14 Mart 2025

Cümə, 21:45

KRİTİK YAŞ

Fransa və Almanİya yelİsey müqavİləsİnİn 50-ci İldönümündə vahİd Avropanin parçalanmasini önləyə bİləcəkmİ?

Müəllif:

01.02.2013

Fransa ilə Almaniya arasında dostluq, əməkdaşlıq və sülh haqqında Yelisey müqaviləsinin 50 illiyi 22 yanvar 2013-cü il tarixində qeyd olundu. İki böyük lider - Fransa prezidenti Şarl De Qoll və Qərbi Almaniyanın kansleri Konrad Adenauer tərəfindən imzalanan sənəd yalnız bu iki ölkə arasında deyil, bütünlükdə Avropada siyasi problemlərə son qoydu.

Məhz vaxtilə qatı düşmən olmuş Almaniya ilə Fransanın razılığa gəlməsi 1951-ci il aprelin 18-də imzalanmış Avropa Kömür və Polad Birliyi razılaşması çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə imkan verdi. 1957-ci il martın 25-də Avropa Atom Birliyi və Avropa İqtisadi Birliyinin yaradılması da məhz bu razılaşmadan sonra mümkün oldu. Məhz bu üç təşkilat 1992-ci ildə Avropa İttifaqının (Aİ) yaradılması prosesinin əsasını qoydu. Bu məsələdə əsas rolu məhz Almaniya ilə Fransa oynadı.

Maraqlıdır ki, 50 il əvvəl Fransa ilə Almaniya arasında əməkdaşlıq inteqrasiya proseslərinin başlaması üçün vacib şərt idisə, bu gün Aİ-nin bu iki nəhəng aktyoru birliyin qorunub-saxlanılması və gələcək inkişafının qarantına çevrilib.

Bu gün Aİ-nin iqtisadi problemlərinin həlli əsasən öz resurslarından istifadə etməklə, Almaniya və Fransanın üzərinə düşür. Onlar Aİ-nin bir sır üzvlərini bürümüş maliyyə böhranının nəticələrinin aradan qaldırılması üçün razılaşdırılmış siyasəti həyata keçirir. Aİ-nin razılaşdırılmış sistemli struktur olduğunu nəzərə alsaq, bəndlərdən birində konyuktura probleminin ortaya çıxması bütünlükdə birliyə mənfi təsir göstərir. Yunanıstanda 2010-cu ildən başlamış borc böhranı da Aİ üçün məhz belə problem oldu. Sonradan maliyyə böhranı Aİ üzvü olan digər ölkələrə də yayıldı. Yunanıstanın ardınca Avropa İttifaqının Sabitləşləşdirmə Fondundan İrlandiya, Portuqaliya, İspaniya və Kiprə də yardım ayrıldı. Amma böhranın mənfi fəsadlarının birliyin digər üzvlərinə də yayılacağı istisna edilmir.

Aİ-də maliyyə böhranını dərinləşdirən faktlardan biri də, birlik üzvlərinin vahid valyutadan istifdəsinə rəğmən, onların hələ də razılaşdırılmış büdcə siyasəti həyata keçirməməsidir. Aİ sadəcə valyuta iitifaqıdır və onun üzvlərin büdcəni formalaşdırmasına, vergi təşkilinə müdaxilə etmək səlahiyyəti yoxdur. Belə olan təqdirdə milli maliyyə qurumlarına nəzarət edilməsi, onların fəaliyyətinin idarə olunması son dərəcə çətindir. Nəticədə donor ölkələr mövcud qaydalarla yardım ayırmaqdan boyun qaçırır, maliyyə yardımları, böhrandan çıxış yolları ilə bağlı məsələlərə yeni, birgə yanaşma tələb edir. Məhz bu üzdən də Aİ-nin 2012-ci ilin dekabrında Brüsseldə keçirilmiş son sammitində Avropa Bank İttifaqının yaradılması haqda qərar qəbul edilib. Yeni strukturun yaradılmasında məqsəd Avropa banklarının fəaliyyətinə nəzarət olunması və bank risklərinin qorunması üçün institutların yaradılmasıdır. Avropa Bank İttifaqının 2014-cü ilin martından fəaliyyətə başlaması gözlənilir. Belə mexanizmin işə salınması avrozonanın iqtisadi və maliyyə siyasətinə müsbət təsir göstərə bilər.

Bununla yanaşı, yeni strukturun yaradılması birliyin maliyyə sahəsində yeganə yenilik deyil. Bank idarəçiliyi sahəsində islahatların aparılması ilə bərabər, Avropa Mərkəzi Bankı yeni dizayn və daha ciddi mühafizəsi olan ikinci nəsil avro əsginazları buraxmağı planlaşdırır. Yeni əsginazların üzərində Avropanın Finikiya şahzadəsinin şəkli olacaq. Əfsanəyə görə, onu Zefs oğurlayıb.

5 avroluq ilk yeni əsginaz artıq bu ilin mayında dövriyyəyə buraxılmalıdır.

Maliyyə böhranının aradan qaldırılması cəhdləri Aİ-ni üzvləri arasında daha sıx əlaqə yaratmağa və iqtisadi sahədə daha aktiv rol oynamağa məcbur edir. Bununla əlaqədar olaraq inteqrasiyanın yeni dal-ğası gözlənilir. Məqsəd vahid iqtisadi siyasətin yürüdülməsi, avrozonaya daxil olan dövlətlərin federal iqtisadi hökumətinin formalaşdırılmasıdır. Amma hadisələrin bu cür inkişafı ilə Aİ-nin heç də bütün üzvləri razı deyil. Avropada maliyyə böhranının davamlılığı və ondan çıxış yollarının birlik üzvləri arasında gələcək inteqrasiya vasitəsilə axtarışı ümumilikdə Aİ-nin mövcudluğu məsələsinin müzakirə mövzusuna çevrilməsinə səbəb olub. Xüsusilə birlik orqanlarının xeyrinə öz suveren səlahiyyətlərindən imtina etmək istəməyən Böyük Britaniya bu mövqedədir. Britaniyanın baş naziri Devid Kemeron dəfələrlə bəyan edib ki, Aİ onun ölkəsinin birlikdə təmsil olunma formulunun dəyişməsinə razılaşmasa, London ittifaqın sıralarını tərk edə bilər. Kemeron avrozonada böhranın davam etməsini, rəqabətin lazımi səviyyədə olmamasını, federativ Avropa ideyasına ictimai dəstəyin ciddi şəkildə aşağı düşməsini ölkəsinin Aİ-ni mümkün tərk etməsinin səbəbləri kimi göstərib. Böyük Britaniya nəinki Aİ daxilində inteqrasiya proseslərinin dərinləşməsini istəmir, həm də Brüssellə münasibətlərin strukturunun mümkün dəyişdirilməsi məsələsini nəzərdən keçirir. London bununla vaxtilə Aİ-nin vahid orqanlarına verilmiş bəzi suveren səlahiyyətləri yenidən ölkə parlamentinə qaytarmaq istəyir. Kemeron hesab edir ki, Böyük Britaniya birlikdə daha böyük və daha fəal rol oynamalıdır. Lakin hazırkı vəziyyət Birləşmiş Krallığa Aİ-nin gələcəyinə nikbin baxmaq imkanı vermir. Böyük Britaniyanın Aİ-də saxlanılması üçün vacib olan formul birliyin özündə dəyişikliklərin aparılmasıdır. Əks halda, Avropa İttifaqında rəqabətin səviyyəsi daha da aşağı düşəcək, iqtisadi inkişaf daha da zəifləyəcək.

Böyük Britaniya ilə bağlı əsas tezislər yanvarın 18-də Niderland paytaxtında səsləndirilməli idi. Lakin Britaniyanın "bp" şirkətinin əməkdaşlarının Əlcəzairdə girov götürülməsi baş nazirin səfəri təxirə salmasına səbəb oldu.  Kemeron bu Şimali Afrika ölkəsindəki böhranın həllilə məşğul olmaq üçün Niderland paytaxtına yollanmaqdan imtina etdi. Halbuki, o, Niderlandda etməli olduğu çıxışı hələ bir neçə ay əvvəldən hazırlamışdı və həmin çıxışı yalnız Aİ ilə münasibətlər baxımından yox, Birləşmiş Krallığın bütünlükdə xarici siyasəti baxımından vacib sayırdı.

Kemeron öz tezislərini yanvarın 24-də Davosda Ümumdünya İqtisadi Forumunun iştirakçıları qarşısında səsləndirdi. Onun sözlərinə görə, partiyası ölkəsində keçiriləcək növbəti seçkidə qələbə qazanarsa, Birləşmiş Krallığın Avropa İttifaqı ilə münasibətlərində islahatlar aparılacaq.

Ümumilikdə Britaniya ictimaiyyətinin də baş nazirlə razı olduğunu söyləmək mümkündür. Ölkədə bu yaxınlarda keçirilmiş rəy sorğusu göstərib ki, britaniyalıların 40%-i ölkənin vahid Avropanın tərkibində qalmasını, 34%-i isə Aİ-ni tərk etməsini dəstəkləyir. Rəqəmlər göstərir ki, artıq ittifaqın məyus etdiyi britaniyalıların sayı getdikcə artır. Cəmi 11 il əvvəl britaniyalıların düz 68%-i ölkənin Aİ-də qalmasını dəstəkləyirdi.

Maraqlıdır ki, Avropa İttifaqının özündə Kemeronun bəyanatı spekulyasiya kimi qiymətləndirilir. Birləşmiş Krallığın referendum keçirmək haqqını heç kim müzakirə etmir. Amma Böyük Britaniyanın bu niyyətinin ciddiliyilə bağlı müəyyən şübhələr var. Məsələ ondadır ki, birliyin üzləşdiyi bir sıra problemlərə baxmayaraq, o, hələ də bütünlükdə qitədə vacib sabitlik və sabitləşdirmə faktorudur.

İttifaqdakı vacib tərəfdaşlarından birinin mövqeyindən fərqli olaraq, Almaniya və Fransa Aİ institutlarının möhkəmləndirilməsinin tərəfdarıdırlar. Böyük Britaniyanın baxışları ilə Fransa və Almaniyanın mövqeyi arasında fikir ayrılığının səbəblərini həm kompleks, həm də konyuktura nöqteyi-nəzərindən axtarmaq lazımdır. Ümumilikdə Böyük Britaniya Aİ-də bir "mühafizəkar"dır. Onun üçün milli səlahiyyətlərindən imtina etmək bir qayda olaraq, çox ağırdır. Birləşmiş Krallıq 1999-cu ildə İsveç və Danimarka ilə birlikdə avroya keçməkdən imtina edərək öz milli valyutasını qoruyub saxlayıb. Hələ onda skeptiklər Aİ-də böhranla bağlı "bədbin senarilər" səsləndirir, gələcəkdə inteqrasiya proseslərinin dayana, ittifaqın parçalana biləcəyini söyləyirdilər.

Paradoks ondadır ki, Britaniya avrozonada iştirak etmədiyindən maliyyə böhranının aradan qaldırılması mexanizmlərinin hazırlanmasında da digər üzvlərlə eyni dərəcədə iştirak edə bilməz. Halbuki, Böyük Britaniya Aİ büdcəsinin əsas donorlarından biridir və bu ödəmələrin həcminə görə 4-cü pillədədir. 2013-cü ilin büdcəsi müzakirə edilən zaman London maraqları ilə ziddiyyətin ortaya çıxacağı təqdirdə büdcənin qəbuluna veto qoyacağını bəyan etmişdi və bu da təsadüf deyildi.

Böhrana və Böyük Britaniyanın inteqrasiya proseslərinin gələcəyinə münasibətinə baxmayaraq, avrozonada böhrandan çıxılması üçün institusional bazanın formalaşdırılması ilə bağlı əsas problemlər həll edilib, nəzarət və idarəetmə mexanizmləri və strukturları yaradılıb. Bir məqama da diqqət çəkmək lazımdır: yaşanan böhran avrozonanın üzvləri arasında inteqrasiya proseslərinin davam etdirilməsinə təkan verib. Hələ bir neçə il əvvəl bank fəaliyyətinə nəzarət üzrə yeni qeyri-milli  strukturların yaradılması mümkünsüz sayılırdı. Odur ki, hələlik Aİ-nin gələcəyi və onun tezliklə dağılacağına dair proqnozlara ciddi yanaşmaq tezdir. Bu düşüncələrin düz olmadığını sübut edən daha bir amil Aİ-nin gələcək genişlənməsidir. Bu, 2013-cü il iyulun 1-də baş verəcək. İttifaqın 28-ci üzvü Xorvatiya olacaq. O, Sloveniyadan sonra birliyə qoşulmaq üçün bütün tələbləri yerinə yetirmiş ikinci keçmiş Yuqoslaviya respublikasıdır. Pers-pektivdə Aİ qarşısındakı öhdəliklər yerinə yetirildikcə, digər Balkan respublikalarının da Aİ-yə tam inteqrasiyası gözlənilir. 

Yeri gəlmişkən qeyd edək ki, Aİ bundan sonra da genişlənmə və inteqrasiya proseslərinin dərinləşdirilməsi siyasətini davam etdirəcək. Bunlar reallıqlara, zamanın tələblərinə və şəraitə uyğun şəkildə həyata keçiriləcək.



MƏSLƏHƏT GÖR:

449