
NORMALLAŞMA REVERANSLARI
Rusiya-Gürcüstan münasibətləri rasional məcraya yönəlir?
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Son zamanlar Rusiya-Gürcüstan münasibətlərində müəyyən irəliləyiş müşahidə olunur. Bunun Ukraynada yaşananlar, postsovet məkanının Avropa hissəsində indiyədək mövcud olmuş status-kvonun pozulması fonunda baş verməsi xüsusilə maraqlıdır.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili "qlobal düzənin pozulması"ndan narahatlığını gizlətmir və hesab edir ki, "Rusiyanın yürütdüyü siyasət onun xüsusi maraq sahəsinin olduğunu göstərir - bu, keçmiş SSRİ ərazisidir". Marqvelaşvilinin fikrincə, "2008-ci ildə Gürcüstanda yaşanan və 2014-cü ildə Krımda daha da dərinləşənlər dünyanın 200-dən artıq ölkəsinin bir-birləri ilə münasibətlərinin inkişafı zamanı əsaslandıqları qlobal razılaşmaları sual altına qoyur".
Gürcüstan prezidenti Tiflisin Rusiya ilə münasibətləri rasional məcraya yönəltmək üzərində çalışdığını da söyləyib. Marqvelaşvili əmindir ki, hazırda Rusiya onun ölkəsi üçün birbaşa təhlükə yaratmır.
Şimal qonşusuna tərəf reverens Gürcüstanın baş naziri İrakli Qaribaşvili tərəfindən də gəlib. Onun sözlərinə görə, Gürcüstan hökuməti Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün əlindən gələn hər şeyi etməyə hazırdır.
Gürcüstan rəhbərliyinin Rusiya ilə münasibətlərin normallaşdırılması perspektivləri haqda sevindirici bəyanatları fonunda iki ölkə arasında dialoqda konkret irəliləyişlər də müşahidə olunmaqdadır. Məsələn, Rusiya xarici işlər nazirinin müavini Qoriqori Karasinlə Gürcüstan baş nazirinin Moskva ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidzenin Praqada baş tutmuş görüşündə tərəflər arasındakı bəzi problemlə məsələlər çözülüb. Danışıqlardan sonra Rusiya XİN-in müdaxiləsi ilə Gürcüstanın "TV-3" telekanalının həbsdə olan jurnalistləri sərbəst buraxılıblar. Onlar Cənubi Osetiya sərhədini qanunsuz keçməkdə ittiham olunurdular. Bundan başqa, Rusiya Gürcüstan vətəndaşı, 2010-cu ildə həbs olunmuş və barəsində 11 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılmış Zazu Xerkeladzeni də həbsdən azad edərək, vətəninə göndərib. Xerkeladze casusluqda ittiham olunaraq həbs edilmişdi. O, Moskva ilə Tiflis arasında Praqa prosesi çərçivəsində keçirilmiş görüşlərdən (danışıqlar iki ölkə diplomatları arasında aparılır) sonra həbsdən buraxılmış sayca 3-cü Gürcüstan vətəndaşıdır. Ondan əvvəl isə Gürcüstan tərəfi analoji ittihamlarla qarşılaşmış 4 Rusiya vətəndaşını siyasi məhbus kimi tanıyaraq, azadlığa buraxıb.
Məlum olduğu kimi, Tiflis bu ilin iyununda Avropa İttifaqı ilə Assosiativ Saziş imzalamağa hazırlaşır. Qriqori Karasinin bu məsələ ilə əlaqədar ölkəsinin Gürcüstana təzyiq göstərmək fikrində olmadığını bəyan etməsinə də tərəflər arasında münasibətlərin isinməsi kontekstində baxmaq olar. Bu yaxınlaradək Tiflis Aİ ilə Assosiativ Sazişi imzalaması ərəfəsində Moskvanın ona qarşı ticarət embarqosunu bərpa edəcəyindən, məsələn, "Borjomi" suyunun, gürcü şərabının və kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına idxalına qadağa qoyacağından narahat idi.
Əlbəttə ki, Rusiyanın Gürcüstanın Avropaya inteqrasiyasının qarşısını almaq üçün hər hansı addımlar atacağını istisna etmək olmaz. Ermənistan və Ukraynanın sözügedən sənədi imzalamaqla bağlı planlarının iflası və ya təxirə salması göstərib ki, Moskva Qərbin postsovet məkanında mövqelərini gücləndirməsinə qısqanclıqla yanaşır və kifayət qədər sərt reaksiya verir. Bununla yanaşı, Gürcüstanın Aİ ilə Assosiavtiv Saziş imzalaması Tiflisin Avro-Atlantik məkana inteqrasiya istiqamətində ciddi addım olmaqla yanaşı, həm də Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını azaldacaq. Bu üzdən də, Moskvanın qarşıdakı aylarda Tiflisə təzyiqləri artıracağı ehtimalı qüvvəsində qalır.
Eyni zamanda Gürcüstanda gərginliyi bəzi daxili siyasi proseslər də artıra bilər. Məsələn, ölkənin daxili işlər naziri Aleksandr Çikaidzenin Tiflisin Prime Time tabloidinə bu yaxınlarda verdiyi müsahibə kifayət qədər səs-küyə səbəb olub. Nazir müsahibəsində "destruktiv qüvvələr"in Tiflisdə də Kiyev ssenarisinə uyğun şəkildə iğtişaşlar hazırladıqlarına dair məlumatlara malik olduğunu bildirib. Çikaidzenin sözlərinə görə, Gürcüstan hökumətinin əleyhdarları "fəallar"a ciddi təlimlər keçir və təlimlər zamanı Kiyevdən çağırılmış təlimatçıların köməyindən istifadə olunur. Gürcüstan KİV sonuncuların sırasına ukraynalı jurnalist Stanislav Fyodorçuku da aid edir. Guya Ukrayna xüsusi xidmət orqanlarına işləyən bu şəxs Tiflisdə "kiyevsayağı Maydan" təşkil etmək məqsədilə bu yaxınlarda Gürcüstana gəlib.
Kiyevdə keçirilən etiraz aksiyalarının pik həddə olduğu dövrdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və onun "Vahid Milli Hərəkat" partiyasının (VMH) nümayiş etdirdiyi fəallığa da məhz bu konteksdə diqqət çəkilir. Dəfələrlə Maydanda çıxış edən Saakaşvili ukraynalıları ölkənin avropalaşdırılması, Rusiyanın təsirindən qurtulması üçün sonadək mübarizə aparmağa çağırıb. Bundan başqa, Saakaşvilinin tərəfdarları Ukrayna paytaxtında baş verən silahlı toqquşmalarda bilavasitə iştirak ediblər. Mixail Saakaşvilinin "Kiyev Maydanı"na dəstəyini nəzərə alsaq, onun VMH partiyasının Çikaidzenin bəyanatından sonra hazırkı Gürcüstan hakimiyyətini Ukraynaya qarşı Moskva ilə əlbir olmaqda günahlandırması təəccüblü deyil. Eks-prezidentin silahdaşları rəsmi Tiflisi parlamentin Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair qanun qəbul etməməsinə, hadisələr zamanı heç bir gürcü nazirin Kiyevə baş çəkməməsinə görə tənqid atəşinə tuturlar.
Əslində isə rəsmi Tiflisi rusiyapərəstlikdə ittiham etmək üçün heç bir ciddi əsas yoxdur. Burada məsələ heç də yalnız Gürcüstanın hakim "Gürcü arzusu" koalisiyasının təmsilçilərinin AŞPA-da Rusiyaya qarşı sərt çıxışlar etmələrində, Ukraynanın maraqlarının qorunması tələblərini irəli sürmələrində deyil. Rəsmi Tiflisin Ukraynada hakimiyyətin devrilməsinə ehtiyatla yanaşması, eyni zamanda Gürcüstan hökumətinin Rusiya ilə dialoq qurulmasına çalışması prezident Marqelaşvilinin və Naribaşvili hökumətinin Avropaya inteqrasiya prinsipindən imtina etdikləri anlamına gəlmir. Öz-özünü təcrid duruma salmış Ukrayna prezidenti Yanukoviçdən fərqli olaraq, onlar Avropa İttifaqı ilə Assosiativ Sazişin imzalanmasından imtina etməyi düşünmürlər. Demək, hazırda "Tiflis Maydanı"ndan danışmaq, ən azı, yersizdir.
