14 Mart 2025

Cümə, 20:57

MALİYƏ HƏRBİ MÜDAXİLƏ

Prİnsİplərİn müdafİəsİ, yoxsa təbİİ resurslar üzərİndə nəzarət?

Müəllif:

01.02.2013

"Qara qitə" indi dünya xəbərləri arasında əsas yerlərdən birini tutur. Fransanın vaxtilə Fransız Qərbi Afrikasının bir hissəsi olmuş və müstəqilliyini 1960-cı ildə qazanmış Malidə həyata keçirdiyi hərbi əməliyyat bir sıra siyasi, iqtisadi, mədəni və humanitar xarakterli problemləri meydana çıxarıb. İndi planetin ən yoxsul və münaqişəli regionunda yerləşən dövlətlər bu problemləri həll etməlidir. Afrikanı özləri üçün ənənəvi nüfuz və məsuliyyət zonası sayan fövqəldövlətlər də öz yerində///.

 

"Serval" "Azavad"a qarşı

Hər şey Malinin mərkəzi hökumətinə qarşı mübarizə aparan qiymaçıların ölkənin mərkəzində yerləşən Kona şəhərində nəzarəti ələ almasından sonra başladı. Bu şəhər onların paytaxt Bamakoya yolunu açırdı. Mali prezidenti Diunkunde Traore Fransadan hərbi yardım istədi və bu yardımın göstərilməyəcəyi təqdirdə hakimiyyətinin artıq ölkənin şimalına nəzarəti tam ələ keçirən islamçıların zərbəsinə tab gətirməyəcəyini bəyan etdi.

Beləliklə, "Serval" (Afrika vəhşi pişiyinin adından götürülüb) əməliyyatı - Fransanın Maliyə hərbi müdaxiləsi başladı. Yelisey sarayının sahibi Fransua Olland bunu rəsmi Bamakoya terrorçularla mübarizədə yardım göstərilməsinin vacibliyi  ilə əsaslandırdı. Parisin Maliyə hərbi müdaxiləyə başlaması üçün beynəlxalq hüquqi əsaslar isə kifayət qədər idi: ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurası özünün fövqəladə toplantısında daxili münaqişənin yaşandığı bu Afrika ölkəsinə sülhməramlı hərbi kontingentin göndərilməsinə çağırış edib.

Fransanın əməlini ilk növbədə Qərbi Afrika İqtisadi Birliyinin (QAİB) üzvləri dəstəkləyib. Qurum fövqəladə toplantısında dünya ictimaiyyətini Mali ordusuna "təcili olaraq maddi və logistik dəstək" göstərməyə çağırıb. Benin, Qana, Niger, Seneqal, Burkina-Faso və Toqo Malidə Fransa ilə birlikdə əməliyyatlarda iştirak etməyə razılıq verib.

Bəs əks-sədası Malidən çox uzaqlara yayılan bu münaqişənin səbəbi nədir? İlk növbədə aydındır ki, malidaxili münaqişə Liviyada ciddi kənar təcavüzlə müşahidə olunan və Müəmmar Qəddafinin uzun illərdən bəri davam edən avtoritar diktaturasına son qoyan vətəndaş müharibəsindən sonra qızışıb. Liviyada rejimin devrilməsi üçün aparılan hərbi kampaniyanın nəticələri vaxtilə Liviya ordusunun tərkibində böyük bölüklərlə təmsil olunmuş tuareq tayfaları tərəfindən narazılıqla qarşılanıb (tuareqlər Niger və Malinin şimalındakı torpaqlarından sıxışdırılıb-çıxarıldıqdan sonra Liviyada möhkəmlənmişdilər). Qəddafi rejiminin devrilməsi bir anda  tuareqləri Maliyə qayıtmağa məcbur etdi. Tezliklə onların vahid üsyançı təşkilatı - "Azavadın azad edilməsi uğrunda Milli Hərəkat" yaradıldı. İndi islam idarə üsulunun yaradılması uğrunda mübarizə aparan "Ansar Din" qruplaşması bu yeni hərəkata müttəfiqlik edir.

Tuareqlərdə islamçılar birgə səyləri nəticəsində 2012-ci ilin yanvar-mart aylarında, demək olar ki, Malinin yarısını ələ keçiriblər. Kapitan Amadu Sanoqonun rəhbərlik etdiyi hərbçilər "ölkənin ərazi bütövlüyünün xilası" məqsədilə martın 22-də dövlət çevrilişi həyata keçirib, nəticədə faktiki olaraq qiyamçıların əlində marionet olan Diunkunde Traore hakimiyyətə gətirilib.

2012-ci il aprelin 6-da tuareqlər "Azavada" adı ilə öz müstəqil dövlətlərini elan ediblər və ona müvəqqəti keçid hökumətinin rəhbərlik edəcəyini açıqlayıblar. Qiyamçıların məqsədi əhalisinin 90%-ni sünni islamçıların təşkil etdiyi Malini islam dövlətinə çevirməkdir.

Bundan başqa, malili qiyamçılar "Qərbi Afrikada birlik və cihad uğrunda hərəkat" da yaradıblar. Hərəkatın yalnız adı həmsədrhəd ölkələrin hökumətlərində narahatlıqların baş qaldırması üçün kifayət edib.

İslamçıların Bamakoya hücumu QAİB ölkələrini və onlara himayədarlıq edən Fransanı Malinin və bütünlükdə regionun gələcəyilə bağlı sual qarşısında qoyub. Fransız hərbi mənbələrin məlumatına görə, artıq "Serval" əməliyyatının ilk günlərində ölkənin mərkəzində yerləşən və strateji əhəmiyyətə malik olan Diabali, Duentsa və Konu şəhərlərini islamçılardan azad etmək mümkün olub. Fransanın xüsusi təyinatlıları islamçıları şimala, Qao və Timbuktu şəhərlərinə tərəf sıxışdırır. Bununla paralel olaraq, qonşu Afrika dövlətlərinin də orduları qiyamçıların cinah mövqelərinə zərbələr endirməyə hazırlaşır.

Odur ki, Malidə hər şey hələ yeni başlayır. Bunu anlayan Paris hərbi əməliyyatlarının geniş beynəlxalq dəstək almasına vaxtında nail olub. Bu dəstəyi o, əlbəttə ki, ilk növbədə Qərbdəki müttəfiqlərindən alıb.

 

Fransaya dəstək və Amenasa hücum

Fransanı Avropanın aparıcı fövqəldövlətləri dəstəkləyib. Böyük Britaniyanın baş naziri Devid Kemeron Milli Təhlükəsizlik Şurasının Mali məsələsində Parisə yardım göstərilməsinə həsr edilmiş fövqəladə toplantısında bildirib ki, bu dəstək hərbi təchizat, nəqliyyat təyyarələrinin ayrılması, Mali ordusunun hərbçilərinə təlim keçmək üçün təlimatçıların göndərilməsi və fransız tərəfinə kəşfiyyat məlumatları verməkdən ibarət olacaq. Bir qədər sonra britaniyalı baş nazir Afrikanın Sahel regionunda islamçı yaraqlıların terrorçu fəaliyyətinin getdikcə daha ciddi xarakter aldığını, onunla mübarizəyə "ayların deyil, illərin, hətta onilliklərin lazım gələcəyini" söyləyib.

Almaniya kansleri Angela Merkel də Malidə aparılan hərbi əməliyyatlara tam dəstək verib. "Biz təhlükəsizlik məsələlərində yeni çağırışlarla qarşı-qarşıyayıq. Bu gün islamçı terrorçularla asimmetrik şəkildə qarşı-qarşıya dayanmışıq. Amma əlbəttə ki, biz bu çağırışlar qarşısında birlikdə dayanırıq. Almaniya Malidə aparılan hərbi əməliyyatlarda Fransanın yanındadır. Biz Fransanı dəstəkləyirik", - deyə Almaniya hökumətinin başçısı bildirib.

Almaniya "Serval" əməliyyatına logistik yardım çərçivəsində Afrikaya 2 Transall hərbi-nəqliyyat təyyarəsi göndərib. Onlardan QAİB ölkələrindən olan hərbçilərin Mali paytaxtına daşınmasında istifadə ediləcək. Berlinin Aİ-nin malili əsgərlərə təlimlərin keçirilməsi missiyasında da iştirak edəcəyi güman olunur.

Fransaya ən ciddi dəstək isə ABŞ-dan gəlib. Söhbət, ilk növbədə, ordu və avadanlıqların Mali ərazisinə daşınmasına göstərilən yardımdan gedir. Vaşinqton fransalı hərbçilərə son dərəcə vacib kəşfiyyat xəbərləri, peyk çəkilişləri, qiyamçıların mövqelərinin pilotsuz təyyarələr vasitəsilə aparılmış müşahidəsi və mobil telefon danışıqlarının monitorinqinə dair məlumatlar verir.

Amma Fransanın Malidə apardığı əməliyyatların dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsində heç də hər şey tam hamar getmir. Məsələn, Misir prezidenti Məhəmməd Musri Parisin əməllərini kəskin şəkildə tənqid edib. Ərəb Dövlətləri Liqasının Əl-Riyadda keçirilən toplantısında o bildirib ki, Misir Parisin apardığı hərbi əməliyyatları dəstəkləmir. Prezident hesab edir ki, bu əməliyyatlar regionda yeni qaynar nöqtənin yaranmasına, Şimali Afrika ilə onun Cənub qonşuları arasında parçalanmaya səbəb olacaq.

Məsələyə Beynəlxalq İslam Alimləri Birliyinin prezidenti Yusuf Qərdavi də münasibət bildirib. "Müsəlman qardaşlar" hərəkatının ideoloji lideri sayılan Yusuf Qərdavi Fransanın Maliyə hərbi müdaxiləsini pisləyib və Parisi "əvvəlcə münaqişənin sülh yolu ilə həlli imkanlarının hamısını sınaqdan keçirməyə, Malidə qan tökmədən milli barışığa nail olmağa" çağırıb. Bundan başqa, Qərdavinin rəhbərlik etdiyi assosiasiya malili qiyamçılara da müraciət edərək, onları dialoqa başlamağa, münaqişənin ədalətli və dinc həllinə nail olmağa çağırıb.

Bunun əvəzində Əlcəzairdə baş vermiş faciə problemin sülh yolu ilə həllinin nə qədər çətin olduğunu göstərib. Fransanın Maliyə müdaxiləsinə cavab olaraq islamçılar Əlcəzairin "Amenas" qaz yatağındakı neft-qaz kompleksinin işçilərinə hücum edib. Qeyd edək ki, bu kompleks Əlcəzairin "Sonatrach", Britaniyanın "British Petroleum" və Norveçin "Statoil" şirkətlərinə məxsusdur. Hücum nəticəsində yüzlərlə insan girov götürülüb. Onların arasında 130 əcnəbi də olub. Terrorçular Əlcəzairdə həbsxanalarda saxlanılan silahdaşlarının azad edilməsini, malidə hərbi əməliyyatların dayandırılmasını, Əlcəzair hökumətinin hava məkanını Fransanın üzünə bağlamasını tələb edirdilər. Bunun əvəzində hökumət qüvvələri qaz yatağına hücum edib, 32 terrorçu öldürülüb. Bəzi məlumatlara görə, 40-80 arasında girov da öldürülüb və onların arasında 37 əcnəbi var.

İslamçı qruplardan birinin başçısı Muxtar Belmuxtar yaydığı videomüraciətdə bildirib ki, Malidə tuareqlərə qarşı əməliyyatlarda iştirak edən bütün "xaç yürüşçüləri" onun tərəfdarlarının qanuni hədəfidir. O, Maliyə kənar müdaxilə bitməyincə, bu əməliyyatda iştirak edən ölkələrin vətəndaşlarına hücumların davam edəcəyini bəyan edib.

 

"Prinsiplərin müdafiəsi", yoxsa "yenidən müstəmləkələşdirmə"?

Fransanın Malidəki hərbi əməliyyatları tezliklə dayandırması Qərbi Afrika ölkəsində islamçıların ordusuna zərbələrin endirilməsindəki məqsədlərə çatılması ilə birbaşa əlaqəlidir. Fransa prezidenti Fransua Olland Malidə aparılan əməliyyatların heç bir siyasi məqsədi güdmədiyini, hədəfin yalnız "prinsiplərin qorunması" olduğunu bildirir. "Fransanın müdaxiləsi olmasaydı, terrorçular bütünlükdə Malini ələ keçirərdilər", - deyə Olland qeyd edib.

Şübhəsiz, Paris Malidə islamçı rejimin  qurulajagından narahatdır. Çünki bu, bütünlükdə regionda sabitliyin pozulmasına, hətta bəlkə də Avropanı və bütünlükdə Qərbi islam dünyasının düşməni hesab edən terrorçuların hazırlanması üçün düşərgənin yaranmasına səbəb olacaq. Rəsmi Paris məhz bu səbəbdən bildirir ki, Fransa ordusunun məqsədi yalnız qiyamçıların Mali paytaxtına buraxılmaması yox, ümumilikdə onların Afrika dövlətindən çıxarılmasıdır.

Bu arada Fransanın eks-prezidenti Valeri Jiskar d'Estenin Yelisey sarayına xəbərdarlığını kifayət qədər maraqlı saymaq olar. O, Fransua Ollandı Maliyə müdaxilənin "yenidən müstəmləkələşdirmə"yə çevrilməsinə yol verməməyə çağırıb.

Belə bir fikir var ki, fransızların Malidə həyata keçirdiyi Afrikanın yenidən müstəmləkələşdirilməsi üçün növbəti xüsusi əməliyyatdır. Son dövrlərdə belə əməliyyatların obyektləri (fərqi yoxdur, hərbi, siyasi və ya son dərəcə iqtisadi xarakterli) Sudan, Kot-d'İvuar, Liviya idi. Fövqəldövlətlər Sudanı özlərinə tabe etmək üçün onu parçaladılar, daha doğrusu, neftlə zəngin əraziləri ondan ayırdılar. 

Kot-d'İvuar ilə Liviya isə Qərb tərəfindən birbaşa hərbi müdaxilə ilə ram edildi. 

Maliyə gəlincə, bu ölkə də islam diktaturasından və ya parçalanmadan qaçmaq üçün güman ki, faktiki suverenliyindən və təbii resurslarından keçməli olacaq. Bu üzdən ehtimal etmək olar ki, Fransa qoşunları Malidə Fransua Ollandın da dediyi kimi, "nə qədər lazımdısa, o qədər qalacaq".

Amma Malinin yenidən müstəmləkələşdirilməsinə təbii resursların əsas səbəb olması məsələsinin də öz xüsusiyyətləri var. Bu ölkə neft resursları ilə zəngin deyil. O, sadəcə Əlcəzairin karbohidrogen yataqları olan əraziləri  ilə həmsərhəddir. Amma əvəzində böyük qızıl tədarükçüsü kimi tanınmış Mali almaz, dəmir filizi və əlvan metal, həmçinin uran (uran yataqları məhz şimalda, qiyamçıların "Azaval" dövlətini elan etdikləri ərazidədir) yataqlarının aşkara çıxarılması üçün geoloji kəşfiyyat baxımından perspektivli ölkə elan edilib. Bununla yanaşı, hələlik Malidə uran hasilatı həyata keçirilmir. Bu işlə yalnız Malinin qonşusu, Fransanın atom sənayesinin əsas bazası hesab olunan Niger öyünə bilər. Fransanın Malidə həddindən artıq fəal olmasının bir səbəbi də məhz budur. Paris Malinin islamlaşmasını önləməklə, eyni zamanda özü üçün son dərəcə əhəmiyyətli olan Nigerdə sabitliyin qorunub-saxlanılmasına da çalışır.

Bəs Fransanın Malidə tezliklə tam hərbi uğur qazanmaq şansları nə qədərdir? Klassik nümunə olaraq Əfqanıstan kampaniyası misal göstərilə biləcəyi belə döyüşlər bu suala birmənalı cavab vermir. Əfqanıstanda da ilkin olaraq əməliyyatların taliblərin ölkə ərazisindən çıxarılması məqsədi daşıdığı bildirilirdi, lakin sonradan proses radikal revanşizmin "fasiləsiz mərhələsi"nə keçdi. Hətta "Azavada" tam məhv edilsə və islamçılar Malinin şimal rayonlarından tam olaraq sıxışdırılıb-çıxarılsa belə, qiyamçılar Saxara qumsallığı vasitəsilə Əlcəzairə və ya Liviyaya keçə bilərlər. Bundan başqa, fransızlar və onların qərbli müttəfiqləri Afrikanın şimalında və qərbindəki geosiyasi liderliklərini əllərində saxlamaq üçün, tuareqlərlə necə dil tapacaqlarını müəyyənləşdirə bilməyiblər: axı, onlarla razılıq əldə olunmasa, bu regionda uzunmüddətli sabitlikdən danışmağa dəyməz.

Nəhayət, Qərbin, həmçinin bütünlükdə dünya ictimaiyyətinin Malidə artıq başlanmış humanitar fəlakətin nəticələri haqda düşünməsinin vaxtıdır. BMT-nin qaçqınlar üzrə agentliyi Malidəki hərbi əməliyyatlar nəticəsində 700 minədək insanın qaçqın düşə biləcəyindən ehtiyatlanır. Qurumda bildirirlər ki, onların 400 mini qonşu ölkələrdə məskunlaşmağa çalışır, 300 min insan isə elə Malinin özündə qalacaq.

Bundan başqa, dinc sakinlərin ölümü və iztirabı faktları da adamı dəhşətə gətirir. "Human Rights Watch" Beynəlxalq Hüquq Müdafiəsi Təşkilatı islamçılara qarşı mübarizədə Fransa hərbçiləri tərəfindən dəstəklənən Mali Silahlı Qüvvələrinin ciddi insan hüquqları pozuntusuna yol verdiyinə dair danılmaz məlumatlar aldığını açıqlayıb. Malidə islamçı hərəkatın əsas sosial bazası olan tuareqlərin, ərəblərin və digər etnik qrupların nümayəndəsi olan dinc sakinlərin qətli faktları qeydə alınır.



MƏSLƏHƏT GÖR:

424