5 Dekabr 2025

Cümə, 19:08

UORLİKİN ALTI ELEMENTİ

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə amerikalı vasitəçinin bəyanatında hansı mesajlar var?

Müəllif:

13.05.2014

Hələ bu ilin əvvəlində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair şəxsi təşəbbüslə çıxış edə biləcəyinə işarə etmişdi. Amma Uorlikin özünün birtərəfli və aşkar ermənipərəst əməlləri, onun başladığı və danışıqların konfidensiallığına, formatına təhlükə yaradan "tvitter diplomatiyası" bir qədər narahatlıq yaradırdı. İş o yerə çatdı ki, Bakı Uorlikə etimadsızlıq elan etdi.

Bir həftə əvvəl intriqa daha da qızışdı. Səbəb isə "mayın əvvəlində Barak Obmanın Ermənistanla Azərbaycan arasında yaşanan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni cəhd göstəriləcəyi" haqda Amerikanın "Foreign Affairs" jurnalında yer almış fikirlər idi. Ağ Evin bu təşəbbüsünə əsas səbəb kimi Rusiyanın Krımı işğal etməsi göstərilirdi. Qeyd olunurdu ki, guya bu işğaldan sonra Amerika Rusiyanın regiona təsir imkanlarını artırmaq üçün həllini uzatdığı münaqişələrin nizamlanmasına qərar verib.  Bu xəbərin yayılmasından dərhal sonra elə həmin Uorlik Amerikanın Karnegi Fondunda "Dağlıq Qarabağ: nizamlanmaya aparan yol" adlı məruzəsini təqdim etdi. Bu dəfə o, Ermənistan-Azərbaycan münaqiqəsi haqda öz şəxsi fikirlərini deyil, ABŞ Dövlət Departamentinin mövqeyini ortaya qoydu. O, ABŞ, Rusiya və Fransa prezidentlərinin l`Akvil (2009) və Muskok (2010) bəyanatlarına istinadən, 6 element açıqlayıb. Uorlik hesab edir ki, Qarabağ probleminin həlli üzrə gələcək sülh müqaviləsinin əsasını məhz  həmin elementlər təşkil etməlidir.

 

Hərənin bir dərdi var...

Azərbaycan tərəfinin Uorlikin səsləndirdiyi təklifə reaksiyası özünü çox gözlətməyib. Ölkənin xarici işlər naziri Elmar Məmmədyarov söhbətin Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh razılaşmasında mütləq şəkildə yer almalı olan 6 elementdən getdiyini söyləyib və bildirib ki, həmin elementlər hələ 2009-cu ildə razılaşdırılıb və yenilənmiş Madrid prinsiplərinin əsasını təşkil edir.

"Sülh razılaşmasının prinsipləri çoxdan hazırlanıb. Azərbaycan regionda uzunmüddətli sülhə nail olunması üçün onların üzərində işləməyə hazırdır", - deyə E. Məmmədyarov bildirib. O, Ceyms Uorlikin "mesaj"larını müsbət qiymətləndirib.

E.Məmmədyarov növbəti dəfə bildirib ki, Dağlıq Qarabağ münaqişəsindəki status-kvo tərəflər üçün qəbuledilməzdir. Sülh razılaşmasının hər iki tərəf üçün böyük üstünlüklər yaradacağını vurğulayan nazirin fikrincə, o, regionun inkişafı üçün əlavə iqtisadi imkanlar açacaq, insanlara doğma yurd-yuvalarına qayıtmaq şansı yaradacaq. Ermənistan isə münaqişə üzündən düşdüyü təcrid durumdan çıxacaq.

Bununla yanaşı, E.Məmmədyarov Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını, münaqişənin həlli üçün ilk növbədə, Ermənistan ordusunun Azərbaycanın işğal altındakı torpaqlarından çıxmasının vacibliyini bildirib.

Uorlikin açıqladığı tezislərdə Ermənistan tərəfi də yeni heç nə görməyib. Amma İrəvanın amerikalı diplomatın məruzəsinə reaksiyası  Bakının reaksiyasından tamamilə fərqli olub. Ermənistan rəsmiləri yenilənmiş Madrid prinsiplərinin yenidən tərəflərin müzakirəsinə verilməsindən narazılıqlarını açıq şəkildə ifadə ediblər.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan hesab edir ki, münaqişənin həllində irəliləyişə nail olunması üçün 2 şərtə əməl olunmalıdır: tərəflər arasında inam atmosferinin yaradılması və Dağlıq Qarabağın danışıqlar prosesində tərəf olaraq, bilavasitə iştirakı.

Hakim elitada yaşanan bu isteriya erməni ictimaiyyətində narahatlıq yaratmaya bilməzdi. Görünür, məhz bu üzdən ABŞ-ın İrəvandakı səfiri Con Heffern Minsk qrupunun amerikalı həmsədrinin nizamlanmanın prinsipləri haqqında indi danışmasının səbəblərini izah etməli olub. Səfir bunu prosesə impuls vermək cəhdi adlandırıb. "Qarşıya qoyulmuş məqsəd yeni siyasətin elan olunması deyil.  Əsas niyyət sülh razılaşmasındakı bu müddəaların müzakirəsinə başlamaqdır ki, iki ölkə xalqı buna hazır olsun", - deyə C. Heffern bildirib. - "Bundan başqa, həmsədr ABŞ-ın Dağlıq Qarabağın statusu ilə onu əhatə edən ərazilərin statusuna yanaşmasındakı fərqi ortaya qoymağa çalışıb. Çünki belə təsəvvür yaranır ki, iki paytaxtda, ictimaiyyət arasında və Dağlıq Qarabağda bu ərazilərə yanaşma eynidir. Halbuki, onlar fərqlidirlər və həmin ərazilərlə bağlı nəticələr də fərqli olmalıdır".

Bütün bunların fonunda diqqət çəkən məqam ABŞ-ın Ermənistandakı səfirliyinin Twitter səhifəsində yazılanlardır. Orada bildirilir ki, Uorlikin açıqladığı elementlər Madrid prinsipləri əsasında aparılan danışıqların tərkib hissəsi kimi, Ermənistan hökuməti tərəfindən çoxdan qəbul edilib: "Səfir Uorliki tənqid edənlər anlamalıdırlar: 3 çıxış yolu var - danışıqlar yolu ilə nizamlama, qeyri-məqbul status-kvonun qorunub-saxlanılması və müharibə. Danışıqlar yolu hər iki tərəfin kompromislərə getməsini nəzərdə tutur. Tərəflər istədiklərinin hamısını əldə etməyə çalışırlarsa, bu zaman xeyli gözləməli olacaqlar".

 

Suyu bulandıran kimdir?

Tərəflərin Uorlikin bəyanatına reaksiyaları göstərir ki, Azərbaycan vasitəçilərin bütün təkliflərini bəyənməsə də, elementlərin konstruktiv müzakirəsinə hazırdır. Təklif olunan prinsiplərin müzakirəsindən rəsmi olaraq İrəvan da imtina etmir. Amma ermənilər prosesin irəliləməsinə bütün vasitələrlə mane olmağa çalışırlar. Məsələn, vasitəçilərin Dağlıq Qarabağa bitişik ərazilərin işğaldan azad edilməsinə dair birmənalı təklifinə İrəvanın cavabı da birmənalıdır: bu, onların planlarına daxil deyil. "Mən ərazilərin qaytarılması kimi yanaşmaların əleyhinəyəm", - deyə Ermənistan baş naziri jurnalistlərə bildirib. Onun fikirlərini Ermənistanın müdafiə naziri Seyran Ohanyan da təkrarlayıb: "Torpaqların qaytarılması bizim planlarımıza daxil deyil".

Bundan başqa, İrəvan işğal altındakı əraziləri diplomatik cəhətdən Dağlıq Qarabağdakı separatçı rejimin adına yazdırmaq üçün cəhdlər edir. İrəvanın Dağlıq Qarabağ separatçılarını danışıqlar masasına oturtmaq cəhdləri  danışıqlar prosesinə mane olan məqamlar sırasındadır.

İstənilən halda, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin çıxışı tərəflərə mesajdır. C. Uorlik beynəlxalq vasitəçilərin hələ də Madrid prinsiplərinə əsaslandıqlarını göstərib. Hələlik tərəflər bu prinsiplərdən imtinanı təklif etməyib. Odur ki, İrəvanın Uorlikin açıqladığı 6 əsas prinsipə əsəbi reaksiyasının daxili siyasi məqamlarla bağlılığı istisna deyil. Amerikalı həmsədrinin Ermənistan ictimaiyyətinə faktiki olaraq, danışıqlar prosesində İrəvanın mövqelərinin zəif olduğunu göstərməsi Serj Sarqsyan komandasını qane etmir. Çünki Uorlikin sözlərindən beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu, münaqişənin həllinə nail olmaq üçün, ilk növbədə, işğaldan imtinanın vacibliyi bir daha aydın olub. Amma bu taleyüklü qərarın qəbulu Ermənistanın öz əlindədirmi?

 

Geosiyasi məqamlar

Ukraynada yaşananların fonunda əksər analitiklər hesab edirlər ki, Qarabağ kilidinin açarı Moskvanın əlindədir və Krımın Rusiya tərəfindən işğalından sonra Vaşinqton digər potensial qarşıdurma ocaqları ilə bağlı təşəbbüsü Moskvanın əlindən almağa çalışır. ABŞ-ın "Qarabağ məsələsi"ndə fəallıq nümayiş etdirməyə başlamasına bu konteksdə yanaşmaq olar. Əlbəttə, Uorlikin əsas mesajları və bəyanatları Ermənistan-Azərbaycan münaqişəsi tərəflərinə yönəlib. Amma diplomatın bütün həmsədrlərin deyil, yalnız ABŞ-ın adından danışması həm də Rusiyaya mesajdır.

Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli Vaşinqtonun maraqlarına həmişəkindən daha çox cavab verir. Amerika bu problemi çözməklə, regionun ən güclü dövləti olan Azərbaycanın birmənalı dəstəyini qazana, eyni zamanda, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına nail ola bilər. Bu da öz növbəsində, İrəvanın Moskvadan asılılığının azalması, Ermənistanın Rusiyanın orbitindən çıxarılması demək olardı.

Hər halda, Uorlikin bəyanatı geosiyasi qüvvələrin Qarabağ istiqamətindəki fəallığının yaxın aylarda ciddi şəkildə artacağını göstərir. İndi əsas odur ki, bu fəallıq açıq qarşıdurmaya yol açmasın. Çünki bu qarşıdurmadan həm sülh prosesinin, həm də bütünlükdə regionun ziyan görəcəyinə şübhə yoxdur.


MƏSLƏHƏT GÖR:

571