24 Noyabr 2024

Bazar, 07:24

VELOSİPED İCAD ETMƏYƏ EHTİYAC YOXDUR

Paytaxtda velosiped yollarına kəskin ehtiyac var

Müəllif:

06.05.2014

Velosiped yollarının əsl təyinatını yalnız ona ciddi ehtiyac duyduqda anlayırsan. Məsələn, övladın parkda qaçırsa, sənsə onunla yanaşı,  gəzişən insanların arasında şütüyən həvəskar velosipedçini nəzarətdə saxlamağa çalışırsansa. 

 

Ekstrim

Eyni zamanda həm bir yerdə qərar tutmayan uşağın hansı tərəfə qaçacağını təxmin etməyə, həm də yüksək sürətlə "məharəti"ni göstərən velosipedçinin xaotik marşrutunu izləməyə məcbursan. O, böyük insanla toqquşarsa belə, həmin insanın və velosipedçinin başına nə gələcəyini təxmin etmək mümkündür. Söhbət körpə uşaqla toqquşmadan getdikdə isə, məsələ daha da qəlizləşir. Nəticədə, insanın körpəsilə çıxdığı adi gəzinti əsl ekstrimə çevrilir. Heç kəs rahat ola bilmir - nə daim valideyni tərəfindən nəzarətdə saxlanılan körpə, nə durmadan qışqıran, gərginlik içərisində olan valideyn. Niyə? Çünki velosiped sürməyi sevən insanların yeri gəzişən adamların arasında deyil. Velosipedçilər bu əyləncələrindən onlar üçün ayrılmış xüsusi yollarda həzz almalıdırlar.

Bizdə velosipedçilər bumu bu yaxınlarda baş qaldırıb. O, bizdə nəqliyyat vasitəsi kimi bu gün də populyar deyil. Amma paytaxtda velosipedlərin icarəyə verildiyi yerlər yaranandan sonra onunla parklarda və digər məkanlarda şütüyənlərin sayı xeyli artıb. Yeri gəlmişkən, bu, turizm nöqteyi-nəzərindən də rahat nəqliyyat vasitəsidir. Bu təcrübədən dünyanın bir çox şəhərlərində istifadə olunur. Bakıda isə velosipedlərin icarəyə verildiyi yer əvvəlcə yalnız Bakı bulvarının yeni hissəsi idi. İndi velosipedləri Fəvvarələr meydanında və digər istirahət parklarında da icarəyə götürmək mümkündür. Amma necə deyərlər, hər şeyin öz yeri var və bu məsələdə gəlir əldə etmək məsələsi ikinci planda olmalıdır.

Yeni bulvar ərazisində velosiped həvəskarları üçün ayrılmış hissə - velosiped yolu var. Amma "sürətli sürücülər" insanların gəzişdiyi əraziyə də keçirlər və bir sıra hallarda, məsələn "qazon qadağası"nın pozulduğu zaman haradansa bir andaca peyda olan asayiş keşikçiləri belə hallara nədənsə çox tolerant yanaşırlar. Velosipedçilər qanunun "yanından ötür", hökumət nümayəndələri isə bunu görmək istəmirlər. Velosipedçilərin bulvarda peyda olmalarını başa düşmək olar - burada velosipedlə şütümək üçün kifayət qədər yer var. Fəvvarələr meydanında velosipedlərin icarəyə verilməsi məntəqəsinin fəaliyyətini isə heç bir çərçivəyə sığdırmaq mümkün deyil. Bura velosipedçilər üçün gəzinti yeri deyil: birincisi, park velotrek deyil, ikincisi orada körpələrilə gəzintiyə çıxan çoxlu sayda insan olur. 

Söhbət Fəvvarələr meydanından gedirsə, narahatlıq yaradan daha bir məqam zibillərin daşınması ilə məşğul olan elektromobillərdir. Onları günün istənilən anında parkda kifayət qədər yüksək sürətlə şütüyən görmək mümkündür. Bu maşınlar səssiz və təhlükəlidir. Onların hərəkəti xüsusilə körpələrlə bağlı narahatlıq yaradır. Təmizlik işlərini səhər saatlarında aparmaq, yaxud heç olmasa, elektromobili daha aşağı sürətlə idarə etmək olmazmı?

 

Qanun qanundur!

Bu postulatın istirahət edən hər kəs üçün əsas olacağına inanmaq istərdik. Hər kəs anlamalıdır ki, bir insanın azadlığı digər birinin azadlığının başladığı yerdə bitir. Valideynlər körpələrilə təmiz havada gəzintiyə çıxıblarsa, onlara heç kəs mane olmamalıdır - nə velosipedçi, nə də digəri. Əlbəttə ki, piyada gəzməyə üstünlük verənlərin velosipedçilərə mane olması da yolverilməzdir. Yəni piyada gəzənlər velosiped yolu ilə hərəkət etməməli, velosipedçilər isə gəzinti ərazilərinə girməməlidirlər. 

Yeri gəlmişkən, bu hüquqi postulat Avropanın bir çox şəhərlərində qavranılıb. Həmin şəhərlərdə istər piyadalar, istərsə də velosipedçilər bu qaydanı pozduqlarına görə ciddi məbləğdə cərimə olunurlar. Amma bu hala çox nadir rast gəlinir. Bizim müxbirimiz dəfələrlə eşidib ki, Gürcüstanın Batumi şəhərindəki bulvarda, bir qayda olaraq, hər iki tərəf ciddi şəkildə cərimələnir. Orada velosipedlərin icarəyə verildiyi bütün parklarda velosiped yolları var.

Turizm infrastrukturunun inkişafı üçün velosiped əvəzolunmaz nəqliyyat vasitəsidir. Amma hər şeyi gözəl, ağılla etmək lazımdır. Məsələn, Parisdə bu sahə 2007-ci ildən - tükənmək bilməyən avtomobil tıxacları ilə mübarizə çərçivəsində inkişaf etdirilməyə başlayıb. O vaxt şəhər rəhbərliyi sakinləri və turistləri velosipeddən istifadəyə yönəltmək qərarı qəbul edib. Onda Parisdə ictimai velosiped tapmaq elə də asan deyildi. İndisə şəhərdə velosipedlərin icarəyə verildiyi 750 məntəqə var və onlar bir-birindən, təxminən, 300 metr məsafədə yerləşirlər. Velib' sistemi parislilərə və şəhərin qonaqlarına 10600 ədəd velosiped təklif edir onu bir yerdən icarəyə götürüb, ünvana ən yaxın yerləşən başqa məntəqədə təhvil vermək mümkündür. İcarədən istifadə etmək üçün yalnız abunə olmaq kifayətdir. Gediş biletləri kimi, abunənin də bir neçə növü var: illik 29 avro, həftəlik 5, günlük isə 1 avro. Bu qiymət 1 velosipeddən yarım saat ərzində istifadəyə imkan verir. İndi Parisdə velosiped yollarının ümumi uzunluğu 371 kilometrdir. Hərəkətin gur olduğu küçələrdə velosipedçilər avtobuslar üçün ayrılmış zolaqdan istifadə edir. Bazar günləri isə Sena sahili avtomobil nəqliyyatının üzünə bağlı olur və orada yalnız piyadalar, sanka və velosiped sürənlər hərəkət edə bilirlər.

Bakıda velosiped infrastrukturunun hələ formalaşmaqda olduğu aydındır. Bir çox şəhərlərin təcrübəsi varkən, yerli icra hakimiyyətlərinin  velosiped icad etməsinə ehtiyac qalırmı? Yenilik etməzdən əvvəl mövcud təcrübədən yararlanmaq, artıq hazır olan yolla hərəkət etmək daha doğru olmazmı? Velosiped yalnız ekoloji baxımdan səmərəli deyil. O, həm də rahat nəqliyyat vasitəsidir. Hökumət bu nəqliyyat növündən istifadənin mümkün qədər genişlənməsi üçün əlindən gələni etməlidir. Amma bu gün şəhərdə velosiped yollarının olmaması əksər velosipedçini əsas magistralla hərəkət etmək məcburiyyətində qoyur və bu, istər onların özləri, istər də avtomobil sürücüləri üçün təhlükə yaradır. Yeri gəlmişkən, Azərbaycanın Dövlət Yol Polisi İdarəsi bu yaxınlarda paytaxtda velosiped yollarının olduğunu, hərəkət qaydalarını pozan velosipedçilərə qarşı cəza tədbirlərinin görüləcəyini bəyan edib. Amma əməkdaşımızın söhbət etdiyi sürücülərdən heç biri yolun hərəkət hissəsində deyilən velosiped yollarını görməyib.

İstirahət parklarındakı velosiped yollarına gəlincə, Bakı Baş Polis İdarəsindən "R+"a bildiriblər ki, bu məsələyə "xüsusi baxılmasına və araşdırılmasına" ehtiyac var: "Hələlik bu haqda heç nə deyə bilmərik. Bizə müraciətlər olmalıdır".

Gəlin, hesab edək ki, "R+"un müvafiq orqana telefon zəngi artıq müraciətdir və o, diqqətdən kənarda qalmayacaq.



MƏSLƏHƏT GÖR:

641