Müəllif: Oksana BULANOVA Bakı
Unudulmaqda olan bir ifadə hamının yadındadır: "Ailə cəmiyyətin özəyidir". Hamı bununla razıdır, amma gerçək həyatda buna nədənsə nadir hallarda rastlaşılır. Çünki Qərb cəmiyyətində ailə çoxdan yoxdur və ancaq "tərəfdaşlıq münasibətləri" var. Normal insanları bu ifadə diksindirir. Yəni kişi ilə qadın görüşürlər, bir yerdə yaşamağa başlayırlar - heç bir ayin-filan olmadan, elə asanlıqla da ayrılırlar. Buna görə də həyatları boyu qaçırlar, yeni "tərəfdaş" tapırlar, yenidən birgə yaşayırlar. Nəsə sadə nizamsız bir hərəkətdir! Belə çıxır ki, nə ailə, nə də cəmiyyət var. Ailənin özək olduğunu yalnız Şərqdə, Qafqazda, Azərbaycanda görürsən. Burada belə sadəliklə bir yerdə yaşaya bilməzsən: nə islam qanunları, nə də patriarxal tərbiyə buna yol verir. Burada ailə bütün həyatın özəyidir. Ailə qanunları həm hüquqi qanunlardan, həm də istehsal qaydalarından güclüdür: əgər sən dəfnə, ehsana və toya gedirsənsə, sadəcə rəisin yanına gəlib deyirsən: "Mən gedirəm!". Və rəis də susur, çünki bilir, sabah bu ona da lazım olacaq. Yadımdadır, Bakıya ilk səfərlərimdə bir məmurla görüşməli idim, amma görüş təxirə salındı və yalnız bir həftədən sonra baş tutdu. Mən dəhşətli şəkildə əsəbiləşmişdim! Görürsünüz, o gedib rayonda oturub! Ya toyda idi, ya da dəfndə. Burada yaşayıb ailə öhdəlikləri ilə müqayisədə bütün başqa öhdəliklərin arxa plana keçirildiyini öyrənənə qədər belə vəziyyətlərdə mən tez-tez əsəbiləşirdim.
Ailə quraraq (çox vaxt böyük çətinliklərlə), ona çox qayğı ilə yanaşırlar. Həm də ona görə ki, ictimai rəy ən əsas olmasa da, çox böyük rol oynayır, yəni məşhur "İnsanlar nə deyəcək?" məsəli var. "İnsanlar" isə yalnız qonşular yox, həm də qohumlardır və işi boşanmaya qədər aparmaq böyük biabırçılıq sayılır. Əlbəttə, hər yerdə olduğu kimi, Azərbaycanda da ərlə-arvad mübahisə edirlər, qışqırırlar ki, "Mən səndən ayrılıram!", amma qadın gerçəkdən atası evinə gedən kimi, ərin qohumları və valideynləri dərhal "nümayəndələr" göndərirlər. Bəzən ər üçün ailə həyatı zəqquma dönür, onda da analar, xalalar, bacılar dərhal ailənin bərpası üçün gərgin fəaliyyətə başlayırlar. Çox vaxt da istəklərinə nail olurlar. Əgər ailədə uşaqlar varsa, yüz haldan doxsan doqquzunda ailədə boşanma baş vermir. Uşaqlar azərbaycanlılar üçün müqəddəsdir. Kişi sevmədiyi qadından nə qədər zülm görsə də, kənarda sevgili olsa da, uşaqlarını heç zaman atmaz. Xüsusilə də qızlarını. Azərbaycanlıların böyük əksəriyyəti üçün uşaq həyatın əsas ideyasıdır.
