10 Yanvar 2025

Cümə, 07:33

BALIQ OLMAYAN YERDƏ XƏRÇƏNG DƏ BALIQDIR

Ermənİstan müxalİfətİnİn "Akulalari" siravİ seçİcİyə seçİm İmkani qoymadi

Müəllif:

01.02.2013

Ermənistanda fevralın 18-nə təyin olunmuş prezident seçkisi faktiki olaraq rəqabətsiz keçəcək. Əksər analitiklər kimi, Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryan da bu fikirdədir. Onun fikrincə, real müxalifətin seçkini boykot etmək qərarı hazırkı dövlət başçısının şanslarını ciddi şəkildə artırıb və indii əvvəlki seçkilərdən fərqli olaraq, Serj Sarqsyan formal rəqiblərini heç bir çətinlik çəkmədən üstələyəcək. Stepan Qriqoryan "Region Plyus"a müsahibəsində mövqeyini bir sıra amillərlə əsaslandırıb.

- Ermənistanda keçiriləcək prezident seçkisinin nəticəsi  ilə bağlı proqnozunuz nədən ibarətdir?

- Düşünürəm ki, Serj Sarqsyan xüsusi çətinlik çəkmədən yenidən Ermənistan prezidenti seçiləcək. Əlbəttə, fors-major vəziyyətin yaranması təhlükəsi hər zaman var. Amma bu seçkidə belə halın yaşanma ehtimalı çox azdır.

Bu vəziyyətin hansı səbəbdən yarandığını anlamaq üçün Ermənistanda 2012-ci ilin mayında keçirilmiş parlament seçkisinə qayıtmaq lazımdır. O zaman seçki nəticəsində Ermənistan parlamentinə 5 siyasi partiya və 1 blok düşə bilmişdi. Əsas müxalifət qüvvələri - EMK, "Daşnaksutyun" və "İrs" seçkini sərt şəkildə tənqid edir, hökuməti genişmiqyaslı saxtalaşdırmada günahlandırırdı. Amma onlar yeni parlamentin fəaliyyətini boykot etmədilər və mandatlarını aldılar. Maraqlıdır ki, hakim partiyanın keçmiş tərəfdaşı "Çiçəklənən Ermənistan" da mübarizəyə onun opponenti kimi girdi və seçkidən sonra hökumət koalisiyasında təmsil olunmaqdan boyun qaçırdı. Bu, "Çiçəklənən Ermənistan"ın prezident seçkisinə öz namizədi  ilə qatılacağını düşünməyə əsas yaratmışdı. Bununla yanaşı, Ermənistanın bütün siyasi müxalifətinin bu partiya və onun prezidentliyə namizədi ətrafında birləşəcəyini gözləmək üçün də ciddi əsaslar var idi (üstəlik, "Çiçəklənən Ermənistan" parlament seçkisində 38 mandat qazanmışdı və onun ciddi inzibati, maddi resursları mövcuddur!).

Lakin 2012-ci ilin dekabrında Qagik Sarukyan partiyasının prezident seçkisinə öz namizədi  ilə qatılmayacağını, eyni zamanda hər hansı namizədə dəstək verməyəcəyini bəyan etdi. Bu bəyanat çox gözlənilməz və çaşdırıcı oldu. Bütün ümidlərini "Çiçəklənən Ermənistan"ın namizədi  ilə birgə fəaliyyətə bağlamış aparıcı müxalifət qüvvələri (EMK və "Daşnaksutyun") yaranmış vəziyyətdə təkbaşına fəaliyyət göstərməyə hazır deyildilər. Nəticədə, EMK və "Daşnaksutyun" seçkiyə qalmış qısa müddətdə yanaşmalarının nə dərəcədə qeyri-real olduğunu anlayaraq seçkidə iştirakdan boyun qaçırdılar.

Beləliklə, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra (14 yanvar 2012-ci il), yalnız 8 iddialı qaldı: hazırkı dövlət başçısı Serj Sarqsyan, "İrs" partiyasının lideri Raffi Ovannisyan, "Azadlıq" partiyasının rəhbəri Qrant Baqratyan, "Milli Müqəddərat" birliyinin rəhbəri Paruyr Ayrikyan, "Milli həmrəylik" partiyasının sədri Aram Arutyunyan, Hay-FM radiosunun direktoru Ardreas Qukasyan, Arman Melikyan və işsiz Vardan Sedrakyan.

Siyahıdan görünür ki, adıçəkilən namizədlərin heç biri hazırkı dövlət başçısı ilə layiqli rəqabətə girmək iqtidarında deyil. Çünki onların arxasında heç bir nüfuzlu və nəhəng siyasi qüvvə dayanmır. Üstəlik, onların ciddi maddi və inzibati resursları da yoxdur. Bu namizədlərin 1930 seçki məntəqəsinin hər birinə seçki prosesinin izlənməsi, saxtakarlığa yol verilməməsi üçün səlahiyyətli nümayəndə göndərə biləcəyi də ciddi şübhə altındadır.

- Müxalifətçi Erməni Milli Konqresinin seçkidə iştirakdan imtinası onların gedişinə və nəticənin obyektivliyinə nə dərəcədə təsir göstərəcək?

- Əlbəttə, prezident seçkisində önə çıxan müxalifət liderinin iştirak etməməsi həmin gün seçki məntəqələrinə sərt nəzarətin həyata keçirilməsi motivasiyasını ciddi şəkildə zəiflədəcək. Üstəlik, sözsüz ki, seçkiqabağı kampaniya dövründə siyasi diskussiyaların səviyyəsi və keyfiyyəti də aşağı düşəcək. Bundan başqa, Levon Ter-Petrosyanın seçkidə iştirakdan imtinası Erməni Milli Konqresinin daxilində də ciddi fikir ayrılıqlarına yol açıb. Bir neçə ay əvvəl bu birliyə daxil olan bir çox siyasi partiya "Çiçəklənən Ermənistan"la əməkdaşlığa qəti etiraz edirdi və bu, bəzi partiyaların konqresi tərk etməsi  ilə nəticələnmişdi. Odur ki, hazırda böhran yaşayan EMK-nin seçki prosesinə nəzarət edə biləcəyini düşünmək sadəlövhlük olardı.

Lakin göründüyü kimi, Ermənistan hökumətinin bu seçkidə inzibati resurslardan fəal şəkildə istifadə etməsinə, kobud saxtakarlığa (beynəlxalq müşahidəçilərin seçkiyə mənfi qiymət verməsinə yol açacaq) getməsinə ehtiyac olmayacaq. Çünki Serj Sarqsyanın digər namizədlərdən üstünlüyü ortadadır.

- Ermənistanda hüquqi nöqteyi-nəzərdən azad və ədalətli seçkinin keçirilməsi üçün bütün şərait yaradılıbmı? ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumların bu seçki  ilə bağlı mövqeyi nədən ibarətdir?

- Prinsipcə, Ermənistanın seçki qanunvericiliyi dəfələrlə dəyişdirilib və təkmilləşdirilib. Bu, həm də Avropa Şurası və ATƏT ekspertlərinin iştirakı ilə baş verib. Odur ki, bu məsələdə bizim ciddi problemlərimiz yoxdur. Seçki qanunvericiliyinin  daha  yaxşılaşdırılması da mümkündür. Məsələn, qanunvericilikdə seçki günü məntəqələrdə səs vermiş seçicilərin barmağının işarələnməsi də əksini tapa bilər. Bu, təkrar səsvermənin qarşısını alardı (Ermənistanda keçirilən seçkilərdə belə qanun pozuntusu kifayət qədər geniş yayılıb). Bütün seçki məntəqələrinə videokameraların quraşdırılması və sair də mümkündür.

Amma bizim seçkidə əsas olanı bu deyil. Məsələ ondadır ki, hökumətdə əsl azad, ədalətli və demokratik seçkinin təşkili üçün heç də həmişə siyasi iradə çatışmır. Ədalət naminə onu da qeyd edim ki, 2012-ci ilin mayında Ermənistanda keçirilmiş parlament seçkisi daha şəffaf və rəqabət şəraitində keçmişdi və bu, müəyyən nikbinliyə əsas verir.

- 2008-ci ildə keçirilmiş son prezident seçkisində olduğu kimi, bu dəfə də müxalifətin seçkinin nəticəsini qəbul etməməsi ehtimalı varmı?

- Fikrimcə, bu ehtimal azdır. Çünki bu gün ölkənin əsas müxalifət qüvvələri birgə fəaliyyət göstərməyə, həmçinin seçkiyə birgə nəzarət etməyə hazır deyillər. Xatırladım ki, 2008-ci ildə müxalifət qüvvələri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ətrafında sıx birləşmişdi. O zaman müxalifət yüz minlərlə insanın iştirak etdiyi mitinqlər təşkil edə bilirdi. Bu gün isə belə aksiyalar yoxdur, əsas müxalifət partiyaları arasındakı fikir ayrılıqları isə ortadadır.

- Prezident seçkisi Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər?

- Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli  ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti xüsusi ruh yüksəkliyi yaratmır. Münaqişə tərəfləri arasında qarşılıqlı ritorikanın daha da sərtləşməsi, Cənubi Qafqazda gedən miqyaslı hərbləşmə də narahatlıq doğurur. Lakin ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinin gələcəyinə bir amil də öz təsirini göstərə bilər: indi Serj Sarqsyanın legitimliyi kifayət qədər yüksək olacaq. Demək, o, fəaliyyətində daha azad olacaq və mümkündür ki, bu problemin həllində yeni təşəbbüslərlə çıxış etsin.


MƏSLƏHƏT GÖR:

506