Görünən odur ki, Gürcüstan siyasətçiləri arasında "Qərb mövzusu"nda gedən çəkişmələr növbəti seçkiqabağı kampaniyanın tərkib hissəsindən başqa bir şey deyil. Xatırladaq ki, elə bu ilin iyununda Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçki keçiriləcək. Seçkidə "Gürcü arzusu" ilə "Vahid Milli Hərəkat" arasında ciddi mübarizənin gedəcəyi gözlənilir. Amma onun Gürcüstan siyasi elitasının əhəmiyyətli bir hissəsinin, o cümlədən Gürcüstan hökumətinin Avropaya inteqrasiya ilə bağlı mövqelərinə təsir edəcəyini düşünmək olmaz. Beləliklə, "Maydan"ın Gürcüstandan yan keçmə şansı kifayət qədər çoxdur. Amma onun qarşısında "avroinqilab" köklü olmayan maneələr yarada bilər.
Bununla əlaqədar olaraq, artıq Cənubi Qafqazda ənənəyə çevrilmiş bir məqama - sabitliyin pozulması amilinə toxunmamaq olmaz. Məsələ ondadır ki, Rusiya ilə Ukrayna arasında yaşanan Krım dramının nümunəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərin növbəti dəfə pozulması erməniliyi əməlli-başlı cuşa gətirib. İstər Gürcüstanda, istərsə də Ermənistanın özündə bir çox erməni siyasi qüvvələr Gürcüstanın Cavaxetiya bölgəsinin işğalına yönəlmiş fəaliyyətlərini tam gücü ilə davam etdirirlər. Amma onlar başqalarının torpaqlarını ələ keçirmək üçün xarici amillərdən öz maraqlarına uyğun istifadə etməsəydilər, erməni olmazdılar. Odur ki, Krımın Rusiyanın nəzarətinə keçməsi ilə yekunlaşmış hadisələr başlar-başlamaz, KİV-də Cavaxetiya ermənilərinin Rusiya pasportu almaq üçün kütləvi şəkildə cərgəyə düzüldüklərinə dair xəbərlər yayılmağa başladı və bu, qətiyyən təəccüblü deyildi. Rəsmi Tiflis isə taktiki olaraq, problemi yumşaltmağa çalışır, bəzən isə ümumiyyətlə, belə halın olmadığını bildirir.
Rusiya isə Qərbə inteqrasiya yolunu seçmiş Gürcüstanda sabitliyi pozmaq üçün erməni amilindən yararlana bilər. Rəsmi İrəvan onun Rusiyaya çıxışını təmin edən tranzit ölkə kimi, Gürcüstanla münasibətlərini qoruyub-saxlamaqda maraqlı olsa da, Moskva-Tiflis münasibətlərindəki gərginlikdən "Böyük Ermənistan" iddiaları yolunda yararlanmağın da əleyhinə deyil. Bunu Ermənistan prezidenti Serj Sarqsyanın ölkə XİN-in mərkəzi aparatının və diplomatik nümayəndəliklərinin rəhbərlərinin qurultayındakı bəyanatında da görmək olar: "Biz Gürcüstanda erməniliyə mümkün yardımları göstərmək üçün ciddi cəhdlər etməliyik".
Cavaxetiyada getdikcə artmaqda olan separatçılığa İrəvanın faktiki dəstəyi Gürcüstanın bu bölgəsini Cənubi Qafqazda yeni gərginlik ocağına çevirə bilər. Bu halda prosesə Cənubi Qafqazda yalnız öz geosiyasi hökmranlıqlarının qayğısına qalan xarici qüvvələrin də cəlb olunacağını nəzərə alsaq, bu, region üçün yolverilməzdir.
MƏSLƏHƏT GÖR: