14 Mart 2025

Cümə, 21:47

"MARAZM TEATRI" DAVAM EDİR

Prezİdent seçkİsİ ermənİ xalqina dəyİşİklİk vəd eləmİr

Müəllif:

01.02.2013

Ermənistan mərkəzi seçki komissiyası (MSK) dövlət başçısı postuna 8 nəfərin namizədliyini qeydə alıb və prezident seçkisi kampaniyasına start verib. Sosial pozğunluq, müdafiəsizlik atmosferində, həmçinin miqrasiyanın təhlükəli miqyas aldığı və erməni cəmiyyətinin kütləvi şəkildə məyusluq yaşadığı bir dönəmdə əsas müxalifət qüvvələrindən heç biri hakim rejimə meydan oxumaq üçün özündə nədənsə güc tapmadı. Bununla da onlar faktiki olaraq erməni xalqının ölkədə dəyişikliklərə olan ümidini dəfn etmiş oldu. Yəqin ki, artıq Ermənistanda keçiriləcək prezident seçkisinin necə yekunlaşacağı heç kəsdə şübhə doğurmur; seçkiyə hazırlıq və səsvermə gedişində heç bir real siyasi mübarizə gözlənilmir. Bu, əlbəttə ki, Serj Sarqsyanın hansısa nəzərəçarpan fərdi keyfiyyətinin nəticəsi deyil. O, özünün ən "nəzərəçarpan" keyfiyyətini hələ 2008-ci ilin martında erməni xalqına qanlı dərs keçərək hakimiyyəti qəsb etdikdə  göstərmişdi. Bu dəfə hər kəsi erməni müxalifəti məyus etdi.

Analitiklər hesab edir ki, müxalifət qüvvələri  birləşdirməklə və geniş təbliğat işləri aparmaqla, ən azı, ikinci tura ümid edə bilərdi. Onlar Ermənistanın dövlət borcunun yalnız rəsmi məlumata görə, ÜDM-in 40%-nə yaxınlaşdığı hazırkı şəraitdə müxalifətin passiv boykot yolu seçməsini yanlış hesab edir. Cansıxıcı sosial vəziyyət üzündən yenə də rəsmi məlumata görə, ötən il ölkəni 66 min insan tərk edib. Jurnalımızın ötən saylarından birində göstərdiyimiz miqrasiya dinamikası isə erməni xalqının gələcəyi üçün təhlükəli həddə çatmaqdadır. Üstəlik, seçkiqabağı kampaniyanın başlanması ərəfəsində xalq daha bir xoşagəlməz, amma çoxdan gözlənilən xəbər alıb: Rusiya Ermənistana satdığı qazın min kubmetrinə görə qiyməti hazırkı 220 dollardan 320 dollara qaldırır.

2008-ci ildə keçirilmiş prezident seçkisində hakim dairələrin əsas opponentlərindən olmuş Levon Ter-Petrosyanın bu dəfə seçkiyə qatılmamaq qərarına haqq qazandırmaq cəhdi daha çox ustalıqla geri çəkilməyə bənzəyir. Onun guya 68 yaşı olduğu üçün prezident postuna iddia etmədiyinə dair açıqlamasını indii heç kim ciddi qəbul etmir. Ermənistan Politoloqlar İttifaqının rəhbəri Amayak Ovanisyan Ter-Petrosyanın qərarına belə münasibət bildirib: "Ter-Petrosyanın seçkiyə qatılmaması silahdaşları və tərəfdarları qarşısında məsuliyyətdən cinayətkarcasına qaçmaqdır. Ter-Petrosyan müsahibəsində hakimiyyətin bir dəstə cinayətkar tərəfindən qəsb olunduğunu deyirsə, Serj Sarqsyanı Qəddafi və ya Səddam Hüseyn ilə müqayisə edirsə, onun seçkidən sonra çıxış  edəcəyi, yaşı ilə əlaqədar seçkiyə qatılmayacağı haqda dedikləri məntiqsizdir. Onlar elə onun özünün həmin müsahibədəki qiymətləndirmələrilə  ziddiyyət təşkil edir".

"Çiçəklənən Ermənistan" partiyasının (ÇEP) lideri Qagik Sarukyanın "çiçəklənən" ölkəyə rəhbərliyi ələ almaq uğrunda mübarizəyə qoşulmağı arzulamamasına gəlincə, ekspertlər bunun gizli danışıqların nəticəsi olduğuna şübhə etmir. "Ya o, terrora məruz qalıb, ya da razılığa gedib. Onlar passiv boykot yolunu seçiblərsə, əsas səbəb qorxudur", - deyə A.Ovanisyan bildirir. Analitiklər hesab edir ki, ÇEP-in yaranmış seçkiqabağı şəraitdə öz namizədilə çıxış etməkdən imtinası kənardan neytrallıq kimi görünsə də, əslində Serj Sarqsyana üstüörtülü şəkildə verilən dəstəkdir. Bu ehtimalın özünü doğrultması üçün çox vaxt lazım gəlməyib.

Ermənistan KİV-in məlumatına görə, formal olaraq müxalifət partiyası olan ÇEP nümayəndələri hazırkı prezident Serj Sarqsyanın seçkiqabağı kampaniyasında ona dəstək olmaq üçün fəal iştirak edəcəklər. News.am portalı xəbər verir ki, Sarukyanın seçkidə iştirakdan imtina etməsindən bir gün sonra, ÇEP üzvü olan sahibkarlar dövlət başçısına onun prezidentlik iddialarına dəstək verməyə hazır olduqlarını bildiriblər. Güman ki, Sarukyanın Moskva səfəri müsbət nəticə verməyib - o, "baş rejissor"un kastinqindən keçməyib. Rusiyanın Ermənistanın siyasətinə təsir göstərmək üçün güclü "rçaq"larının olduğu hər kəsə bəllidir. Bu üzdən Moskvada əslində ruslar  üçün bu ölkəyə kimin rəhbərlik edəcəyinin o qədər də ciddi fərqinə varmırlar. Moskva anlayır ki, o, Ermənistanda prezident kürsüsündə kimin əyləşməsindən asılı olmayaraq, lazımi anda əlindəki "rçaq"lardan yararlanaraq İrəvanın siyasətində korrektələr edə bilər. Buna Vladimir Putin də Serj Sarqsyanın Moskvaya son səfəri zamanı açıq şəkildə eyham vurub. Putin Rusiyadan Ermənistana yalnız şəxsi pul köçürmələrinin rəsmi məlumata görə, 1 milyard dollara çatdığını xatırladıb. Kreml Ermənistanın hazırkı rəhbərliyinin Rusiya ilə Aİ arasında manevr etməyə çalışmasından narazıdır. Amma onun forpostunun sərhədlərində vəziyyətin çətin olması yenə də Moskvanı Ermənistanda sabitliyi pozacaq, hakimiyyəti dəyişəcək addımlar atmaqdan çəkindirir. Moskvanın ehtiyatlı davranışı tamamilə başadüşüləndir - Suriyada müharibə davam edir və böyük ehtimalla o, Rusiyanın maraqlarına cavab verən şəkildə bitməyəcək. Bundan başqa, Türkiyənin cənubunda "Patriot" raketləri peyda olub, İranın nüvə problemi də həll olunmamış qalmaqdadır.

Maraqlıdır ki, Ermənistanın hazırkı prezidenti faktiki olaraq öz seçkiqabağı kampaniyasını Müdafiə Nazirliyidəki iclasda başlayıb. Toplantıda, demək olar ki, bütün hökumət aparatı iştirak edib. Məmurları ciddi olmağa çağıran prezident bütün dövlət idarəetmə sisteminin ordu ətrafında birləşməli olduğunu bildirib. Ekspertlərin fikrincə, bu, həqiqətən də seçki ərəfəsində verilmiş presedentsiz bəyanatdır. Amma burada təəccüblü heç nə yoxdur - onun hakimiyyətə silah köməyilə gəldiyi hər kəsə  bəllidir.

Elə həmin iclasda Sarqsyanın rəsmi Bakıya və Azərbaycan xalqına ünvanladığı növbəti hədə isə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını bir daha nümayiş etdirib. Bu göstərir ki, ölkə rəhbərliyi hələ də xalqını aldatmağa davam edir və o, region üçün, Ermənistanın özünün təhlükəsizliyi və gələcəyi üçün ən ciddi problemdir.

Bu gün elə erməni siyasətçilərinin özləri bildirir ki, ölkənin suverenliyi daha çox rəmzi xarakterlidir və yalnız kağız üzərində mövcuddur, S. Sarqsyanın isə hətta ölkə daxilində də heç kimi maraqlandırmayan və ruhlandırmayan quru iddiasından başqa bir şeyi qalmayıb. Onun "Ermənistanın siyasətindəki Avropa xəttilə Rusiya ilə hərbi-strateji tərəfdaşlığın, KTMT-yə üzvlüyün Avrasiyaya inteqrasiya tendensiyalarına zidd olmadığı, bunun bir-birini tamamlayan iki proses olduğu" haqda bəyanatı da Avropada heç kimi razı salmayıb.

Seçkiyə sayılı günlər qalmış Ermənistan Avropa strukturları tərəfindən imicinə ciddi zərbə alıb. Söhbət Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESISC) Ermənistan-İran münasibətlərilə bağlı geniş məruzəsindən gedir. Qeyd etmək lazımdır ki, İrəvan-Tehran iqtisadi və siyasi əlaqələri indiyədək heç zaman bu dərəcədə kəskin tənqidə məruz qalmamışdı. Sənəddə İrəvanın bu istiqamətdəki fəaliyyəti İrana qarşı beynəlxalq sanksiyaların açıq şəkildə sabotajı kimi qiymətləndirilir. Üstəlik, Ermənistanda keçiriləcək prezident seçkisini müşayiət edəcək AŞPA nümayəndə heyətinin rəhbəri Karin Uoldset seçkiqabağı vəziyyəti çox pis qiymətləndirib. O, "seçici siyahılarındakı qeyri-dəqiqliklərlə bağlı ciddi narahatlığını" ifadə edib, "ictimaiyyətdə seçkiyə  kütləvi  etinasızlığın olduğunu, bir sıra aparıcı siyasi qüvvələrin seçki prosesinə inamsız yanaşdığını" söyləyib. Nəzərə alsaq ki, Ermənistana 1,5 milyard avroluq yardımın ayrılması, həmçinin azad ticarət zonası və Aİ ilə assosiativ razılaşmaların bağlanması avropalı müşahidəçilərin seçkiyə verəcəkləri qiymətdən asılı olacaq, demək Sarqsyan və komandası "erməni avroimitasiyası"nın bütün üsullarından istifadə edərək, "Avropa publikasına" daha çox oynamalıdır. Amma biz indiyədək beynəlxalq strukturların ikili standartlarına dəfələrlə şahidlik etmişik - istər Ermənistanda 2008-ci ildə keçirilmiş prezident seçkisindən sonra baş vermiş qanlı hadisələr, istərsə də Ermənistanda cərəyan edən bir çox digər hadisələrin qiymətləndirilməsi zamanı.

İstənilən halda, Ermənistanda prezidentliyə namizədlərin seçkiqabağı təbliğatına start verilib. Onların seçki proqramları geniş şəkildə yayımlanır və reklam edilir. Onlar bəzi məqamlarda oxşar, bəzi məqamlarda isə fərqlidir. Hər bir namizəd işıqlı gələcək vəd edir, bir-birini tənqid atəşinə tutur, hətta təhqir edir. Dəyişməz qalan bir məqamdır - bütün proqramlarda nəsildən-nəsilə genetik olaraq ötürülən virusa yenə də rast gəlinir: türklərə nifrət. Amma görünən odur ki, "başıbəlalı" xalqı fevralın 18-dən sonra da yaxşı heç nə gözləmir. EMK rəhbərlərindən olan Qurgen Yegiazaryanın dediyi kimi, ölkədə "marazm teatrı" bundan sonra da davam edəcək.



MƏSLƏHƏT GÖR:

415