5 Dekabr 2025

Cümə, 19:08

UKRAYNA BÖHRANI BEYNƏLXALQ MİQYAS ALIR

SSRİ-nin dağılmasından sonra formalaşmış dünya düzənində ciddi dəyişikliklər baş verir

Müəllif:

13.05.2014

Bəzən zaman çox qəribə şəkildə uzanır. Ukraynada prezident seçkisinə çox az qalıb. Amma indi ölkədəki vəziyyət cəmi bir neçə gün sonra baş verəcəklərlə bağlı proqnozlar səsləndirməyi çətinləşdirir. Təəssüf, amma Ukrayna prezident seçkisinə hazır deyil. Ölkədə vətəndaş müharibəsi gedir. Ukrayna dağılmağın bir addımlığındadır.

Slavyanskda yaşananlardan, Odessadakı faciədən sonra Mariupol, Kramatorsk, Luqansk, digər şəhər və qəsəbələrdə  də ara qarışıb. Dinc sakinlər, keşişlər və ən acısı, uşaqlar arasında ölənlərin olduğuna dair xəbərlər gəlir. Bəzi məlumatlara görə, ölkənin cənub-şərqində "ərazi orduları" peyda olur, muzdlu döyüşçülərdən istifadə edilir. Demək artıq bu, daha miqyaslı, faktiki olaraq beynəlxalq  münaqişədir.

Bir tərəfdən, Qərbdə hesab edirlər ki, Moskva Ukraynanın  cənub-şərqində etirazları qızışdırır və idarə edir, "separatçılar"a yardım, silah-sursat verir, oraya diversiya qrupları - tanınma əlaməti olmayan "yaşıl/nəzakətli adamlar" göndərir. Kreml isə təbii ki, baş verənlərə müdaxilə etmədiyini  bildirir. Digər yandan, Rusiya KİV alman həmkarlarına ("Spiegel" və "Bild am Sonntag") istinadən "Ukraynanın cənub-şərqində qiyamçılara qarşı əməliyyatlara amerikalı muzdluların  cəlb olunduğunu" yazır. Söhbət "Academi" (əvvəllər "Blackwater" adı ilə tanınırdı) mühafizə şirkətinin əməkdaşlarından  gedir. Guya onlar Ukraynanın "Sokol" xüsusi təyinatlılarının formasını geyinərək, döyüşlərdə iştirak edirlər. Bir müddət əvvəl bunu Rusiya XİN də bəyan etmişdi. ABŞ Dövlət Departamenti isə iddiaları qəti şəkildə rədd edir. Bununla yanaşı, MKİ-nin direktoru Con Brennan bu yaxınlarda Kiyevə səfər etdiyinə dair məlumatları təsdiqləyib. O, səfər zamanı Ukrayna tərəfinə "ölkədə sabitliyin bərpasına nail olmaq üçün informasiya və vasitələr verib".

Bu arada NATO Rusiya ilə həmsərhəd olan üzvlərinin ərazisindəki  dəstələrini gücləndirir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şərqi Avropada ABŞ və NATO Silahlı Qüvvələrinin fəallığının görünməmiş həddə artdığını bəyan edib. Onun sözlərinə görə, Baltikyanı bölgədə və Polşada ABŞ aviasiyası və hərbçilərinin sayı artırılıb,  Qara dənizə isə alyansın əlavə gəmiləri gətirilib. Bununla yanaşı, Rusiyanın strateji aviasiyası Kaliforniya sahillərinədək gedib çıxır, Yaponiya adaları və Koreya ətrafında Rusiya Silahlı Qüvvələrinin hərəkətində ciddi aktivləşmə müşahidə olunur.

Bütün bunların fonunda mayın 11-də Ukraynanın cənub-şərq şəhərlərində müstəqillik referendumu keçirilib. Bülletendə cəmi 1 sual olub: "Donetsk və Luqans Xalq respublikalarının dövlət müstəqilliyi aktını dəstəkləyirsinizmi?". Rusiya mətbuatının yazdığına görə, referendum yüksək səviyyədə təşkil edilib və seçici fəallığı son dərəcə yüksək olub. Eyni zamanda, Moskvada yaradılmış seçki məntəqələrində də fəal səsvermə keçirilib. "Donetsk Xalq Respublikası"nın "Mərkəzi Seçki Komissiyası"ndan "İnterfaks"a bildiriblər ki, ilkin hesablamalara görə, Donetsk vilayətində səsverməyə qatılanların əksəriyyəti bölgənin müstəqilliyinə səs verib.

ABŞ referendumun nəticəsini tanımayacağını əvvəldən bəyan edib.  Dövlət Departamentinin rəsmisi Cen Psaki referendumun Ukraynanın cənub-şərqində iğtişaşlara yol açacağını bildirib. Əgər Rusiya referendumun nəticəsini tanıyarsa, onu ABŞ və Avropa İttifaqı tərəfindən yeni sanksiyalar gözləyir.

Sanksiyalar, əlbəttə ki, bir sıra məsələləri - Avropa və ABŞ-ın iqtisadi və hərbi sahədə asılılıqları, Avropa daxilində ziddiyyət, Rusiya iqtisadiyyatının durumu, Moskvanın enerji resursları tədarükündən asılılığı, eyni zamanda, "Köhnə Dünya"nın Şərqin tədarükündən asılı olması, sanksiya savaşında böyük biznes maraqlarının rolu, Çinin mövqeyi və s. - gündəmə gətirən ayrıca söhbətin mövzusudur. Qaz məsələsinin necə həll olunacağı da bəlli deyil - "Qazprom" Ukraynanın qaz tədarükünə görə aprelə olan borcunu ödəmədiyini, ödəniş müddətinin mayın 7-də başa çatdığını bəyan edib. Nəticədə, "Qazprom" Ukrayna ilə avans rejiminə keçib və indi Kiyev iyunda alacağı qazın pulunu mayda ödəməlidir. "G7" ölkələrinin iyunda keçiriləcək toplantısında Ukraynaya yardım üzrə "fövqəladə reaksiya planı"nın imzalanacağı  gözlənilir. O, bu ilin qışında Rusiyanın Ukraynaya ixrac etdiyi qazın həcmini azaldacağı təqdirdə, Kiyevə yardım edilməsini nəzərdə tutur. Bunun ABŞ-dan Ukraynaya şist qazının ixracı, yeni boru xətlərinin tikintisi, marşrutların genişləndirilməsilə həyata keçirilməsi planlaşdırılır. Amma indi daha vacibi yayın əvvəlində nələrin baş verəcəyidir. Axı söhbət həm də Avropanın qazsız qalmasından gedə bilər.

Amma Avropanı qazsız qoymaq Rusiyanın özünə də sərf etmir. Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin Ukraynanın cənub-şərqində yaşananlarla bağlı xeyli vaxtdır qoruduğu susqunluğunu İsveçrə prezidenti Didye Burkhalterlə görüşdən sonra pozub. O, Donetsk və Luqanskda müstəqillik referendumu keçirməyə hazırlaşanları səsverməni təxirə salmağa çağırıb. Putin Rusiyanın qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkdiyini də deyib, eyni zamanda, Kiyevi "Ukraynanın cənub-şərqində bütün cəza tədbirlərini dərhal dayandırmağa" çağırıb. Göründüyü kimi, Ukraynanın cənub-şərqindəki referendum tərəfdarları  Rusiya prezidentinin çağırışına məhəl qoymayıblar. "Özünümüdafiə qüvvələri birtərəfli qaydada silahı yerə qoymaq fikrində deyillər", - deyə "Donetsk Xalq Respublikası" hökumətinin həmsədri Miroslav Rudenko "İnterfaks"a açıqlamasında bildirib.

Amma bu, versiyalardan yalnız biridir. Digər versiyaya görə, Putin sadəcə "gözə kül üfürür". Məsələ ondadır ki, əksər analitiklərin hesab etdiyi kimi, Moskva hazırda Ukraynaya birbaşa hərbi müdaxilədən yayınmaq üçün əlindən gələni edir. Çünki bu halda o, birincisi, Qərb tərəfindən daha sərt sanksiyalarla üzləşəcək, ikincisi, Cənub-Şərqi Ukraynada baş verən bütün zorakılıqlara görə məsuliyyəti öz üzərinə götürməli olacaq. Üstəlik o, iqtisadiyyat və təhlükəsizlik məsələlərinə görə də məsuliyyət daşıyacaq və bütün bunlar dövlət büdcəsi üçün həddindən artıq ağır yükdür. Nəhayət, üçüncüsü, bu halda Kreml Kiyevə təzyiq göstərmək üçün bütün alətləri itirəcək. Rusiyaya buferzona kimi dost hökuməti, zəngin resursları (İnternetdə artıq Ukraynanın tezliklə Rusiyaya yalnız qaza deyil, həm də kömürə görə pul ödəyəcəyinə dair zarafatlar yer almaqdadır) və dənizə çıxışı olan "müstəqil Novorusiya" daha çox sərf edir. Burada da heç bir yenilik yoxdur - yeri gəlmişkən, bu, elə ABŞ-ın sevimli taktikasıdır. Vaşinqton heç zaman heç yeri özünə birləşdirmir, sadəcə, hər yerdə demokratiya və ədalətin bərpasına kömək edir.

Rusiya qoşunlarının Ukraynaya yeridilməsi, demək, münaqişənin eskalasiyası Avropaya da sərf etmir. Çünki bu halda onun iqtisadi və siyasi problemləri daha da dərinləşəcək, üstəlik, xüsusilə hərbi planda ABŞ-dan daha asılı duruma düşmək riski ilə üzləşəcək. Ən azı, Dnestryanı münaqişənin "donu açıla" bilər və artıq bunun ilk əlamətləri müşahidə olunmaqdadır. Söhbət, əlbəttə ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Dnestryanı bölgəyə səfərindən gedir. Roqozin bu səfərdən Moskvaya qayıdarkən arzu etmədiyi durumla qarşılaşıb: Ukrayna və Rumıniya hava məkanlarını onun təyyarəsinin üzünə bağlayıblar. Baş nazirin müavini Twitter mikrobloqundakı səhifəsində Dnestryanı bölgəyə növbəti dəfə "Tu-160" strateji bombardmançı təyyarəsi ilə yollanacağını vəd edib. Rumıniya XİN-in bu bəyanata reaksiyası kifayət qədər sərt olub. Nazirlik Roqozinin sözlərini "xüsusilə regiondakı hazırkı durumda son dərəcə ciddi hədə" adlandırıb. NATO baş katibinin müavini Aleksandr Verşbou isə "Moldovada Moskvanın dəstəklədiyi separatçıların mövqelərinin gücləndirilməsinə cəhdləri" pisləyib. Yeri gəlmişkən, Moldova hökuməti Rusiya baş naziri Dmitri Roqozinin təyyarəsinin göyərtəsindən Rus İcmaları İttifaqı fəallarının ona verdiyi qutuları, o cümlədən Dnestryanı vətəndaşlarının "Rusiyaya birləşməyə" dair topladıqları imzaları da götürüblər.

Ukrayna böhranının nə ilə nəticələnəcəyindən asılı olmayaraq, bir şey aydındır - Sovet İttifaqının dağılmasından sonra formalaşmış dünya düzənində ciddi dəyişikliklər baş verir. Burada söhbət heç də yalnız iki qütbün qarşıdurmasından getmir. Bəs nə baş verir? Monolit dövlət olaraq qalan Rusiya fəal şəkildə özünün yeni ideologiyasını formalaşdırmaqla məşğuldur. Bu ideologiyada üstünlük V. Putinin irəli sürdüyü "rus çətiri" altında milli xüsusiyyətlər, ailə dəyərləri, mənəviyyat, güclü hakimiyyət, vətənpərvərlik anlayışlarına verilir. Bütün bunlar Qərbə, daha konkret desək, bir olsa da, müxtəlif ölkələrə bölünmüş şəkildə qalan, bəzi üzvlərinin "vahid mərkəzə" tabelikdən narazılığını açıq ifadə etdiyi Avropaya qarşı qoyulur. Dəyərlərə və ideologiyaya gəlincə, diqqəti daha çox cəlb edən Rusiya KİV-də və İnternetdə "Eurovision" mahnı müsabiqəsində kifayət qədər rüsvayçı iştirakçının qələbəsinə verilən şərhlərdir. Yarışda saqqallı qız ampluasında Konçita Vürst adı ilə qələbə qazanmış Tomas Noyvirt haqqında danışan Avstriya prezidenti Hayns Fişer bildirib ki, bu, yalnız Avstriyanın deyil, ilk növbədə, Avropadakı müxtəlifliyin və tolerantlığın qələbəsidir. Rusiya ictimaiyyəti isə burada tolerantlığın nədən ibarət olduğunu anlamır və əksinə, saqqallı Konçitanı Avropada deqradasiyanın, mədəni və mənəvi oriyentirlərin dəyişməsinin göstəricisi sayır.

Beləliklə, Ukrayna böhranı artıq həqiqətən beynəlxalq miqyas alır. İndi söhbət ondan gedir ki, bütün bunlar nisbətən sakit (Ukraynanın cənub-şərqindən və Odessadan gələn ölüm xəbərləri fonunda bu, bir qədər həyasızcasına səslənir), mahnı müsabiqələrinin qalibləri ətrafında mübahisələrlə, lokal silahlı qarşıdurmalarla bitəcək, yoxsa bəşəriyyət yeni dünya müharibəsi ilə qarşılaşacaq? Tezliklə Rusiya və ABŞ prezidentləri ittifaq ordusunun Normandiyadan çıxarılmasının 70-ci ildönümünü qeyd etməyə yollanacaqlar. ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf keçirdiyi brifinqdə bildirib ki, həmin vaxt Ağ Evlə Kreml rəhbərləri arasında görüş planlaşdırılmır. Səbəb Ukrayna  hadisələridir. Amma  əslində, Ukraynada yaşananlar görüşmək, danışıqlar aparmaq üçün əsas deyilmi? Prezidentlər və hökumətlər, sadəcə, öz xalqlarının iradəsinin ifadəçiləridirlər və indi ictimai rəyin onlara təsir göstərməsinin tam zamanıdır. Yoxsa ikinci "soyuq müharibə", bağlı sərhədlər və silahlanma yarışı kimlərəsə gərəkdir? 



MƏSLƏHƏT GÖR:

558