14 Mart 2025

Cümə, 21:47

FORPOSTUN GÜCLƏNDİRİLMƏSİ

Rusİyanin Ermənİstanla hərbİ-texnİkİ əməkdaşliği genİşləndİrmək nİyyətİ nədən xəbər verİr?

Müəllif:

01.02.2013

Yeni ilin ilk ayındaca növbəti Rusiya-Ermənistan intriqasının mövcudluğu üzə çıxdı və bu, ekspertlər tərəfindən geninə-boluna şərh olunmaqdadır. Söhbət Rusiya prezidenti Vladimir Putinin Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafı (HTƏ) məqsədilə danışıqların aparılmasına dair sərəncamından gedir.

Gözlənildiyi kimi, bu xəbər əksər erməni analitiklər tərəfindən sevinclə qarşılanıb. Onlar Rusiya-Ermənistan münasibətlərində məhz hərbi-siyasi sahəni daha vacib sayırlar. Həmin analitiklərin fikrincə, yeni müqavilə Ermənistanın hərbi-sənaye kompleksinin (HSK) Rusiyanın müdafiə sənayesinə aid müəssisələrlə sıx kooperasiya formasında inkişafına töhfə verəcək. Bu konteksdə Rusiya-Ermənistan hərbi əməkdaşlığının inkişafı həm Ermənistana müxtəlif növ silahların tədarükü, həm də onların istehsalı işində ermənilərə yardımın göstərilməsini nəzərdə tuta bilər.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, bu, Ermənistanın HSK-nin inkişafına ümumilikdə müsbət təsir göstərəcək. Rusiyanın təşəbbüsünü qiymətləndirməklə kifayətlənməyən Ohanyan Gümrüdəki Rusiyaya məxsus 102-ci hərbi bazadakı silahların bütün ölkə ərazisinə yayılmasının  lazımlığını da söyləyib - Rusiya ilə Ermənistan arasındakı razılaşmaya əsasən, bu baza hərbi obyektlə birlikdə Ermənistan dövlətinin təhlükəsizliyinə görə məsuliyyət daşıyır.

S.Ohanyan onu da bildirib ki, Moskva Qəbələ RLS-in icarəsi haqda müqaviləni ləğv etdikdən sonra Ermənistan Rusiyanın radiolokasiya stansiyasının öz ərazisində yerləşdirilməsinin əleyhinə olmayıb. Tamamilə aydındır ki, Ermənistan fürsətdən istifadə edərək, Moskva ilə hərbi-texniki əməkdaşlığına antiazərbaycan çaları verməyə çalışır.

Əlbəttə ki, "əməkdaşlıq" anlayışı özü-özlüyündə burada Ermənistanın da maraqlarının nəzərə alındığını göstərir. Amma bu, heç də o demək deyil ki, Moskva HTƏ-nin inkişafına dair müqaviləyə yalnız İrəvanın maraqlarını təmin edəcək sənəd kimi baxır. Üstəlik Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davam etdiyi bir vaxtda.

Rusiyanın Ermənistanda hərbi mövcudluğu ilk növbədə Moskvanın Cənubi Qafqazda və ətraf regionda strateji maraqlarının qorunmasına yönəlib.

İki ölkə arasında yeni müqavilə çərçivəsində Ermənistanın Türkiyə və İranla sərhədində sərhəd infrastrukturunun müasirləşdiriləcəyini, sərhədçilərin təkmilləşdirilməsi üçün, həmçinin fövqəladə vəziyyətlər üzrə mərkəzlərin yaradılmasını gözləmək olar. Bu niyyətlərin reallaşdırılmasını nəzərdə tutan protokol hələ ötən ilin fevralında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfəri zamanı imzalanmışdı. Rusiya Müdafiə Nazirliyindəki mənbənin bildirdiyinə görə, Ermənistanın müdafiə sənayesində Moskvanın köməyilə bəzi döyüş sursatları, zirehli texnika istehsal edilməli, yalnız quru qoşunları üçün yox, həm də HHQ və HHM qüvvələri üçün yerli təmir bazası yaradılmalıdır. Amma regionun ən geridəqalmış ölkəsi olan Ermənistanın iqtisadi çətinliklərini nəzərə alsaq, çətin ki, Moskva onunla miqyaslı birgə hərbi istehsala başlasın. Forpost yeni müqavilə əsasında əsasən patronundan ənənəvi hərbi "hədiyyələrə" bel bağlaya bilər. Ekspertlər hesab edir ki, hərbi-texniki əməkdaşlığın inkişafında əsas diqqət Gümrüdəki Rusiya hərbi bazasının möhkəmləndirilməsinə yönəldiləcək. Moskva bu işə ötən ildən başlayıb.

Bu il yanvarın 15-də Rusiya Müdafiə Nazirliyi Gümrüdəki 102-ci hərbi bazanın müqavilə ilə çalışan hərbçilərlə doldurulmasına başlayıb. Yarım ildə onların sayı 2 dəfə artırılıb. Bazadakı şəxsi heyətin ştatda olan üzvlərinin sayı isə əvvəlkitək - təxminən 5 min olaraq qalıb. Bəzi ekspertlər 102-ci hərbi bazanın belə sürətlə peşəkarlaşmasını Ermənistan-Azərbaycan münaqişə zonasında hərbi əməliyyatların başlanması ehtimaplı ilə əlaqələndirir, digərləri isə bunun əsasən Suriya və İran ətrafında baş verənlərlə bağlı olduğunu düşünür.

"Keçmişdə Moskvanın İrəvana ciddi hərbi-texniki dəstək verməsi hallarına çox rast gəlinib. Üstəlik bir çox hallarda bu, hərbi sahədə ticarətin qaydalarına tam zidd şəkildə həyata keçirilib. Putinin son qərarı həm də Azərbaycanın müdafiə proqramının sürətlə inkişaf etməsi nəticəsində yaranmış uyğunsuzluqla bağlıdır. Bununla Moskva münaqişə zonasında hərbi balansın qorunmasına çalışır", - deyə rusiyalı politoloq Aleksandr Karavayev bildirir. Onun iddiasına görə, ötən il Rusiyanın Sənaye və Ticarət Nazirliyi KTMT üzvü və ya birgə hərbi-texniki istehsala hazır olan digər tərəfdaşın ərazisində inteqrasiya olunmuş hərbi istehsallara başlamaq layihəsinə dair sənədlər hazırlayıb. Bununla yanaşı, o, Azərbaycanın da Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni müqavilələrdə iştirakını istisna etmir. Çünki Bakı Rusiyanın öndə gedən texnikasından imtina etməyəcək. Ermənistanın yeganə üstünlüyü KTMT çərçivəsindəki razılaşmanın ona Rusiyadan hesabdan silinmiş və ya anbara yığılmış silahları Rusiyanın daxili bazar qiymətlərilə almaq imkanı verməsindədir. Real yeni texnikanın alışı, təmir xidmətləri və ya birgə istehsalda isə KTMT üzvləri üçün də heç bir güzəşt nəzərdə tutulmayıb. Başqa sözlə, Rusiya bir tərəfdən postsovet ölkələrinə KTMT üzvlərinin bu və ya digər dərəcədə üstünlüyə malik olduğunu nümayiş etdirməyə çalışır, digər tərəfdən isə Ermənistanı Putinin təşəbbüskarı olduğu Avrasiya İttifaqına qoşulmağa həvəsləndirir. Bununla yanaşı, Moskvanın diqqəti İrəvanla HTƏ-nin inkişafına yönəltməklə, bu il aprelin 1-dən Ermənistan üçün hazırlanan acı "qaz hədiyyəsi"nin təsirini bir az azaltmağa çalışması da mümkündür. İstənilən halda, Moskva ilə İrəvan arasında belə sıx hərbi-texniki əməkdaşlıq Bakıda müəyyən suallar yaratmaya bilməz.

Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov hesab edir ki, Moskvanın bu addımında heç bir yenilik yoxdur. Rusiya ilə Ermənistan hərbi əməkdaşlığa dair müqavilə imzalayıb, Ermənistan ərazisində Rusiya Silahlı Qüvvələrinin hissəsi var, hətta bu ölkənin sərhədlərini də rusiyalı sərhədçilər qoruyur. Ermənistanın müntəzəm olaraq Rusiya tərəfindən silahlandırılması da yenilik deyil. Görünür, Putin son sərəncamı ilə Rusiya-Ermənistan hərbi-strateji əməkdaşlığını yenidən geosiyasi gündəmə çıxarmaq istəyir. Bununla yanaşı, Bakı bu əməkdaşlığın Azərbaycana qarşı yönəldiyinə inanmaq istəmir. Çünki Azərbaycanla Rusiya qonşu və dost dövlətlərdir. Ə.Əhmədov bununla yanaşı, diqqəti son dərəcə vacib məqama da çəkib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş dövlət münaqişə tərəflərindən biri ilə hərbi-texniki əməkdaşlıqla nizamlama prosesini necə əlaqələndirəcək? Bu halda vasitəçi məsələyə necə obyektiv yanaşa bilər?!".

Nəzərə alsaq ki, Ermənistana təmənnasız verilmiş və ya satılmış istənilən silah sonda Dağlıq Qarabağ münaqişəsi zonasına gedib çıxır və ya çıxa bilər, Azərbaycanın narahatlığı kifayət qədər əsaslıdır. Üstəlik, Rusiya Ermənistanı onsuz da müntəzəm olaraq silah-sursatla təmin edir. Bəzi informasiya agentliklərinin iddiasına görə, son bir neçə ayda Rusiya Ermənistana yüz milyon dollarla dəyəri olan silah-sursat verib. Onların arasında zirehli texnikalar, raket sistemləri, artileriya qurğuları, HHM sistemləri və aviasiya texnikası var. Ümid edək ki, bu informasiyalar həqiqətə uyğun deyil. Çünki əvvəllər də dəfələrlə atılmış belə addımlar Rusiya ilə ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan arasındakı etibarlılığa, mehriban qonşuluğa əsaslanan münasibətlərə uyğun gəlməyib. 



MƏSLƏHƏT GÖR:

429