Müəllif: Əziz MUSAYEV Bakı
Azərbaycan özünü şəkər tozu ilə tam həcmdə təmin edən və bu məhsulun ixracı üçün yaxşı potensiala malik azsaylı ölkələrdən biridir. Ölkəmiz bu nəticəyə hələ 2007-ci ildə, yəni İmişli rayonunda Cənubi Qafqazda şəkər istehsal edən ən iri zavodun istismara verilməsindən iki il sonra nail olub. Prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdi ki, Azərbaycan özünü şəkər və şəkər məhsulları ilə 174% təmin edir və bu sahəni ölkənin ən iri ixrac potensialı adlandırmışdı.
Hazırda şəkər sənayesinin ixrac potensialının artırılmasını zəruri edən bir çox amillər mövcuddur. Onlardan ən vacibi dünya bazarlarında bu strateji məhsulun münasib qiymətidir. Şəkərin qiyməti 2009-cu ilin sonlarından böhran və quraqlıq nəticəsində kifayət qədər artıb, həmin tendensiya 2014-cü ilin əvvəlində də müşahidə olunur. FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) hesablamalarına əsasən, şəkərin qiyməti indeksinin orta qiyməti martda 253,9 bənd təşkil edib, bu da fevral ayının göstəricisindən 18,5 bənd çoxdur (7,9%). Qiymətlərin artımı quraqlıq və istehsalın azalması səbəbi ilə Braziliya və Taylanddan şəkərin ixracı həcminin nisbətən azalacağı təhlükəsi ilə əsaslanıb.
Uzunmüddətli perspektivdə qiymətlə bağlı proqnozlar da nikbin görünür. Bir tərəfdən bu, daha çox əhalinin gəlirlərinin artması, müsbət demoqrafik vəziyyət və qidalanma rasionunun dəyişməsi ilə əlaqədar olaraq dünya tələbatının 1,5-2% olmaqla stabil artımı ilə bağlıdır. Digər tərəfdən isə kifayət qədər yüksək neft qiymətləri şəraitində bir çox ölkələrdə bioyanacağın istehsalına dəstək tədbirləri olmadan belə gəlirli olacaq. Bununla əlaqədar, kənd təsərrüfatı məhsullarının bioyanacaq üçün xammal kimi istifadəsi artan templərlə davam edəcək.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) qiymətləndirilmələrinə əsasən, 2020-ci ilə qədər bütün dünyada şəkər qamışının 30%-i və şəkərin istehsalı üçün xammalın 20%-i bioyanacağın istehsalı üçün istifadə olunacaq. Bu isə, təbii ki, şəkərin qiymətinin artmasına təsir edəcək. Onu da qeyd etmək lazımdır ki, istehsal həcmlərinin azalması artıq indidən müşahidə olunur. Ölkədə istehsal edilən şəkərin ümumi istehsal həcminin 90%-nə sahib olan Braziliyanın Senter South regionunda şəkər istehsalı ildən ilə azalır. Xatırladaq ki, Braziliya bu seqmentdə dünya lideridir və onun payına dünya istehsalatının dörddə bir hissəsi və dünya ixracatının yarısı düşür.
Şəkərin ixracatının artması lehinə, həmçinin şəkərin iri ixracatçılarının və idxalçılarının Azərbaycanla müqayisədə coğrafi uzaqlığı (Braziliya, Tailand, Avstraliya və Hindistan) da təsir edir, halbuki əsas istehlakçılar olan Çin və Rusiya, əksinə, bizə yaxındırlar. Şəkər sənayesi üzrə ekspert Nəriman Ağayev qeyd edir ki, düzgün yanaşma olduğu halda Azərbaycan şəkəri Rusiya, Mərkəzi Asiya və Çinin bazarlarını fəth edə bilər.
Bununla belə, Azərbaycan şəkərin ixracında artıq müəyyən uğurlara nail olub. Belə ki, 2013-cü ildə 243, 840 mln. dollar məbləğində şəkər və ondan hazırlanan qənnadı məhsulları ixrac olunub. Bu da 2005-ci ildə qeydə alınan göstəriciləri 2,66 min dəfə üstələyir. Hazırda Azərbaycanda istehsal olunan şəkər Türkmənistana, Əfqanıstana, Gürcüstana, Ukraynaya, İraqa və s. ölkələrə ixrac olunur.
Nəriman Ağayev qeyd edir ki, bununla kifayətlənmək olmaz: "Xammalın istehsalı ilə başlayan və son məhsulun buraxılması ilə bitən bütün bu proses Azərbaycanda həyata keçirilməlidir. İmişlidə şəkər zavodu, məhz, bu, nəzərə alınaraq tikilib".
Şəkər sənayesinin daxili resurslar hesabına təmin edilməsi bu gün bütün istehsalat zəncirində zəif bənd olaraq qalır. Belə ki, ölkələrin coğrafi yerləşməsindən və iqlim şəraitindən asılı olaraq, şəkər qamışının, şəkər çuğundurunun, şəkər ağcaqayınının və şəkər palmasının şəkərin istehsalı üçün xammal kimi istifadəsi məlumdur. Azərbaycan bölgələrində şəkər çuğunduru yetişdirilir və onun istehsalı 2005-2013-cü illərdə 5,13 dəfə artıb. Lakin problem ondadır ki, 2011-ci ildə şəkər çuğundurunun rekordlu məhsul yığımı müşahidə olduğu halda, şəkər sənayesi üçün xammalın 89,2 faizi hələ də ölkəyə idxal olunurdu.
"Şəkər çuğundurunun istehsalı kifayət qədər mürəkkəb prosesdir. Bu bitki meyvəkökünün inkişafı zamanı çoxlu su, sonradan isə şəkərin yığılması üçün quru və isti hava tələb edir. Bitki ağır, yaxşıca becərilmiş və gübrələnmiş torpağı xoşlayır. Bu mənada öz işini asanlaşdıran və xammalı idxal edən sahibkarı günahlandırmaq məqsədəuyğun deyil", - deyə N. Ağayev hesab edir. Ekspertin fikrincə, sahibkar üçün xammalı idxal etmək daha faydalıdır, lakin ümumiyyətlə, ölkəyə xeyir verilməsi nöqteyi - nəzərdən şəkər çuğundurunun becərilməsini stimullaşdırmaq lazımdır. Belə olduqda aqrar sektorda əlavə məşğulluq yaranar və eyni zamanda bu, kifayət qədər dəyərli kənd təsərrüfatı bitkisidir və demək olar ki, qida və digər sənayelərdə müxtəlif məqsədlər üçün 100% olaraq istifadə olunur. Belə ki, şəkər çuğundurundan şəkəri istehsal edəndən sonra, çörək sənayesində də istifadə olunan mayalar əldə olunur. Sonradan isə, çuğundurdan qalan hissədən etil spirti əldə edilir. Şəkər çuğundurunun qalan hissələri isə iribuynuzlu mal-qaraya verilən yem üçün əlavə kimi istifadə olunur.
Lakin ekspert hesab edir ki, şəkər çuğundurunun Azərbaycanda öz-özünə artacağını gözləmək sadəlöhvlük olardı: "Sahibkar istehsalatın maya qiymətinin minimuma endirilməsində maraqlıdır. Aqrar sahədə çalışanlar bu sahəni gəlirsiz hesab edib, diqqətini kənd təsərrüfatının digər sahələrinə yönəldə bilərlər".
Bu mənada N. Ağayev hesab edir ki, şəkər çuğundurunu yetişdirən istehsalçılara subsidiyaların verilməsi məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, aqrar sahədə çalışanlara subsidiyaların verilməsi praktikası Azərbaycan üçün yeni deyil. Xüsusilə, bu gün taxıl və qabıqdan təmizlənməmiş düyü istehsalçıları əkin sahəsinin hər hektarına görə dövlətdən 40 manat alırlar. Təqribən, bu sxemi şəkər çuğundurunun istehsalında maraqlı olan fermerlərə qarşı da istifadə etmək olardı.
2013-cü ilin məlumatlarına əsasən, şəkər çuğundurunun əkin sahəsi yalnız 5,5 min ha təşkil edib. Beləliklə, şəkər çuğundurunun istehsalçılara verilən subsidiyalarının məbləği yalnız 220 min manat təşkil edəcək. Hətta əgər əkin sahələri on dəfə artarsa belə, büdcənin xərc hissəsi çox da yüklənmiş olmayacaq.
Üstəlik, şəkər çuğundurunun istehsalçılara mütəmadi dövlət dəstəyi lazım deyil. Ekspertlərin fikrincə, onların ayağa qalxması üçün 5 il kifayətdir. "Bu məsələdə ən əsası istehsalçıda marağın olmasıdır. Bu mənada səhmdar cəmiyyət qurmaq olar ki, şəkər çuğundurunun istehsalı ilə məşğul olan hər kəs öz payına sahib olsun. Bu cəmiyyət şəkər çuğundurundan alınan məhsulun zavoda satılmasını və həmçinin mayaların, etil spirtinin və iribuynuzlu mal-qara üçün yemin istehsalına da nəzarət etməlidir. Bununla da, səhmdar cəmiyyətin yaradılması zamanı bir neçə ildən sonra subsidiyaların verilməsini dayandırmaq olar", - deyə N. Ağayev bildirib.
Gördüyümüz kimi, Azərbaycanda şəkər sənayesinin inkişafı üçün bütün imkanlar mövcuddur. Mövcud olan şərait şəkər sənayesinin ölkənin qeyri-neft ixracının genişləndirilməsi üçün əsas istiqamətlərindən biri olması üçün imkan yaradacaq. Qeyd etmək lazımdır ki, 2013-cü ildə qeyri-neft ixracının 13%-ni şəkər və ondan hazırlanan məhsullar təşkil edib.
MƏSLƏHƏT GÖR: