5 Dekabr 2025

Cümə, 19:08

QAFQAZ DAĞLARI ARTIQ MANEƏ DEYİL

Azərbaycan, Gürcüstan və Türkiyə Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və əməkdaşlıq məhvəri yaradırlar

Müəllif:

13.05.2014

Mayın 6-da Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə "2014 Tiflis sammiti" beynəlxalq forumu keçirildi. Bu, sözügedən ölkə prezidentləri arasında ilk üçtərəfli görüş deyil. Əvvəllər onlar irimiqyaslı regional layihələr olan Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri layihələrinin açılış və yekunlaşma mərasimlərində də bir araya gəliblər. Son belə üçtərəfli görüş 2007-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlqoyma mərasimində olmuşdu. Eyni formatda bir neçə ay əvvəl XİN başçıları Gəncədə, ondan əvvəl isə Türkiyədə görüşmüşdülər. Analoji şəkildə 3 ölkənin daxili işlər nazirləri, strateji ixrac boru kəmərlərinin təhlükəsizliyini təmin edən strukturların təmsilçiləri də görüşlər keçirirlər.

Lakin Rusiyanın Ukraynaya qarşı atdığı addımlar nəticəsində vəziyyətin gərginləşməsi fonunda Tiflis görüşü regional təhlükəsizliyin idarəolunması ilə bağlı bir çox şərhlərə yol açıb. Bu məsələ ilə bağlı gözləntilərin özünü o qədər də doğrultmadığını söyləmək olmaz. Çünki Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri heç bir sənəd imzalamadı, birgə bəyanat qəbul etmədilər. Amma onların məxfi dialoqu, şübhəsiz ki, Cənubi Qafqaz regionuna aid bütün məsələləri əhatə edib. Diqqət daha çox istənilən təhlükəyə adekvat reaksiya verilə bilməsi üçün üçtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəldilib.

Sammit ərəfəsində Tiflisə yollanan Azərbaycan Prezidenti İlham Əliyev orada Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına baş çəkib, Mirzə Fətəli Axundov adına muzeydə olub, Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binası ilə tanış olub, "SOCAR-Georgia" şirkətinin inzibati binalar kompleksinə baxıb. İlham Əliyev həmkarları Abdullah Gül və Georgi Marqvelaşvili ilə ikitərəfli görüşlər keçirib, o cümlədən Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri arasında görüşün rəsmi hissəsi Gürcüstan Milli Kitabxanasında olub. Daha sonra dövlət başçıları Avlabar iqamətgahında mətbuat üçün brifinq keçirib, sonda isə G. Marqvelaşvilinin adından qonaqların şərəfinə nahar verilib. Aydındır ki, prezidentlər arasında daha ciddi regional problemlərlə bağlı fikir mübadiləsi konfidensial xarakter daşıyır. Lakin sammitin sonunda onların verdikləri  bəyanatlar tərəflərin bütün sahələrdə əməkdaşlığı gücləndirmək niyyətlərini aydın şəkildə ortaya qoyur. Artıq müəyyən mənada Bakı-Tiflis-Ankara m?hvəri formalaşdırılması prosesinin getdiyini söyləmək mümkündür. Burada prioritet iqtisadi əməkdaşlıq olsa da, görünən odur ki, regional təhlükəsizlik məsələsində sıx siyasi dialoq və tərəfdaşlıq da gündəmdədir.

