14 Mart 2025

Cümə, 21:47

ƏVƏZEDİLMƏZLƏR OLUR

Fevralin 11-də azərbaycanin görkəmlİ bəstəkari elza İbrahİmovanin ölümünün bİr İlİ tamam olacaq

Müəllif:

01.02.2013

Rekviyem kədərli musiqidir. Bu ithafı yaradan bəstəkar ürəyinin ən dərin qatlarına qədər mütəəssir olmalıdır ki, dünyadan getmiş insan haqqında bütün fikirlərini və kədərini musiqiyə köçürməklə yanaşı, həm də özünün bütün həyatına nəzər salsın və qəlbini parçalayaraq bir hissəsini özləri ilə aparmış bütün itkiləri yada sala bilsin. Hər bir əsərinə, bu dünyanı gözəlləşdirmək üçün insanlara etdiyi hər bir çağırışına öz qəlbinin bir parçasını yerləşdirsin. 

Amma burası da var ki, hər hansı bir yüksək sənət əsəri yaradılarkən heç bir  niyyət, dəqiq məqsəd və öncədən planlaşdırma olmur. Əsəri yaradan müəllif qəlbinin ilhamı ilə hərəkət edir, Yaradan tərəfindən onun üzərinə qoyulmuş missiyanı yerinə yetirir. Bunlar elə böyük insanlardır ki, onların yanında olan hər kəs özünü önəmli sayır. Sarsılmaz dəyərləri qiymətləndirməyi bacaran hər bir kəs. Görünür, sənət inciləri də məhz bunun üçün yaradılır. 

Elza İbrahimova da dünyanı sarsıdan bir itki - böyük musiqiçi Maykl Ceksonun qəfil ölümü barədə eşidəndə, rekviyem yazıb. Bu, gerçək musiqiçiləri bir-birindən ayrı yaşamağı bir an da bacarmayan əkizlər kimi birləşdirən hansısa görünməz bağlara, ürək döyüntülərinə bənzəyir. Qeyri-adi birinin yox olduğunu onda anlayırsan. O, daha yoxdur. Ürəkdə elə bir boşluq yaranır ki,  bunu yalnız musiqi əvəz edə bilər. Dünyanı tərk etmiş insanın yaratdıqlarına, onun təkrarsız istedadına hansısa borc  və ehtiram kimi. Axı dahi insanların tərk etməsi ilə yer üzərində elə bir boşluq yaranır ki, onu kimsə doldura bilməz. Əvəzedilməz insanların olmadığı barədə deyilənlər gerçək deyil. Bütün böyük və yaradıcı insanlar əvəz-edilməzdir. 

Elza İbrahimovanın rekviyemi sağlığında ictimaiyyətə təqdim olunmayıb və musiqiçilərdən heç biri onun sağlığında bunu ifa etməyib. Bu, onun son əsərlərindən biridir. "Yanvarın 10-da onun 75 yaşı tamam olmalıydı, amma fevralın 11-də ölümünün ildönümüdür. Bu itkiyə dözmək və sakitləşmək olmur. Biz hər şeyi etməyə çalışırdıq ki, heç nə onun musiqi istedadını sıxıntıya salmasın. Biz Elza xanımı bütün məişət problemlərindən qorumağa çalışırdıq ki, yaradıcılıqla məşğul olsun. O, xalq üçün yazırdı, axı onun ölümsüz əsərləri neçə-neçə nəsilləri tərbiyə  edib. Düşünürəm ki, bizim tele-radio efirində Elza İbrahimovanın musiqisi daha tez-tez səslənsə Azərbaycan gəncliyi gözəlliyi qiymətləndirməyə başlayar, onda bir zövq formalaşar və yaxşı ilə pisi seçə bilər. Aydın oldu ki, bu, çox önəmlidir. Yalnız yüksək və ölümsüz musiqi bizə öz intellektimizit zənginləşdirməyə imkan verir", - deyə onun qardaşı bildirir. 

Çingiz İbrahimov əvəzsiz qardaş sevgisinin örnəyidir. Bütün yaradıcılığı boyunca Elza İbrahimovanın sadiq yol-yoldaşıdır. Bu günsə çarəsiz qardaşdır. Yəqin ki, böyük bəstəkar olan bacısının qəbrinin üstündə royal heykəli qoyduracaq ki, "əbədi olaraq həyatda ondan ötrü ən əziz olanlar ayrılmasın", həm də bu böyük itki qarşılığında özü üçün bir təsəlli olsun.   

Elza xanım indi Tanrı dərgahındadır, əbədiyyətə qovuşub, onun musiqisi ilə böyümüş, onun mahnısını oxumuş, onu heç vaxt şöhrət dalanca qaçmayan bir insan kimi tanıyanların əbədi xatirəsindədir. Onun motivləri insanların dillərində əzbərdir, halbuki, çoxları bilmir ki, bunların müəllifi əvəzsiz istedada və güclü xasiyyətə malik kövrək bir qadın - Elza İbrahimovadır. Özü də bu qadın çox asanlıqla məişət çətinliklərinin içərsində itib-bata bilərdi. Amma qardaşının var gücü ilə aradan qaldırmağa çalışdığı bu məişət çətinliklərinin arasından asfaltı yaran çiçək kimi   onun musiqisi gəlirdi. 

Ölümündən sonra Elza xanıma "Mehriban ana" ordeni verilib və bu, onun ailə üzvlərinə Azərbaycan Bəstəkarlar İttifaqında təqdim edilib. Fəxri mükafatın təqdimatı zamanı ifaçı müğənnilər bəstəkarın xatirəsini onun mahnıları ilə anıblar. Elza İbrahimovanın xatirəsini  istedadlı gənc caz pianoçusu İsfar Sarabski də anıb və böyük bəstəkarın Maykl Ceksona həsr etdiyi həmin rekviyemi ifa edib. 

"Mən bu əsəri Azərbaycanın böyük musiqisi İsfarın parlaq ifasında eşidəndə 11 yaşdan xatırladığım bacımın bütün həyatı gözümün qarşısından keçdi, yeri gəlmişkən, İsfar çox həyəcanlı idi və bunun böyük məsuliyyət olduğunu anlayırdı. Xatırladım ki, onu hər şey, hər hansı hadisədən, şeirdən, pəncərə arxasındakı küləkdən, təbiətdən aldığı hər bir duyğu onu ilhamlandıra bilərdi. Əgər gözlənilmədən ürəyinə hər hansı motiv gələrsə, not sırasını hətta salfet üzərinə də yaza bilərdi. Elza daim ifa edib və yazıb. O, musiqini öz içərisində eşidirdi. Maykl Ceksona həsr edilmiş rekviyem. Onun bu əsəri necə yazdığını da xatırlayıram. Gözəl ifadır, Elzanın həmişə gözümün önündən getməyən üzünü də xatırlayıram. Mən birdən anladım ki, bu vida musiqisini o yalnız böyük musiqiçiyə deyil, həm də özünə həsr edib". 

Elza İbrahimova 11 fevral 2012-ci ildə dünyasını dəyişib. 10 yanvar 2013-cü il tarixdə onun 75 yaşı tamam olmalıydı. 



MƏSLƏHƏT GÖR:

656