
FELDMARŞALA TAM DƏSTƏK
ABŞ və Rusiyanın timsalında xarici qüvvələrin maraqları da misirlilərin istəkləri ilə üst-üstə düşür
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Misirdə növbəti prezident seçkisilə bağlı kampaniya gedir. Seçki mayın 26-27-nə təyin edilib. Ölkənin ən yüksək postu uğrunda mübarizə 2 nəfər arasında gedir: sabiq müdafiə naziri, feldmarşal Abdel-Fəttah əs-Sisi və sosialistlərin "Xalq axını" partiyasının lideri Hadin Sabahi. Əksər ekspertlər hesab edirlər ki, bu seçki adi formallıqdan başqa bir şey olmayacaq, çünki Sabahinin əhalinin əksəriyyəti tərəfindən dəstəklənən feldmarşala qalib gəlmək şansı yoxdur. H. Sabahi yalnız liberal düşüncəli misirlilərin və gənclərin, o cümlədən köhnə solçuların dəstəyinə bel bağlaya bilər. Hüsnü Mübarək dövründə Misir parlamentinin deputatı olmuş Sabahi 2012-ci ildə prezident seçkisinə qatılmış, 20% səs qazanaraq 3-cü yeri tutmuşdu. Hazırda onun qələbə şansı son dərəcə azdır. Çünki ölkədə liberal dəyərlər qiymətdən düşüb və inqilabi əhval yox olub. Prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün Sabahinin təqdim etdiyi dəstək imzalarının sayı da rəqibininki ilə müqayisədə 6 dəfə az idi. Maraqlıdır ki, mötədil solçu qanadın təmsilçisi olan H.Sabahi prezident seçkisinə qatılmaq qərarını açıqlayan zaman namizədliklərini irəli sürməyən bir çox müxalifət siyasətçisinin qəzəbinə tuş gəlib. Onlar seçkiyə prosesi siyasi məzhəkə saydıqları üçün qatılmadıqlarını bəyan ediblər. Məsələn, hüquqşünas, hüquq müdafiəçisi Xaled Əli və mötədil islamçı Abdel Munim Abul Fotuh prosesə qatılmaqdan ilk gündən imtina edib. Liberal siyasətçi, 2005-ci ildə keçirilmiş prezident seçkisində namizəd olmuş Ayman Nur Sabahini də analoji addımı atmağa çağırsa da, sonuncu bu çağırışa məhəl qoymayıb. Sözügedən siyasətçilərin fikrincə, H.Sabahi bu addımı ilə özü də istəmədən alternativsiz keçirilən seçki üçün demokratiya dekorasiyasına çevrilib.
Siyasi baxışlarına görə, Ənvər Sadat və Hüsnü Mübarəkin dövründə 17 dəfə həbs olunmuş Sabahi 2011-ci ilin yanvar inqilabında lap başdan iştirak edib. Bununla yanaşı, o, həm hərbçilərdən, həm də islamçılardan kənar dayanıb. Misirin 2-ci prezidenti Kamal Abdel Naserin ideyalarına sadiq olduğunu deyən Sabahi dövlətin iqtisadiyyata müdaxilə etməli, milli maraqları qorumalı olduğunu düşünür. O, əhalinin aztəminatlı təbəqəsinə, orta sinfə və kiçik burjuaziyaya arxalanır.
Artıq qeyd edildiyi kimi, qarşıdan gələn seçkinin favoriti hərbi elitanın təmsilçisi əs-Sisi hesab olunur. Xatırladaq ki, o, ötən ilin iyulunda islamçı prezident Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasında böyük rol oynayıb. "Ərəb baharı" silkələnməsindən hələ tam ayılmamış Misirdə vaxtaşırı qanlı toqquşmalar, terror aktları baş verir. Bu şəraitdə feldmarşal sabitlik və asayişin potensial qarantı kimi qəbul olunur. Əslində, Misir müstəqillik əldə etdikdən sonra ölkədə sabitlik və təhlükəsizliyin təmininə nail olmağa qadir yeganə qüvvə kimi, məhz, hərbi elita təmsilçiləri və ordu çıxış edib. Misirlilərin bu gün ehtiyac duyduqları əsas məsələ də, məhz, budur. Təşkilatlanmanın yüksək səviyyədə olması ordunun Misir ictimaiyyətindəki dəyişikliklərin avanqardına çevrilməsinə imkan verib. Hərbçilərin islamçıları 2 illik siyasi-iqtisadi xaosdan sonra hakimiyyətdən asanlıqla uzaqlaşdırmağa nail olması da bununla bağlıdır. Ölkədə vətəndaşların şəxsi təhlükəsizliklərinin təmini məsələsində vəziyyətin kəskin şəkildə pisləşməsindən sonra, misirlilər ümidlərini yenidən ən təcrübəli və güclü hakimiyyət strukturu olan orduya bağlayıblar. Əs-Sisi qarşıdan gələn seçkidə heç kimin şübhə etmədiyi qələbəni qazanarsa, Misirin ilk prezidenti Məhəmməd Naqibin dövründən sonra ali postu tutan sayca 6-cı hərbçi lider olacaq. Feldmarşalın rəqibləri onu insan haqlarının pozulmasında, müxalifətçilərin təqib olunmasında günahlandırırlar. Əs-Sisiyə ən sərt tənqidləri islamçılar ünvanlayır. Məsələ ondadır ki, məhz, əs-Sisinin islamçılara qarşı apardığı geniş kampaniya nəticəsində "Müsəlman qardaşlar" partiyası nəinki qanunsuz elan olunub, hətta terrorçu təşkilat kimi tanınıb. Hazırda partiyanın minlərlə üzvü həbsdədir. Misir məhkəməsi "Müsəlman qardaşlar"ı təmsil edən eks-prezident Məhəmməd Mursinin, təxminən, 700 tərəfdarı haqqında edam hökmü çıxarıb. Onlar kütləvi iğtişaşların təşkilində, polis məntəqələrinə və hökumət təmsilçilərinə hücumlarda təqsirli bilinirlər. İlk andan seçkini boykot etmək qərarını açıqlamış "Müsəlman qardaşlar" güman ki, hazırkı hakimiyyətlə mübarizəni dayandırmayacaq. Lakin feldmarşal da hərbi elitanın mövqeyini daha da gücləndirmək və əhalinin böyük bir hissəsinin dəstəyini qazanmaq üçün bir sıra vacib addımlar atıb. Söhbət, ilk növbədə, hüquqi sahədə atılmış addımlardan gedir. Bu ilin yanvarında Misirin yeni Konstitusiyası qəbul edilib. Yeni qanunun qəbulu üzrə keçirilən referenduma seçki hüququ olan misirlilərin 55%-i qatılmış və onların 96%-dən çoxu yeni Konstitusiyanı dəstəkləmişdi. Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin dekabrında (islamçıların hakimiyyəti dövründə) qəbul edilmiş əvvəlki Konstitusiyanı seçicilərin, təxminən, 64 %-i dəstəkləmiş, o zamankı seçici fəallığı isə, təxminən, 33% təşkil etmişdi.
Yeni Konstitusiya dini prinsiplərlə siyasi partiyaların yaradılmasını və siyasi fəaliyyəti qadağan edir. Bütün bunlarla yanaşı, əs-Sisi prezidentlik uğrunda yarışa qatılmaq imkanı qazanmaq üçün (Misir qanunları hərbçilərin prezident seçkisində iştirakını qadağan edir) müdafiə naziri postundan istefa verib və ordu sıralarını tərk edib.
Daha bir vacib məqam əs-Sisinin etnodini tolerantlığın ardıcıl tərəfdarı kimi çıxış etməsidir. Mülki həyatda islama mümkün qədər böyük yer verməyə çalışan əvvəlki hakimiyyətdən narazı olan Misir xristianları (koptlar) da feldmarşalın prezidentliyə namizəd olmasını məmnunluqla qarşılayıblar.
Qahirənin Misir məhkəməsinin terrorçu təşkilat kimi tanıdığı HƏMAS radikal qruplaşması ilə mübarizədəki müəyyən uğurlarını da əs-Sisinin aktivinə yazmaq olar. Martın ortalarında Misir ordusu HƏMAS-a məxsus olan, Qəzza zolağını Sinay yarımadası ilə birləşdirən 1500-dək qeyri-qanuni tuneli məhv edib. Bu, ABŞ-ın Yaxın Şərqdəki strateji tərəfdaşı olan İsrailin təhlükəsizliyinin təmini baxımından böyük əhəmiyyət daşıyır. Güman ki, əvvəlcə islamçıların hakimiyyətdən uzaqlaşdırılmasına sərt etiraz edən Vaşinqtonun zaman keçdikcə ritorikasını yumşaltması da bununla bağlıdır. Bundan başqa, ABŞ hələ avqustda Misirin hərbi ehtiyaclarının ödənilməsi üçün maliyyə yardımını dayandırmışdısa, bu yaxınlarda Pentaqon Qahirəyə hərbi vertolyotların satışının bərpa olunduğunu açıqlayıb. Amerikalılar bu addımı Qahirənin Sinay yarımadasında radikal islamçılarla mübarizəsinə dəstək olmaq niyyətilə atıblar. Bununla yanaşı, Ağ Ev Misirə terrorla mübarizə sahəsində tamhəcmli maddi yardımı bərpa etmək niyyətindədir. Amma Senatın Dövlət Departamenti ilə iş üzrə alt komitəsinin rəhbəri P. Lixi 650 milyon dollarlıq tranşın Misirə köçürülməsini əngəlləyib. Onun bu qərarına Misirdə 700-dək islamçı haqqında edam hökmünün çıxarılması səbəb olub. Buna baxmayaraq, Qahirə və Vaşinqton böyük ehtimalla bu məsələdə razılığa gələcəklər. Əs-Sisinin prezident seçiləcəyi təqdirdə, amnistiya elan oluna, yaxud məhbusların əksəriyyətinin azad olunmasına dair qərar çıxarıla bilər və bu halda ABŞ-ın mövqeyini yumşaldacağı istisna deyil. Bu ssenari hər iki tərəfin öz simasını qorumasına imkan verir. Üstəlik, Vaşinqton üçün Misir-Rusiya əlaqələrinin intensivləşməsi qətiyyən sərf etmir. Xatırladaq ki, əs-Sisi Misirin müdafiə naziri kimi ilk xarici səfərini bu ilin fevralında, məhz, Moskvaya etmişdi. Həmin səfər zamanı 2 ölkə arasında hərbi - texniki əməkdaşlıq sahəsində 3 milyard dollarlıq ikitərəfli müqavilələr imzalanmışdı. Bundan başqa, Misirin ticarət, sənaye və investisiya naziri M.A.Nurun Rusiyaya səfəri zamanı tərəflər Gömrük İttifaqı ilə Misir arasında azad ticarət zonasının yaradılması imkanlarını da müzakirə ediblər. Bu reallıqlar və son zamanlar Rusiya ilə ABŞ arasında geosiyasi qarşıdurmanın qızışması fonunda, çətin ki, Amerika Qahirə və onun yeni prezidenti ilə sıx əlaqələrdən imtina etsin. Bu şəraitdə misirlilərlə ABŞ və Rusiyanın timsalında xarici qüvvələrin maraqları da misirlilərin istəkləri ilə üst-üstə düşür ki, bu da çox nadir rast gəlinən haldır.
MƏSLƏHƏT GÖR: