinliyə əsas vermir.
"Asimmetrik" cavablar
Ərdoğanın bəyanatından dərhal sonra Ermənistan paytaxtında "soyqırım"ın 99-cu ildönümü ilə bağlı yürüş keçirilib. "Kompensasiya, məzəmmət və etiraf" şüarı ilə küçələrə çıxmış "Daşnaksutyun" partiyasının tələbə və gənclər təşkilatları Türkiyə bayrağına od vurublar. Yürüş iştirakçıları Ermənistan prezidenti administrasiyasına Sürix protokollarından imzanın geri çəkilməsi tələbi ilə ərizə də təqdim ediblər.
Erməni diasporunun məsələyə reaksiyası o qədər fərqli olmayıb. Məsələn, Fransanın erməni təşkilatlarının koordinasiya şurasının sədri Aleksis Qovçiyan Ərdoğanın bəyanatını "inkar siyasətinin davamı" kimi qiymətləndirib, erməniəsilli amerikalı tarixçi Riçard Ovannisyan isə onu "Türkiyə dövlətinin bəyanatlarının diplomatik təkrarı" adlandırıb. Erməni diasporunun digər nümayəndələri də Ərdoğanın bəyanatını "soyqırımın inkarı", "hiyləgərlik" və s. kimi qiymətləndiriblər.
Məsələyə müəyyən qədər mülayim yanaşmanı Türkiyə erməniləri ortaya qoyublar. Amma onların bəyanatlarında da erməniliyin hədəflərini tam aydınlaşdırmağa imkan verməyən sətiraltı məqamlar var. Məsələn, Türkiyənin erməni diasporunun liderlərindən biri, "Karaqozyan" fondunun rəhbəri Tiqran Gülmezgil baş nazirin bəyanatını tərif etməklə yanaşı, bunun yalnız ilk addım olduğuna, gələcəkdə bunun davamının da olacağına ümidini dilə gətirib.
Söhbət nəyin davamından gedir? Heç zaman baş verməmiş bir şeyin etirafından? Ermənilik ondan sonra sarsaq ideyalarından əl çəkəcəklərmi? Əlbəttə ki, yox. Tarix ermləri doktoru, professor, Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan Türkiyəni kompensasiyaların ödənişinə başlamağa çağırıb! Bu da sizə davam.
"Kompensasiya maddi və ya iqtisadi ola bilər. Osmanlı İmperiyasının varisi erməni xalqına tarixi Qərbi Ermənistan torpağında öz hüquqlarını bərpa etmək imkanı verməlidir. Soyqırımında məqsəd yalnız insanların məhvi yox, həm də Qərbdi Ermənistanın, yəni hazırkı Türkiyənin Şərqi və Cənub-Şərqinin ermənilərdən təmizlənməsi idi. Hazırkı Türkiyə Osmanlı İmperiyasında gənc türklərin hakimiyyətə gəlməsinə və soyqırımadək mövcud olmuş etnik vəziyyəti bərpa etməlidir", - deyə Safrastyan bildirib.
Hərənin bir dərdi var...
Hədəf aydın, hədəfə nail olunma vasitələri isə dumanlıdır. Türkiyədən rəsmi etirafın alınmasına cəhdlərin məqsədi ədalətin zəfər çalması istəyi yox (tarixi ədalət haqqında ermənilərin özləri yaxşı məlumatlıdırlar. Bunun üçün elə erməni tarixçilərinin yazdıqlarını oxumaq kifayətdir) başqa planların reallaşdırılmasıdır. Söhbət həm də ermənilərin Türkiyəyə qarşı ərazi iddialarından gedir.
Kompensasiya isə ilk növbədə puldur. O, Ermənistanın siyasi isteblişmentinə lazımdır. Amma bu pullar ölkənin məhv olan iqtisadiyyatının dirçəldilməsi üçün istənilmir. Ermənistan müstəqillik qazandıqdan sonra istər diaspor nümayəndələrindən, istərsə də Avropanın müxtəlif strukturlarından maliyyə yardımları alıb. Həmin pullar oliqarx-kriminal elementlər tərəfindhən sağa-sola xərclənib. Diaspordan, Qərbdən olan sponsorlar onların vəsaitlərinin yalnız dəbdəbəli villalara, bahalı avtomobillərə və digər cah-calal elementlərinə xərcləndiyini bildikdə, təbii ki, səxavətliliyə son qoyublar.
Ermənistan rəhbərliyinin məqsədləri və motivləri tam aydındırsa, diasporanın durumu anlaşılmazdır. "Soyqırım"ın fetişizmi diasporu birləşdirən məqamdır. Bu, dünya erməniliyinin "fiks ideya"sıdır. Sabah "soyqırım"ın tanınması xəyali olaraq belə, mümkün hesab olunarsa, diasporanın taleyinin necə olacağı bəlli deyil. Onlar varlı ermənilərin pullarını ciblərindən hansı şüarla çıxaracaqlar? Dünyanın müxtəlif ölkələrində kök atmış ermənilər "əcdadlarının torpaqlarına" qayıdacaqlarmı?
Ermənilərin Qərbdəki himayədarları üçün isə 1920-ci ilin Sevr müqaviləsi hələ də aktuallığını itirməyib. Söhbət Türkiyənin bir neçə hissəyə bölünməsini nəzərdə tutan sənəddən gedir. Türkiyənin parçalanması milli dövlətin məhvi prosesində mərhələlərdən biri ola bilər.
İkincisi, Qərb Türkiyəni Ermənistana sərhədləri açmaqla güzəştə getməyə məcbur etməklə İrəvanı Rusiyanın nüfuz dairəsindən çıxarmağa, vacib regionda onu özünün forpostuna çevirməyə çalışır.
Ermənistan prezidenti Serj Sarqsyanın Qərblə siyasi oyunlarında antitürk ritorikasından istifadə etrməsi təsadüf deyil. Sarqsyan, hətta "Şərq tərəfdaşlığı" proqramının son sammitində Avropa İttifaqı ilə danışıqlardan imtinasını dünyanın qondarma soyqırımı tanımaq istəməməsi ilə əlaqələndirməyə çalışıb. Amma onun bu cəhdi, əlbəttə ki, əbəs olub.
Ermənistan prezidentinin antitürk spekulyasiyasının qarşısını Azərbaycanın dövlət başçısı İlham Əliyev alıb: "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur və bundan istifadə edirsiniz. Amma mən buradayam və sizə cavab verirəm!", - deyə İ.Əliyev qeyd edib.
"Sivil" və "proqressiv" dünya, əlbəttə ki, strateji planları ustalıqla hazırlamağı bacarır. Amma unutmaq olmaz ki, türk xalqı da əsrlərboyu siyasi intriqa və fitnələrin ifşasında böyük təcrübə qazanıb. Bu dövlət isə tarixboyu bu cür fitnələri çox görüb.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SARQSYANIN TÜRKİYƏYƏ YERSİZ HÜCUMLARINA CAVAB VERDİ
Azərbaycan Prezidenti İlham Əliyev "Şərq tərəfdaşlığı" sammitində Ermənistanın dövlət başçısı Serj Sarqsyanın "erməni soyqırımı" ilə əlaqədar Türkiyəyə etdiyi məzəmmətlərə cavab verib.
"Təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm", - deyə İ.Əliyev qeyd edib.
O bildirib ki, Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb: "Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub".
"Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək, Ermənistan rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı", - deyə İlham Əliyev bildirib: "Dünən isə Baş nazir Ərdoğan erməniəsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyil. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir".
Azərbaycan prezidenti beynəlxalq normaları pozan Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını da tələb edib: "Azərbaycan xalqı bir sual verir: niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır".
MƏSLƏHƏT GÖR: