13 Mart 2025

Cümə axşamı, 14:54

60 SANİYƏYƏ PARKETMƏ

Bakının yeni parketmə strukturu və dayanacaq icarədarlarının qiymət siyasəti haqqında

Müəllif:

20.05.2014

Sürətlə böyüyən və inkişaf edən Bakıda əhalinin artımına müvafiq olaraq, avtomobillərin sayı da artır. Əlbəttə ki, bu, müsbət məqamdır. Lakin bu halda avtomobillərin istismarı ilə bağlı bir sıra problemlər də  meydana  çıxır. Sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri parketmə ilə bağlıdır.

Şəhərdə maşınların sayının artdığını nəzərə alsaq, bu problem ildən-ilə daha da ciddiləşir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 ildə ölkədə avtomobillərin sayı 2,4 dəfə artıb: son məlumata görə, Azərbaycanda 1,2 milyon avtomobil var. Proqnozlar bu rəqəmin ancaq artacağını  göstərir. Çünki hər il ölkəyə 50-60 min maşın gətirilir. Azərbaycanda adambaşına və ailəbaşına düşən avtomobillərin orta sayını götürsək, Avropa ölkələrilə müqayisədə bunun elə də çox olmadığını görərik. Amma bu, heç də şəhərdə şəxsi avtomobillərin hərəkətinə nəzarətin vacibliyini azaltmır. Məhz,  bu səbəbdən də, son zamanlar hökumətin səylərilə avtomobili yolun kənarında və ya ikinci cərgədə saxlayaraq "5 dəqiqəliyinə mağazaya qaçmaq" halları azalıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, 2013-cü ildə avtomobillərin qanunsuz parkedilməsilə bağlı, təxminən, 18 500 fakt qeydə alınıb. 2014-cü ilin yalnız ilk 3 ayında 3674 sürücü maşınını dayanma-durmanın qadağan olunduğu ərazidə saxlayıb. Bununla yanaşı, şəhərin mərkəzi küçələrində qanunsuz dayanacaqlar fəaliyyət göstərir və bu, onsuz da müşahidə olunan avtomobil sıxlığını daha da artırır. Misal kimi, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, 28 May küçələrini, Azadlıq, Bülbül prospektlərini göstərmək olar.

 

Yerüstü tədbirlər

Vəziyyəti düzəltmək və sivil parkinq infrastrukturu formalaşdırmaq üçün şəhər rəhbərliyi artıq Prezident İlham Əliyevin müvafiq göstərişlərini həyata keçirməyə başlayıb. "Bakıda yeraltı parkinqlər tikilib. Bu da tıxac probleminin həllinə bir dəstəkdir. Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaq ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq təmin edilməlidir.

Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra, əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək", - deyə dövlət başçısı Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasında bildirib.

Beləliklə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının avtomobil dayanacaqlarının yaradılmasına dair qərarından sonra paytaxtın bir sıra küçələrində, parklarında və xiyabanlarında, metrostansiyaların ətrafında və səkilərdə fəaliyyət göstərən qanunsuz parkinqlər ləğv edilib. Bununla yanaşı, avtomobil icazə verilməyən yerdə saxlanılarsa, İnzibati Xətalar Məcəlləsinə əsasən, onu cərimə meydançasına aparacaqlar.

Şəhər rəhbərliyi xüsusi yerüstü dayanacaqların yaradılmasına da başlayıb. Onlar rəqəmsal parketmə avtomatı (parkomat) ilə təchiz olunur. Artıq Xəqani, Tolstoy, Məmmədəliyev (Fransa səfirliyi) küçələrində, "Qoşa qala" qapısının ətrafında belə parkomatlara rast gəlmək mümkündür. Onlar necə işləyir? Parkomata yaxınlaşaraq müvəqqəti parketmənin müddəti seçilməli, aparatdan çıxan qəbzi avtomobilin arxa şüşəsinə yapışdırmaq lazımdır. Prosesə nəzarət edən əməkdaşlar həmin qəbzə əsasən parketməyə görə müddətin başa çatıb-çatmadığını müəyyənləşdirirlər. Parkomatlarda tarif 30 dəqiqəyə görə 50 qəpik, hər saata görə isə 1 manatdır. Ödənişi nağd pula, bank kartları və xüsusi kartlarla həyata keçirmək mümkündür. Bununla yanaşı, sözügedən qurğunun yerləşdirildiyi küçələrin eni lazımi tələblərə cavab verməlidir.

Daha bir yenilik avtomobillərin dayanma-durması qadağan edilmiş ərazilərdə maşının evakuator tərəfindən aparılacağına dair xəbərdarlıq nişanlarının quraşdırılmasıdır. Smartfon istifadəçilərinə isə boş parketmə yerlərilə bağlı sms vasitəsilə məlumat veriləcək. Onlar parkinq müddətinin limiti və uzadılması haqda da məlumatlandırılacaqlar.

 

Üstünlüklər və çatışmazlıqlar

Yol kənarında saxlanılan avtomobillər üzündən ensiz səkilərlə, hərəkət etməli olan piyadalar, əlbəttə ki, yolların boşalacağı xəbərini sevinclə qarşılayıblar. Eyni zamanda tıxaclardan bezən, 20 qəpik qarşılığında avtomobilini hər hansı zərərdən sığortalanmadan, küçə tənzimləyicisinin ümidinə buraxan sürücülər də sevinməlidirlər. Əksəriyyət hesab edir ki, indi şəhərdə avtomobillərin yaxşı qorunmasını təmin edəcək dövlət nəzarəti yaranır (dayanacaqlarda müşahidə kameralarından da istifadə olunacaq).

Bununla yanaşı, şəhərin yol-parkinq infrastrukturunda aparılan islahatlar bütün digər yeniliklər kimi, heç də paytaxtın bütün sakinləri tərəfindən məmnunluqla qarşılanmır. Bu halda əksər sürücüləri şəhər rəhbərliyinin müvəqqəti dayanacaqlarla bağlı "sevinc"ini bölüşmür və qiymətlərin həddindən artıq yüksək olduğunu bildirir. "Yeraltı dayanacaqların baha olmasını hansısa dərəcədə onların tikintisinə xeyli pulun xərclənməsilə izah etmək olarsa, yerüstü parkinqlərlə bağlı vəziyyətə haqq qazandırmaq mümkün deyil. Fransadan parkomatların gətirilməsi dayanacaqlarda 1 saatın qiymətinin 1 manat müəyyənləşdirilməsi üçün əsas deyil. Bu, tamamilə əlverişsizdir. Sanki, bir qapalı dairə yaranır. Bir tərəfdən qanunsuz parketmə ilə mübarizə aparılır, küçələrdə maşın saxlamağın qadağan olduğunu göstərən nişanlar quraşdırılır, digər yandan sabah oradan qadağan nişanının yığışdırılacağı, ərazidə pullu dayanacağın yaradılacağı istisna olunmur. Belə olan təqdirdə, hansı tıxacla mübarizədən söhbət gedə bilər?" - deyə avtomobil həvəskarı olan Anar Məmmədov bildirir.

Qapalı avtodayanacaqlara gəlincə, orada sürücülərlə yol polisi evakuatorları arasında əsl "siçan-pişik oyunu" gedir. Nəticədə, sürücülərə məhdud alternativ təklif olunur: ya yeraltı dayanacaq, ya da cərimə meydançası. Amma dayanacaqların qiyməti əksər insanlar, xüsusilə də bütün iş günü ərzində avtomobilini dayanacağa qoymalı olanlar üçün çox bahadır. Parkinqdən asılı olaraq, qiymətlər, ümumilikdə, 1 saata görə 1 manatdan başlayır. Şəxsi dayanacaqlarda avtomobili 1 sutka saxlamaq 10 manat və daha bahadır.

Bununla yanaşı, parkinqlərin qiymət siyasətinin necə tənzimləndiyi, ümumiyyətlə, tənzimlənib-tənzimlənmədiyi bəlli deyil. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, yeraltı dayanacaqlar dövlət hesabına tikilib və ayrı-ayrı şəxslərə icarəyə verilib. Parketməyə görə qiyməti də onlar müəyyənləşdirirlər. Belə çıxır ki, burada ümid icarədarın insafınadır.

Bundan  başqa, tələbatın artması ilə yeraltı dayanacaqların sahibləri əvvəllər güzəştli şərtlərlə verilən illik və aylıq abunəni ləğv ediblər. Hökumətin küçələrdə parketməyə qarşı mübarizəyə başlaması ilə yeraltı dayanacaqlarda yerlərin onsuz da boş qalmayacağını anlayan icarədarlar bundan istifadə etmək qərarına gəliblər.

Aydındır ki, bu vəziyyət heç də bütün sürücüləri qane etmir. 30 yaşlı mühəndis Dmitri Zaxarov şəhərdə tez-tez parkinqlərdən istifadə etməli olur və qiymətlərin həddindən artıq bahalığından şikayətlənir. "Dostum şəhərin mərkəzində işləyir və abunə haqqı ödəməyə hazırdır. O biriləri isə avtomobillərilə mərkəzə nadir hallarda gəlirlər və ona görə də, xərcləri çox çıxmır", - deyə Dmitri bildirir: "Bu yaxınlarda mərkəzdə maşını cəmi bir neçə dəqiqəlik saxlayıb aralanmışdım ki, onu evakuator apardı. Odur ki, indi qısa vaxt üçün dayansam belə, dayanacağa 1 saata görə 1 manat ödəməliyəm. Bu, mənim üçün çox bahadır". Dmitri Zaxarov, bu səbəbdən, son zamanlar mərkəzə maşınla mümkün qədər az getməyə çalışır.

Amma şərti "güzəşt" də var - yeraltı dayanacaqda maşının 15 dəqiqə qalması pulsuzdur. Amma bu, sürücülər üçün gülməli gəlir. Onlardan biri vəziyyəti belə qiymətləndirir: "Pulsuz dəqiqələrdən istifadə praktiki olaraq, mümkün deyil. Çünki dayanacağa girmək, parketmə və oradan çıxmaq 15 dəqiqədən çox vaxt aparır".

Amma sosial şəbəkələrə nəzər yetirdikdə görmək olur ki, parkinq qiymətlərindən razı olan sürücülərin sayı da az deyil. Onlar dünyanın digər iri şəhərlərindəki qiymətlərə istinadən, Bakıdakı qiymətləri kifayət qədər əsaslı sayırlar. 

Sürücüləri narazı salan daha bir məqam paytaxtın mərkəzindən kənarda parkinqlərin olmamasıdır. "Mənim iş yerim Babək prospektində yerləşir. Bu prospektdə onsuz da, demək olar ki, daim tıxacdır. Orada yer tapıb maşın saxlamaq mümkün deyil", - deyə 50 yaşlı İsmayıl Vəliyev bildirir. Amma əksər hallarda avtomobil üçün şəhərin mərkəzində  kənarda yer tapmaq daha asandır.

Paytaxtdakı yeni yaşayış binalarının əksəriyyətinin yeraltı qarajı var. Onların qiyməti o qədər baha olmasa da, sakinlər əksər hallarda belə qarajlardakı qiymətdən də narazı qalırlar. Bu üzdən də, tez-tez binaların qarşısında, uşaqlar üçün oyun meydançalarında park olunmuş avtomobillər görmək mümkündür. Köhnə binaların həyətlərindən danışmaq isə artıqdır - onlar pulsuz dayanacaqdan istifadə edən maşınlarla dolu olur.

Bakı Şəhər İcra Hakimiyyəti yanında Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevin sözlərinə görə, sakinlər öz maşınlarını evlərinin qarşısında saxlaya bilərlər: "Bunun üçün onlar yerli Mənzil İstismar Sahəsinə müraciət etməli və oradan yaşayış yeri haqqında arayış almalı, arayışı müvafiq qərar qəbul eləməmiz üçün bizə təqdim etməlidirlər". İri obyektlərdə çalışan və avtomobilini obyektin qarşısındakı xidməti parkinqdə saxlaya bilənlərin bəxti də gətirib. Amma belə dayanacaqlarda da parketmə məhdud saydadır.

İstənilən halda, Avropa standartlarına cavab verən intellektual parketmə sisteminin tətbiqi küçələrinin yalnız hərəkətdə olan deyil, həm də hərəkətsiz avtomobillərlə yükləndiyi istənilən iri şəhər üçün ciddi irəliləyişdir. Bu mənada Bakı da istisna deyil. Amma bu zaman parkinqlərdən istifadənin, ilk növbədə, tarif baxımından əksər avtomobil sahibləri üçün əlçatan olmasına xüsusi diqqət yetirmək lazımdır. 



MƏSLƏHƏT GÖR:

695