
ÖZ TALEYİNİN SAHİBİ OLMAQ
Azərbaycanın neçə vaxtdır söylədiklərini dünya hələ indi-indi anlamağa başlayır
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
Qlobal iqtisadi böhran, onun dünyanın aparıcı dövlətlərinin siyasətinə təsiri, beynəlxalq münasibətlərdəki problemlər, Ukraynada yaşananlar üzündən fövqəldövlətlər arasında ziddiyyətlərin daha da dərinləşməsi - analitiklərin fikrincə, bütün bunlar yeni dünya düzəninin formalaşmasına səbəb olub. İndi bir çox dövlətlər dilemma qarşısındadırlar - ənənəvi beynəlxalq davranış qaydalarının işləmədiyi, müasir dövrün bir çoxları üçün gözlənilməz çağırışlarının meydana çıxdığı şəraitdə nə etməli?
Bu şəraitdə yüksək səviyyəli, yaranmış qlobal problemlərə dair ciddi fikri olan beynəlxalq mütəxəssislərin iştirakı ilə müxtəlif məşvərətçi toplantıların daha çox keçirilməsinə ehtiyac var. Bu mənada dünyanın ən müxtəlif hissələrində yerləşən dövlətlərin sabiq rəhbərləri arasında diskussiyaların təşkili xüsusi əhəmiyyətə malikdir. Bu məsələdə "eks" ifadəsi yalnız müsbət əhəmiyyət daşıyır. Çünki sabiq rəhbərlər artıq fikirlərini diplomatik protokol çərçivəsində ifadə etmək məcburiyyətində deyillər. Digər tərəfdən onların fikirləri dövlət idarəçiliyində böyük təcrübəyə malik, beynəlxalq münasibətlərdə fəal iştirak etmiş şəxslərin fikri kimi, çox maraqlıdır.
Belə formatlardan biri ötən həftə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumudur. Tədbirin təşkilində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi BMT, Ümumdünya Elm və Mədəniyyət Akademiyası, Roma Klubu, İsgəndəriyyə Kitabxanası və s. qurumlar yaxından iştirak ediblər. Forumun mövzusu 2015-ci il və sonrakı dövrdə dünyanın dayanıqlı inkişafına həsr edilmişdi.
2 gün davam edən beynəlxalq tədbirə 30 ölkədən sabiq dövlət və hökumət başçıları qatılıblar. Ümumilikdə, toplantıya 200-dək nüfuzlu siyasi və ictimai xadim, ekspert və alim qatılıb. Onlar Bakıda bəşəriyyətin 2015-ci ildən sonra daha hansı hallarla qarşılaşacağını proqnozlaşdırmağa çalışıblar. Forumun gündəliyində münaqişələrin nizamlanması, açıq cəmiyyətlərin iqtisadi əsasları, davamlı inkişaf prosesi üçün multiidarəçiliyin və institusional çərçivələrin vacibliyi və s. məsələlər var idi. İştirakçılar daxili iqtisadiyyatın inkişafı siyasəti, təhsil üçün hər kəsə bərabər şəraitin yaradılması, ictimai proseslərdə qadınların rolu, dayanıqlı inkişafa nail olunmasında təbii resursların və qlobal sərhədlərin əhəmiyyəti, texnologiyalar və yaşıl enerjinin vəhdəti, eləcə də digər məsələlərə diqqət ayırıblar.
Sadalanan problemlər çox müxtəlif olsa da, onların həlli üçün ilk baxışdan bir şərt vacibdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışındakı çıxışında bildirib:
"Biz öz taleyimizin sahibi olmalı, daha güclü olmalıyıq".
Dövlət başçısı deyib ki, cəmiyyətlərin əsas prioritetlər ətrafında birləşməsi vacibdir. Azərbaycan üçün bu, işğal altındakı ərazilərinin azad olunması, müstəqilliyinin möhkəmləndirilməsi, insanların yaşayışı üçün daha yaxşı şəraitin yaradılmasıdır. Prezidentin sözlərinə görə, cəmiyyət vacib hədəflər ətrafında səfərbər olursa, o, parçalanmır: "Biz səhvlərimizi də müzakirə etməliyik. Amma ən vacibi cəmiyyətlərimizin birləşməsidir".
İndi dünyanın bir çox ölkəsi qarşısında dayanan dilemma, bir sıra qlobal problemlərdən daha vacib olan məsələ öz taleyinin sahibi olmaqdır. Ölkələrin öz gələcəklərini müstəqil şəkildə özlərinin müəyyən edə bilməsi bugünkü dünyanın problemlərinin həlli üçün açardır. Prezident Əliyevin də dediyi kimi, bu, yenidən beynəlxalq münasibətlərin gündəmində əsas yer tutmağa başlayıb.
Öz siyasətini yürütmək üçün müstəqil, azad olmaq, lazım gələndə başqa yolla çözülməsi mümkün olmayan məsələləri həll edə bilmək üçün güclü olmaq. Şübhəsiz ki, Qlobal Açıq Cəmiyyətlər Forumunun, məhz, Bakıda, Azərbaycan paytaxtında təşkil olunması qərarı da bu məqamlarla bağlıdır. Ətrafda qlobal kataklizmlərin, çəkişmələrin yaşandığı bu günümüzdə ölkələr ya könüllü şəkildə, ya təzyiqlər qarşısında suverenliklərini itirirlər. Azərbaycan isə bütün bunların fonunda sabitlik, müstəqillik, görünməmiş iqtisadi inkişaf nümunəsi nümayiş etdirir.
Məşhur amerikalı politoloq, ABŞ dövlət katibinin sabiq məsləhətçisi Pol Qobl bu yaxınlarda verdiyi müsahibələrindən birində vaxtilə Heydər Əliyevlə görüşü zamanı ondan eşitdiyi maraqlı bir fikri işlədib: "Demokratik dövlət olmaq üçün əvvəlcə dövlət olmaq lazımdır". Bu gün dünyanın bir çox dövlətlərinin qarşı-qarşıya qaldığı problemin məğzini bundan yaxşı ifadə edən fikir tapmaq çətindir. Bir demokratiya dövlətin suverenliyinə zərbə vurursa, o, kimə lazımdır? Bu, demokratiyadırmı? Faktiki olaraq sənin dövlətinin taleyini başqası həll edirsə, dövlət atributlarının mənası nədir?
Bir sıra dövlətlərlə vahid mövqedən çıxış edən Azərbaycan artıq 2015-ci ildən sonrakı dövr üçün inkişaf prioritetlərinə töhfə verəcəyilə razılaşıb. Azərbaycan hökuməti artıq 2020-ci ilədək inkişaf proqramını qəbul edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin hesab edir ki, həmin sənəddə qarşıya qoyulan hədəfləri minilliyin yeni inkişaf hədəflərinə aid etmək olar.
Bu yeni hədəflərin müəyyənləşdirilməsi vacibdir. Əvvəlki istiqamətlər artıq köhnəlib və dünya ölkələrinin yeni istiqamətlərə ehtiyacı var. Çünki beynəlxalq həyatda qlobal dəyişikliklər yaşanır. Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa da Bakıda keçirilən forumdakı çıxışında BMT-nin Minilliyin İnkişafı Proqramının effektsizliyini etiraf edib. Xatırladaq ki, həmin proqram qlobal çağırışlara qarşı 14 il bundan əvvəl qəbul edilib. "Biz dünyada qan siyasətinin qarşısını almaq üçün birgə səylər göstərməliyik. BMT-də 2000-ci ildə Minilliyin İnkişafı Proqramı qəbul olunduqda biz dünyada bu cür hadisələrin yaşanacağına inanmırdıq", - deyə Vayra Vike-Frayberqa bildirib.
Ukrayna ətrafında yaşanan son olaylar forumdakı diskussiyalara xüsusi aktuallıq qazandırıb. Bu ölkədə baş verənlər göstərdi ki, dünya dövlətləri nəinki dünyanın maliyyə sistemindəki böhran kimi qlobal xarakterli problemlər, hətta öz dövlətçiliyini, suverenliyini qoruyub saxlamaq kimi elementar problemlər qarşısında da gücsüzdürlər.
Forumun gedişində Ukraynanın sabiq dövlət başçısı Viktor Yuşşenko mütərəqqi dünya ictimaiyyətini ölkəsinin üzləşdiyi açıq təcavüz kimi faktlara qarşı vahid siyasət formalaşdırmağa çağırıb. Onun fikrincə, Azərbaycan və Gürcüstan ərazilərinin 20%-nin, Moldova ərazisinin 30%-nin, Ukraynanın 1/25-nin işğal olunması, məhz, belə hallara birgə reaksiyanın verilməməsinin nəticəsidir.
Ukraynanın sabiq prezidentinin söylədiklərini Azərbaycan öz üzərində hiss edib: beynəlxalq hüquqdakı böhran onun normalarının yalnız güclülər üçün işləməsinə aparıb çıxarır. Azərbaycanın 20 ildən artıqdır dediklərini dünya indi-indi anlamağa başlayır.
Bu cür qlobal forumların əhəmiyyəti də, məhz, budur. Məsələ ondadır ki, təhlükəsizlik və dayanıqlı inkişaf kimi qlobal problemlərin həlli ətrafında ənənəvi diskussiya formatı öz tarixinin ən ciddi böhranını yaşayır. Söhbət, əlbəttə ki, ilk növbədə, BMT-dən gedir. Bu təşkilat qlobal təhlükəsizliyin və inkişafın qarantı funksiyasının öhdəsindən gələ bilmir. Son illərdə BMT Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bir çox məsələlərə dair saysız-hesabsız qətnamə və digər yazılı qərarlar qəbul edib. Amma onların hamısı kağız üzərində qalıb. Güclünün hüquqları məsələsi burada da keçərlidir. Şimali Afrikada, Yaxın Şərqdə yaşananlar və bu gün Ukraynada baş verənlər göstərir ki, dünyanın daha qüdrətli dövlətləri addımlarını çoxluğun rəyinə fikir vermədən, sırf öz maraqlarına uyğun şəkildə atır. Beynəlxalq hüququn norma və prinsipləri ya aparıcı fövqəldövlətlərin istədikləri kimi yozum obyektinə çevrilir, ya da ümumiyyətlə, onlara əhəmiyyət verilmir. Bütün bunlar cəmiyyətin yerdə qalan hissəsində qeyri-müəyyənlik, öz gələcəyilə bağlı narahatlıq yaradır.
Latviyanın sabiq prezidenti hesab edir ki, dünyada hələ də yeni münaqişələrin yaranması mümkündür: "Biz 15 ildən sonra dünyadakı vəziyyətin indikindən yaxşı olacağına əmin ola bilmərik. Qlobal miqyasda insan haqlarının təmin olunması üçün əlimizdən gələni etməliyik".
Əlbəttə ki, müasir cəmiyyətin bütün bu çağırışlarının həlli yollarının 2 günlük diskussiyalarda tapılması mümkün deyil. Bu səbəbdən də, Azərbaycan Qlobal Açıq Cəmiyyətlər Forumunu hər il təşkil etməyə, bu tədbirin keçirilməsini bir ənənəyə çevirməyə hazır olduğunu bəyan edib.
MƏSLƏHƏT GÖR: