12 Mart 2025

Çərşənbə, 18:24

İKİSİ BİRİNDƏ

"TAP və Nabucco West "Cənub qaz dəhlİzİ" çərçİvəsİndə eynİ vaxtda fəalİyyət göstərə bİlər"

Müəllif:

01.02.2013

Azərbaycanla Türkiyə ötən il Transanadolu qaz kəməri (TANAP) layihəsinin əsasını qoymaqla Xəzər qazının Avropa sərhədlərinədək nəqli məsələsinə tam aydınlıq gətirdilər. "Mavi yanacaq"ın oradan sonra hansı marşrutla daşınacağı indi daha çox öz enerji təchizatı mənbələrinin diversifikasiyasında son dərəcə maraqlı olan avropalı istehlakçıların özlərindən asılıdır. Hazırda rəsmi Bakı "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsiumla birlikdə Azərbaycan qazının Avropaya ixracı üçün təklif olunan layihələrin qiymətləndirilməsini davam etdirir. İki variant var - "Nabucco West" və Transadriatik boru xətti (TAP). Onların arasında seçim artıq bu il ediləcək.

Bu layihələrdən biri - TAP-ın dəstəklənmə şansı, danışıqların hansı mərhələdə olduğu haqda bu yaxınlarda Bakıda danışıqlar aparmış Transadriatik boru xətti layihəsinin xarici əlaqələr üzrə direktoru Maykl Hoffmanla söhbətləşdik. 

- Cənab Hoffman, ötən ilin sonunda Siz Azərbaycanda oldunuz və bir sıra danışıqlar apardınız. Bu zaman hansı məsələlər müzakirə olundu; artıq açıqlanması mümkün olan nəticələr varmı?

- Bakıya səfərimdə məqsəd Azərbaycanın yüksək rütbəli hökumət nümayəndələri, həmçinin energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, SOCAR prezidenti Rövnəq Abdullayev və "bp", "Statoil", "Total" kimi nəhəng beynəlxalq enerji şirkətlərinin rəhbərliyi  ilə görüşmək idi. Bundan başqa, səfər Bakıda müvafiq missiyaların və səfirlərin məlumatlandırılması üçün yaxşı imkan da sayıla bilər.

Nümayəndə heyətimizin tərkibində "Statoil", "E.ON" və "Axpo"nun direktorlar şurasının üzvləri, həmçinin boru xətti layihəsinin təmsilçiləri də var idi. Bu, onlara TAP-a tam dəstəklərini ifadə etmək, perspektivləri göstərmək imkanı verirdi. Brifinqlər yaxşı qəbul olundu və səfəri uğurlu saymaq olar. Azərbaycanda çalışan əsas səhmdarlar etiraf etdilər ki, son ildə TAP-da ciddi irəliləyişlərin olması 2013-cü ilin ortalarında onun xeyrinə qərar verilməsi üçün ideal şərait yaradıb.

- Hazırda TAP layihəsinin reallaşdırılması hansı mərhələdədir?

 - TAP 2012-ci ildə böyük irəliləyişə nail olub. Ötən ilin fevralında layihəmiz "Şahdəniz" konsorsiumunun ilkin olaraq seçdiyi ilk layihə oldu və bununla da özünün texniki və kommersiya baxımından üstünlüyünü sübut etdi. Nəticədə 2012-ci ilin iyununda "Şahdəniz"in tərəfdaşları - "bp", SOCAR və "Total" əməkdaşlıq haqda saziş bağladı, avqustda isə maliyyələşmə ilə bağlı razılaşma imzalandı. Bununla da şirkətlər layihəyə inamlarını ortaya qoydular.

TAP-ın dünyanın aparıcı enerji şirkətlərinin simasında güclü, sabit səhmdarlar bazasına malik olması, onun dövlət subsidiyalarından asılı olmayaraq, yalnız özü-özünü maliyyələşdirməni təklif etməsi bu qərarın qəbulunda vacib rol oynayıb.

Qeyd etmək lazımdır ki, 27 sentyabr 2012-ci il tarixində TAP-ın ərazisindən keçəcəyi üç ölkə - İtaliya, Yunanıstan və Albaniyanın hökumətləri layihəyə siyasi dəstək ifadə edərək, Nyu-Yorkda müvafiq memorandum imzalayıb. Bu, 2013-cü ilin əvvəlində TAP üzrə tammiqyaslı hökumətlərarası razılaşmanın (IGA) bağlanması üçün danışıqlara başlamağa imkan verəcək. Biz əminik ki, razılaşma artıq bu il imzalanacaq.

2013-cü ilin ortalarında "Şahdəniz" konsorsiumu Avropaya qaz nəqlinin marşurutunun seçimində yekun qərarını açıqlayacaq. Hesab edirik ki, onlar bizim güclü tərəflərimizi və layihənin onların tələbatlarının ödənməsi üçün ən yaxşı variant olduğunu nəzərə alaraq, TAP-ı seçəcək. TAP seçildikdən sonra rəsmən "Tikinti haqqında qərar"ı, başqa sözlə, son investisiya qərarımızı da qəbul edə bilərik. Tikinti işlərinə 2014-cü ilin sonlarında başlanılacaq və 2018-ci ilin sonunda TAP Türkiyə vasitəsilə "Şahdəniz"dən qaz qəbul etməyə hazır olacaq.

- Məlumdur ki, hazırda "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsium 2-ci mərhələ çərçivəsində öz qazını Avropaya nəql etmək üçün iki variantı nəzərdən keçirir. Bunlar TAP və "Nabucco West" layihələridir. TAR layihəsi Azərbaycan qazının ixracı üçün hansı maliyyə, iqtisadi və strateji üstünlüklər təklif edir?

- TAP Xəzər qazının Avropaya çıxarılması üçün daha qısa və qənaətcil marşrutdur. Əvvəla, o, qazı Avropada "mavi yanacaq" üçün ən baha qiymət təklif edən İtaliyaya nəql edəcək. Bundan sonra layihə Şimali İtaliyadakı "Transitgas" sistemi vasitəsilə İsveçrə, Almaniya, Fransa və Böyük Britaniyanı da qazla təmin etmək iqtidarında olacaq. Bundan başqa, o, TAG boru xəttinə birləşməklə Avstriya və Mərkəzi Avropaya qaz axınını gücləndirə bilər.

Bununla yanaşı, TAP Azərbaycana Cənub-Şərqi Avropanı  IAP (Ionian Adriatic Pipeline) boru kəməri və Yunanıstan-Bolqarıstan boru xətti vasitəsilə qazla təmin etmək imkanı da verəcək. Çox enerji sərf edən bu yeni bazarlara qaz tədarükü Avropa İttifaqının əsas məqsədlərindən biridir.

Strateji üstünlüklərlə yanaşı, TAP öz səhmdarlarının simasında əlavə üstünlükləri  ilə də öyünə bilər. Norveçin "Statoil" şirkəti, Almaniyanın "E.ON Ruhrgas" və İsveçrənin "Axpo" şirkəti nəinki qlobal enerji şirkətləridir, onlar həm də yerüstü və dəniz vasitəsilə boru xətlərinin çəkilməsində təcrübəyə malikdirlər. Bununla da onlar TAP-ın ən yüksək standartlara uyğun - ekoloji və təhlükəsiz şəkildə layihələndirilməsinə və tikintisinə zəmanət verir. Onların prosesdə iştirakının daha bir üstünlüyü də var: layihə nəzərdə tutulmuş müddətdə dövlət qrantları və subsidiyalarından istifadə edilmədən reallaşdırıla bilər. İqtisadi böhran şəraitində bu, həlledici amildir.

Bir sözlə, TAp-ın etibarlı, təcrübəli və maddi baxımdan təmin olunmuş səhmdarları bu son dərəcə çətin layihənin uğurla reallaşdırılacağına zəmanət verir.

- TAP layihəsi "Şahdəniz" tərəfindən məhz özünün seçilməsi şanslarını necə qiymətləndirir?

- Biz əminik ki, TAP Xəzər qazının Qərbə nəqli üçün ən yaxşı variantı təklif edir. "Şahdəniz" konsorsiumu artıq 2012-ci ilin əvvəlində boru xəttini prioritet cənub marşrutu kimi seçərkən bizim planlarımıza dəstək verib. O, bunu SOCAR, "bp" və "Total" şirkətlərinin layihədə 50% paya sahib olması şərtilə kəmərin əlavə inkişafının maliyyələşdirilməsinə razılaşmaqla təsdiqləyib.

 - İlkin olaraq boru xəttinin gücü ildə 10 milyard kubmetr olacaq. Bu, Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Avropaya ixrac etməyi planlaşdırdığı qazın həcminə uyğundur. Gələcəkdə TAP-ın maksimal ötürücülük qabiliyyəti 20 milyard kubmetrədək artırılacaq. Bu layihə ilə qazın nəqli üçün daha hansı mənbələr nəzərdə tutulur?

- TAP layihəsi məhz o hesabla yaradılıb ki, onun ötürücülük qabiliyyətini texniki dizaynın dəyişdirilməməsi, əlavə investisiyaların xərclənməməsilə qısa bir zamanda artırmaq mümkün olsun. Azərbaycanın gələcəkdə hasil edəcəyi qazın həcminə uyğun olaraq biz, sadəcə kompressorların əlavə olunması ilə tez bir zamanda boru xəttinin gücünü ikiqat artıra bilərik. Azərbaycanda getdikcə daha çox neft və qaz resursları üzə çıxır. "Abşeron", "Ümid", "Azəri-Çıraq-Günəşli" yataqları istismara verildikcə, TAP da əlavə həcmdə qazı qəbul etməyə hazır  olacaq.

 - Əvvəlki bəyanatlarınızdan aydın olur ki, TAP böyük həcmdə Xəzər qazını Qərbi Avropa ölkələrinə artıq mövcud boru xətti sistemləri vasitəsilə nəql edəc biləcək yeganə "Cənub qaz dəhlizi" layihəsidir. Bundan başqa, bu layihə Cənub-Şərqi Avropanın yeni perspektivli bazarlarına çıxış üçün əlavə imkanlara da malikdir. TAR-ın istehlakçılar üçün üstünlükləri nədən  ibarətdir?

 - Biz ilkin olaraq mövcud qaz infrastrukturu BOTAS-dan istifadə etməyi planlaşdırırdıq. Lakin ötən il Azərbaycanla Türkiyənin Transanadolu qaz kəmərinin tikintisinə dair razılığa gəlməsindən sonra buna ehtiyac qalmadı. Bunun əvəzində Azərbaycan Yunanıstan sərhədinədək qaz nəql edəcək, oradan isə TAP onun nəqlinin davam etdirilməsi məsuliyyətini öz üzərinə götürəcək.

Bundan başqa, TAP regiondakı bir çox digər boru xətti layihələrinə də qoşula bilər. O, IAP əməkdaşlıq memorandumu imzalayıb və əlavə boru xətlərinə, məsələn, Yunanıstan-Bolqarıstan interkonnektoruna qoşulmanı asanlaşdıra bilər. TAP Azərbaycana yeni bazarların əldə olunmasında kömək etməklə yanaşı, Cənub-Şərqi Avropanın bir çox ölkələri üçün yeni enerji mənbələri də yaradacaq. Bu, bütünlükdə regionun iqtisadi inkişafına ciddi impuls ola, Azərbaycana çoxlu sayda yeni bazarlar qazandıra bilər.

Bundan başqa, TAP boru xəttinin keçəcəyi ölkələrin də iqtisadi inkişafına kömək olacaq. Bunu ilk növbədə birbaşa xarici investisiyalar hesabına Yunanıstan (1,5 milyard avro) və Albaniya (1 milyard avro) hiss edəcək. 

- Analitiklər hesab edir ki, İtaliyanın "Enel" şirkətinin prosesə qoşulması rəqibləri  ilə müqayisədə TAP-ın şanslarını artırıb. Başqa ölkələrin də TAP-ın səhmlərini almağa marağı varmı?

- TAP layihənin inkişafına töhfə verə biləcək yeni tərəfdaşların üzünə həmişə açıq olub. Odur ki, ENEL kimi aparıcı beynəlxalq enerji şirkətlərinin prosesə qoşulması əlbəttə ki, alqışlanmalıdır.

Yadda saxlamaq lazımdır ki, avqustda maliyyələşdirilməyə dair imzalanmış son razılaşma SOCAR, "bp" və "Total" şirkətlərinin TAP-ın xərclərinin ödənilməsinə öz töhfələrini verəcəkləri anlamına gəlir. Onlar layihənin səhmlərinin 50%-nə sahib çıxa bilərlər.

- Əvvəllər deyilirdi ki, qrafikə əsasən TAP layihəsi istismara "Şahdəniz" yatağından Türkiyə vasitəsilə qazın nəqlinə başlanılacağı vaxta - 2017-ci ilə hazır olacaq. Bu iki layihə bir-birinə nə dərəcədə uyğun inkişaf edir?

- TAP-ın qrafiki "Şahdəniz" yatağının ikinci mərhələsinin inkişafı ilə tam uyğunlaşdırılıb, layihənin əsas investisiya qərarlarının qarşılıqlı razılaşma əsasında verilməsi üçün konsorsium ilə daim dialoq aparılır. "Şahdəniz" 2018-ci ilin sonunda Türkiyə-Yunanıstan sərhəddinə qaz nəqlinə başlayan kimi, biz qazı Avropaya nəql etməyə hazır olacağıq.

- Rusiya "Cənub axını"nın tikintisinə start verib. Bu, "Cənub dəhlizi" layihəsinin reallaşdırılmasını sürətləndirə bilərmi? Yoxsa əksinə, bununla istehlakçı ölkələrin və investorların layihəyə marağı azalacaq? 

- Ümumi nöqteyi-nəzər ondan ibarətdir ki, gələcəkdə Avropaya qaz idxalının xeyli artması tələbi yaranacaq.

Bir tərəfdən yerli qaz istehsalının həcmi azalır, digər yandan bir çox Avropa ölkələri öz atom-elektrik stansiyalarını bağlayır. Artmaqda olan bu boşluğu doldurmaq üçün Avropa qaz təlabatını bir neçə mənbədən ödəməlidir. Fikrimizcə, "Cənub axını" və "Cənub qaz dəhlizi" də bu mənbələrdəndir.

Bununla yanaşı, etiraf olunmalıdır ki, "Cənub axını" Avropaya yeni qaz gətirməyəcək. O, sadəcə mövcud qazın yeni marşrutlarla çatdırılmasını təmin edəcək. Avropanın enerji təhlükəsizliyini və diversifikasiyanı təmin edəcək "Cənub qaz dəhlizi" isə artıq başqa məsələdir.

Mən hesab edirəm ki, TAP və "Nabucco West" "Cənub qaz dəhlizi" çərçivəsində eyni vaxtda fəaliyyət göstərə bilər. Əsas məsələ hansı boru kəmərinin birinci çəkiləcəyidir.

Əminəm ki, son ildə TAP-ın inkişafı, "Şahdəniz"lə razılaşma, siyasi dəstək, layihənin səhmdarlarının dayanıqlı maddi vəziyyəti və texniki imkanlar ümumilikdə ona gətirib çıxaracaq ki, ilk Azərbaycan qazının Avropa bazarlarına nəqli üçün bu boru xətti seçiləcək. 


MƏSLƏHƏT GÖR:

422