24 Noyabr 2024

Bazar, 10:19

ASAN MƏKAN

Yenİ qurum azərbaycanin sənəd dövrİyyəsİ sİstemİndə bürokratİzmİ və korrupsİyani yetərİncə azaldacaq

Müəllif:

01.02.2013

Artıq iki həftədən çoxdur ki, Azərbaycanda öz mahiyyəti etibarı ilə unikal xidmət - Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  "ASAN Xidmət"i fəaliyyət göstərir. Qısa zaman kəsiyində o, əhalinin populyar müzakirə mövzusu olmaqla yanaşı, həm də ciddi şəkildə sübut etdi ki, hətta rəsmiləşdirmənin ən dolaşıq istiqamətlərində və vətəndaşlar üçün ən vacib sənədlərin verilməsində belə bürokratik əngəlləri sıfıra endirmək mümkündür. 

Bu qurumun önəmindən danışan zaman iki tutarlı dəlil gətirmək yetərlidir. Birincisi, o, Azərbaycanda dövlət qurumları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin inkişafına yönəlib ki, bu da öz növbəsində ölkədə elektron hökumətin formalaşdırılmasına önəmli töhfədir. Həmçinin bu xidmət korrupsiya ilə mübarizə  işinə böyük dəstək verə bilər. 

 

Hamısı bir yerdə 

Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış "ASAN  Xidmət"in məqsədi maksimum səviyyədə sadədir və eyni zamanda unikaldır.  Unikallıq oradan qaynaqlanır ki, dünyanın heç bir yerində bu cür qurum yoxdur. Buna oxşar da yoxdur. 

Çünki "ASAN Xidmət"ə müraciət etmiş vətəndaşlar eyni məkanda eyni zamanda bir neçə dövlət orqanının xidmətindən yararlana bilərlər. Bu, vaxta əməlli-başlı qənaət etməyə, həmçinin əsəbləri qorumağa imkan verir, çünki çox sənədlərin rəsmiləşdirilməsi və alınması üçün xeyli sənəd tələb edilir, bəzən həm də əməlli-başlı dözüm gərək olur. 

Daha bir aydın üstünlük də var. Bakıda yerləşən 1 saylı  "ASAN Xidmət"in binasına getmək olar ki, burada da məmur rüşvətindən ümumiyyətlə söhbət belə gedə bilməz. Bu bina sözün hərfi və məcazi mənasında şəffafdır. İçərisində işçilərin əməllərini gizlədən beton arakəsmələr yoxdur. Otaqları şüşə divarlar ayırır. 

Bundan başqa, buranın hər yerində videomüşahidə  kameraları quraşdırılıb və xidmət işçilərinin dediyinə görə, söhbətlər də yazılır. Başqa sözlə, dövlət orqanlarının xidmətindən "ASAN Xidmət" vasitəsilə istifadə etməyi qərara alsanız, əmin ola bilərsiniz ki, bu qurumun fəaliyyəti maksimum səviyyədə şəffafdır və korrupsiya ilə mübarizədə əsas məqsədə - dövlət qurumlarında rüşvətxorluğun və soyğunçuluğun kökünü kəsməyə uyğun gəlir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun sözlərinə görə,  "Əgər korrupsiya faktları ortaya çıxarsa, "ASAN Xidmət" mərkəzlərinin əməkdaşlarına qarşı cinayət məsuliyyətinə qədər ən sərt tədbirlər görüləcək". 

Artıq bu il yanvarın 15-dən "ASAN Xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən göstərilən 23 hüquqi xidmətdən yararlanmaq mümkündür. 

Gələcəkdə bu siyahı yeni dövlət qurumları və onların təqdim etdiyi xidmətlər hesabına genişləndiriləcək. Bu barədə həm Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, həm də ölkədə e-xidmətlərin inkişafına məsuliyyət daşıyan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bildirirlər. 

Dövlət başçısının müvafiq fərmanında əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi, şəffaflığın təmin edilməsi ilə bağlı konkret tapşırıqlar da verilib. Burada dövlət orqanları tərəfindən göstərilən xidmətlər zamanı vətəndaşların maraqlarının təmin edilməsi və korrupsiya faktlarının aradan qaldırılması ilə yanaşı, operativlik, nəzakət, rahatlıq və çağdaş texnologiyaların tətbiq edilməsinin vacibliyi də vurğulanır. 

Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun sözlərinə görə, dövlət başçısının fərmanında xüsusi yer dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasına ayrılır. Razılaşın ki, bu, əsas diqqətin məmurların deyil, vətəndaşların maraqlarına yönəldilmiş demokratik dövlət qurulması yolunda çox vacib bir məqamdır. 

Yeri gəlmişkən, "ASAN Xid-mət"in loqosu bu quruma həvalə edilmiş tapşırığın mənasını açıqca nümayiş edirir: mərkəzində insan əks olunan çiçək təsvir edilib. İnsanı "ləçəklər" - ona keyfiyyətli xidmət göstərməyə hazır olan dövlət qurumları əhatə edirlər. 

Qeyd etmək gərəkdir ki, "ASAN Xidmət" alternativdir. Yəni vətəndaşın seçim imkanı var, məsələn, o, şəxsiyyət vəsiqəsini Daxili İşlər Nazirliyinin pasport-qeydiyyat idarəsində də, "ASAN Xidmət"də də ala bilər. Şəksiz ki, şəxsiyyət vəsiqəsinin alınması üzrə dövlət rüsumunun ölçüsü eynidir. 

 

Texnologiyalar vətəndaşlar üçündür 

Daha bir önəmli məqam: 1 saylı "ASAN Xidmət" ən çağdaş ixtiralarla təchiz edilib. Vətəndaşların qəbulu elektron sıra əsasında gerçəkləşdirilir.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 108 "Çağrı" mərkəzi yaradılıb. Bu nömrəyə zəng edərək növbə tutmaqla yanaşı, bütün xidmətlər və lazımi sənədlər barədə də məlumat almaq olar. Vətəndaşların zənglərinin  operatorlar tərəfindən işlənməsi ani və real vaxt rejimində gerçəkləşdirilir. Planlaşdırılır ki, "Çağrı" vətəndaşlara videoqəbul vasitəsi ilə də məlumat verilməsi üzrə xidmət göstərəcək. Növbəni İnternet vasitəsilə də tutmaq olar - bunun üçün www.asan.gov.az saytının "onlayn-növbə" bölməsinə daxil olmaq lazımdır. 

Mərkəzin özündə isə məlumat alınması maksimum sadələşib - burada hər yerdə elektron işarələr və tablolar qoyulub. 

"ASAN Xidm?t"də məhdud imkanlı insanların rahatlığı üçün böyük diqqət yaradılıb. Burada əlil arabası ilə çox rahatlıqla gəzmək mümkündür, görmə əlilliyi olan insanlar döşəmədə düzəldilmiş xüsusi nişanlardan yararlana və xüsusi qavrama tablolarında lazımi məlumatları ala bilərlər. 

"ASAN Xidm?t"in mərkəzi başqa dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edilib. Başqa sözlə, vətəndaşlar tərəfindən bu sənədləri təqdim etmədən dövlət qurumlarının məlumat bazası vasitəsilə bu və ya başqa xidmətin göstərilməsi üçün tələb olunan sənədlər barədə məlumat alınması imkanı var. Sadə sözlə, bir sənədi almaq üçün artıq vətəndaş bir neçə orqanın qapısını döyməli olmayacaq. 

Bundan başqa, mərkəzdə qan analizi laboratoriyası, bank, poçt şöbəsi, PayPoint terminalları, fotostudiya, dövlət rüsumunun ödənişi üçün bankomat, internet-kafe və uşaq əyləncə mərkəzləri var, eləcə də burada tibbi xidmət  göstərilir. Başqa sözlə, bu məkanda öz növbəni gözləyə-gözləyə vaxtınızı tamamilə səmərəli keçirmək olar. 

 

"hi-tech" işarəsi altında il  

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ayrıca İnnovasiyalar Mərkəzinin yaradılması da xoşagələn yenilikdir. Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun sözlərinə görə, bu qurum dövlət xidmətlərinin sadələşdirilməsi ilə əlaqədar araşdırmaların aparılmasını, innovativ ideyaların sınaqdan keçirilməsini təmin edəcək. Başqa sözlə, innovasiyalar mərkəzi müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və elektron xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi üzrə fəaliyyəti həyata keçirəcək.

Cari il ölkə prezidenti tərəfindən informasiya-kommunikasiya ili elan edilib. Bu il gerçəkləşdirilməli olan tədbirlərdən danışan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov əhaliyə göstərilən e-xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və sayının artırılması üzrə vəzifələri xüsusi vurğulayıb. "Bu iş "ASAN Xidm?t" ilə birlikdə görüləcək", - deyə nazir vurğulayıb. Yeri gəlmişkən, İnnovasiyalar Mərkəzi bir sıra elektron xidmətləri əhatə edəcək yeni "Mobile Government" konsepsiyasının ölkə üzrə tətbiqi layihəsi işlənib gerçəkləşdiriləcək. 

 

Keyfiyyət əsasdır 

Göründüyü kimi, bu gün dövlət yanız e-xidmətlərin sayının artmasında deyil, həm də keyfiyyətin yüksəlməsində də maraqlıdır. Artıq bu ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "Dövlət qurumlarında elektron  xidmətlərin təşkili və təqdim edilməsinin qiymətləndirilməsi qaydaları"nı qəbul edib. Bunda məqsəd dövlət qurumlarının e-xidmətlərinin keyfiyyətinin (göstərilmə səviyyəsinin) müəyyən edilməsidir. 

Pilot layihəsi çərçivəsində Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən göstərilən e-xidmətlərin qiymətləndirilməsi gerçəkləşdiriləcək. Pilot layihəsi başa çatdıqdan sonra Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən xidmətlərin qiymətləndirilməsi daimi əsasda, özü də hər bir dövlət qurumunda gerçəkləşdiriləcək. 

Qiymətləndirmə parametrləri sadədir: operativlik, elektron dövlət xidmətlərinin ümumi məlumat bazasına inteqrasiya, təsdiq olunmuş standartlara, norma və tələblərə uyğunluq, informasiya mübadiləsi infrastrukturunun keyfiyyəti,  xidmət göstərilmə prosedurlarının sadələşdirilməsi, bu sistemin idarə edilməsi, xidmətlərin şəffaflığı və s. Burası da önəmlidir ki, qiymətləndirmə ayda bir dəfədən gec olmayaraq gerçəkləşdiriləcək. 

E-sistemi mümkün balların 50%-indən azını toplamış dövlət qurumuun işi qeyri-kafi sayılacaq, 50-70% - kafi, 70-90% - yaxşı, 90-100% - əla qiymətləndiriləcək. Elektron xidmətin qoyulmuş tələblərə tam uyğun gəlməsi 2 balla, qismən uyğun gəlməsi 1 balla, heç uyğun gəlməməsi 0 balla qiymətləndiriləcək. 

Qeyd edək ki, hazırda pilot layihəsi çərçivəsində 1 saylı "ASAN Xidmət" mərkəzində dövlət orqanlarının xidmətindən Bakının Nəsimi və Nərimanov rayonlarının sakinləri yararlana bilərlər. Vətəndaşların qəbulu hər gün saat 10:00-dan 20:00-a kimi, bazar günü isə saat 17:00-a kimi fasiləsiz gerçəkləşdirilir. Bütün ödənişlər elektron formada yerinə yetirilir. Artıq iyun ayında bu xidmətlər  paytaxtın bütün rayonlarını, həmçinin Gəncə və Sumqayıt şəhərlərini də əhatə edəcək. 

Bakıda maksimum 4 ədəd "ASAN Xidmət" mərkəzinin tikilməsi planlaşdırılır. Onların hamısı şəhər daxilində və əsas nəqliyyat arteriyalarının (metro və  avtobus marşrutlarının) yaxınlığında yerləşəcək. Ölkə regionlarının sakinləri üçün də səyyar "ASAN Xidmət" fəaliyyət göstərəcək.    

Nazirlər Kabinetində 2012-ci ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran öhdəliklərə həsr edilmiş iclasdakı çıxışında dövlət başçısı İlham Əliyev bildirib: "ASAN Xidmət" artıq fəaliyyətə başlayır, bu xidmətdə məhz mənim qeyd etdiyim amillər - innovasiyalar, insanlara xidmət, korrupsiya ilə mübarizə, şəffaflıq, yenilik, modernləşdirmə yer alıb". 

Bu, yeni qurumun maksimum lakonik və dəqiq saxələndirilməsidir. Və tamamilə mümkündür ki, "ASAN Xidmət"in peyda olması ilə bir çox dövlət qurumları kənar müdaxilə olmadan əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması üzrə işləri gücləndirəcəklər ki, bu da ən böyük uğur olacaq. Və vətəndaşların, demək olar ki, bütün sənədləri əldə etməsi məsələsinin sıravi bir prosedura dönəcəyi gün uzaqda deyil. 



MƏSLƏHƏT GÖR:

680