KÖHNƏ QİTƏNİN YENİ SİMASI
"Eurovision" mahnı müsabiqəsində Avropa öz dəyərlərini və seçimini nümayiş etdirdi
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
"Eurovision"un budəfəki büllur mikrofonu avstriyalı müğənni, artist-transvestit, qlamur saqqallı qadın qismində çıxış edən Konçita Vursta qismət oldu. Transvestit (ictimai norma və şərtlərə əsasən əks-cinsə məxsus paltarları geyinmək - red.) Avropanı "Rise like a Phoenix" mahnısı ilə fəth etdi və 290 xal topladı. Niderlanddan olan "The Common Linnets" 238 xalla 2-ci, İsveç təmsilçisi Sanna Nilsen isə 218 xalla 3-cü oldu.
"Orta cins"in təntənəsi
"Eurovision"da səsvermənin nəticələri bir daha göstərdi ki, bu beynəlxalq mahnı müsabiqəsinin səhnəsi Avropa məkanının əhəmiyyətli bir hissəsini daha çox narahat edən dəyərlərin ruporu, müdafiəçisidir. Bu gün "erməni soyqırımı"nın 100 illiyi Avropanın "homotolerantlığı" ilə heç bir müqayisəyə gəlmir - qitənin bütün ermənilərinin birgə səyi saqqallı qadına qalib gəlmək üçün kifayət etmədi. İrəvanın bu 2 tarixi hadisəni 2015-ci ildə birləşdirmək istəyi daha möhkəm səddə - "tolerantlıq və qeyri-ənənəvi orientasiya”ya ilişdi. Ermənilər hesabda yanılaraq, yalnız 4-cü ola bildilər. Halbuki, İngiltərənin ciddi bukmeker kontoru olan William Hill 2014-cü ildə "Eurovision"da "Not Alone" mahnısı ilə məhz Aramın qalib olacağını proqnozlaşdırırdı. Amma finala az qalmış Ermənistana "stavkalar" azalmağa başladı. Avropanın bununla sonuncunu elə Aramın homofob bəyanatlarına görə cəzalandırmaq qərarına gəldiyini də istisna etmək olmaz. O, müsabiqədən əvvəl Konçitanı "ruhi xəstə", "müsabiqəyə uyğun gəlməyən persona" adlandırmış, ona dincəlməyi, kişi, yoxsa qadın olduğunu dəqiqləşdirməyi məsləhət görmüşdü.
Hər halda, auditoriya toplandı, Avropa öz sözünü dedi. Qəbul edib-etməmək, necə deyərlər, hərənin öz işidir. Amma indi bu cür tolerantlığın nəticəsi çoxlu sual yaradıb: homoseksuallığın təbliği hər an partlaya bilən bombaya çevrilməyəcəkmi və zaman keçdikcə, normal seksual orientasiyaya malik insanlar azlıqda qalmayacaqlar ki? "Homotolerantlıq"ın müdafiəçiləri üçün nə qədər təhqiramiz səslənsə də, etiraf etmək lazımdır ki, homoseksuallığın yayılması cəmiyyətdə mənəvi və əxlaqi pozğunluğa, QİÇS epidemiyasının yayılmasına, demoqrafik böhrana aparıb çıxarır, ailə institutunu məhv edir. Bu, 20 il əvvəl baş versəydi, Avropada çoxu çaş-baş qalar, haqlı olaraq bu cür insanların ağlına şübhə edərdilər. Artıq Avropada hansı dəyərlərin yaşamaq haqqının olduğunu, hansıların cəmiyyətə təhlükə yaratdığını müəyyənləşdirməyin vaxtıdır. Məsələn, Avstriyanın "Eurovision"a Tomas Noyvirti göndərmək qərarı Avropanın özündə qızğın müzakirələrə səbəb olmuşdu. Yarışdan bir neçə gün əvvəl Facebook sosial şəbəkəsindəki "Anti-Vurst" səhifəsinin 31 000 üzvü var idi. Belarusda və Rusiyada isə mühafizəkarlar müsabiqənin yayımının dayandırılması tələbi ilə çıxış edirdilər.
"Artıq Avropada yaşamaq istəmirəm... Mən tolerant deyiləm və hər gün Konçitanı seyr edə, övladıma onun kim olduğunu başa sala bilmərəm".
"Xalq əziyyət çəkir, Konçita haqqında uşaqlarına nə deyəcəyini bilmir. O kimdir? Qız, yoxsa oğlan? Onlar deyə bilməzlər ki, bu, qız paltarı geyinmiş oğlandır? (Serdyuçka ilə bağlı hələlik belə suallar yaranmır)".
"Bacarmazlar. Çünki övladlarına bunun pis olduğunu söyləmək istəyirlər. Amma bunun pis olduğunu söyləmək üçün də seksual mövzuya toxunmaq lazım gəlir".
Bu, sosial şəbəkələrdə yüzerlərin yazdıqları fikirlərdəndir.
Yeri gəlmişkən, "Eurovision"da ilk yeri artist-transvestinin tutması son illər sanki ənənəyə çevrilib. Məsələn, 1998-ci ildə İsraili yarışda təmsil etmiş Yaron Koen ondan 5 il əvvəl cinsini dəyişmişdi (əsl adı Şeron idi). "Eurovision"a ikinci cəhddən düşməyə nail olmuş və səhnəyə Dana İnterneşnl adı ilə çıxmış artist də özünün "Diva" mahnısı ilə gözlənilmədən müsabiqənin qalibi olmuşdu. 2002-ci ildə Sloveniyanı təmsil edən Sestre transvestit-trio stüardessa kostyumunda çıxış edərək, 14-cü yeri tutmuş və sərt tənqidlə üzləşmişdi. Rusiyanın "Tatu" duetini, müsahibəsində özünü Avropa dəliliyinin Məsihi adlandırmış avstriyalı vəhşi məzhəkəçi Alfa Poyeri də yada salmaq olar. 2003-cü ildə o, səhnəyə dəhşətli qrimlə çıxmışdı. Maraqlıdır ki, Konçitanın builki qələbəsini şərh edən Poyer onun psixiatr yardımına ehtiyacı olduğunu söyləyib.
2007-ci ildə "Eurovision"un ən xarakterik çıxışlarından birini Ukrayna təmsilçisi Andrey Danilko etmişdi: Verka Serdyuçka adı ilə tanınan artist səhnəyə qadın paltarında, süni döşlərlə və başında ulduzla çıxaraq "Lasha Tumbai" mahnısını ifa etmişdi. 2007-ci ildə transvestit janrında Danilkaya danimarkalı transvestit Piter Anderson "yoldaşlıq" edirdi. Amma Danilko, sadəcə, qadın paltarı geyinmişdisə, saqqallı qadın insanın ruhunu sındırır və ona baxmaq hər əsəbi zəif olanın işi deyil.
İndi isə siyasət haqqında
Azərbaycan yarışda 22-ci yeri tutsa da, ölkəmizdə Dilarə Kazımovanın çıxışını uğursuz sayanlar çox deyil. Doğrudur, bu, Azərbaycanın "Eurovision"a qatıldığı illərdə göstərdiyi ən zəif nəticədir. Amma müsabiqədə qalibiyyətdən və ötən il əldə olunmuş ikincilikdən sonra bu, o qədərmi vacibdir? Bu gün bizim "uğursuz dostlarımız" arasında Yunanıstan (20-ci yer), İtaliya (21), Malta (23), San-Marino (24), Sloveniya (25), Fransa (26 - sonuncu yer) kimi ölkələr var. Yeri gəlmişkən, Fransa bu yarışda ilk yeri tutmaq uğrunda ciddi mübarizəyə 1977-ci ildən başlayıb. Bu, məyusluq üçün qətiyyən əsas deyil. Maraqlı olan başqa məqamdır. Müsabiqə əməlli-başlı siyasiləşib və bu mənada onun nəticələrinə yarışda təmsil olunan dövlətlərin qarşılıqlı münasibətləri prizmasından baxmaq daha maraqlıdır. Məsələn, bu yaxınlarda BMT-də ərazi bütövlüyü məsələsində Azərbaycanın dəstəyini almış Ukrayna yüksək xalı Azərbaycana deyil, Ermənistana verdi. Ən yüksək xalı yenə də Ermənistana verən Gürcüstanın hərəkəti də təəccüblüdür. Bəlkə qonşularımızın müsabiqə yarışındakı seçimini siyasətə qarışdırmayaq və onu sadəcə, Ermənistanın mahnısının daha güclü olmasına bağlayaq?
Rusiya və Ukraynadakı səsvermə böyük maraqla gözlənilirdi. Səsvermə nəticəsində, ukraynalı Mariya Yaremçuk Tick Tock mahnısı ilə 6-cı yeri tutdu. Avropalı tamaşaçılar ona 113 xal verdilər. Rusiya Ukraynaya 7 xal verdi, Ukrayna isə heç bir ölkədən 12 xal ala bilmədi. O, 10 xalı Azərbaycandan, İtaliyadan və Moldovadan aldı. Rusiyalı Tolmaçova bacıları isə "Shaine" mahnısı ilə 89 xal topladılar və Ukrayna onlara 4 xal verdi.
Rusiyanın www.24SMİ portalı yazır ki, "Eurovision"un finalında ruslar üçün problemlər az olmayıb. Müsabiqədən xeyli əvvəl əksəriyyəti Rusiyanın Ukraynaya qarşı atdığı addımlar üzündən iflasa uğrayacağını düşünürdü. Müsabiqədə isə Tolmaçova bacıları maksimum xalı yalnız Azərbaycan və Yunanıstandan aldılar. Ermənistan və Belarus onları 10 xalla qiymətləndirdi. Uzun illər boyu rusiyalı ifaçıların çıxışını yüksək qiymətləndirən əksər ölkələr bu dəfə ona minimal xal verdi və ya ümumiyyətlə, xal vermədi.
Bundan başqa, Avropa ölkələrinin nümayəndələri səsvermənin nəticələrini elan edərkən Rusiyaya yüksək xal verilirdisə, Kopenhagendəki zalda uğultu qopurdu. Zala toplaşanlar telekörpü vasitəsilə Moskvadan səsvermənin nəticələrini elan edən Alsunu fitə basdılar. Nəticələrin açıqlanması yarım saatdan artıq davam etdi: ağzınadək dolu zalın bu müddətdə reaksiyası dəyişməz idi - Mariya və Anastasiya Tolmaçovalara verilən hər yüksək xal etirazla qarşılanırdı. "Eurovision" üzündən pis vəziyyətə düşdük. Biz ağlayırdıq", - deyə Tolmaçova bacıları "Rossiya 1"ə açıqlamalarında etiraf ediblər. Yeri gəlmişkən, "Eurovision-2014"ün ilk yarımfinalında da Tolmaçova bacıları ilə bağlı oxşar qalmaqal baş verib - Rusiyanın finala yüksəldiyi açıqlandığı an onlar tamaşaçılar tərəfindən fitə basılıblar. Bununla yanaşı, danimarkalı jurnalist Uilyams Li Adams bacıların mahnısında Krıma, Ukrayna-Rusiya münasibətlərinə işarələrin olduğunu bildirib. O, Tolmaçova bacılarının çıxışını "təxribatçı çıxış" adlandırıb.
İstənilən halda, "Eurovision" mahnı müsabiqəsi baş tutdu. Nəticə kimi isə şoka saldı, kimin üçünsə tamamilə proqnozlaşdırılan oldu. Bəs bundan sonra necə olacaq? Avropalılar cinsi azlıqlara qarşı tolerantlıq yaratmaq üçün saqqallı qadından sonra hansı hiyləgərliyə əl atacaqlar? Bunu demək çətin, bu haqda düşünmək isə hətta qorxuludur.
MƏSLƏHƏT GÖR:








603

