Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Ötən illər ərzində Azərbaycan elektroenergetika sahəsində köklü dəyişikliklərə nail ola bilib. Energetika sisteminin generasiya gücünü 7105 meqavata çatdıraraq, ölkə artıq altıncı ildir, elektrik enerjisinin əsl ixracatçısına çevrilib. Lakin karbohidrogen xammalının tükənmə təhlükəsi resurslarla zəngin Azərbaycan da daxil olmaqla, bütün dövlətlər üzərində hökmranlıq edir. Bu vəziyyət dövləti enerjinin alternativ mənbələrinin mənimsənilməsi üçün texnologiyaların tətbiqini aktivləşdirməyə sövq etdi. Bununla əlaqədar olaraq, ölkədə "Milli Nüvə Tədqiqatları Mərkəzi" yaradılacaq və tədqiqat reaktoru tikiləcək.
Məcburi tədbir
Müasir sivilizasiya istehlakı ilbəil artan elektrik enerjisi olmadan mümkünsüzdür. Karbohidrogen xammalının tükənməsi və onun hasilatı zamanı daha çox ekoloji itkilərə görə bəşəriyyət qarşısında artıq gələcək enerji defisitinin kabusu görünür. Sözsüz ki, qaza, kömürə və ya mazuta real alternativ su elektrik stansiyaları (SES), o cümlədən günəş şüalanmasından, küləkdən və ya termal mənbələrdən istifadə xidmət edə bilər. Lakin SES-in hər yerdə tətbiqinə dünyanın bir çox regionlarında zəruri enerji həcminin istehsalını təmin edə biləcək bolsulu çayların olmaması əngəl yaradır. Külək mühərriki, heliostansiya və alternativ enerjinin digər obyektlərinə gəldikdə, nisbətən aşağı istehsal obyektləri, mövsüm amilindən asılılıq və istehsalın yüksək maya dəyəri, bəşəriyyətin hər il ucuz elektrik enerjisinə artan tələbatını, hələ ki, təmin etmək iqtidarında deyil.
Hazırda klassik istilik stansiyalarına yeganə universal alternativ qismində atom elektrik stansiyaları (AES) çıxış edir. Dinc məqsədlərlə istifadə olunan atomun kütləvi istifadə tarixi başlanğıcını 1970-ci illərdən - neftin qiymətini dörd qat artıran OPEK ölkələrinin siyasətinin səbəb olduğu enerji böhranının başlanğıcından götürür. Son 40 ildə nüvə sənayesinin müqayisəli inkişafına baxmayaraq, AES-in enerjidə ümumi istehsalının payı elə də yüksək deyil - dünya elektrik istehsalının, təxminən, 17%-ni təşkil edir. Bu sahədə Fransa, ABŞ, Yaponiya, Almaniya, Cənubi Koreya və Rusiya lider hesab olunur. Bununla belə, Fransa bütün enerjinin 80%-ə qədərini atom elektrik stansiyalarından hasil edir.
Qeyd etmək lazımdır ki, enerjinin bu mənbəyinə münasibət son dərəcə birmənalı deyil. O, elektrik enerjisinin istehsalını yanacaq səviyyəsində ümumi köçürülməsini nəzərdə tutan 60-70-ci illərin layihələrinin tam nikbinliyindən, Çernobıl atom stansiyasındakı qəza və yaxın keçmişdəki Fukusima fəlakətindən sonra daha da bədbin ovqata qədər dəyişib.
Lakin hətta Yaponiyada kütləvi "anti-nüvə" ovqatı yaranmasına səbəb olan yaxın keçmişdəki kütləvi qəzadan sonra da atom enerjisi sahəsindəki layihələr inkişaf etməkdə olan heç bir ölkədə dondurulmadı. Yaxın keçmişdə İranın Buşehr şəhərində AES istismara verildi, gələcəkdə isə Türkiyədə Mersin əyalətində "Akkuyu" ilk atom stansiyasının tikintisinə başlanılacaq. Belarusun Ostrovets şəhərində Rusiya layihəsi "AES-2006" üzrə nüvə reaktorunun qurulması işləri tam sürətlə gedir. Rusiya mütəxəssisləri, həmçinin Hindistanda "Kudankulam" AES-ni tikirlər. Daha bir atom stansiyası isə yaxın gələcəkdə Xəzərin şərq sahilində - Şərqi-Qazaxıstan vilayətinin Kurçatov yaşayış məntəqəsində tikiləcək.
İnkişaf etməkdə olan ölkələrin atom enerjisinə ümid etməsi tamamilə əsaslıdır. Mütəxəssislərin hesablamalarına görə, kömür, neft və qismən qaz enerjiyə olan tələbatın təmin edilməsi üçün maksimum daha 50 il istifadə olunacaq. Bu da karbohidrogen xammalına olan qiymətin yaxın gələcəkdə iki-üç dəfə artmayacağı şərti ilə baş verəcək. Buna baxmayaraq, artıq bu gün AES-də əldə olunan elektrik enerjisi, hələ atom stansiyalarının işi nəticəsində zərərli tullantıların atmosferə atılmasının və ya istixanaların təsirinin olmamasını qeyd etməsək, neft və qazdan əldə olunan elektrik enerjisindən 10-15% ucuzdur.
Qırx il öncəki məqsəd
Maraqlıdır ki, Azərbaycanda kifayət qədər çoxdan və diqqətli şəkildə elektrik enerjisinin alınması, eləcə də elmi məqsədlərlə sülh atomundan istifadə imkanları öyrənilir. Atom energetikası obyektlərinin lokallaşdırılmasına dair ilk ideya respublikamızda 70-ci illərin ortalarında - ittifaq dövlətləri zamanında səsləndirilib. Artıq 1980-ci ildə isə Bakıdan 90 km cənub-şərqdə yerləşən Nəvai yaşayış məntəqəsi yaxınlığında layihə gücü, təxminən, 1000 MVt olan AES tikintisinin təməlinin qoyulmasına başlanılıb. Yerin seçilməsi respublikanın cənub regionunun sənaye potensialının genişləndirilməsi planları, ilk növbədə isə gələcək stansiyanın ərazisi, sovet alimlərinin hesablamalarına görə, seysmik cəhətdən əlverişli zonada yerləşməsi ilə izah edilirdi. Amma nəticədə, bu layihənin reallaşdırılması bir qədər ləngidi, Çernobıl qəzasından sonra isə tamamilə donduruldu.
Dövlət müstəqilliyini əldə etməklə Azərbaycan hökuməti milli elektrik enerjisinin inkişafının əsas vektoru kimi iri buxar-qaz və modul elektrik stansiyalarının tikintisini seçdi. Bu seçim tamamilə əsaslı idi, çünki ölkədə on il irəli üçün iri təbii qaz ehtiyatının olması bu İES-ləri yanacaq ilə təmin etməyə qadirdir. Digər strateji istiqamət kiçik bənd və arx (derivasiya) tipli SES-lərin də tikintisi daxil olmaqla, hidroenergetikanın inkişafı seçilib. Son vaxtlar ölkədə günəş və külək enerjisi sahəsində də bir sıra layihələrə start verilib. Lakin hətta alternativ enerji sahəsində bütün mövcud resursların istifadə olunması belə müşahidə olunan gələcəkdə elektrik enerjisinin ümumi generasiyasını 20%-dən artıq təmin edə bilməyəcək.
Bununla da, karbohidrogen xammalı ehtiyatlarının məhdudluğunu nəzərə alsaq, perspektivdə klassik İES-ə alternativ həmin nüvə enerjisi ola bilər. Sözsüz ki, söhbət nisbətən uzaq gələcəkdən gedir. Lakin artıq bu gün ölkə rəhbərliyi atom texnologiyalarının gələcək əsasının qoyulması üçün ilkin şərt yaradan, texnoloji, tədqiqat və kadr potensialının formalaşdırılmasına xeyli vəsait qoymağa hazırlaşır.
Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin yaradılmasına dair sərəncamı mühüm addım oldu. Bu mərkəz sənaye, kənd təsərrüfatı, səhiyyə və s., eləcə də nüvə enerjisinin yaradılması üçün təməlin formalaşdırılması sahəsində nüvə texnologiyasından dinc məqsədlərlə istifadəsinə yardım etmək fikriylə yaradılıb. "Sözsüz ki, ölkədə nüvə texnologiyaları ilə bağlı müəyyən işlər görülüb, nüvə tədqiqatları ilə məşğul olan alimlər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə iştirak ediblər, onlar müvafiq təcrübə əldə ediblər. Bununla yanaşı, indiyədək aparılan araşdırmalar sırf elmi-nəzəri xarakter daşıyıb. Mövcud maddi-texniki bazanın zəifliyi və tədqiqat nüvə reaktorunun olmaması Azərbaycanda nüvə xammal ehtiyatları potensialının qiymətləndirilməsinə dair tədqiqlərin müasir tələblərə uyğunlaşdırılmasına imkan vermir. Nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsi respublikanın gələcək dayanıqlı inkişafının təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir", - deyə dövlət başçısının sərəncamının giriş hissəsində deyilir.
Beləliklə, bu yaxınlarda qəbul edilən siyasi qərar Azərbaycanda ilk tədqiqat nüvə reaktorunun tikilməsi zərurətini qəti surətdə müəyyənləşdirdi. Yaxın iki ay müddətində Nazirlər Kabineti QSC-nin nizamnamə və strukturunu təsdiq etməli, bina və zəruri maddi-texniki baza ilə, eləcə də cəmiyyətin müasir tələblərə cavab verən tədqiqat nüvə reaktoru və digər zəruri avadanlıqlarla təchiz olunması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Öz növbəsində Cəmiyyətin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birlikdə Akademiyanın Radiasiya Problemləri İnstitutunun balansından Cəmiyyətə əmlakın verilməsi, Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması və onun ilkin mərhələdə saxlanma xərclərinin təmin edilməsi tapşırılıb.
Bahalı, amma təhlükəsizdir
Qeyd edək ki, Azərbaycanda tədqiqat nüvə reaktorunun tikintisinə dair müraciət hələ 2007-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) tərəfindən qəbul edilib. Həmin vaxtdan Radiasiya Problemləri İnstitutu ilə MAQATE arasında iqtisadi-elmi əsaslandırma, nüvə reaktorunun tikintisinə hazırlıq məsələsi ətrafında sıx əməkdaşlıq yaradılıb. Belə ki, agentliyin maliyyə dəstəyi sayəsində AMEA nüfuzlu beynəlxalq elmi tədqiqat mərkəzlərində 16 gənc fizika-nüvə mütəxəssislərinin hazırlığını həyata keçirib. Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun fikrincə, tədqiqat reaktorunun tikintisinə, təxminən, 6-7 il və təqribən, 200-250 mln. avro lazımdır.
Bu cür elmi tədqiqat layihələri bütün dünyada son dərəcə böyük xərc tələb edir və bundan başqa, birbaşa geri ödəmə nəzərdə tutulmur. Lakin nəticədə, "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin fəaliyyəti dövlətə xeyli vəsaitə qənaət etməyə imkan verəcək. Məsələn, tədqiqat reaktoru vasitəsi ilə tibbi diaqnostika sahəsində istifadə olunan izotopların alınmasını təşkil etmək, neft-qaz kəşfi və ya günəş dəyişdiricilərinin istehsalı zamanı istifadə olunur. Bu gün bütün bu komponentlər üç ölkədən idxal olunur. Sözsüz ki, reaktorun tikintisi ölkəmizdə uran yataqlarının potensialının öyrənilməsinə qiymətsiz töhfə verir. Nəticədə, AES-in tikilməsinə dair qərar verilərsə, bu nüvə yanacağı sikli sahəsində tədqiqatların aparılmasına da kömək edəcək.
Tədqiqat reaktorunun tikintisi ilə bağlı mühüm aspektlərdən biri - təhlükəsizlik məsələsidir. Hərçənd burada da narahatlığa əsas yoxdur: tammiqyaslı AES-dən fərqli olaraq, tədqiqat nüvə reaktorlarının gücü nisbətən - orta hesabla, onlarla meqavat təşkil edir. Bu cür reaktorlar, hətta ən güclü zəlzələlər zamanı - 11-12 bal olduqda belə konstruktiv möhkəmliyini saxlayırlar. Burada hissələrə ayrılan yanacaq isə xüsusi soyuducu aqreqatlarda saxlanılır. Bundan başqa, tullantıların istifadə olunmamasını MAQATE-nin mütəxəssisləri təmin edir. Bu cür obyektlərdə qəza halları nəinki son dərəcə azdır, həm də yox olma tendensiyasına malikdir. Ona görə də az güclü tədqiqat reaktorları olan nüvə tədqiqat mərkəzlərinin Moskva, Paris, Münhen, İstanbul və s. kimi iri meqapolislərdə yerləşməsi təəccüblü deyil. Müvafiq olaraq gözlənilir ki, gələcək "Milli Nüvə Tədqiqatları Mərkəzi" tikintisinə artıq 15 ha torpaq sahəsi ayrılan ərazidə, Xırdalan yaxınlığında tikiləcək.
Azərbaycanda "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması artıq aparıcı beynəlxalq profilli şirkətlərin diqqətini cəlb edib. Belə ki, nüvə avadanlığı sahəsində tanınmış fransalı istehsalçı - şirkətləri "Areva" və "VINCI Construction Grands Projects" tədqiqat reaktorunun tikintisi və mərkəzin təchiz edilməsində öz xidmətlərini təklif ediblər. Nüvə texnologiyaları sahəsində 47 layihə reallaşdıran "VINCI Construction Grands Projects" şirkəti hazırda bu sahədə ən iri beş dünya strukturundan biridir.
Qeyd edilənlərə əsasən, nüvə tədqiqatları mərkəzinin yaradılmasına dair işlər yaxın illərdə başlayacaq. "Nüvə reaktorunun tikintisini təşkil etmək və hələ SSRİ dönəmində başladılmış nüvə tədqiqatlarını bərpa etmək niyyətindəyik. İstisna deyil ki, bu layihə yaxın 3-4 il müddətində yekunlaşacaq", - deyə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Daha uzaq gələcəkdə isə gündəmə ölkədə tammiqyaslı atom stansiyasının tikinti məsələsi çıxarıla bilər. Maraqlıdır ki, hələ 2007-ci ildə Radiasiya Problemləri üzrə İnstitutun mütəxəssisləri ölkədə 1500 MVt gücündə AES-in tikinti imkanlarına dair təklif paketi hazırlayıb. Həmin AES-in dəyəri, təxminən, 2-3 mlrd. dollar (7 il bundan əvvəl olan qiymətlər nəzərə almaqla) qiymətləndirilib.
Təbii ki, bu cür layihələrin reallaşdırılmasından öncə irimiqyaslı iqtisadi və geosiyasi ekspertiza və təhlükəsizliyə, eləcə də AES-in tikintisinin maliyyə əlverişliliyinə zəmanət verən bundan da çətin geoloji, seysmik və ekoloji tədqiqatlar aparılır. Nəhayət, daha çətin məsələ həll olunmalıdır: Azərbaycan bundan sonra da enerji müstəqilliyini qoruyub saxlamaq üçün hansı şərtlərdə və harada nüvə yanacağı əldə etməli və radioaktiv tullantılarından istifadə etməlidir. Sadalanan bütün çətinliklərə baxmayaraq, ucuz elektrik enerjisinin istehsalı üçün nüvə texnologiyasından istifadə edilməsi ideyası, müşahidə edilən gələcəkdə istər Azərbaycan, istərsə də dünyanın digər ölkələri üçün aktuallığını qoruyub saxlayır.
MƏSLƏHƏT GÖR: