
"KÖHNƏ DÜNYA"nın UNUDULMUŞ DƏRSLƏRİ
Avropa lİderlərİ multİkulturalİzmİn sona çatdiğini bİrağizdan bəyan etməklə, "qəhvəyİ taun"u oyada bİləcəklərİnİn fərqİndə deyİllər
Müəllif: Fuad HİLALOV Bakı
Düz 80 il əvvəl, 1933-cü il yanvarın 30-da Almaniya prezidenti Hindenburq Adolf Hitleri Kurt fon Şleyherin yerinə reyxkansler (hökumət başçısı) təyin etdi. Bu tarixi bütün dünya yadda saxlamalıdır. Çünki məhz həmin gün bəşəriyyət tarixinin ən qara səhifələrindən biri açıldı. Almaniyada nasizmin hakimiyyətə gəlməsi və onun ardınca İkinci Dünya müharibəsinin başlaması müxtəlif hesablamalara görə, 65-100 milyon insan həyatına son qoydu. 72 dövlət və dünya əhalisinin 80%-i müharibədə iştirak etdi. 40 ölkə ərazisində hərbi əməliyyatlar aparıldı. Hitler Almaniyası məğlub edildikdən sonra faşist və nasist ideologiyası Nürnberq prosesində cinayət sayıldı və qadağan olundu.
Çoxları düşünürdü ki, faşizmin kölgəsi artıq arxada qaldı və bu taundan dərs almış bəşəriyyət onun yenidən baş qaldırmasına istənilən yola mane olmalıdır. Qeyd edək ki, İkinci Dünya müharibəsində nasizmdən ən çox əziyyəti Avropa xalqları çəkmişdi. Lakin nə qədər qəribə görünsə də, 80 il sonra bəşəriyyət elə həmin Avropada yenidən nasizmlə qarşı-qarşıya qalıb. İndi hətta Avropa İttifaqının ən yüksək rütbəli nümayəndələri də başlarının üstünü alan bu təhlükə haqda xəbərdarlıqlar səsləndirirlər.
Sitat
Aİ-nin daxili məsələlər üzrə ali komissarı Sesiliya Malmstrem bildirib ki, qatı sağçı partiyaların ritorikası bütünlükdə Avropa İttifaqına düşmənçilik toxumları səpir və bu, Avropa Parlamentinə 2014-cü ildə keçirilməsi nəzərdə tutulan seçkiyə çox ciddi təsir göstərə bilər. Ali komissar bunu ekstremizmin qarşısının alınması və onunla mübarizəyə həsr edilmiş konfransda bəyan edib.
Malmstrem təşvişlə bildirib ki, artıq Avropada qaraçıların, müsəlmanların, yəhudi və immiqrantların ünvanına alçaldıcı fikirlər daha tez-tez səsləndirilməkdədir. Onun fikrincə, bir çox siyasətçilər bu yolla elektoratı sağçı hərəkata cəlb etməyə çalışır. "İkinci Dünya müharibəsindən sonra indiyədək heç zaman ekstremist, populist qüvvələrin milli parlamentlərdə indiki qədər nüfuzu olmayıb", - deyə avrokomissar bildirib. O, 2014-cü ildə keçiriləcək seçkidə rasist və millətçi ideologiyada olan siyasətçilərin Avropa Parlamentində öz mövqelərini daha da möhkəmləndirəcəklərini də söyləyib.
"Biz bunun Avropa layihəsi üçün əhəmiyyətini nəzərə almalıyıq", - deyə Malmstrem qeyd edib. Qatı sağçı siyasətçilərin siyasi kursu Norveçdə 77 nəfəri qətlə yetirmiş Anders Breyvik kimi "tənha canavarları" bundan sonra da ruhlandıra bilər.
Avrokomissar hesab edir ki, belə tənha terrorçuların sayı təsəvvür edildiyindən çox ola, zaman keçdikcə onlar hətta terror təşkilatlarını da kölgədə qoya bilərlər.
"Avropa İttifaqı radikalizmin və ekstremizmin bütün formalarına reaksiya göstərməlidir - fərqi yoxdur, onlar solçularla, sağçılarla, yaxud heyvanların hüquqlarının qorunması ilə əlaqədar olsun", - deyə Malmstrem bildirib.
Avropa İttifaqının yüksək rütbəli məmurunun bu fikirləri Avropada demokratik dəyərlərdə durğunluq və bunun fonunda ultrasağçı ideologiyanın dirçəlişinin real təhlükəyə çevrildiyini bir daha təsdiqləyir. Xatırladaq ki, artıq bir neçə ildir ki, həm beynəlxalq hüquq müdafiə təşkilatları, həm də Avropadakı milli azlıqların nümayəndələri bu təhlükə haqda danışır.
Maraqlıdır ki, Sesiliya Malmstremin bəyanatı Brüsseldə "İnsan haqları uğrunda" birliyin "Avropanın qürubu və ya Avropa dəyərlərində böhran" adlı məruzə-təqdimatın açıqlanması ilə təxminən eyni vaxta təsadüf edib. Azərbaycanlı hüquq müdafiəçisi Eynulla Fətullayevin rəhbərlik etdiyi təşkilatın hazırladığı məruzədə fundamental insan haqları, xüsusilə milli azlıqlara münasibət, sərbəst toplaşmaq və söz azadlıqları məsələlərinə toxunulub. Sənəddə multikulturalizmdən imtina problemlərindən də danışılır.
Demokratiya böhranı
İnkişaf etmiş ölkələrdə demokratiyada, multikulturalizm siyasətindəki problemlər Avropanın yaxın siyasi gələcəyi ilə bağlı təşviş yaradır və "ümumavropa evi"nin mövcudluğunun özünü təhlükə altına qoyur. Bundan başqa, Avropa dəyərləri sistemində müşahidə olunan böhran, tərəddüd edən ölkələrin Avropa demokratiyası yolunu seçməsində maneə yaradan faktora çevrilir. Onlara yalnız Avrasiya siyasi məkanından olan dövlətləri yox, hüquqi dövlət quruculuğunda böyük nəticələr əldə etmiş Asiya-Sakit okean regionunun dövlətlərini də aid etmək olar. Bu, qlobal miqyasda demokratiyanın əminliklə irəliləməsinə imkan vermir.
Artmaqda olan böhran fonunda "ümumavropa evi" və "sərhədsiz Avropa" dəyərləri unudulmağa başlanıb, miqrantlara münasibət pisləşib, dinlərarası, millətlərarası ziddiyyətlər dərinləşib.
Avropada multikulturalizmin iflasa uğradığını artıq çoxdandır ki, rəsmi şəxslər belə dilə gətirir. 2010-cu ilin oktyabrında Xristian-Demokrat İttifaqının üzvləri ilə görüşdə Almaniya kansleri Angela Merkel ölkəsində multikultural cəmiyyətin qurulması cəhdlərinin "tam iflasa uğradığını" söyləmişdi: "Hazırda çiyin-çiyinə yaşadığımız və bundan da xoşbəxt olduğumuz konsepsiya artıq işləmir".
O zaman bu bəyanat böhran yaşayan Avropa İttifaqındakı ümumi əhvalın nümayişi oldu. Bu bəyanatın xüsusi əhəmiyyəti isə onun siyasətçilərinin daim, xüsusilə XX əsrin ikinci yarısında digər xalqların ünvanına kəskin fikirlər səsləndirməkdən qaçan ölkənin lideri tərəfindən səsləndirilməsində idi. Həm Merkelin açıq şəkildə bu məsələni dilə gətirməsi, üstəlik də, İkinci Dünya müharibəsindən sonra belə mövzularda olduqca ehtiyatlı davranan almanların öz milli mədəniyyətinin üstünlüyü haqda ürəkdolusu danışmağa başlaması çoxları üçün təəcüblü oldu. Bu bəyanat ilk günlərdən əksəriyyət tərəfindən son dərəcə ciddi hadisə kimi qəbul edildi. Çünki çoxları bu bəyanatın sosial və geosiyasi nəticələrinin olacağını düşünürdü. Bəyanat ilk andan immiqrasiya probleminə yalnız Almaniyanın reaksiyası kimi yox, daha geniş anlamda - bütünlükdə Avropanın reaksiyası kimi qəbul edildi və belə də oldu.
A. Merkelin bəyanatı ilə Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransanın o zamankı prezidenti Nikola Sarkozi də razılaşdı. D. Kemeron multikulturalizmlə bağlı fikrini belə ifadə etdi: "Böyük Britaniyada gənclər valideynlərinin əməl etdiyi ənənəvi islam təcrübəsinə çətinliklə uyğunlaşırlar. Amma bu gənclər özlərini Britaniyaya da çətinliklə uyğunlaşdırırlar. Bu, ona görə baş verir ki, biz öz kollektiv eyniliyimizin zəifləməsinə imkan vermişik. Biz hətta ayrı-ayrı icmaların bizim dəyərlərimizə tam zidd olmalarına rəğmən, onlara tolerant yanaşmışıq".
Bir müddət sonra bu mövqeyə N. Sarkozidən də dəstək gəldi: "Mənim cavabım birmənalıdır - "hə"; multikulturalizm uğur qazanmadı. Biz gəlmələrin eyniliyinin qeydinə həddindən artıq çox qalmışıq, onları qəbul edən ölkələrin eyniliyinə görə isə lazımi qədər narahatlıq keçirməmişik. Fransaya gəlirsənsə, milli icmanın bir hissəsi olmağa razılaşırsan. Bunu etmək istəmirsənsə, burada səni gözləyən yoxdur. Biz multikulturalizmə yanaşı yaşamaq, bir-birimizi qiymətləndirmək kimi baxırdıq. Bu yanaşma iflasa uğradı, tam iflasa".
Oxşar bəyanatları Niderlandın baş naziri Maksim Verhagen, Avropa Şurasının baş katibi, Norveçin sabiq baş naziri Turbörn Yaqland, Belçika və Avstraliyanın keçmiş baş nazirləri İv Leterm və Con Hovard eləcə də digərləri səsləndiriblər.
Multikulturalizm siyasətinin tətbiqi zamanı Avropada istənilən dözümsüzlük ifadəsinin qarşısı müntəzəm surətdə alınırdısa, son illər vəziyyət köklü şəkildə dəyişib. Vəziyyəti dəyişən faktor Tilo Sarrasinin "Almaniya: özünü təsviyyə" kitabı olub. Yeni "milli strategiya nəzəriyyəsi"nin müəllifi kimi isə marginal ultrasağçı siyasi cəbhənin nümayəndəsi yox, Avropa bomondunun parlaq nümayəndəsi, son zamanlaradək Almaniya rəhbərliyində möhkəm mövqeyə sahib olmuş sosial-demokrat çıxış edib. Bu kitab cəmiyyətdə indiyədək üstü örtülü qalmış problemləri üzə çıxarıb.
T.Sarrasinin yazdıqlarını indiyədək də dəfələrlə yazıblar. O, əmindir ki, ərəb və türk immiqrantlarının əhəmiyyətli bir hissəsi alman cəmiyyətinə inteqrasiya olmağa qətiyyən hazır deyil və bunu istəmir: "İnteqrasiya inteqrasiya olunanlar üçündür. Bu istiqamətdə heç bir iş görməyənlərə dözməyə borclu deyiləm. Mən ümumiyyətlə dövlət vəsaiti hesabına yaşayan, bu dövləti inkar edən, uşaqlarının təhsilinin qeydinə qalmayanlara və daim çadırlarda dünyaya balaca qızcığazlar gətirənlərə dözməyə məcbur deyiləm". Bundan başqa, müəllif yazır ki, miqrantların genetik əlamətləri alman cəmiyyətinin "səfehləşməsi"nə səbəb olur. Bu, Gebelsin və ya Hitlerin "yevgenika"sını xatırlatmır ki?
Avropa cəmiyyətlərində multikulturalizm siyasətindən imtina "yadlar"a qarşı həm ideoloji (karikatura qalmaqalı, hicab qadağası, minarələrin inşasının qadağan olunması və sair), həm də fiziki zorakılıqlara (Almaniyada türklərin qətli və məscidlərin yandırılması cəhdləri, İtaliya və Fransadan qaraçıların deportasiyası, Macarıstanda insanlaa od vurulması və s.) aparıb çıxarıb.
Tarix təkrarlanır?
Beləliklə, Avropada siyasi ritorika getdikcə daha çox avtoritar, qeyri-demokratik müstəviyə keçir. Sağ-mərkəzçi və ilk baxışdan neoliberal qüvvələrdən qurulmuş hakimiyyətlər iqtisadi problemlərin qarşısında aciz qaldıqları üçün daha çox millətçi, bəzən isə faşizm populizminə əl atır. Məqsəd günahkarı nişan vermək, xalqın diqqətini gündəlik problemlərdən yayındırmaq, eyni zamanda ultrasağçı qüvvələrin elektoratının bir hissəsini "oğurlamaq"dır.
80 il əvvəl də siyasi liderlərin yanaşması təxminən belə idi. O zaman da iqtisadi problemləri çözmək iqtidarında olmayan, böhrandan çıxa bilməyən avropalı liderlər xarici düşmən axtarır, ultramillətçi siyasi qüvvələrlə oynayırdılar. O zaman bütün bunların nə ilə nəticələndiyi hər birimizə məlumdur. Görəsən multukulturalizm siyasətini belə həvəslə tənqid edən Avropa liderləri də bunu xatırlayırmı?
MƏSLƏHƏT GÖR: