25 Noyabr 2024

Bazar ertəsi, 12:55

DƏYİŞİB ARTIRMAQ

Neftdənkənar bölmə 2012-ci İldə ÜDM-in sabİt artimini təmİn edİb

Müəllif:

01.02.2013

Azərbaycanda neft hasilatının səviyyəsinin aşağı düşməsi və bununla bağlı hələ 2012-ci ilin ortalarında ən yüksək səviyyədə ifadə edilmiş ciddi narahatlıq açıq göstərirdi ki, keçən illə bağlı ölkənin iqtisadi artım rəqəmlərində kəskin sıçrayış gözləməyə dəyməz. Sirr deyil ki, Azərbaycan ixracatının böyük hissəsi (2012-ci ilin yekunlarına görə 90,16%-i) neft və neft məhsullarının payına düşür. Təbii ki, bu göstəricidə həcmlərin azalması bütünlükdə dövlətin birbaşa gəlirlərinə və iqtisadiyyatın ayrı-ayrı sahələrinin durumuna təsir göstərir. Amma bununla yanaşı, keçən il inflyasiya cəmi 1,1% səviyyəsində saxlanmaqla əhalinin  sabit rifah səviyyəsini təmin edib. 

Qeyd edək ki, keçən il ümumi daxili məhsul (ÜDM) 2,2% artıb. Bu, neftdənkənar bölmənin 9,7% artması hesabına təmin edilib, çünki neft-qaz bölməsində məhsul istehsalı 5%  azalıb. Prezident İlham Əliyevin fikrincə, əslində, bu, inkişaf etmiş ölkələr üçün çox yüksək göstəricidir, xüsusilə də böhran illərində. "Nəzərə alsaq ki, keçən il neft hasilatı düşüb və sənaye istehsalı bütünlükdə 2,3% azalıb, ona görə də ümumi daxili məhsulun 2,2% artması çox müsbət göstəricidir", - deyə dövlət başçısı Nazirlər Kabinetinin iclasında 2012-ci ilə yekun vurarkən bildirib. Bu zaman o vurğulayıb ki, beləliklə, Azərbaycan ölkə iqtisadiyyatının şaxələndirilməsi üzrə bir neçə il qabaq qarşısına qoyduğu öhdəliyi yerinə yetirə bilib. 

Diqqətəlayiqdir ki, kənd təsərrüfatının artımı 6% təşkil edib - bu, ölkənin ərzaq təhlüksizliyinə nail olunması baxımından irəliyə doğru önəmli addımdır. "İri fermer təsərrüfatlarının yaradılması, meliorasiya tədbirlərinin gerçəkləşdirilməsi, kreditlərin verilməsi, yol, infrastruktur çətinliklərinin aradan qaldırılması və s. hesabına biz Azərbaycanın özünü əsas ərzaq məhsulları ilə bütünlüklə təmin etməsinə nail olacağıq. Bu, tarix nailiyyət olacaq", - deyə dövlət başçısı hesab edir. 

Sənaye istehsalına gəldikdə isə , bəllidir ki, neftdənkənar sənayedə 7,8%-ə bərabər illik artım əldə edilib. Keçən il 100-dən çox sənaye müəssisəsi istismara verilib. Onların sırasında Sumqayıt Texnologiya Parkında açılmış ağır sənaye və dəqiq emal zavodlarını, Gəncədə alüminium zavodunu, Naxçıvanda və Qaradağda sement zavodlarını, bərk məişət tullantılarının çeşidlənməsi və utilizasiyası zavodunu və s.-i göstərmək olar. Hazırda 90-dan çox sənaye müəssisəsinin tikintisi davam etdirilir ki, sonucda da neftdənkənar bölmənin inkişafı üzrə yuxarıda sadalanan göstərici formalaşdırılır. 

İnflyasiyaya və əhalinin rifahına gəldikdə, qeyd edək ki, keçən il inflyasiya və pul gəlirləri arasında fərq 10% təşkil edib ki, bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Etiraf etməliyik ki, hökumət inflyasiyanı bu səviyyədə saxlamaq üçün çox səy göstərib. Axı keçən il sosial proqramların gerçəkləşdirilməsi nəticəsində dövriyyəyə əlavə pul kütlələri buraxılmışdı ki, bunların sırasında sovet vaxtlarından qalmış əmanətlərin əvəzinə kompensasiya verilməsini göstərmək olar (bu da yüz milyonlarla manat deməkdir). Bundan başqa, keçən il investisiya xərcləri rekord səviyyəyə qalxıb və $22 mlrd.-ı keçib. Bundan başqa, statistik məlumatlara görə, valyuta ehtiyatlarını $46 mlrd.-a, yəni ÜDM-in 70%-ə qədər artırmaq mümkün olub. "Mən sanıram ki, bu göstəriciyə görə biz dünyanın ən aparıcı yerlərindən birini tuturuq", - deyə Prezident İ.Əliyev bildirib. 

Xatırlatmaq gərəkdir ki, neft-qaz sektorundakı ölkənin ümumi iqtisadi artım göstəricisinə təsir göstərən duruma baxmayaraq, nüfuzlu beynəlxalq qurumlar öz qiymətləndirmələrində yerli ekspertlərlə müqayisədə daha optimist mövqe sərgiləyirlər. Özü də bu istitutlardan çoxu, artıq çoxdan çalışır ki, Azərbaycan neft dollarları olmadan da inkişaf edə biləcəyini sübut etsin, buna görə də neftdənkənar bölmədə ÜDM artımı onların diqqətindən yayına bilməzdi. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabət qabiliyyətinə görə. Azərbaycan iqtisadiyyatı dünya üzrə 46-cı yerdə, MDB üzrə isə 1-ci yerdədir. Dünya Bankı da bizim ölkədə biznes mühitini belə yüksək qiymətləndirməkdə davam edir. Avropada bitməyən böhran fonunda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da 2013-cü il üçün Azərbaycanın ÜDM artımı proqnozunu yaxşılaşdırıb. 

Bankın "AYİB-in əməliyyat apardığı ölkələrdə regional iqtisadi perspektivlər" hesabatında bildirilir ki, əgər keçən ilin oktyabr ayında verilən proqnozda gələn il ölkə ÜDM-nin 3% artacağı proqnozlaşdırılırdısa, yeni hesabatda artım artıq 4% səviyyəsində gözlənilir. "Qlobal maliyyə böhranının nəticələrini uğurla keçən Azərbaycan iqtisadiyyatı neft hasilatı həcmlərinin azalması fonunda öz artımını yavaşıdıb. Hasilatın azalması neftdənkənar bölmədə, əsasən, büdcə xərcləri ilə stimullaşdırılan ciddi artım hesabına qismən kompensasiya edilib. Neft bölməsində istehsalın nisbətən bərpa edilməsi və iqtisadiyyatın neftdənkənar bölmələrinin davam edən genişləndirilməsi 2013-cü ildə ÜDM artımının sürətləndirilməsinə gətirməlidir. Ölkənin güclü fiskal mövqeyi qəfil makroiqtisadi riskləri yumşaltmağa imkan verir", - deyə hesabatda bildirilir. 

Yada salmaq lazımdır ki, 2013-cü ilin büdcəsi son illər üzrə ən iri büdcədir və müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə olaraq büdcənin xərc hissəsi, demək olar ki, 20 mlrd manata çatıb. Təbii ki, cari ildə də bir nömrəli vəzifə kimi makroiqtisadi sabitliyin və birrəqəmli inflyasiya göstəricisinin saxlanmasıdır. Yeri gəlmişkən, bu il onun səviyyəsi 3-5% arasında proqnozlaşdırılır. Azərbaycan Mərkəzi Bankının (AMB) 2013-cü ilin pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri haqqında bəyanatında bildirilir ki, bunun üçün AMB pul kütləsinin artım templərinə klassik tənzimləmə alətləri ilə təsir etməyə çalışır. 

Eyni zamanda, diqqət mərkəzində yeni, uzunmüddətli dövrdə inflyasiyaya və iqtisadi silsiləyə təsir baxımından yeni, daha effektiv pul siyasəti rejiminin tətbiq edilməsi üçün lazım olan makroiqtisadi, institusional və struktur şərtlərin təmin edilməsi diqqət mərkəzində saxlanılacaq. Bu şərtlər sırasında çevik məzənnə rejiminin tətbiq edilməsi xüsusi önəm daşıyır, bu, pul kütləsi və faiz dərəcələri üzərində daha effektiv monetar nəzarəti təmin edir. AMB sanır ki, bu rejimə keçmək üçün iqtisadiyyatın  və ixracatın şaxələndirilməsi, fiskal dayanıqlılığın gücləndirilməsi, maliyyə bazarının inkişafının və faiz dərəcələrinin inflyasiyaya təsir vasitəsinə çevrilməsi xüsusi önəm daşıyır.

Əgər nəzərdə tutulanları gerçəkləşdirmək mümkün olarsa, onda 10 il qabaq qarşıya qoyulmuş  daha bir tarixi öhdəliyin yerinə yetirilməsi - Azərbaycanda yoxsulluğun bu ilə planlaşdırılan tam ləğv edilməsinə nail olunacaq. "Bu il bizim 2003-cü ildə müəyyən etdiyimiz 10 illik inkişaf  planımız başa çatır. 2004-cü ildə regional inkişaf proqramı  qəbul edilib və bu il onun ikinci mərhələsi başa çatır. Əminəm ki, ilin sonuna kimi yeni infrastruktur layihələrinin, sosial  proqramların gerçəkləşdirilməsi  nəticəsində bu öhdəlik yerinə yetiriləcək", - deyə Prezident İ.Əliyev bildirib. Qeyd edək ki, 2012-ci ildə işsizliyin 5,2%-ə qədər azaldılması nəticəsində yoxsulluq səviyyəsi 7,6%-dan 6%-ə enib. 

Bununda yanaşı, Prezident İ.Əliyevin fikrincə, Azərbaycanın uğurları bu gün artıq deməyə imkan verir ki, ölkə regional çərçivədən çıxır. "Biz, necə deyərlər, postsovet ölkəsi adımızı keçmişdə qoyduq. Biz postsovet ölkəsi deyilik. Biz müstəqil Azərbaycan dövlətiyik". Və sabit iqtisadiyyat müstəqilliyimizin ən möhkəm rəhnidir. 

 



MƏSLƏHƏT GÖR:

460