"Bu gün bizim reallaşdırdığımız birgə layihələr Xəzər, Qara və Aralıq dənizlərini birləşdirir. Ən vacibi isə odur ki, Azərbaycan, Gürcüstan, Türkiyə ittifaqı regionda sabitliyin qorunub-saxlanılmasının zəmanətidir. Bu, bizim iradəmizin, arzumuzun nəticəsidir", - deyə Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib. O, bu əməkdaşlığın heç kimə qarşı olmadığını, yalnız 3 ölkənin deyil, Avropa ilə Asiyanın da inkişafına yönəldiyini qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri də bənzər olub: «Vaxtilə uğurla icra edilmiş neft-qaz, nəqliyyat layihələri, investisiyalarla bağlı olan layihələr ölkələrimizi daha da sıx birləşdirir. Deyə bilərəm ki, hazırda bu üçtərəfli format, nəinki regionda, dünya miqyasında böyük maraq doğurur.  Bu, əslində nadir bir formatdır. Çünki burada üç müstəqil dövlət artıq bərabərhüquqlu münasibətləri - qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən münasibətləri qurub. Bizim münasibətlərimiz əməkdaşlıq üzərində qurulub. Bu əməkdaşlıq nəticəsində hər bir ölkə böyük fayda, xeyir götürür», - deyə İ. Əliyev mətbuat qarşısında çıxışında bildirib. Dövlət başçısı enerji sahəsində əməkdaşlığın həm tərəfdaş ölkələrin, həm də Avropanın enerji təhlükəsizliyinin təmini baxımından prioritet olduğunu söyləyib. Tiflisdə keçirilmiş sammitin məhsuldar olduğunu vurğulayan prezident üçtərəfli formatda görüşlərin sistematik şəkil alması haqq?nda qərar qəbul etdiklərini deyib, yüksək səviyyədə növbəti görüşün Azərbaycanda keçirilməsini təklif edib.

Türkiyə prezidenti Abdullah Gül 3 ölkənin regionda sülh və sabitliyin qorunub-saxlanılması işinə töhfəsinə diqqət çəkib. "Bizim səylərimiz nəticəsində uca Qafqaz dağları artıq əngəl deyil. O, əməkdaşlıq məkanına qapıdır. Biz bu vəziyyətdən çox razıyıq", - deyə A. Gül qeyd edib. Bununla yanaşı, o, Türkiyə, Azərbaycan və gürcü xalqlarının qardaş xalqlar olduğunu da bildirib.

3 qonşu dövlət və xalq arasındakı qardaşlıq, mehriban qonşuluq münasibətlərini Azərbaycan və Türkiyə prezidentləri də öz çıxışlarında vurğulayıblar. Amma onları bir-birlərinə iqtisadiyyat, regional geosiyasət kimi tellər də bağlayır. Artıq reallaşdırılan nəhəng enerji layihələri ("Azəri-Çıraq-Günəşli" yatağından neft hasilatı və onun Bakı-Tiflis-Ceyhan boru xətti ilə nəqli, "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin birinci fazası, Bakı-Tiflis-Ərzurum qaz kəməri) on milyardlarla dollar gəlir gətirir. Artıq işə salınmış "Şahdəniz-2" layihəsi və onunla yanaşı TANAP və TAP qaz kəmərlərinə 45 milyard dollar investisiya cəlb olunub. Azərbaycanın ən böyük həcmdə investisiya qoyduğu ölkələr Türkiyə və Gürcüstandır. O, həmin ölkələrdə müstəqil şəkildə nəhəng layihələr reallaşdırır, tərəflər arasında ticarət dövriyyəsinin həcmi milyarda yaxınlaşır. Türkiyə ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,5 milyard dollardır. Gürcüstan iqtisadiyyatına qoyulmuş Türkiyə investisiyalarının həcmi, təxminən, 1 milyard dollar təşkil edir. Türkiyənin Azərbaycanla iqtisadi əlaqələrinə gəlincə, onun səviyyəsi 4,7 milyarda çatıb. Yatırılmış investisiyaların həcmi 5,5 milyard dollardır. Hazırda enerji sistemlərinin birləşdirilməsi istiqamətində iş aparılır və burada məqsəd elektrik enerjisinin qarşılıqlı səmərəli peretok-dur. Bakı-Tiflis-Qars dəmir yolunun inşası və yenidənqurulması, fibrooptik xətlərin çəkilişi yekunlaşmaq üzrədir, dəniz limanları, aeroportlar müasirləşdirilir və bütün bunlar qədim dövrlərin məşhur "Böyük İpək Yolu"nun müasir versiyası olan qitələrarası nəqliyyat dəhlizini formalaşdırır.

Hərbi və təhlükəsizlik sahələrinə gəlincə, burada da tərəflər arasında ciddi tərəfdaşlıq potensialı var. Azərbaycan və Gürcüstan Silahlı Qüvvələrinin, onların idarəetmə strukturlarının NATO standartlarına keçilməsində Türkiyənin böyük əməyi var. 2002-ci ildə Trabzonda Azərbaycan, Türkiyə və Gürcüstan arasında "Hərbi əməkdaşlıq, silah qaçaqmalçılığı, sərhədlərin pozulması, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və transmilli cinayətkarlıqla birgə mübarizə haqqında" saziş imzalanıb. 2007-ci ildə isə tərəflər "Təhlükəsizlik sahəsində regional əməkdaşlıq haqqında" saziş imzalayıblar. 3 dövlət sərhəd-buraxılış rejimi, nəqliyyat və tranzit təhlükəsizliyi, transmilli cinayətkarlıqla mübarizə kimi sahələrdə fəaliyyətlərini koordinasiya edirlər. Ötən ilin sentyabrında Bakıda əsas ixrac neft-qaz kəmərlərinin birgə mühafizəsi ssenarisi ilə Azərbaycan, Türkiyə və Gürcüstanın "Eternity ("Sonsuzluq") 2013" adlı komanda-qərargah təlimləri keçirilib.

Bütün sadalananlara Azərbaycanla Türkiyəni bir-birinə xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərini əhatə edən müttəfiqlik münasibətlərinin bağladığını da əlavə etmək olar. Bu münasibətlər bir sıra müvafiq müqavilələrlə möhkəmləndirilib. Türkiyə ilə Gürcüstan arasında  münasibətlərin, təxminən, bu səviyyəyə yüksəlməsi ilə regional təhlükəsizliyə, sabitliyə problem yaradan istənilən qüvvə 3 dövlətin birgə iradəsi ilə hesablaşmalı olacaq.

Formalaşmaqda olan Türkiyə-Gürcüstan-Azərbaycan məhvəri  heç bir dövlətə qarşı yönəlməyib. Regional üçlüyün bu haqda mövqeyini Türkiyə prezidenti Abdullah Gül kifayət qədər aydın şəkildə ifadə edib: "Bizim sülh və sabitliyin qorunub-saxlanılmasına dair ümumbəşəri dəyərlərə əsaslanan mövqeyimiz üst-üstə düşür. Gürcüstanın və Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə tam dəstəyimizi bir daha ifadə edirik. Regionumuzdakı münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında, sülh yolu ilə həllinin əhəmiyyətini bir daha qeyd edirik. Görüşümüzdə Ukraynada yaşanan böhranı da müzakirə etdik. Bu böhranın regionumuzda təhlükəsizliyə, sabitliyə təsir göstərdiyini düşünür və bu fikrimizdə həmrəyik. Böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində siyasi həllinin tapılması vacibdir".

Göründüyü kimi, bu sözlərdə hökmranlığa iddia və hədə yoxdur. Türkiyə, Gürcüstan və Azərbaycan liderlərinin Tiflisdə görüşmək istəkləri Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təmini məqsədi güdür. NATO-nun cənubunda yerləşən, Azərbaycan və Gürcüstanın da həmrəy olduğu Türkiyə kimi qüdrətli fövqəldövlətlə hamı hesablaşmalı olacaq. Tiflisdə keçirilmiş üçtərəfli sammitin əsas nəticəsi də məhz budur.

 

 

İLK MƏNBƏDƏN

 

«Bu üçtərəfli format, nəinki regionda, dünya miqyasında da böyük maraq doğurur. Bu, əslində, nadir bir formatdır. Çünki burada üç müstəqil dövlət artıq bərabərhüquqlu münasibətləri - qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən münasibətlər qurub»

İlham Əliyev, Azərbaycan Prezidenti

 

«Bizim səylərimiz nəticəsində uca Qafqaz dağları artıq əngəl deyil. O, əməkdaşlıq məkanına qapıdır. Biz bu vəziyyətdən çox razıyıq»

Abdullah Gül, Türkiyə Prezidenti

 

«Bu gün bizim reallaşdırdığımız birgə layihələr Xəzər, Qara və Aralıq dənizlərini birləşdirir.  Ən vacibi isə odur ki, Azərbaycan, Gürcüstan, Türkiyə ittifaqı regionda sabitliyin qorunub-saxlanılmasının zəmanətidir. Bu bizim iradəmizin, arzumuzun nəticəsidir»

Georgi Marqvelaşvili, Gürcüstan Prezidenti



MƏSLƏHƏT GÖR:

573