13 Mart 2025

Cümə axşamı, 14:56

UORLİKİN İFLASI, YOXSA VASİTƏÇİLƏRİN İFLİCİ?

Azərbaycan XİN-i Minsk Qrupunun amerikalı həmsədrinə etimadsızlığını ifadə etdi

Müəllif:

06.05.2014

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin dalandan çıxarılmasının müşkülə çevrildiyi ortadadır. Ötən ilin sonunda 2 illik fasilədən sonra iki ölkə Prezidenti İlham Əliyevlə Serj Sarqsyan arasında ilk görüş keçirildi. Bu yaxınlarda Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan görüşdülər, Varşavada isə münaqişənin dinc yolla həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri bir araya gələrək, hazırkı durumu müzakirə etdilər. Lakin danışıqlar prosesində müşahidə olunan müəyyən fəallaşma, hələ ki, nəinki konkret nəticə vermir, o, hələ konkret xarakter də almayıb. Bütün bunlar zaman-zaman Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında atəşkəs rejiminin pozulması fonunda baş verir. Üstəlik,  Rusiyanın Krımda, o cümlədən Ukraynanın cənub-şərq əyalətlərində beynəlxalq hüquq normalarına zidd əməlləri üzündən beynəlxalq vəziyyət də xeyli qarışıb.

Düşünmək olardı ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri belə qəliz vəziyyətdə tərəflərə yeni ideyalar, təkliflər verə bilməsələr belə, heç olmasa, danışıqlar prosesinə xələl gətirəcək açıqlamalardan da çəkinəcəklər. Amma təəssüf ki, Minsk Qrupunun bəzi sabiq, indisə həm də hazırkı həmsədrləri obyektivliyə, bitərəfliyə xəyanət edirlər - həmsədrlər beynəlxalq mandatın nəzərdə tutduğu çərçivələrdən kənar bəyanatlar səsləndirirlər.

Belə mövqe tutan sabiq həmsədrlərdən biri - rusiyalı Vladimir Kazimirovdan danışmaq belə, artıqdır. Azərbaycan ictimaiyyəti onu yaxşı tanıyır. "İstirahət"ə gedəndən sonra "diplomat" işğalçı ölkənin əsl vəkilinə çevrilib. Əslində, o, daim elə bu "status"da olmuşdu. Amma istefa Kazimirovun əl-qolunu açıb və indi o, Ermənistan-Azərbaycan qarşıdurması, onun iştirakı ilə keçirilmiş danışıqlar, mövcud vəziyyətə və münaqişə tərəflərinin mövqelərinə birtərəfli şəkildə verdiyi qiymətlərlə yorulmadan Rusiya KİV-i öz təhrifləri ilə çirkləndirməkdə davam edirlər. 

Mən cənab Kazimirovla 1990-cı illərin əvvəllərində Qarabağ nizamlanmasında Azərbaycan Prezidentinin məsləhətçisi qismində iştirak etdiyim zaman tanış olmuşam. Təxminən, 10 il əvvəl aramızda yazışma oldu və bu yazışma mənə onun münaqişə haqda mövqeyimi özüm üçün tam aydınlaşdırmağa imkan verdi. Bu məsələnin konfidensial olması məktubdan sitatları birbaşa açıqlamağıma imkan vermir. Amma qısa desəm, Kazimirovun sözlərindən belə çıxır ki, Azərbaycan rəhbərliyi onun məsləhətlərinə qulaq asmayıb, ərazi bütövlüyünü bərpa etmək istəyindən əl çəkməyib və nəticədə, müharibəni uduzub. İndi Kazimirov hesab edir ki, biz Dağlıq Qarabağı ermənilərə verməyə razı olmalı (bunu birbaşa deməsə də), digər işğal olunmuş rayonların azad edilməsi üçün isə Rusiyanın hərbi-siyasi hamiliyini qəbul etməliyik. Kazimirov israrla bildirir ki, bunun tam şəkildə reallaşdırılması mümkün olanadək Ermənistana sərf edən hazırkı status-kvo möhkəmləndirilməlidir. O, bu fikirlərini bu və ya digər formada Rusiya və Ermənistanın müxtəlif nəşrlərinə də bildirib. Mən isə Vladimir Kazimirovla dialoqu davam etdirməyə marağımı itirdim və yazışmamızı dayandırdım.

Rusiyanın əsas diplomatı ilə bağlı vəziyyət aydındır və getdikcə yaddan çıxan bu adamın öz personasını diqqətdə saxlamaq cəhdlərinə artıq reaksiya verməyə ehtiyac yoxdur. Amma eyni sözləri ATƏT-in Minsk Qrupunun hazırkı amerikalı həmsədri Ceyms Uorlik haqqında söyləmək olmaz. O, Minsk Qrupunun fəaliyyəti haqda geniş ictimaiyyəti məlumatlandırmaq üçün sosial şəbəkələrdən istifadə edir. Məxfiliyin vacib olduğu diplomatiya sahəsi üçün bu təcrübə bir qədər qəribə görünsə də, yaşadığımız informasiya dövründə Uorlikin bu addımı insanlar tərəfindən müsbət qarşılanıb. Amma Uorlikin getdikcə artan "tvit"ləri Azərbaycanda təəccüb yaradıb və sonda Bakı onun bu əməllərinə qəti şəkildə etiraz edib. Uorlik "tvit"lərində danışıqların hazırkı formatına zidd olaraq, Qarabağdakı separatçı, heç kəsin tanımadığı rejimin nümayəndələrini danışıqlar masası arxasına çağırmağa başlayıb.

İlk dövrlərdə Uorlikə elə həmin sosial şəbəkələr və KİV vasitəsilə əməllərinin yanlış olduğunu izah etməyə  çalışıblar. Bunu oxuduğunuz  yazının müəllifi də "Region Plus" jurnalındakı məqalələrində bildirib. Bundan başqa, Azərbaycan XİN-in rəsmisi Elman Abdullayev Uorliki "tvit"lərində daha diqqətli olmağa çağırıb. Məsələyə Azərbaycanın Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov da elə "Twitter" mikrobloqundakı səhifəsindən münasibət bildirmişdi. O, yazırdı ki, Uorlikin əməllərindən onun, sanki, Dağlıq Qarabağ münaqişəsini bilavasitə sosial şəbəkələrdə çözmək istədiyi görünür.

Cənab Uorlikin Kaliforniyada erməni lobbiçilərin "İrəliyə doğru yol və Dağlıq Qarabağ Respublikası üçün müqəddəratı təyin etmə" mövzusunda təşkil edəcəkləri konfransa qatılmaq niyyətini açıqlaması isə sanki səbirləri daşıran son damla olub. Azərbaycanın Xarici İşlər Nazirliyi Uorlikə münasibətini daha qəti ifadə etmək məcburiyyətində qalıb.

Xarici işlər nazirinin müavini Araz Əzimov APA agentliyinə müsahibəsində bildirib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinə etimadsızlıq elan edilməsi, onunla işləməkdən boyun qaçırılması və ATƏT-in fəaliyyətdə olan sədrinə Ceyms Uorlikin həmsədr postundan geri çağırılması müraciətilə üz tutulması üçün bütün əsaslar var. «Bizə özünü Azərbaycanın strateji tərəfdaşı adlandıran ölkəni təmsil edən həmsədrin gerçək məqsədləri barədə düşünmək qalır. O, ABŞ-ın rəsmi mövqeyinə əks olaraq öz addımları ilə separatçılığa və təcavüzə dəstək verir, Minsk Qrupunda böhranın başlanmasına və durumun gərginləşməsinə gətirib çıxarır. Bu isə hazırda mürəkkəb olan beynəlxalq şərtlər altında xüsusən kritik görünür», - deyə A. Əzimov qeyd edib. A.Əzimovun sözlərinə görə, «Sosial şəbəkələrdəki qeydlərə, hətta gözucu baxmaq kifayətdir ki, amerikalı həmsədrin ABŞ-dakı erməni diasporu ilə təmaslara daha çox üstünlük verdiyini görəsən. Cənab Uorlik vasitəçilərin fəaliyyəti üçün dəqiq çərçivələr və mandat müəyyən edən və eyni zamanda həll prosesinin təməlində dayanan beynəlxalq hüququn norma və prinsiplərini özü bildiyi kimi şərh edir». A.Əzimov bildirib ki, Uorlikin bəyanatlarında Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyə haqq qazandırmağa yönəlmiş cəhdlər hiss olunur: «Hətta işğalçılıq siyasəti yürüdərək başqa dövlətin ərazisini zəbt etmiş Ermənistanla, bu təcavüzün qurbanı olan Azərbaycan arasındakı mübahisəsiz fərq də diplomatı daha balanslaşdırılmış mövqe bildirməyə məcbur etmir».

Azərbaycanın xarici işlər naziri müavininin sərt bəyanatı ən azı Uorlikin erməni lobbiçilərinin təşkil etdikləri konfransı qatılmaqdan imtinası ilə nəticələnib. Amma Minsk Qrupunun amerikalı həmsədrinin geri çağırılması məsələsi, hələ ki, gündəmdədir. Aydınlaşdırılmalı olan məqam var - problem Uorlikin özündədir, yoxsa o, ABŞ Dövlət Departamentinin mövqeyini ifadə edir?

Səfir Ceyms Uorlik kamil insandır. 59 yaşlı Uorlik Stenfordda bakalavr, Oksfordda magistr dərəcəsi alıb. Yəni o, Amerikanın ən elit universitetlərində oxuyub. Həmsədrin diplomat kimi fəaliyyəti də zəngindir. O, uzun müddət Dövlət Departamentində çalışıb, ABŞ-ın Filippində, Banqladeşdə, Moskva, Berlin və İraqdakı diplomatik nümayəndəliklərində vacib postlar tutub. 2010-2012-ci illərdə Bolqarıstanda səfir olub, daha sonra ATƏT-in Minsk Qrupunun həmsədri təyin olunanadək Əfqanıstan probleminin dinc yolla həlli üzrə xüsusi nümayəndə kimi, vacib post tutub.

Göründüyü kimi, cənab Uorlikin təcrübəsinə və səriştəsinə şübhə etmək üçün əsas yoxdur. Amma bu, onun erməni lobbiçilərinin təsiri altına düşdüyünü heç də istisna etmir. Amerikalı həmsədrin bu davranışına daha bir məqam da təsir göstərə bilər: onu bu posta namizəd göstərmiş ABŞ-ın dövlət katibi Con Kerri senator olarkən Azərbaycana qarşı yönəlmiş ədalətsiz 907-ci düzəlişin müəllifi olub. Bu gün rəsmi Vaşinqton Azərbaycanı özünün vacib strateji tərəfdaşı adlandırır. Azərbaycanın Əfqanıstan istiqamətində tranzit rolunu, Avropanın enerji təhlükəsizliyinin təminində və digər beynəlxalq problemlərin həllində oynadığı rolları nəzərə aldıqda, bu, həqiqətən də, belədir. Amma bir məqamı xatırlatmağa ehtiyac yaranır: tərəfdaşlıq qarşılıqlı olur. Ancaq Azərbaycan üçün prioritet problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində son zamanlar biz ABŞ tərəfindən bu qarşılığı hiss etmirik. Azərbaycanın Minsk Qrupunun həmsədri postunda Uorlikin dəyişdirilməsinə dair ortaya qoyduğu sərt mövqe bir suala da aydınlıq gətirək: rəsmi Bakı Obama administrasiyasının dövründə Vaşinqtonun obyektivliyinə və dəstəyinə ümid edə bilərmi?

Minsk Qrupunun fəaliyyətində effektivliyin olmaması Uorlikin "Twitter" sosial şəbəkəsindəki ədəbsizliyilə məhdudlaşmır. Həmsədrlərin münaqişə zonalarına epizodik səfərləri, Avropanın müxtəlif paytaxtlarında daha tez-tez görüşlərin keçirilməsi, üstəlik, səylərin nəticəsindən asılı olmayaraq, onlara yüksək əməkhaqqı və ezamiyyət pulunun ödənilməsi ictimai rəydə Minsk Qrupunun diplomatik turizm forması kimi qəbul edilməsinə səbəb olub. Münaqişə tərəflərini "Madrid prinsipləri" əsasında razılığa gətirmək mümkün olmadıqdan sonra Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən, qarşılıqlı inamın artırılmasına yönəlmiş ikinci dərəcəli danışıqların davam etdirilməsindən başqa heç bir təklif irəli sürməyiblər.

Vasitəçilik missiyası yalnız bununla məhdudlaşmamalıdır. Aydındır ki, Minsk Qrupunun həmsədrləri sadəcə müvafiq xarici siyasət  idarələrinin orta səviyyəli məmurlarıdırlar. Amma onların təmsil etdikləri dövlətlər dünyanın ən qüdrətli dövlətləridirlər və onlar beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələri, ATƏT-in və AŞPA-nın müvafiq sənədlərilə bağlı tutarlı sözlərini çoxdan deməlidirlər. Effektiv təzyiq olmadan prosesi ölü nöqtədən tərpətmək olmayacaq. Amma təzyiqin Azərbaycana göstərilməsi məntiqli deyil, çünki sadalanan beynəlxalq sənədlərin hamısında Azərbaycan təcavüzdən əziyyət çəkmiş ölkə kimi tanınır. Yəni beynəlxalq hüquq Bakının tərəfindədir. Ermənistanın arxasında isə böyük diaspor dayanır və nəticədə, həmsədr ölkələr İrəvana təzyiq etməyə həvəs göstərmirlər.

Amma bu vəziyyət sonsuzluğadək davam edə bilməz. BMT Nizamnaməsində təcavüzə məruz qalmış tərəfə fərdi və kollektiv özünümüdafiə, dövlətin ərazi bütövlüyünün təmini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının hüquqlarının müdafiəsi üçün Silahlı Qüvvələrdən istifadə etmək hüququ verilir və bu hüququ heç kim ləğv etməyib. Azərbaycan müdafiə qabiliyyətini gücləndirdiyini gizlətmir. Amma bununla yanaşı, o, problemin danışıqlar yolu ilə çözüləcəyinə ümidlərini də itirməyib və bu məsələdə Bakı Minsk Qrupunun fəaliyyətində ciddi dönüş gözləyir.

XİN-in, Azərbaycanın Prezident Administrasiyasının yüksək rütbəli məmurlarının ciddi iradları, məhz, buna yönəlib. Minsk Qrupunun ATƏT-ə məxsus olduğunu nəzərə alan Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov qanunverici orqanın son toplantısında qrupun ATƏT Parlament Assambleyası qarşısında hesabat verməsi təklifilə çıxış edib. Spiker məsələnin ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü sessiyasının gündəliyinə salınması tələbini də səsləndirib. Təklifi deputatlar dəstəkləyib və bizim nümayəndə heyətimiz  tərəfindən rəsmi olaraq ATƏT PA-nın gündəliyinə təklif ediləcək.



MƏSLƏHƏT GÖR:

450