Halbuki, ailədə uşaqlar qadınların da həddindən çox istədiyi məsələdir. Burada heç bir qadından eşidməzsən: "Biz əvvəlcə özümüz üçün yaşayaq, ayaqüstə qalxaq, sonra uşaqlar barədə düşünərik". Əgər bir il, iki il ailədə uşaq olmasa, valideynlər başda olmaqla bütün cəmiyyət həyəcan təbili çalır. Gənclər isə özləri həkimlərə qaçırlar, müalicə üçün böyük-böyük pullar xərcləyirlər və çox vaxt uşaq sahibi olurlar. Özü də bir yox. Düzdür, indi heç bir qadın səkkiz-on uşaq doğmur, həmin vaxtlar keçib, amma iki-dörd uşaq normaldır, istisna deyil. İstisna bir uşaqdır. Beləliklə, uşaqlar dərhal alışırlar ki, evdə çox sayda bacı və qardaşın olması normadır. Bu, onlar üçün modelə çevrilir və özləri də bütün həyatlarını bu model üzrə qurmağa başalyırlar. Burada böyük uşaqlardan eşitməzsən ki, "mən balaca qardaşımın yanında oturub ona baxmayacam!" və ya "özünüz doğubsunuz, özünüz də tərbiyə edin, mən gəzməyə gedirəm!".
Qardaşlar bacılarına qarşı çox həssas yanaşırlar. Onüçyaşlı oğlan utanmadan dostlarına deyə bilər ki, onlarla gəzməyə gedə bilməyəcək, çünki balaca bacısına baxmalıdır. Əgər uşaqları onun yanında qoyublarsa, dostlarının da ağlına gəlməz ki, birgə getməyi tələb etsinlər. Əgər uşaqlar nisbətən böyükdürlərsə, onda qardaş xüsusilə də axşamalar heç zaman öz kiçik bacısını tək buraxmaz - mütləq ötürər, qarşılayar. Düzü, bu cür ifrat qayğını mən başa düşə bilmirəm, nəzərə almaq lazımdır ki, Bakı çox sakit şəhərdir, balaca şəhərlərdə və kəndlərdə isə hamı bir-birini tanıyır, yəni istəyir gənc qız ol, istəyir, qoca qarı. Nə qədər istəsən gəzə bilərsən! Anlaya bilmirəm, amma heyran qalıram. Ağlıma vətənim gəlir: orada qardaşın vecinə də deyil ki, bacı hara gedib?! Burada isə bacı, hətta böyük olsa belə ona nəzarət edirlər. Nəzarət etmək güdmək deyil, qayğı göstərməkdir. Bəzən balaca kişinin böyük bacısına göstəriş vermək üçün dirəşməsi yetərincə gülməli olsa da, istənilən halda hörmət doğurur.
Azərbaycanda uşaqlara çox həssas yanaşırlar: yad uşaqlara da özlərinkilər kimi mehriban davranır, onlarla oynayırlar, əgər ağlayır və ya dəcəllik edirsə, sakitləşdirirlər. Burada avtobusda görməzsən ki, əgər hansısa ananın qucağında uşaq ağlayanda kənardan "Çağanızı kiridin!" deyə qışqırsınlar. Bir dəfə mən ölkəni gəzməyə çıxmışdım. Bizim avtobusda üçyaşlı qızı olan bir ailə var idi. Aydın məsələdir ki, qız hərdənbir dəcəllik edirdi. Heç kim bundan əsəbiləşmirdi. Əksinə, qızla oynayırdılar, onun fikrini "yayındırmağa çalışırdılar". Yeməkdən imtina edəndə hamılıqla onu yedizdirməyə çalışırdılar. Özü də ətrafdakıların hamısı yad adamlar idi - adi yığma ekskursiya idi. Hamı uşaqların tərbiyəsinə böyük diqqət yetirməyə çalışır. Belə bir atalar sözü də var: "Uşağını necə tərbiyə etmək istəyirsənsə, o cür də ol". Əgər uşaq körpəliyindən görürsə ki, atası ən yaxşı şəkildə və çox işləməyə çalışır, onun valideyndəri öz valideynlərinə hörmət göstərməyə çalışır, öz valideynlərinin fikrinə qulaq saır, o da böyüyəndən sonra tam bu cür olacaq.
Məni ilk vaxtlar heyran qoyan, indi alışdığım məsələ uşağa xalanın və ya dayının yardım etməsidir. Məsələn, böyük bacı ərə gedib uşaq doğub. O, istənilən zaman bacısına və ya qardaşına zəng edib deyə bilər: "Mən getməliyəm, gəl mənim uşağıma bax". Mən eyni xahişlə qardaşına və ya bacısına zəng edə bilən moskvalını təsəvvür edə bilmirəm. Hə, bizdə bəzən bacı və ya qardaşı illərlə gör-mürlər! (əgər onlar varsa.) Əgər zəng edərsə, bacısı yorğun səslə cavab verər: "Bağışla, işim başınmdan aşır, vaxtım yoxdur!". Kimsə deyə bilər: "Həyatın ritmi belədir, hamı işləyir!". Buna etiraz etmək istəyirsən: burada insanlar işləmir?! Yəni Moskva ritmi ilə bağlı arqument məntiqli deyil. Məsələ bundadır, bir rus kimi bunu deyə bilərəm ki, biz ruslar ailə hissini itirmişik. Demirəm ki, hamı, amma çoxları itirib. Burada mən bir şeyə də rast gəldim, tutaq ki, Rusiyada kimsə uşağı incidib. Uşaq nə qışqıracaq? "Gedib anama deyəcəm!". Azərbaycanda isə siz eşidəcəksiniz: "Gedib atama deyə-cəm!". Məncə, şərhə ehtiyac yoxdur.
Ailədən danışanda yaşlıları unutmaq olmaz. And içirəm ki, Rusiyada qocalara belə qayğı, belə hörmət görməmişəm! Orada nə qədər atılmış, tənha qoca var! Amma bütün Azərbaycanda cəmi doqquz (!) ahıllar evi var, orada cəmi min yüz adam yaşayır. Bunlar əsasən qohumları heç olmayan yaşlılardır. Adətən, hətta yeddi arxadan dönən hər hansı bir qohum varsa, mütləq yaşlı adamı öz yanına aparır. Maraqlı Azərbaycan məsəli var: "Ailə qocaların üstündə dayanır".
Yaşlı insanların müdafiəsi üzrə Amerika milli mərkəzinin məlumatına görə, yaşı altmış beşi keçmiş və qohumları ilə birlikdə yaşamağa məcbur olan yaşlı insan onların tərəfindən psixoloji təsirə məruz qalır. Buna görə də ya özü ahıllar evinə gedir, ya da onu ora "göndərirlər". Azərbaycanda bunu hətta təsəvvür etmək mümkün deyil!
Bu barədə tanınmış tarixçi Moisey Bekker Bakıdan yazır: "Avropada desələr də ki, bir sıra ahıllar evində qocalar üçün yaxşı olar bilər, amma əminəm ki, insan üçün doğma ailədən yaxşı heç nə yoxdur. Yaşlıların həyatında əsas məsələ ailədir. Nəsillərin əlaqəsi, ailə, soy səviyyəsində varislik olmalıdır, balacalar yaşlılarla hər gün ünsiyyətdə olmalıdırlar, yaşlılar isə topladıqları həyat təcrübəsini paylaşmalıdırlar. Nəvələr qocaların sağlamlıq problemlərini görməli və hiss etməlidirlər, onların halına yanmalı, onlarla birgə gəzməlidirlər. Belə ailələrdə qocalar uzun yaşayırlar, gənclər isə daşqəlbli olmurlar. Çox vaxt böyük şəhərlərdə (xüsusilə Avropada) görmək olur ki, gənc ailələr öz yaşlılarına deyil, böyük həvəslə itlərə və pişiklərə qayğı göstərirlər. Bizdən ötrü bu normal deyil". Sonuncu ifadə əsasdır.
Şəksiz, istisnalar da var, çünki bütün insanlar müxtəlifdir. Amma bunlar məhz istisnadırlar və əgər gənclər yaşlılara hörmət göstərmirlərsə, onlara qayğı göstərmirlərsə, bu, ümumi qınağa səbəb olur. Nəsillərin qırılmaz əlaqəsi Azərbaycanda psixoanalitiklər institutunu lazımsız edir. Görkəmli azərbaycanlı psixiatr Ağabəy Sultanov bildirirdi ki, "bizim ölkədə ənənəvi olaraq ailə böyük olduğundan, böyük sayda psixoterapevtlərə ehtiyac yoxdur: onların rolunu uğurla nənələr-babalar yerinə yetirir".
Yeri gəlmişkən, babalar haqqında. Statistikaya görə, Rusiyada ahıl qadın ahıl kişidən çoxdur. Kişilər daha tez ölürlər. Azərbaycanda qocalarla qarıların sayı demək olar ki, bərabərdir. Burada səbəb çoxdur: gənclərin göstərdiyi qayğının da rolu var, yaşlılara uzun yaşamaqda yardım edir, həm də kişilərdə alkoqolizm kimi pis vərdişlər yoxdur. Rusiya kişilərinin erkən ölümünün daha bir səbəbi tənhalıq sayılır - həm boşanma, həm də uşaqları tərəfindən atılma nəticəsində. Burada isə bunların heç biri yoxdur.
Yaşlılar isə öz növbəsində daha çox fayda gətirməyə çalışırlar. Gənc nənədən (Azərbaycanda qırx yaşlı nənə adi bir işdir) heç zaman eşitməzsən ki, onun işi və ya şəxsi həyatına görə nəvələrinə baxmağa vaxtı yoxdur. Yaşlı nəsil gənc ailənin işinə fəal qarışır, bəzən hətta həddindən artıq qarışır. Bəzən hətta gənc olmayan uşaqlara qarşı həddindən artıq göstərilən qayğı onları infantil edir. Onların dilləri də bundan xəbər verir: rusdilli azərbaycanlılar elə də gənc olmasalar da, yaşlı nəsil haqqında "böyüklər" sözü işlədirlər. Yəni özlərini böyük saymırlar. Yəni yeniyetmədən "böyüklər" söznü eşidəndə normal sayılır, amma bunu yaşı qırxı keçmişlər kiminsə haqqında əvvəlki kimi "böyüklər" sözünü işlədəndə düşünməyə məcbur olursan.
Azərbaycanlıların fikrincə, yaşın qırxı keçsə də sən hələ böyük deyilsən. Bu məsələdə mən müəyyən infantilizm də görürəm. Yeri gəlmişkən, Azərbaycanda zarafatyana bir deyim var: "Hər bir azərbaycanlının arzusudur ki, onu valideynləri dəfn etsin", yəni o həmişə uşaq kimi qalmaq, "böyüklərin" himayəsi altında qalmaq istəyir. Bu zaman öz uşaqlarını himayə etməkdən yorulmur. Məsələn, qəbul imtahanları zamanı institutların yanında valideynlərin kütləsindən keçmək olmur, imtahan başlayandan qurtarana qədər qapı ağzında növbə çəkirlər.
Rusiyalı valideynlər çox vaxt bilmirlər ki, övladları oxuyan institutun binası necədir. Otuz yaşlı qızın atası onun işinə gəlib qızını rəhbərliyin ədalətsiz hücumlarından qorumağa və ya onun qarışdığı hansısa münaqişəni həll etməyə çalışa bilər. Rusiyada bu təkcə ağır deyil, həm də bunu təsəvvür belə etmək müşkül məsələdir. Pis və ya yaxşıdır deyə kənardan mühakimə etmək olmaz, istənilən halda bu da yenə milləti xarakterizə edir: burada ailənin maraqları birinci yerdədir və bu maraqlar istənilən üsulla qorunur.
MƏSLƏHƏT GÖR: